“Mətanət Әzizovaya yardım edən vəzifəcə kiçik insan deyil“

Mirvari Qəhrəmanlı Mətanət Əzizovaya ölkəni tərk etməsində yardım edən şəxsdən danışıb

“Bəri başdan deyim ki, Allah onun balalarını saxlasın, onu heç vaxt darda qoymasın. Gecə saat 12-də o Mətanətə deyib ki, 15 dəqiqəyə evdən çıxmasan, səni tutacaqlar”.

Bunu Rauf Mirqədirov məsələsində istintaqa şahid qismində ifadə verdikdən sonra həbs olunmaq təhlükəsi ilə ölkəni tərk edən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın anası Mirvari Qəhrəmanlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun son açıqlamasına münasibət bildirərkən aktual.az-a deyib.

Məlumat üçün qeyd edək ki, Eldar Sultanov açıqlamasında deyib ki, Mətanət Əzizovanın ölkəyə qayıdacağı təqdirdə həbs ediləcəyi ilə bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil. O, APA-ya bildirib ki, M. Əzizova Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində jurnalist Rauf Mirqədirovun barəsində başlanmış cinayət işi üzrə şahid qismində dindirilib və sərbəst buraxılıb. Lakin bundan sonra o, Leyla Yunusun bilavasitə təhriki ilə respublikanı tərk edib. Burada L.Yunusun əsas məqsədi istintaqın normal gedişatına mane olmaq və istintaqı tamamilə başqa istiqamətə yönəltməkdir.

Mirvari Qəhərmanlı isə bildirir ki, Mətanət Əzizova ölkəni tərk etməsəydi həbs ediləcəkdi:

“Mən 20 ildir jurnalistlərlə təmasda olan insanam, yalandan, biclikdən də xoşum gəlmir. Mən mayın 2-də İndoneziyaya konfransa uçmuşam. Bundan sonra nə qədər cəhd eləsəm də, Mətanətlə əlaqə saxlaya bilmədim. Sonra mənə xəbər elədilər ki, Mətanət ölkədə yoxdur. Bu xəbəri alan kimi məni insult vurdu. Sonra birtəhər əlaqə yaratdıq. Mətanət də həbs ediləcəyi ilə bağlı xəbəri alan kimi, tələm-tələsik evi tərk edib. Səhər də evi mühasirəyə alınanda sübut olundu ki, onun evi tərk etməsi təsadüfü deyilmiş. Namaz əhliyəm oğlum, Allahıma and olsun ki, qızım düz deyir. Prokurorluqdan da mənə başqa birisi ilə xəbər çatdırıblar ki, nə Mətanətə, nə də ailəsinə heç nə olmayacaq. Əgər sən mənə İndoneziyaya zəng edib, mənim övldadımın təhlükəsizliyinə qarant verirsənsə, bəs ayın 3-də evin mühasirəyə alınması hansı məntiqə uyğun gəlir? Evdə nəvəmə aid kompüteri belə götürüblər. Nə qədər yalvardım ki, verin kompüteri, amma 20 gündür vermirlər. Sən əgər xüsusi məqsəd tutmamısansa, bəs, mənim nəvəmlə, kürəkənimə niyə qadağa qoymusan?”

Mirvari Qəhrəmanlı Mətanət Əzizovanı həbs təhlükəsi ilə bağlı xəbərdarlıq edən edən şəxs barəsində danışdı və qızının Leyla Yunusun təhriki ilə ölkəni tərk etməsinə də aydınlıq gətirdi:

“Onu Leyla Yunusun ölkədən çıxartmasına gəldikdə, bu da doğru deyil. Çünki Mətanət evdən çıxanda Leylaya xəbər göndərməyə zamanı belə olmayıb. Leyla yalnız qızıma Avropadakı əlaqələri ilə kömək olub. Mətanət Gürcüstana gecə elə bir tərəfdən getdi ki, özü də Allah ona kömək olsun, hardan keçmək lazımdır oranı da deyib Mətanətə. Qızım qanuni olaraq sərhəddən keçib. Yəni burda qanunsuz heç nə olmayıb. Mətanətə yardım edən insan da hüquq-mühafizə orqanlarında çalışmır, amma o vəzifəcə kiçik insan da deyil. Özü də o mənim uzun müddətdir ki, dostumdur. Oğlum, mənim bu hökumət qurumları içində o qədər mərd dostlarım var. Mənim ölkəmin imicinə ziyan vuran bu istintaq qurupudur. Eldar müəllim xəbər göndərib mənə, amma mən gördüm ki, bu insanlara inanmaq olmaz. Tezliklə ailəm ətrafında bu qorxulu kabusun bitməsini arzulayıram. Qızım da vətənə qayıdıb ailəsinə qovuşmaq istəyir”.

Xatıradaq ki, M. Əzizova dünən mətbuata açıqlama verərək həbs təhlükəsi ilə üzləşdiyi üçün ölkədən getdiyini açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar