5 İLİN QÜRURU - "AzPolitika" kimin saytıdır?

Bu gün “AzPolitika.info” saytının fəaliyyətə başlamasından 5 il ötür. Saytın ilk buraxılışı 5 il əvvəl məhz bu günə - 5 aprel 2012-ci il tarixə təsadüf edib.

Bu 5 il ərzində, imkanların məhdud olmasına baxmayaraq, “AzPolitika” ölkənin ən çox oxunan, izlənən saytları arasında öz layiqli yerini tutmağı bacarıb. Kənar müşahidəçilərin fikrincə, “AzPolitika” hazırda Azərbaycanın ən populyar saytları sırasında İLK ONLUQDA təmsil olunur. Xüsusilə vurğulamaq lazım gəlir ki, fəaliyyət göstərdiyi illər ərzində “AzPolitika” heç vaxt İP dalınca qaçmayıb, özünün ciddi mövzuları əhatə edən informasiya siyasətindən sapmalara yol verməyib. Bununla belə, hazırda günlük 25-30 min İP, aylıq 200 mindən artıq unikal İP, 2 milyondan artıq səhifələnmə, saytda orta qalma müddəti 6 dəqiqədən artıq təşkil etməklə, Azərbaycan reallıqları üçün normal hesab olunan nəticələr əldə olunub. Bundan başqa, “AzPolitika.info”nun Facebook səhifəsinin 60 mindən artıq izləyicisi var.

Əlbəttə, Azərbaycanda internet istifadəçilərinin sayının sürətlə artdığı, bu sayın artıq milyonlarla ölçüldüyü bir zamanda bu göstəricilər qaneedici hesab oluna bilməz. Buna baxmayaraq, “AzPolitika”nın redaksiya heyəti göstəriciləri yaxşılaşdırmaq naminə özünün informasiya siyasətində dəyişiklik etmək, əksəriyyət üçün cəlbedici olan "yüngül" mövzuları – şou xəbərlərini öz “rasionuna” əlavə etmək niyyətində deyil. İnkişaf planları prinsipial olaraq, ciddiyyətin saxlanılması əsas götürülməklə qurulur.

“AzPolitika”nın ən mühüm özəlliklərindən biri saytda “Şərh” bölümünün işlək vəziyyətdə olmasıdır. “AzPolitika” bəlkə də Azərbaycanda yeganə saytdır ki, bu bölümdə oxucularına öz fikirlərini tam sərbəst ifadə etmələri üçün şərait yaradıb. Gün ərzində “AzPolitika”nın oxucuları xəbərlərin, məqalələrin aşağı hissəsində heç bir senzuraya məruz qalmadan yüzlərlə şərh yerləşdirir. Bu zaman redaksiyanın yeganə tələbi təhqirin və qanunsuz çağırışların olmamasıdır. Polemika və tənqid isə tamamilə sərbəstdir və ən sərt formada ifadəsinə imkan yaradılır. Bəzən “AzPolitika”nın özü də belə sərt tənqidin, hətta əsassız ittihamların hədəfinə çevrilir. Buna baxmayaraq, xüsusi vurğulamaq istərdik ki, bu gün "AzPolitika"nın ətrafında kifayət qədər səviyyəli şərhyazanlar qrupu formalaşıb və bu qrupun, saytımızın daha da cəlbedici, maraqlı və oxunaqlı olmasında böyük rolu var. Fürsətdən istifadə edərək, "AzPolitika"nın aktivliyi ilə seçilən bu kəsim oxucu kütləsinə, ələxsus da son dərəcə səviyyəli, orijinal şərhləri ilə fərqlənən "Dadaşyev" və "Gənc Molla" nikləri ilə yazan Oxucularımıza təşəkkürümüzü bildiririk.

“AzPolitika” Azərbaycanı bütöv, inkişaf etmiş, firavan, demokratik bir ölkə kimi görmək arzusunda olanların saytıdır! Saytın azsaylı kollektivini və çoxminli oxucu kütləsini məhz belə bir ortaq arzu, amal birləşdirir. Demək ki, Azərbaycan cəmiyyətinin bütün təbəqələri arasında "AzPolitika"nın oxucuları var və onların sayı aylar, illər keçdikcə daha da artacaqdır!

Biz, belə bir amalla yaşayan oxucu kütləsi ilə hər gün, hər saat canlı ünsiyyətdə olmaqdan qürur duyuruq!

BİZİ İZLƏDİYİNİZ, BİZİ QÜRURLANDIRDIĞNIZ, BİZİ GÜCLƏNDİRDİYİNİZ ÜÇÜN MİNNƏTDARIQ!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar