"MƏN BU DÖVLƏTİN QURUCULARINDANAM, SİZ KİMSİZ?" - Əli İnsanov  yenə "od püskürdü"

"Heydər Əliyev xalqa, mən də ona lazım idim"

Əli İnsanovun aprelin 12-də Qaradağ rayon Məhkəməsidə cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, məhkəmə zalında sadəcə olaraq 6 nəfərin iştirakına icazə verilib. Əli İnsanovun qardaşları prosesə girməyərək, jurnalistlərin iştirak etməsini istəyiblər.

Kiçik məhkəmə zalında dəmir barmaqlıqlar arxasında əyləşən Ə.İnsanov kostyumda, qalustukda, ayağını ayağının üstünə aşıraraq prosesin gedişatını izləyib. 3 saata yaxın davam edən prosesdə Əli İnsanov hər dəfə söz istəyəndə ayağa qalxıb, pencəyini düymələyərək çıxışa başlayıb.

Məhkəmənin gedişində ilk olaraq prokuror ittiham aktını elan edib.

İttihama görə, ötən il, 23 avqustda Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən 13 saylı cəzaçəkmə müəssisəsində yoxlama aparılıb. Bu zaman Əli İnsanova məxsus yorğanın olduğu çantadan şüşə qabda dərmanlar, soyuducudan da bir torba dərman tapılıb. Məlum olub ki, o əşyaların olduğu yer Əli İnsanova məxsusdur. Həmin yerin açarı olub. Əli İnsanov orada şəxsi əşyalarını saxlayırmış. Ekspertiza zamanı məlum olub ki, dərmanların tərkibində narkotik maddə və psixotrop maddələr var. Axtatış zamanı 142 ədəd şüşə bankadan, 60 ədəd də soyuducudan dərman tapılıb, protokollaşdırılıb.

İttihamda qeyd edilir ki, Ədliyyə Nazirliyinin əməkdaşları protokol tərtib edərkən Əli İnsanovu çağırıblar. Əli İnsanov əvvəlcə protokolu cırıb, daha sonra ədliyyə işçisi Anar Məmmədovun yaxasından tutub və itələyib. A.Məmmədov başı qapıya dəyib. Yıxılıb, huşunu itirib, baş-beyin silkələnməsinə səbəb olan xəsarət alıb.

Hakim sabiq səhiyyə naziri Ə.İnsanovdan özünü təqsirli bilib-bilmədiyini soruşub.

Əli İnsanov ittihama münasibət bildirərkən belə deyib:Mən bütün böhtanları eşitdim, nədə ittiham olunduğumu bliirəm. Qondarma ittihamdır. Mən qətiyyən özümü bu ittihamlar üzrə təqsirli bilmirəm”.

Bundan sonra Əli İnsanov sərbəst ifafə vermək təklif edilib.

Geniş çıxışı zamanı İnsanov bunları deyib: "Təbii ki, məhkəmənin gedişindən narazıyam. Mənə qarşı irəli sürülən bütün ittihamları rədd edirəm. Hamısı yalan və quramadır. Necə də təəssüf edirəm ki, hər yerdə olduğu kimi, burada da dövlətin qanunları tapdalanır. Biz ötən iclasda üç vəsatət verdik, vəkillərimin ağzından söz çıxmamış vəsatətlər rədd edildi. Heç bir əsaslandırma olmadan. Axı siz vəsatətlərin hansı əsasla rədd edildiyini mənə izah etməli idiniz, qanunla əsaslandırmalıydınız. Ancaq bir kəlmə “vəsatət rədd olunur” deməklə kifayətləndiniz.

Keçən iclasda verdiyimiz üç vəsatətdən ən əsası mənim ev dustaqlığına buraxılmağım haqda idi. Bu da digərləri kimi təmin olunmadı. Prezidentin də sərəncamı var ki, bu maddələrlə ittiham olunanda alternativ qətimkan tədbirləri seçmək olar. Amma siz prezidentin sərəncamına da əməl etmədiniz. Mənim üçün 15 gün evdə qalıb yenə həbsxanaya qayıtmaq elə böyük bir şey deyil. Sadəcə, qanunların bu şəkildə tapdalanmasına təəssüflənirəm.

Bunu hamı bilsin ki, mən dövlətin və dövlətçiliyin müxalifi deyiləm. Mən bügünkü hakimiyyətin müxalifiyəm. Məhkəmədən də xahiş edirəm ki, bunları qarışdırmayın. Dövlətin qanunları tapdalanır, mən buna etiraz edirəm. Buna görə mübarizə aparıram".

Əli İnsanov çıxışında ailəsinə qarşı edilən təzyiqlərdən də danışıb: "Mənə olan münasibət bəllidir. Mən hər şeyi yaxşı görürəm, yaxşı başa düşürəm. Mənim ailə üzvlərimin ölkədən çıxışına qadağa qoyulub, işlə təmin olunmasına imkan verilmir. Mənim müəllifi olduğum kitabların ölkəyə gətirilməsinə icazə verilmir, gətirilən kitablar gömrükdə saxlanılıb. Mənim “İnsanovin” dərmanının satışından əldə etdiyim gəlirlərə, qonorara həbs qoyulub. Məhkəmə dərmana görə köçürülmüş 1 milyon yarım qonorarın olduğu hesaba qanunsuz olaraq, həbs qoyub. Mənim o qədər qonorarım olduğu halda, indi cibimdə pulum yoxdur. Mənə olan münasibət Hitlerin ölüm düşərgəsindəki əsirlərə olan münasibətidir".

Hakim və prokuror bir neçə dəfə Əli İnsanova xəbərdarlıq edərək işin mahiyyəti üzrə danışçasını tələb ediblər. Ə.İnsanov isə kimlərinsə onun çıxışından narahat olduqlarını deyərək etiraz edib və sözünü davam etdirib.

Daha sonra Ə.İndanov cəzaçəkmə müəssisəsində baş verən hadisə haqda danışıb: "Bunu kim və necə izah eləyə bilər, necə oldu ki, mən 70 yaşımda narkoman oldum? Bununla siz nə demək istəyirsiz? Ölkəni narkomanlar idarə edir? Əgər belədirsə, o zaman bir qərar çıxarın, yoxlayın, bəlkə məndən başqa da 5-6 nəfər narkoman var?

Ağır şəraitdə saxlanıldığım haqda geniş danışmaq istəmirəm. Bu, bəllidir. Necə oldu ki, mən müəssisəyə narkotik gətirtdim, keçirtdim və bundan da heç kimin xəbəri olmadı? Bütün bunların hamısı düşünülmüş fantaziyadır. Necə oldu ki, mənim qaldığım yerdən yox, mənim yatağımdan yox, başqa yerdən mənim olduğu deyilən dərmanlar çıxdı? Mənim dərmanlarım orada nə gəzirdi? Bunun izahatı verilməlidir? Olmazdımı ki, o dərmanlar aşkarlananda, protokol tərtib ediləndə mən də orada olaydım? Ədliyyə Nazirliyinin Baş İdarəsindən gələn iki mayor müəssisədən narkotik tapır. Amma həmin müəssisənin əməliyyatçısını, mayorunu işdən çıxarmırlar, cəzalandırmırlar, əksinə, ona rəis vəzifəsi verirlər. Həmin müəssisədə hər gün “şmon” olur, necə ola bilər ki, mən narkotik saxlamışam, indiyə qədər bunu tapa bilməyiblər.

Bu zərərçəkmiş Anar Məmmədov mənim dostum olmuş Gülməmməd Məmmədovun (Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəis müavini. Həbsdə olub və bir müddət əvvəl dünyasını dəyişib - İ.M) oğludur. Onunla çox yaxın münasibətlərim olub. Rəhmətliklə qardaş kimi idik. İndi gözlərimə inana bilmirəm. Mən Anarı qınamıram. Şüurlu şəkildə bu işə gedib, özü bilər, nə edir, etsin. Yəqin, ona da vəzifə verəcəklər".

Prokuror Əli İnsanovun çıxışına müdaxilə edərək mahiyyəti üzrə danışmasını istəyib.

Əli İnsanov isə "mən bu dövlətin qurucularından biriyəm, siz kimsiniz ki, mənə çıxış etməyə icazə vermirsinz"deyə prokurora etiraz edib.

Prokuror isə "bu dövləti bizim babalarımız, böyüklərimiz qurub" deyə İnsanova cavab verib.

Əli İnsanov: "Mən dövlətçiliyə xidmətdən danışsam, siz mənim dediklərimin yanında cılız qalarsız. Mən Heydər Əliyevə kömək elədiyimə görə heç vaxt peşman olmamışam. O, xalqa, mən də ona lazım idim. Ümumiyyətlə etdiklərimin heç birinə görə peşman deyiləm".

Əli İnsanov daha sonra yenidən mövzuya qayıdaraq ədliyyə işçisinə xəsarət yetirməsi haqda deyilənlərdən danışıb: "Mən atletəm ki, o boyda məsafədən tullanıb, Anarın əlindən protokolu alıb cırım, sonra da ona yumruq atım? Axı mən protokolu niyə cırım? Mən bilmirəm ki, onu cırsam, yenisini tərtib edəcəklər? Guya o qədər adamın işində hamının əlindən çıxıb Anar Məmmədovu itələmişəm. Anar Məmmədov canlı-cüssəli adamdır, iki-üç dəfə məndən böyükdür. Mən Brus Li, Cek Çan, Məhəmməd Əliyəm ki, onu həm yıxım, həm protokolu cırım, mənim zərbəmdən qapıya dəyib yıxılsın?".

Məhkəmənin davamında zərərçəkmiş kimi tanınan Anar Məmmədov ifadə verib.

O, deyib: "Axtarış-baxış əməliyyatları bizdə rüblük keçirilir. Biz yataqxanalara baxış keçirdik. Sonra 10-15 metr məsafədə bağlı, boş bir otaq vardı, ora baxış keçirmək istədik. Müəssisənin əməkdaşlarından soruşduq ki, qapı niyə bağlıdır?

Məhkumlardan biri dedi ki, bura Anarındır. Biz müəssisə əməkdaşlarına tapşırdıq ki, Anar Təhməzovu çağırsınlar. Gəldi, dedi ki, orada həm onun, həm də Əli İnsanovun əşyaları var. Axtarışa başladıq. Dörd çanta var idi. Orada Anar dedi ki, ikisi onun, ikisi isə Əli İnsanovundur. Çantaların birinin içində yorğan vardı, onun arasından şüşə qab çıxdı, içində dərmanlar vardı. Bunları protokollaşdırdıq. Əli İnsanovu çağırmaq istədik, dedilər, vəkili ilə görüşdədi. Sonra Əli İnsanov rəisin otağının yanındakı boş otağa gətirildi. Bildirdi ki, əşyalar onundu, amma şüşə qabdakı dərmanlar ona məxsus deyil. Protokolu tərtib edəndə Əli İnsanov protokolu cırdı, məni itələdi, poqonuma əl atdı, cırdı. İtələyəndə başım taxta qapının tininə dəydi, huşumu itirib, yerə yıxıldım. 30-35 gün xəstəxanada müalicə aldım".

Prokuror və vəkillər zərərçəkmişə suallar verib.

Əli İnsanov da zərərçəkmiş şəxsə suallar verib:

Ə.İnsanov: Necə oldu mən səni vuranda heç kim müdaxilə etmədi?

A.Məmmədov: Anidən oldu.

Əli İnsanov sual verərkən çıxışına bunları əlavə edib: "Guya mən bunu vurdum. Ondan sonra rəis mənimlə bağlı göstəriş verdi ki, əlimə qandal vurub, karsa aparsınlar. Bu zaman Anar qarşımda dimdik dayanmışdı. Yadınızda saxlayın ki, Əli İnsanov nə sınandı, nə də kiməsə baş əyəndi. Bilin, agah olun. Səlahiyyətli bir nəfər mənə bir ismarıc göndərmişdi. İsmarıcda deyilir ki, ehtiyatlı ol, sənə qarşı sui-qəsd olacaq. İsmarıcı göndərən adama çatdırdım ki, narahat olmasın, Əli İnsanov yaşamaq üçün yox, mübarizə aparmaq üçün yaşayır".

Prosesdə Ə.İnsanovun vəkilləri Anar Məmmədova sual verdilər ki, cəzaçəkmə müəssisəsində məhkumun özü üçün açarlı otaq saxlamağa ixtiyarı varmı?

Anar Məmmədov belə cavab verdi: Bunu müəssisənin rəhbərliyindən soruşmaq lazımdır.

Vəkil: Siz necə qərara gəldiniz ki, hal şahidi lazımdır?

Anar Məmmədov: Bağlı otağa girdiyimizə görə şübhələr yarandı, ona görə elə hal şahidlərinin iştirakı ilə baxış keçirdik.

Əli İnsanov sual-cavaba müdaxilə edib: “Mənim olduğu iddia olunan şüşə qabda əl izimin olub-olmadığını müəyyənləşdirmək üçün niyə ekspertiza keçirilmədi? Niyə məndən qan analizi götürülmədi ki, mən o maddələrin istifadəçisiyəm, yoxsa yox? Anar Məmmədov, sənə deyim, bir də belə hal olsa, biləsən. Sənin huşun gedibsə, əksinə təzyiq düşməlidir.

Cənab hakim, bu işin necə qurulduğunu görürsünüzmü, buna necə münasibət bildirəcəksiniz?

Bu adam deyir ki, guya mənə deyəndə ki, özünü təqdim elə deyəndə, cavab vermişəm ki, neçə illər nazir olmuşam, məni hamı tanıyır. Mən heç nazir olanda da özümə “cənab nazir”, yaxud “akademik İnsanov” deyilməsinə imkan verməmişəm".

Əli İnsanov zərərçəkmiş Anar Məmmədova daha bir sual ünvanlayıb: "Siz müəssisəyə gələndə niyə sual vermədiniz ki, dövlət çevrilişinə cəhd edən adama ayrıca otaq hansı səbəbdən ayrılıb? Müəssisədən narkotik tapmısız, təqdimat yazmısınızmı ki, bu maddə necə keçib?”

Anar Məmmədov birinci suala cavab verməyib. İkinci suala isə belə cavab verib: “İstintaq gedir, nəticəsi məlum olacaq”

Növbəti şahid qismində isə Anar Təhməzov da dindirilib. A.Təhməzov Əli İnsanovun əşyalarını saxladığı deyilən otağa nəzarət edirmiş.

O ifadəsində bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay həbs cəzası alıb: “Əli İnsanovla müəssisədə tanış olmuşam. Mənə təklif elədi ki, onun işlərini görüm, çayını qızdırım, dərmanlarını gətirim və s. Ayda da mənə 30 manat təklif etdi. İmkanım olmadığına görə razılaşdım”.

Şahid Təhməzov zərərçəkmiş Anar Məmmədovla eyni məzmunlu ifadə verib.

Daha sonra isə bildirib ki, cəzasının başa çatmasına 1 il 7 ay qalmış Novruz bayramında əfv olunaraq, azadlığa buraxılıb.

Əli İnsanov Anar Təhməzova sual verib: “Səni təbrik edirəm, azadlığa çıxmısan. Narahat olma, kef elə. Bir yerdə o qədər çörək yemişik ki... Hamısı halal xoşun olsun. Anar Təhməzov, o şüşə qabı ora kim qoymuşdu? Bəlkə elə səni həbsdən buraxmaq şərti ilə özünə qoydurublar ora?”

Anar Təhməzov: “Mən qoymamışam. Bilmirəm”.

Daha sonra şahid Rövşən Salahov ifadə verib. Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan E.Salahov bildirib ki, 2011-ci ildən həmin cəzaçəkmə müəssisəsindədir. O da Anar Təhməzova bənzər ifadə verib.

Əli İnsanov bildirib ki, onun üzünə dayanan, əleyhinə ifadə verənlərin hamısı hansısa şəkildə mükafatlandırılıb – ya həbsdən buraxılıb, ya da vəzifə verilib.

Növbəti şahid həbsdə olan Əliyev Şünas olub. O, da Rövşən Salahov kimi hal şahidi olub. Onunla eyni məzmunlu ifadə verib. Ardınca Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsində rejim rəisi Füzuli İsmayılov ifadə verdi. O, Anar Məmmədovla tamamilə eyni cür ifadə verdi.

Prosesdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Azər Hacıyev də ifadə verdi.

Digər şahidlərin dediklərindən əlavə olaraq A.Hacıyev ifafəsində bunları bildirib: "Axtarış aparılanda Əli İnsanov mənim otağımda idi. Bir gün əvvəl siqaretə görə məhkum Vüqar Babayevlə aralarında mübahisə olmuşdu, onu aydınlaşdırmaq üçün çağırmışdım. Müəssisə rəisi onu da əlavə edib ki, Anar Məmmədova xəsarət yetirəndən sonra Əli İnsanova 7 gün kars cəzası verilib.

Əli İnsanov isə müəssisə rəisinə sual vermək istəməyib: “Mən Azər Hacıyevə heç bir sual vermək istəmirəm. Çünki mənə qarşı qurulan bu oyunun əsas iştirakçılarından biri o idi”.

13 saylı cəzaçəkmə müəssisənin nəzarətçisi Ramal Hüseynəliyev də ifadə verdi. O, digərləri kimi eyni məzmunlu ifadə verib.

Növbəti şahif məhkum Zöhrab Nəbiyev olub. O, hazırda 17 saylı müəssisədə cəza çəkir.

O ifadəsində deyib: "Əvvəllər Əli İnsanovun işlərini mən görürdüm. Mən də onda elə dərmanlar görmüşdüm, soruşdum bu nədir, dedi ki, sənlik deyil".

Növbəti məhkəmə prosesi aprelin 19-da davam edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı(musavat.com).

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar