“MƏNİ MTN-də HEYVANI ÇIRPAN KİMİ DÖYDÜLƏR” – Məhkəmə

Dərc olunub: 07/04/2017 - 22:54

MTN-768x386-300x151Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Dünənki iclas bir sıra maraqlı məqamları ilə yadda qaldı. Demək olar ki, bütün iddialar üç təqsirləndirilənə ümvanlanmışdı – Füzuli Əliyevə, Zaur Məmmədova və Natiq Alıyevə.

“Prokurorluğa ifadə verəndə sərxoş idim”

Zərərçəkən Zeynal Şəfiyev ifadəsində bildirib ki, 2011-ci ilin sentyabr ayında səhər vaxtı bərk sərxoş imiş. “Evdə su gəlmirdi, 50 metr məsafədə kafenin ayaqyolu var idi, getdim ora. Çox erkən saatlar idi. Bir də eşitdim ki, kimsə küçədə məni axtarır: “Zeynal müəllim, haradasınız?” Dedim ki, mən müəllim deyiləm. Qoluma qandal vurub, maşına mindirdilər, apardılar MTN-ə”, – zərərçəkən deyib.

1ZA

Onun sözlərinə görə, nazirlikdə qollarını arxadan stula bağlayıblar və döyüblər. “Məni heyvanı çırpan kimi döydülər. Döyən Natiq adlı oğlan idi”, – deyən Zeynal Şəfiyev təqsirləndirilənlərə diqqətlə baxsa da, Natiq Alıyevi tanıya bilmədi. Zərərçəkən qeyd edib ki, onu döyən adam özünün Natiq olduğunu desə də, bunu tam dəqiqliyi ilə deyə bilməz: “Qardaş, bəlkə onun əsl adı Mameddir? Deyirdi Natiqəm, şəxsiyyət vəsiqəsinə baxmamışdım ki?”

Zeynal Şəfiyev bütün bunların evdən qızıl satdığına görə baş verdiyini deyib. Bilridib ki, “Mərkəzi Univermağ”ın yaxınlığında Yaşar adlı zərgərə 1480 dollarlıq qızıl satıb. MTN-də isə bildiriblər ki, onun satdığı qızıllar saxta çıxıb. Buna görə, MTN-də ondan 12 min dollar alıblar.
“Mən anlamıram ki, məni niyə MTN-ə çağırıblar. Bu ölkədə polis var, prokurorluq var. Bu işə görə MTN-ə çağırarlar? Sonralar mənə dedilər ki, kimin harda tanışı var, ora şikayətə gedir. İndi başa düşmürəm, sabah avtobusda birinin cibindən 10 manat çıxarsalar, MTN-ə gedəcək?” – zərərçəkən deyib.
Onun sözlərinə görə, 2015-ci ildə MTN-in yüksək vəzifəli şəxsləri həbs edildikdən sonra nazirliyə gedərək, şikayət etmək istədiyini deyib: “Mən əvvəllər də MTN-ə şikayət eləmişdim. Elə ki içib sərxoş olurdum, bir ərizə yazıb, aparıb atırdım MTN-in poçt yeşiyinə. Amma tədbir görmürdülər”.

Zeynal Şəfiyev istintaqa ifadə verdiyi vaxt sərxoş olduğunu bildirib: “Mən içəndə 20-30 gün ayılmıram. Ruslar buna “zapoy” deyir. Evdən də küçəyə çıxmıram, ancaq içirəm. Belə günlərdən birində prokurorluqdan zəng etdilər ki, gəl, ifadə ver. Dedim, gələ bilmərəm, halım yoxdur. Amma yenə də çağırdılar, getdim”.
Zərərçəkən MTN-in tələb etdiyi pulu vermək üçün iki mənzilini satdığını deyib.

 

2ZATəqsirləndirilən Füzuli Əliyev

Təqsirləndirilən Füzuli Əliyev məsələ ilə bağlı deyib ki, bütün texniki sənədlərə əsasən, Natıq Alıyevlə zərərçəkən heç vaxt telefonla danışmayıblar və bundan əlavə, heç bir halda eyni mobil rabitə antennasının əhatə dairəsində olmayıblar. Yəni Zeynal Şəfiyev heç bir halda Natiq Alıyevlə görüşüb ona pul ötürə bilməzdi.

Şahidlər məsələyə aydınlıq gətirə bilmədi

Şahid qismində ifadə verən Nəsimi Zamanov bildirib ki, Zeynal Şəfiyevin evinin yaxınlığında yerləşən kafedə işləyir. Şahidin sözlərinə görə, iş yerinə yaxın yerdə olan ayaqyolundan kiminsə tutulub aparılmasını görməyib. “İşimiz səhər saat 10-dan sonra başlayır və mən onu görə bilməzdim”, – N.Zamanov deyib.
Şahid Samir Muradi məhkəməyə verdiyi ifadədə qeyd edib ki, zərgər işlədiyinə görə tez-tez qızıl almalı olur. Günlərin birində münasib qiymətə qızıl satıldığını eşidib və tanışının yanına gələrək, həmin qızılı satan adamdan 4 min dollarlıq qiymətli metal alıb. Onun sözlərinə görə, sonradan aldığı malların yalnız üst qatının qızıl olduğunu öyrənib, içərisi isə yüksək əyarlı gümüş imiş.
“Öyrəndim ki, qızıl aldığım adam Uktayna meydanının yaxınlığında taksi fəaliyyəti göstərir. Lakin orada həmin adamı tapa bilmədim”, – şahid qeyd edib.
Samir Muradi zərərçəkən Zeynal Şəfiyevi tanımadığını deyib. Z.Şəfiyev də Ukrayna meydanında heç vaxt işləmədiyini bildirib.
Şahid Elşən Hüseynov ifadəsində bildirdi ki, əvvəllər MTN-də işləyib və təqaüdə çıxıb. Onun sözlərinə görə, zərərçəkən Zeynal Şəfiyevi tanıyır. Z.Şəfiyevi MTN-ə yazdığı şikayət ərizəsinə baxılması üçün nazirliyin rəhbərlik etdiyi Binəqədi rayon şöbəsinə dəvət edib. Lakin ərizədə MTN-in əməkdaşı barədə şikayət olduğu üçün məsələyə şöbədə baxılmayıb: “Bu işə yalnız nazirliyin özündə baxıla bilərdi, ona görə də, ərizəni geri qaytardım”.
Növbəti şahid Mahir Səfərov ifadəsində bildirib ki, MTN-də işləyib və hazırda təqaüddədir. O, zərərçəkən Zeynal Şəfiyevi tanımadığını deyib: “Şöbə rəisim Şahmar Rzayev dedi ki, bir görüşüm var, gedək mənimlə bir yerdə. Getdik, bir idmançı ilə görüşdü. Dağıstanlı idi. Şöbə rəisi mənə dedi ki, sənin telefon nömrəni verdim, həmin adam sənə qızıl verəcək. Sonradan mənə zəng olundu, bir paket verdilər, ötürdüm Şahmar müəllimə”. Məsələnin zərərçəkənlə nə əlaqəsinin olması aydınlaşmadı.

“MTN-ə aparıldıq, bizə qonaqlıq verdilər”

Zərərçəkən Elçin Kərimov ifadəsində qeyd etdi ki, təqsirləndirilənlərin heç birindən şikayəti yoxdur.
“Mənim günahım lazım olmayan yerdə lazım olmayan vaxt olmağımdır. Brilyant alverimə girmək istəyirdim və “Mərkəzi Univermaq”da yanımda satıcı alıcıya 200 min dollarlıq brilyant daş satırdı. Bu vaxt MTN əməkdaşları mağazaya daxil olaraq, bizi nazirliyə apardılar. Bizə qarşı heç bir zor tətbiq edilməyib, üstümüzə silah çəkilməyib”, – zərərçəkən deyib.
Onun sözlərinə görə, yeganə gördüyü zərər səhərə qədər MTN-də saxlanmağıdır. Ondan heç kim nə pul istəməyib, nə də zor tətbiq etməyib. “Axşam Füzuli Əliyev bizə “Sultan” kafesində qonaqlıq da verdi”, – E.Kərimov deyib.

“La Parfumerie”dən MTN-ə beş zənbil ətriyyat

Zərərçəkən Arif Vəliyev çıxışına başlayan kimi təqsirləndirilənlərin heç birindən şikayətinin və iddiasının olmadığını diqqətə çatdırdı. O, Bakıda bir neçə nöqtədə fəaliyyət göstərən “La Parfumerie” mağazalarının sahibi olduğunu bildirdi.

3ZA“2015-ci il mart ayının 5-i idi. Şərikim Ərəstun Nəsibovun MTN-ə dəvət edildiyini öyrəndim. Həmin vaxt yas məclisində idim. Oradan çıxıb MTN-ə getdim, gördüm ki, Ərəstun çıxıb. Başqa heç nə baş verməyib”, – zərərçəkən deyib.
Onun sözlərinə görə, sonradan problem yaranmasın deyə, 5 zənbil ətriyyatı MTN-ə göndərib, amma Füzuli Əliyev bunları pulsuz qəbul etməyib, pulunu ödəyib. “Satış qiyməti 4000 manata yaxın olsa da, mayası 1000 manat idi, amma pulu ödənilmişdi. Heç bir iddiam və şikayətim yoxdur”, – A.Vəliyev bir daha qeyd edib.
Prokurorun sözlərindən məlum oldu ki, Ərəstun Nəsibovun MTN-ə aparılmasında məqsəd ətriyyat qaçaqmalçılığında şübhəli olması olub. “Heç bir qaçaqmalçılıq ola bilməzdi, Azərbaycana gətirilən bütün mallar mənim adıma gəlir və hamısı tam şəffaf rəsmiləşdirilir”, – zərərçəkən sözlərini yekunlaşdırıb.
Prosesə sədrlik edən hakim Həbib Həsənov növbəti məhkəmə iclasının çərşənbə axşamı, aprelin 11-də keçiriləcəyinmi elan edib.


loading...


Fikrinizi bildirin