"KONSTİTUSİYAYA ZİDD QANUNLAR QƏBUL ETMİŞİK!" - Deputatdan ŞOK açıqlamalar

Qüdrət Həsənquliyev: Hansı ağlı başında olan adam bu ölkəyə yatırım qoyar? Ölkənin imicinə çox böyük zərbə vurublar."

"Məni narahat edən odur ki, bizim Prezident Aparatında nəyin qarşılığında onlar bu cür açıq-açığına Konstitusiyaya zidd dərkənar qoyurlar"

Milli Məclisin ötən həftə baş tutan plenar iclasında iki məsələ ciddi müzakirə mövzusu oldu: “Banklar haqqında” qanun və Rusiyada artan anti-Azərbaycan davranışlar. Bəlkə də son illərdə ilk dəfə idi ki, Azərbaycan parlamentində şimal qonşumuza qarşı bu dərəcədə etirazlar ifadə olundu, xəbərdarlıqlar edildi. BAXCP sədri, deputat Qüdrət Həsənquliyev isə banklar mövzusundan danışarkən dəfələrlə söz alıb ciddi qanun pozuntularından, hətta Konstitusiya müddəalarının pozulmasından danışdı, üstəlik, qanunu geri qaytarmağa çağırdı. Müsahibəmizdə bütün bunlara aydınlıq gətirməsini istədik:

-Qüdrət bəy, parlamentdə çox ciddi ittiham səsləndirərək dediniz ki, Milli Məclisdə bir neçə dəfə antikonstitusion qanunlar qəbul etmişik. Söhbət hansı qanunlardan gedir?

- Doğrudan da, biz bir neçə dəfə Konstitusiyaya zidd qanunlar qəbul etmişik. Sonuncu dəyişikliyi Cinayət Məcəlləsinə etdik və terror aktı törədən şəxslərin vətəndaşlıq hüququndan məhrum edilməsinə dair sanksiya verdik. O vaxt da etirazım oldu, bildirdim ki, Azərbaycanda vətəndaşlıq hüqüqundan məhrumetmə növündə bir cəza nəzərdə tutulmayıb. İkincisi də, o zaman Konstitusiyada qeyd olunmuşdu ki, Azərbaycan vətəndaşı heç bir halda, istisnasız olaraq vətəndaşlıq hüququndan məhrum edilə bilməz. Üçüncüsü də absurddur ki, cinayət törətmiş şəxsi vətəndaşlıq hüququndan məhrum edəsən. Ağır cinayət törədən adama ən ağır cəza verilə bilər, bizdə də ən ağır cəza ömürlük həbsdir. Müasir dünyada bizdən başqa ikinci bir ölkədə vətəndaşlıqdan məhrumetmə ilə bağlı cəza növü yoxdur. Ona görə də biz Konstitusiyanı pozmaqla analoqu olmayan bir presedent yaratdıq. Belə cəza növü yalnız ibtidai icma quruluşunda olub, ümumi davranış qaydalarını pozan şəxsləri icmadan qovurdular ki, “get, başqa yerdə yaşa!” Amma indi hansı ölkəyə deyəcəksən ki, “bu, cinayət törədib, ona görə də sən bunu qəbul elə!” Amma artıq qanun qəbul olunub. Təəssüf ki, mən çox kəskin etiraz etsəm də, xeyri olmadı...

- Qayıdaq sonuncu etiraz etdiyiniz qanuna. Burada sizin etirazınızın əsas səbəbi nə idi?

- Maliyyə Bazarlarına Nəzarət Palatasına bankların lisenziyasını ləğv etmək səlahiyyəti verildi. Qurumun bu səlahiyyəti var idi. Amma İnzibati Prosessual Məcəllədə belə bir müddəa nəzərdə tutuldu ki, əgər Nəzarət Palatası hansısa bankı bağlayırsa və məhkəmə də həmin qərarı qanunsuz sayırsa, o qərarı ləğv eləmir. Qanunsuz hesab edir, amma ləğv eləmir. Yəni absurdluq bax, burdadır. Bu, sadəcə, hüquqi nihilizmdir. Bunun əvəzində yalnız kompensasiya ödənə bilər. Burada Konstitusiyanın bir neçə müddəası pozulur. Birinci konstitusiyanın 7-ci maddəsində qeyd olunur ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyət bölgüsü prinsipi əsasında həyata keçirilir - qanunverici, icra və məhkəmə orqanı. Hər biri də öz səlahiyyətləri çərçivəsində müstəqildir, bu da birbaşa yazılır. Bundan başqa, Konstitusiyanın 93-cü maddəsində qeyd olunur ki, qanunverici orqan onların səlahiyyətlərinə aid məsələlərlə bağlı nə qanun, nə qərar qəbul edə bilməz. Yəni qanunverici orqan məhkəməyə necə göstəriş verə bilər ki, qanunsuz hesab etdiyini ləğv etmə?! Beləliklə, biz səlahiyyət həddini aşdıq.

- Səbəb nədir?

-Deyəcəyəm. Təkcə Konstitusiyanın bu maddəsi pozulmur. 60-cı maddədə qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarının, siyasi partiyaların, istənilən təşkilatın qərarlarından məhkəməyə şikayət verə bilər. Biz bu qanunu qəbul edəndən sonra belə çıxır vətəndaş hesab edirsə ki, ona məxsus bankı qanunsuz bağlayıblar, o zaman bankın bərpası ilə bağlı iddia qaldıra bilməz. Yalnız kompensasiya iddiası qaldıra bilər. Konstitusiyanın 60-cı maddəsi də kobud şəkildə pozulur. Sən vətəndaşa deyə bilməzsən ki, sən hansı iddianı qaldır. Yəni bu, vətəndaşın hüququdur.

-Məgər burada beynəlxalq konvensiyalar, Avropa Məhkəməsi nəzərə alınmayıbmı?

-Hələ mən beynəlxalq konvensiyaları kənara qoyuram, öz Konstitusiyamızdan danışıram. Məni dəhşətə gətirən o oldu ki, Milli Məclisdə bütün bunları dediyim halda, heç bir reaksiya verilmədi. Verildi e, qanunsuz reaksiya... Bəzi deputat həmkarlarım hüquqşünas peşələrinə xəyanət etdilər, açıq şəkildə Konstitusiyaya zidd müddəanı dəstəklədilər. Orda savadlı hüquqşünaslar var, onlar başa düşürlər ki, nə baş verir. Amma hökumət tərəfindən gəldiyinə görə ona dəstək verdilər. Konstitusiyada vətəndaşın əmək hüququ var - 35-ci maddə. Yəni istənilən peşə ilə məşğul olmaq hüququ var. Məsələn, mən də özümə bank fəaliyyəti ilə məşğul olmaq seçimini etmişəm. Bankım var, ancaq sən mənim bankımı bağlayırsan ki, “daha bank fəaliyyəti ilə məşğul olma!” Özü də qanunsuz deyirsən, məhkəmə də bunun qanunsuz olduğunu sübut edir. Bu da vətəndaşın növbəti konstitusion hüququnun pozulmasıdır. Gör mən Konstitusiyanın neçə maddəsini saydım ki, kobud şəkildə pozulur. Hətta komitə iclasında Ali Məhkəmə üzvü də dedi ki, siz məhkəmələrə necə qanun qəbul etməklə bağlı göstəriş verə bilməzsiniz.

-Deməli, bütün bunlar Nəzarət Palatasına əlavə səlahiyyətlər verilməsinə hesablanıb, eləmi?

-Onsuz da bu qurumun səlahiyyətləri var. İstəsə, bu gün lisenziyanı ləğv edə bilər. Amma məhkəmə Nəzarət Palatasının qanunsuz qərarını ləğv edə bilirdi, indi biz qanunda yazdıq ki, məhkəmə bu qurumun qərarını ləğv edə bilməz.

-Bağlanan banka görə kompensasiya ödənişi necə həllini tapacaq?

-Mən orda da soruşdum ki, məsələn qanunsuz bağlamaqla banka milyonlarla ziyan vurmusan, konpensasiyanı kim ödəyəcək? Hətta onu da dedim ki, burada yazsaydınız ki, məhkəmə bu yanlış qərarı qəbul edənlərin şəxsi hesabına banka vurulan ziyan ödənilsə, bu halda bu qanun Milli Məclisə gəlməzdi. Nəzarət Palatasının o qədər imkanları yoxdur. Deməli, ziyan büdcə vəsaitləri hesabına ödəniləcək. Hökumət faktiki surətdə istənilən bankı bağlayacaq, məhkəmə bunu qanunsuz saysa, uzaqbaşı qərar çıxaracaq ki, sənə 500 min, ya 1 milyon kompensasiya veririk, götür, get, sən artıq bank işlədə bilməzsən! Kompensasiya deyilir, amma bizim Konstitusiyada deyilir ki, yalnız dövlət ehtiyacları üçün başqasının əmlakı milliləşdirə, özü də qabaqcadan ədalətli şəkildə ödənilmə şərtilə dövlət ehtiyacları üçün alına bilər. Mən hələ bunun hüquqi tərəfini söylədim, söhbət bununla bitmir. Bu, ölkə iqtisadiyyatına elə böyük ziyan vuracaq ki... Belə şəraitdə hansı investor Azərbaycana investisiya qoyar? Bank xırda bir müəssisə deyil ki, gəlib bağlasınlar, ya köşk kimi götürsünlər. Əgər bank bağlanırsa və qərar qanunsuzdursa, şəxs onu ləğv etdirə bilmirsə, bu ölkəyə kim investisiya qoyar, hansı ağlı başında olan adam bura yatırım qoyar? Heç kim qoymaz. O şirkətlər pul yatıra bilər ki, məsələn, bp kimi şirkətlər, onlar özlərini dövlətdən də güclü sayırlar və düşünürlər ki, onların əmlakını heç kim ala bilməz. Amma kiçik kampaniyalar belə faktları görəndən sonra inanmıram ki, bizə vəsait xərcləsinlər.

-Ancaq rəsmən bəyan olundu ki, bu qərar acınacaqlı vəziyyətdə olan bank sektorunun sağlamlaşdırılmasına xidmət edəcək. Razılaşırsınızmı?

-Guya ki, bu, bank sektorunda nizam-intizamın yaradılmasına xidmət edir. Əslində bu, bank sektoruna vurulan böyük zərbədir. Dünyada ən pis əməllər də müəyyən adlar altında edilir. Heç kəs demir ki, mən filan işi pis niyyətlə edirəm. Mən hesab edirəm ki, bu, ölkədə bank sektoruna və ümumiyyətlə, iqtisadiyyata ciddi zərbə vuracaq. Həmçinin sahibkarlığa böyük zərbədir.

-Deməli, artıq gecdir, yoxsa qanunun geri qaytarılması baş verə bilər? Fakt budur ki, prezident vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün addımlar atmağa çağırış edib və Yol Xəritəsini təsdiqləyib...

-Bunun qarşısını ancaq prezident ala bilər. Ancaq prezidentə də bunu kimsə məruzə etməlidir. Onu kim məruzə edəcək? Məni bu məsələdə ən çox düşündürən və narahat edən odur ki, bizim Prezident Aparatında nəyin qarşılığında onlar bu cür açıq-açığına Konstitusiyaya zidd dərkənar qoyurlar və prezidentin masasının üstünə göndərirlər? Məsələn, Natiq Əmirovla Rüfət Aslanlını başa düşmək olar, onlar hüquqşünas deyillər. Bunlar belə bir təşəbbüslə çıxış edə bilərlər, bəs, ordakı hüquqşünaslar niyə susurlar, bax, bu, düşündürcüdür. Mən xatırladım, bir vaxtlar Ramiz Mehdiyev dedi ki, Prezident Aparatında işə götürməyə savadlı hüquqşünas tapa bilmirik. Görünür, Prezident Aparatında savadlı hüquqşünas problemi ciddiyyəti ilə qalır. Bu qərarla ölkənin imicinə çox böyük zərbə vurublar. Bunu kimsə məruzə etsə, inanmıram ki, prezident belə bir qanuna imza atacaq. Üstəlik də bu, həm iqtisadiyyatımıza, həm ölkəmizin imicinə ziyandır, həm də vətəndaşlarımızın maraqlarına birbaşa toxunur.

-Bank sirlərinin yayılması da ciddi müzakirələrə səbəb oldu. Sizə cavab olaraq bildirildi ki, hətta İsveçrə banklarında sirlər Azərbaycandakı kimi yaxşı qorunmur. Belədirmi?

- Tam məsuliyyətlə deyirəm ki, heç bir əsası olmayan fikirlərdir. Mən Rüfət Aslanlıya sual verdim ki, sizə bu səlahiyyət nəyə lazımdır? Onu bankın gəliri-çıxarı, əmanətçi sayı, orta əmanət məbləği maraqlandıra bilər. Amma tutaq ki, mənim bankda nə qədər pulumun olmasının Rüfət Aslanlıya nə aidiyyəti var? Rüfət Aslanlı buna cavab verməliydi, əsaslandırmalı idi ki, bu məsələyə görə bank sirrini bilmək səlahiyyəti mənə lazımdır. Amma bunun əvəzində mənə dedi ki, başqa ölkələrdə də bank sirrini bilirlər. Əgər xaricə böyük miqdarda pul köçürmələrindən söhbət gedirsə, o pulların mənbələri haqqında şübhələr varsa, bu halda müvafiq hüquq-mühafizə orqanları var, bank məlumatlarını onlar ala bilər. Bu ölkədə bank sirri deyilən bir şey yoxdursa, bundan sonra kim gətirib bankda əmanət saxlayacaq?

-Rusiyadakı ən böyük diaspor təşkilatının qeydiyyatının ləğvi, Dağıstanda Azərbaycanın yük maşınlarına qarşı müharibə vəziyyəti də ciddi narahatlıq doğurur. Nə baş verir, sizcə?

- Mən inanmıram ki, Rusiya Ümumrusiya Azərbaycanlılar Konqresini ləğv etsin, sadəcə, təzyiq kimi istifadə edirlər. Təşkilat ləğv olunsa, münasibətlər ziyan çəkər, inanmıram ki, Rusiya münasibətlərin tam pozulmasında maraqlı olsun. Sadəcə növbəti dəfə 2013-cü il seçkilərində olduğu kimi, Azərbaycana təzyiq edirlər.

-Kreml bunun qarşılığında nə istəyir?

- Deyə bilmərəm. Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimlər keçirməyə hazırlaşır, bu da onları qıcıqlandıra bilər. Yaxud seçki ərəfəsində Sərkisyan Moskvada Putinlə görüşdü, orda hansısa məsələləri müzakirə edib razılaşdıra bilərlər. Yaxud Qarabağ məsələsi ilə bağlı hansısa plan var. Ermənistanın danışıqlardan çıxması sözsüz ki, Rusiyanın istəyidir. Ola bilməz ki, Moskva İrəvanın danışıqlar masasına qayıtmasını istəsin, amma Ermənistan cığallıq etsin. Deməli, nə Dağistanda sürücülərin etirazı təsadüfi deyil, nə İrəvanın danışıqlardan kənarlaşması, nə də ÜAK-ın ləğvi məsələsinin gündəmə gətirilməsi. Ola bilər ki, Rusiya Azərbaycanın hansısa qərarlarından narazı qalıb, yaxud Bakıdan nələrsə istəyir. Bunu hökumət rəsmiləri dəqiqliyi ilə bilər. Amma bu yaxınlarda Lavrov açıqladı ki, biz Azərbaycanı Avrasiya İttifaqında görmək istərdik. Sözsüz ki, Lavrov bu cür açıqlamanı özbaşına verə bilməz, bu, birbaşa Putinin istəyidir.

Digər tərəfdən, Moskvada Rusiya siyasi elitasına yaxın adamlar var. Bu məsələlərdə onların da barmaqlarının olmasını istisna etmək olmaz. Mən adlar çəkmək istəmirəm, heç soruşmayın da. Onların Rusiyanın hüquq sisteminə kifayət qədər yaxın olanları var. Onlar üzdə Azərbaycan hökumətini dəstəklədiklərini desələr də, reallıqda bu hakimiyyətə qarşı kifayət qədər düşmən mövqedə olan adamlardırlar. Ümumiyyətlə, 2018-ci il prezident seçkiləri gəlir. Düşünürəm ki, Rusiya seçki ərəfəsində Azərbaycandan nəsə qopartmaq üçün təzyiqləri artıra bilər(musavat.com).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar