ƏLİ İNSANOV YENƏ MEYDAN OXUDU – “Lap 100 il də versələr, sınan deyiləm!” – FOTOLAR

Dərc olunub: 08/04/2017 - 00:10

eliinsanov-mehkeme-yeni3

Sabiq nazir Əli İnsanov aprelin 7-də Qaradağ rayon Məhkəməsində baş tutan prosesdə çıxış edib. Sabiq nazir növbəti dəfə barəsində açılan cinayət işinin sifarişli olduğunu və saxlanıldığı həbsxanada heç bir ədliyyə işçisinə xəsarət yetirmədiyini deyib.

Musavat.com xəbər verir ki, prosesin baş tutduğu zalda cəmi altı nəfər olub. Həmin şəxslər arasında zərərçəkən Penitensiar Xidmətin ədliyyə mayoru Anar Məmmədov olub. Məhkəmədə prokuror Fərahim Hüseynli bildirib ki, istintaqda pozuntuya yol verilməyib, iş məhkəmə baxışına verilə bilər. Dövlət ittihamçısı həbs-qətimkan tədbirinin dəyişdirilməməsini istəyib.

Əli İnsanovun vəkili Ağaveyis Şahverdi çıxışında bildirib ki, müvəkkili heç bir cinayət törətməyib: “Əli İnsanova həbsdən çıxmasına 56 gün qalmış böhtan atılıb. Ona qarşı qanunsuz ittiham irəli sürülüb. Guya o, özündən fiziki baxımdan qat-qat güclü olan ədliyyə işçisinə güc tətbiq edib. Guya 10-15 nəfərin əhatəsində Penitensiar Xidmətin əməkdaşına xəsarət yetirib. Bu, şərləmə əməliyyatıdır. Bunların hamısı qanunsuzdur. Bizim vəsatətlərimiz təmin olunmalıdır. Bu iş məhkəmə baxışına verilə bilməz. Əli İnsanov həbsdə olduğu müddətdə heç bir qanunu pozmayıb, heç kimə xəsarət yetirməyib”.

Sabiq nazir Əli İnsanov vəkilinin vəsatətini müdafiə edib və çıxış üçün söz istəyib: “Beş dəqiqəlik çıxış edəcəm və sizi vahimələndirəcək heç nə deməyəcəm. Mən bu məhkəməyə gəlmək istəmirdim. Məni məcbur gətirdilər. Hesab edirəm ki, belə saxta ittihamlarla məhkəməyə gəlməyə ehtiyac belə, yoxdur. Bunların hamısı şər-böhtandır və bütün ittihamları rədd edirəm”.

Əli İnsanov: “Mənimlə düşmənçilik edənləri yaxşı tanıyıram. Qana çox susamısınız. Yetməzmi qanımı içdiyiniz? Bu dünyanın yolu uzundur”.

Sabiq nazirin bu sözlərinə hakim müdaxilə edib.

Əli İnsanov çıxışına davam edib və 1 il 6 ay MTN-nin təcridxanasında təkadamlıq kamerada, daha sonra Bayıl türməsində, 5 saylı korpusda 40 dərəcə istidə saxlanıldığını deyib: “Amma o vaxt belə, qayda-qanunu pozmamışam. 13 saylı cəzaçəkmə müəssisəsində istilik sistemi olmayıb, üç dərəcə şaxtada qalmışam, amma yenə də müqavimət göstərməmişəm. Necə oldu ki, həbsdən çıxmağıma 56 gün qalmış müqavimət göstərdim?”

Əli İnsanovun digər vəkil Toğrul Babayev bildirib ki, müdafiə etdiyi şəxsin bir nəvəsinin on yaşı var, amma onun üzünü görməyib: “Bu, elə-belə insan deyil. Ümumdünya Səhiyyə Təşkilatının sədr müavini olub. Necə oldu ki, bu adam narkotikdən istifadə etdi?”

Çıxışına müdaxilə edilən Əli İnsanov bildirib ki, ona imkan yaradılmasa, başqa tədbirlərə əl atacaq: “Mən həbsimi siyasi repressiya kimi qəbul edirəm. Bugünkü həbsim 2005-ci ildəki həbsimin davamıdır. 2005-ci ildə məni dövlət çevrilişinə cəhd ittihamı ilə həbs elədilər. Amma o ittihamlar məhv oldu. 16 ay yoxlama apardılar, gördülər ki, dövlət büdcəsindən də bir manat yeməmişəm. Mən indiyədək Azərbaycanda 100-ə yaxın məhkəmənin heç birində qalib gəlməmişəm. Bircə məhkəmədə qalib gəlmişəm, o da Avropa Məhkəməsidir. O məhkəmənin qərarını da icra etməyiblər. Bu cinayət işində heç bir fakt, sübut-dəlil yoxdur. Bunlar mənim yatdığım yerdə yoxlama aparmayıblar, guya başqa bir kamerada yoxlama aparıb, orada döşəyin altından şüşə bankada dərman tapıblar. Penitensiar Xidmətin əməkdaşı dustaqlara verilən multivitaminləri şüşə bankada saxlayırdı. Mənim işimdə guya tapılan banka da həmin banka imiş. Vəkilim həmin gün saat 16.00-da mənimlə görüşdən çıxıb, ona heç nə deməyiblər. Amma sonradan məni rəisin otağına çağırıblar ki, protokola qol çək. Guya, mən həmin protokolu cırıb, ədliyyə işçisinə əl qaldırmışam. Mən həmin vaxt karsdan çıxmışdım, əynimdə köhnə paltarlar idi. Kars da çox köhnə, çirkli bir yerdir. Amma ekspertizaya mənim sonradan geyindiyim paltarları göndəriblər. Ekspertiza da rəy verib ki, guya uyğun gəlir”.

Məhkəmədən ədalətli qərar gözləmədiyini deyən Ə.İnsanov çıxışına davam edib: “Sisironu, ən böyük yunan natiqlərini də gətirsən, Azərbaycan məhkəmələrində xeyri yoxdur. Qeyd edim ki, mənə məlumat vermişdilər ki, həbsimi uzatmaq üçün üç plan olub. Birincisi, yeni işçi gətirib öyrətmişdilər ki, məni təxribata çəksin, mən də ona əl qaldırım. Amma elə oldu ki, o adam xəstələndi, onu mən müalicə elədim və sağaldı. Sonra nə qədər desələr də həmin işçi o plana razılaşmadı və mənim üzümə durmadı. İkinci plan müalicə etdiyim dustaqlarla bağlı idi. Guya, mən onları səhv müalicə eləyib, ziyan vurmuşam. Amma müalicə elədiyim xəstələrin hamısı sağaldı, bu plan da baş tutmadı. Üçüncü plan isə bu idi”.

Sabiq səhiyyə naziri 100 il həbs alacağı təqdirdə də əfv istəməyəcəyini bəyan edib: “Düşmənlərim elə bilir ki, məni həbsdə çox saxlasalar, sınacam. Sınmağım mümkün deyil. Xəyalpərəstlərə deyin ki, lap 100 il versələr də, mənim səbrim tükənən deyil. Avropanın kralları müqəddəs Yelena adalarının divarlarını görəndə qorxurdular. Çünki onlar bilirdilər ki, o divarların arasında Napoleon var. İndi bunlar da Kürdəxanı türməsinin divarlarını görəndə dəli olurlar. Çünki bilirlər ki, orada kimlər yatır. Elə başa düşməyin ki, mən geri çəkilirəm, ad çəkmirəm. Sadəcə, bir plan var. Mən burada kimlərinsə adını çəksəm, məni buradan sürüyə-sürüyə aparacaqlar. Mən bunu özümə rəva görmürəm, yəqin, siz də rəva görməzsiz”.

Məhkəmədəki çıxışının sonunda Ə.İnsanov söyləyib: “Mənim üzümə duram ədliyyə işçisini rəis təyin elədilər. Üzümə duran bir yazıq dustağı isə əfv sərəncamı ilə buraxıblar. Bu Anar Məmmədova da yəqin nəsə bir vəzifə verəcəklər”.

Məhkəmənin baxış iclası aprelin 12-nə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.

***

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun məhkəməsi başlayıb. Məhkəmə başlamadan qalmaqal yaşanıb. Musavat.com-un məhkəmə binası önündə olan müxbiri xəbər verod ki, məhkəmə nəzarətçiləri və mühafizə polisi jurnalistləri məhkəməyə buraxmayıblar. Saat 14:30-a təyin edilən məhkəmə prosesinə buraxılmayan jurnalistlər müxtəlif bəhanələr gətirilərək gözlədilib. İcra nümayəndələri jurnalistlərdən əvvəlcə telefonları və vəsiqələri istəyib. Daha sonra isə məhkəmənin başladığını, məhkəmə zalında yer olmadığını deyərək jurnalistləri çöldə saxlayıblar.

Həmçinin Əli İnsanovun qohumlarının bir çoxu da məhkəməyə buraxılmayıb. Məhkəmə nəzarətçiləri zalda 30-a yaxın qohum olduğunu desə də Əli İnsanovun yaxınları həmin şəxsləri tanımadıqlarını söyləyirlər.

Məhkəmə zalından geri qayıdan Əli İnsanovun qohumları bildiriblər ki, sabiq nazir sə jurnalistlərin məhkəməyə buraxılmasını istəyib.

Bildirək ki, işə Qaradağ rayon Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə baxılıb.

Qaradağ Rayon Məhkəməsində Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Ə.İnsanovun vəkilləri Toğrul Babayevlə Ağaveys Şahverdi vəsatətlə çıxış ediblər.Onlar sabiq nazirin heç bir günahının olmadığını, Ə.İnsanovun azadlığa buraxılmasını, cinayət işinə xitam verilməsini və həbs-qətimkan tədbirinin ləğv edilməsini istəyiblər.

Vəsatətə münasibət bildirən Ə.İnsanov onun barəsində irəli sürülmüş ittihamın əsassız olduğunu deyib: “Mən heç məhkəməyə belə gəlmək istəmirdim”.

Vəsatətlər təmin olunmayıb. Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.

 


loading...




Fikrinizi bildirin