Yaşar Cəfərlini “dövlət çevrilişində” ittiham etmək istəyirlər

Milli Şura üzvü izləndiyini bəyan etdi

“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi bəyanat yayıb. Bəyanatda təşkilata və sədrinə, Milli Şuranın üzvü, hərbi ekspert Yaşar Cəfərliyə qarşı təxribatların qarşısını alınması və təhlükəsizliklərinin təmin olunması istənilir. Milaz.info-nun yaydığı və baş prokuror Zakir Qaralova və güc nazirlərinə ünvanlanan bəyanatda deyilir:

- Hörmətli cənab baş prokuror, hörmətli cənab nazirlər!

Demokratik Qüvvələrin Milli Şurasına üzv olduğum iyun ayından başlayaraq, “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin və şəxsən mənim fəaliyyətimə mane olmaq, bizə qarşı təxribat törətmək məqsədilə ofisimizin ətrafında naməlum şəxslər dolaşır, avtomobillər dayanır. Bu şəxslər və avtomobillər ofisin ətrafında növbəli rejimlə dayanır, açıq-aşkar ofisimizi müşahidə edirlər və əməkdaşlarımızı izləyirlər. Ofisimiz ətrafında pusquda duran avtomobillərdən biri də “Rang Land Crisier” markalı, Az 10 ZP 510 nömrə nişanlı maşındır. Bizim ilkin araşdırmalara görə, bu maşının Müdafiə Nazirliyinin kəşfiyyat orqanlarının əməkdaşlarından birinə məxsus olduğu ehtimal olunur. Avtomobil bu ilin fevral ayının əvvəllərində “Səfər Əbiyev-18 həftəsi” keçirdiyimiz zaman da ofisin yaxınlığında görünürdü və maşının içindəki adamlar özlərini MN-nin işçiləri kimi təqdim edirdilər.

Özünü Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin əməkdaşları kimi təqdim edən bəzi şəxslər qeyri-qanuni yollarla təşkilatımızın üzvlərini təxribata sürükləmək, onlardan mənə və idarə heyətinə qarşı ifadələr almaq, güya bizim hansısa qanunsuz işlərlə məşğul olmağımız barədə məlumatlar toplamağa cəhd edirlər.

Səfər Əbiyevin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etməkdən imtina etməsinə və ABŞ-a səfərinə etiraz əlaməti olaraq piket keçirmək istəyi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciətimizdən, ABŞ prezidenti Barak Obamaya məktub yazdığımızdan sonra bu qanunsuz hərəkətlər daha da intensivləşib.

Belə ki, yaşadığım evin yaxınlığında yenidən naməlum şəxslər tərəfindən izləndiyimi hiss edirəm. Avqustun 29-u axşam saatlarında evə qayıdarkən yaşadığım küçədə iki nəfər tərəfindən izləndiyimi hiss edib onların şəkillərini çəkmək istədikdə həmin şəxslər qaçaraq məndən uzaqlaşdılar. Bu adamların 02.04.2013-cü il tarixində mənə qarşı sui-qəsdə cəhd aktında iştirak edən şəxslər olduğunu ehtimal edirəm.

Bundan başqa mənim istifadə etdiyim mobil telefonuma gizli nömrədən təxribat xarakterli zənglər olunur və mənə təsirlər olunur. Belə ki, təqribən bir ay öncə saat 17:00 radələrində mənim mobil telefonuma gizli nömrədən zəng olunaraq, rus dilində “Tezliklə seçkilərdir. Nəyi gözləyirsiniz? Hərəkət etmək lazımdır!” ifadələri işlədildi. Səslənən ifadələrə cavab olaraq mənim “Siz kimsiniz? Kimə zəng etmisiniz?” suallarını verdikdə mənə zəng vuran şəxs dəstəyi asdı. O zaman mən həmin zəngə önəm vermədən keçmişdim. Düşünmüşdüm ki, kimsə nömrəni səhv salıb. Lakin 28 avqust 2013-cü il tarixində mənə olunan təxribat xarakterli zəng onu deməyə əsas verir ki, bir ay əvvəl vurulan zəng də yanlışlıqla deyil, məhz təxribat xarakterli olub.

Bəyanatda qeyd olunur ki, Y.Cəfərlinin mobil telefonuna +79640542589 nömrəsindən açıq təxribat xarakterli mesaj gəlib: “Bu təxribat xarakterli mesajda “Pul sənə iş üçün verilib. İşini gör. Yoxsa sənə pis olar” qeyd edilmişdi.

Hesab edirəm ki, “El” hərəkatının sabiq üzvü Əflan İbrahimovun AXCP sədri Əli Kərimlinin, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun guya “iğtişaşlar hazırladıqları” barədə məlumatların yayılması fonunda mənə edilən təxribat xarakterli zənglərin və göndərilən mesajın məqsədi Milli Şura üzvü olaraq məni uydurma “dövlət çevrilişinə” hazırlıqda ittaham etməkdən ibarətdir.

Digər tərəfdən, bu təxribat xarakterli hərəkətlər həm də Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən şəxsən mənə qarşı yönəlmiş qara piar və mətbuat vasitəsilə ünvanıma təhqiramiz ifadələrlə dolu açıqlamalarla müşayət olunur. Buna misal olaraq 27 avqust tarixində “Qafqazinfo” saytında MN-nin mətbuat xidməti rəisinin adından yayımlanan informasiyanı ( Link: http://www.qafqazinfo.az/xeber-bu-gerizkal-axmaq-gorun-hans-yolu-secib-t62934.html ) göstərmək istəyirəm. Bütün yuxarıda göstərilənlərə əsasən xahiş edirəm:

1) 28 avqust 2013-cü il tarixində +79640542589 nömrəsindən mənə zəng edən adamın şəxsiyyətinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülsün.

2) 02.04.2013-cü il tarixində mənə qarşı sui-qəsdə cəhd aktında iştirak edən adamların şəxsiyyətinin müəyyənləşdirilməsinə yaradılan süni problemlərin və manelərin aradan qaldırılması və ədalətli araşdırılma aparılması təmin edilisin.

3) Bu müraciətdə göstərilən digər məsələlərin də araşdırılması və qanunsuz hərəkətlərin qarşısının alınması üçün qanuna müvafiq tədbirlər görülsün.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar