AVROPA NİYƏ TÜRKİYƏNİ HƏDƏF SEÇİB? - Tarixçi alim əsl səbəbləri açıqladı 

Musa Qasımlı: “Qərbin bəzi dövlətlərinin yeni iyrənc siyasətinin qarşısında dayana bilən ölkə yalnız Türkiyədir”

"Onlar Türkiyəni zəif və idarəolunan görmək istəyirlər”

Tarix boyu olduğu kimi, indinin özündə də Avropa ölkələrinin Türkiyəyə qarşı məkrli siyasət yürütdüklərinin şahidi olmaqdayıq. Qardaş ölkəni sıradan çıxarmaq üçün dəridən-qabıqdan çıxırlar. Hətta bir-biriləri ilə münasibətləri soyuq olan dövlətlər görmüşük ki, məsələ Türkiyə olduğu zaman birlikdə addım atıblar.

Bir müsəlman ölkəsinə qarşı bu qədər kin-küdurətin, nifrətin yüksək olması ilə bağlı ən müxtəlif fikirlər var. Əksəriyyət belə düşünür ki, Qərb dünyasının anti-Türkiyə siyasətlərinin əsas səbəbi indiki Türkiyə Cümhuriyyətinin varisi olduğu Osmanlı İmperatorluğunun vaxtilə dünyanın böyük bir hissəsini əsarət altına almasıdır. Xristian dünyasının ikinci bir Osmanlı İmperiyası gücündə türk dövlətinin mövcudluğundan qorxduqları, qıcıqlandıqları üçün bu cür siyasət apardıqları vurğulanır. Təkcə son bir ayda Avropanın qabaqcıl Almaniya, Hollandiya kimi ölkələrinin Türkiyədəki referendumu bəhanə edərək, qardaş ölkə ilə bağlı atdıqları addımları xatırlamaq kifayət edər.

Tarixçi professor, deputat Musa Qasımlı deyilənlərlə razılaşmır. O  "Yeni Müsavat"a açılqlamasında bildirib ki, Türkiyəyə qarşı nifrət hissinin Avropa ölkələrində bütün əhalini əhatə etməsinə dair fikirlər əslində düzgün deyil: “Məlum nifrəti müəyyən qüvvələr, dairələr məqsədyönlü şəkildə qızışdırırlar. Çünki onlar Türkiyənin güclü olmasında maraqlı deyillər. Belə antitürk mövqenin tutulmasının da tarixi kökləri və müasir siyasi səbəbləri var. Uzun əsrlər boyu Osmanlı Türkiyəsi üç qitədə hakimiyyətini sürdürərək dünyanın fövqəlgüc dövlətlərindən biri olub, hakimiyyəti altında olan xalqları irqi, dini mənsubiyyətindən asılı olmayaraq ədalətlə idarə edib. Xalqlar Osmanlı hakimiyyəti altında daim hüzur içərisində yaşayıblar. Osmanlı dövləti Şərq xalqlarını Qərbin müstəmləkə zülmündən qoruyub, Qərbin bəzi imperiyalarının Şərqdə hökmranlığına son qoyulmasında, Şərq xalqlarının azadlığa çıxmasında müstəsna rol oynayıb. Qərbin bəzi ölkələri və dairələri bu tarixi unuda bilmirlər”.

Tarixçi alim zamanı gələndə Avropa ölkələrinin Türkiyə siyasətlərinin səhv olduqlarını görəcəklərini düşünür: “Müasir siyasət baxımından yanaşdıqda indi dünyada zəngin təbii sərvətləri, strateji mövqeləri ələ keçirmək uğrunda açıq-aşkar müharibə gedir. Bu məqsədlərinə çatmaq naminə Qərbin bəzi dövlətləri müsəlman ölkələrində müəyyən qrup və təbəqələrin cahilliyindən istifadə edərək onları zəiflətmək, parçalamaq, dövlətçiklər qurmaq üçün ərazilərində münaqişələr, terror aktları törədirlər, məzhəbçiliyi yayırlar. Bu, mahiyyətinə görə Qərbin bəzi dövlətlərinin yeni müstəmləkəçilik siyasətidir. Xalqlara bədbəxtliklər gətirən belə iyrənc siyasətin qarşısında dayana bilən ölkə yalnız Türkiyədir. Türkiyənin hədəf seçilməsi əsasən bu amillə və bir də güclü şəxsiyyət amili ilə bağlıdır. Bu gün Türkiyə bir neçə on illərin Türkiyəsi deyil, daha da güclüdür. Güclü Türkiyə isə Qərbin bəzi dairələrinə lazım deyil. Onlar Türkiyəni zəif və idarəolunan görmək istəyirlər. Çünki Türkiyə bəzi güclərin və problemlərin qarşısında bufer rolunu oynayaraq Avropa dövlətlərini bir çox təhlükələrdən qoruyur. Bir gün Avropa ölkələri gözlərini açacaqlar və görəcəklər ki, onların Türkiyə siyasəti səhvdir və özləri ziyan görürlər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar