“Hamımızı qıracaqlar?”

Elə tutatut başlayıblar ki, həm də gülməyimiz gəlir, çünki adamın yadına Hafiz Hacıyev düşür. Axı bu Hafiz Hacıyev deyirdi ki, “prezident olacam, hamınızı qıracam, həbs edəcəm” və s. Bəlkə Hafiz Hacıyevə ehtiyac qalmadı, onun söylədiklərini necə var eləcə də həyata keçirirlər?!

Bəzi məlumatlı dostlar onu da deyir ki, bir neçə beynəlxalq təşkilata və bu təşkilatların donorluq etdiyi yerli QHT-lərə qarşı da cinayət işi başlanıb, hələ çox adamlar həbs edilə bilər. Bəzi dostlar da düşünür ki, tezliklə beynəlxalq basqılar nəticə verəcək və siyasi məhbuslar buraxılacaq...

Amma belə görünür ki, yuxarıdakı variantların heç birinin nəticəyə birbaşa təsiri yoxdur, yəni həbslər və repressiyalar hakimiyyətin arzu etdiyi durumu yaratmayacaq. Cəmiyyətin hazırkı sakit və rahat tərzinə aldanmayın, sizə elə gəlməsin ki, hamı qorxu və susmaq yoluna başlaya bilər. Diqqətlə baxsanız, tamam başqa nəticələr çıxarmaq olur. Həm də - bu, təsəlli deyil - həbslər cəmiyyəti qorxutmur. Bu qədər tanınmış simanın həbsindən sonra da, dünənəcən heç kimin tanımadığı gənclər həbs edilir və öz hökmləri zamanı onları həbs edənlərə mənəvi hökm oxuyurlar.

Mayın 27-də Ağır Cinayətlər Məhkəməsində gənc blogerÿƏbdül Əbilovaÿ5 il yarım azadlıqdan məhrumetmə cəzası verildi. Əbdülün bu məhkəmədə son sözünü oxuyun. Məsələ sözlərdə deyil, bu, əməl idi. Həmin məhkəməyə və onun ağalarına mənəvi hökm oxumaq idi. Əbdülü tanıyırdınızmı? Çoxunuz tanımırdınız. Onun son sözü əksəriyyət üçün həm də ilk söz idi, çünki ilk dəfə eşidirdik onu. Buna baxmayaraq, o qədər daxili zənginliyi olan, o qədər mübariz bir insanı tanımamışıq. Eləcə də 19 yaşlı bloger, “Facebook”da hakimiyyəti tənqid edən “AzTV-dən seçmələr” səhifəsinin admini olmuş Ömər Məmmədov. Hazırda onun məhkəməsi gedir və qondarma narkotik ittihamı ilə şərlənən bu gənclə fəxr etmək olar. Illərin sınağından çıxmış, yüksək mənəviyyatlı, mübariz və mətin bir insan kimi tanıdıq onu.

Bir sözlə, artıq tanımadığımız adamların mübarizəsinin də şahidi oluruq. Odur ki, proseslərin öləcəyindən, “hamımızı qıracaqlar”dan söhbət gedə bilməz. Bu, yalnız gülməşəkər bir arzu olaraq qalacaq. Ölkəyə rəhbərlik edən oğru yığını üçün sakitlik olmayacaq - həbslər adiləşib artıq, kiminsə vecinə deyil, sadəcə, seçkilərdən sonrakı siyasi durğunluq aldadıcıdır. Həm də artıq bu hakimiyyətin rəqibləri təkcə siyasi partiyalar, formal qruplar deyil, həm də tanımadığımız yeni mübarizləri yetişdirən cəmiyyət, yeni çağ və yeni dəyərlərlə yaşamaq arzusudur. Onsuz da durumun kəskin dəyişəcəyinin vaxtı, anı heç vaxt bilinmir, hər an ola bilər.

Hazırda nikbinlik ona görə yoxdur ki, ölkədə geniş resursları olan bir sistem qurulub və onun repressiyaları aman vermir. Amma bədbinliyə də əsas yoxdur, repressiyalar fəalları, mübarizəni dayandırmır və necə deyərlər, hamını “qıra bilməyəcəklər”. Hakimiyyətdə olanlar, onları müdafiə edənlər, bu və ya başqa bir səbəbdən “bu hakimiyyətə qalib gəlməyin mümkün olmadığını” deyənlər bir şeyi unudurlar: bu hakimiyyətin barışmaz bir düşməni var - yeni çağ, xalqın maraqlarını ehtiva edən ideyalar, arzu və istəklər. Qoy kim Hafiz Hacıyevin adından danışdığı bir rejimin tarixə qalib gələcəyinə inanırsa, inansın. Mən başqalarının qalib olacağını düşünürəm - həbsdə olanlar, onların mübarizəsini davam etdirib həbsdən qorxmayanlar, xalqımızın maraqları, zamanın maraqları, zamanın tələbi olan müasir dəyərlər.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar