MSK prezidentliyə namizədlərin gəlirlərini açıqlamaq istəmir

Cəmil Həsənli növbəti dəfə MSK- ya müraciət etdi

Məlum olduğu kimi Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Mərkəzi Seçki Komissiyasına müraciət edərək prezidentliyə namizədlərin gəlirləri və onlara məxsus əmlakları barədə məlumatların dərc olunması və surətinin ona təqdim olunmasını xahiş etdmişdi. Lakin MSK həmin məlumatları dərc etməkdən və Milli Şuranın namizədinə təqdim etməkdən imtina etmişdir. Bununla bağlı prezidentliyə namizəd Cəmil Həsənli yenidən MSK- ya müraciət edib. Namizədin Seçki Qərargahının yaydığı məlumata görə, müraciətdə deyilir:

“Mən sizə müraciət edərək prezidentliyə qeydə alınmış namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatların kütləvi informasiya vasitələrində dərcini təmin etməyinizi və prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri sənədlərin surətlərini mənə təqdim etməyi xahiş etmişdim.

Mərkəzi Seçki Komissyası Katibliyinin hüquq şöbəsinin müdiri İ. Hacıyevanın imzası ilə göndərilən 29 sentyabr 2013-cü il tarixli, 10/20-777 saylı məktubla müraciətim təmin edilməmişdir. Həmin məktubda göstərilmişdir ki, tələb etdiyimiz sənədlər istinad etdiyimiz Seçki Məcəlləsinin 60.7-ci maddəsində göstərilmiş sənədlər qrupuna aid olmamaqla yanaşı, onun ictimailəşdirilməsi öhdəliyi qanunvericiliklə nəzərdə tutulmamışdır.

Hesab edirəm ki, bu cavab yuxarıda göstərilən məlumatların dərc edilməsindən və həmin məlumatları özündə əks etdirən müvafiq sənədlərin təqdim edilməsindən qanunsuz olaraq yayınmadır.

Bununla bağlı ilkin olaraq onu qeyd edim ki, Məkəzi Seçki Komissiyası Katibliyi hüquq şöbəsinin müdirinin Mərkəzi Seçki Komissiyası (MSK) adından çıxış etmək səlahiyyəti yoxdur və MSK kollegial orqan olduğundan müraciətlər onun iclasında müzakirə edilməli və müvafiq qərar qəbul edilməlidir.

İkincisi, Seçki Məcəlləsinin 58.3-cü maddəsi MSK-nın üzərinə prezidentliyə qeydə alınmış namizədlərin əmlakı və gəlirləri haqqında dərc edilməli məlumatların siyahısını müəyyənləşdirmək, Seçki Məcəlləsinin 60.7.-cı maddəsi isə, qeydə alınmış prezidentliyə namizədlər barədə məlumatları qeydiyyatdan sonra 24 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim etmək vəzifəsi (öhdəliyi) qoymuşdur. Seçki Məcəlləsinin 58.1.4. və 58.1.5.-ci maddələri ilə namizədlərin MSK-ya təqdim etdikləri məlumatlara namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat və mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat da daxildir.

Lakin Mərkəzi Seçki Komissiyası qanunla üzərinə düşən yuxarıda göstərilən vəzifələri (öhdəlikləri) yerinə yetirməmişdir.

Üçüncüsü, Seçki Məcəlləsinin 2.5.–ci maddəsi seçkilərin açıq və aşkar keçirilməsini, 40.2.-ci maddəsi ilə isə, qeydə alınmış namizədlərin seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq hüquqlarını nəzərdə tutur. Göründüyü kimi burada yalnız seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələrinin surətlərini almaq istisna edilir və qeydə alınmış namizədlərin əmlakı və gəlirləri barədə məlumatları özündə əks etdirən seçki sənədləri alınması istisna olunan sənədlər sırasına daxil deyildir. Bunlarla yanaşı Seçki Məcəlləsinin 17.6.15-ci maddəsi seçki hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslərə sənədlərlə və məlumatlarla tanış olmaq üçün şərait yaratmaq vəzifəsini qoyur.

Eyni zamanda qanunvericilik qeydə alınmış namizədlərin əmlakı və gəlirləri barədə məlumatları şəxsi həyat sirləri, kommersiya sirləri və dövlət sirləri sırasına aid etmir və bu məlumatların açıqlanması ilə hər hansı qadağalar və məhdudiyyətlər müəyyən etməyib.

Yuxarıda göstərilənləri nəzərə alaraq sizə təkrar müraciət edərək xahiş edirəm ki, 9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidentliyinə seçkilərdə qeydə alınmış prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə məlumatların kütləvi informasiya vasitələrində dərcini təmin edəsiniz və prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri sənədlərin surətlərini mənə təqdim edəsiniz”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar