Bu şirkətlər özəlləşməyə açıldı – SİYAHI

ozellesdirme_emlak-640x390Azərbaycandakı 5 iri neft və maşınqayırma zavodları özəlləşməyə açılıb. Əmlak Məsələləri Dövlət Komitəsi onları hərracda satacaq.

Fins.az xəbər verir ki, siyahıda ilk “Bakı Fəhləsi Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətidir. Zavod Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, 10-da yerləşir, İndiyədək burada 75 nəfər işçi var.

Müəssisənin ümumi torpaq sahəsi 15,2 ha, tikilialtı sahəsi isə  84 818,4 kv. metrdir. Zavod yerləşdiyi torpaq sahəsi ilə birgə özəlləşdiriləcək.

Müəssisə əsasən, neft-qaz və neft-kimya sənayesi üçün avadanlıq, alət və ehtiyat hissələrinin istehsalı üzrə ixtisaslaşıb. Onların sırasında neft-mədən  avadanlıqları, mancanaq dəzgahları, qaldırıcı kranlar, qazma aqreqatları və s. adını qeyd etmək olar.

“Bakı fəhləsi” maşınqayırma zavodu 1900-cu ildə yaradılıb, sonradan Keşlə maşınqayırma zavodu ilə birləşdirilib. Mancanaq və Azinmaş 80 qaldırıcı qurğuları Qazaxıstana ixrac edilir.

Zavodun  əsas istehsal sahəsi mexaniki yığma sexi, alət sexi, dülgər sexi, nasosxana binası və anbar binasıdır. Zavodun beynəlxalq dərəcəli İSO sertifikatı vardır.

Özəlləşməyə açılan digər müəssisə “Bakı Neft Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətidir.  Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, 1-də yerləşən zavodda 109 nəfər işçi var.

Müəssisənin ümumi torpaq sahəsi  20,6 ha, tikilialtı sahəsi  79 000,6 kv. metrdir.  “Bakı Neft Maşınqayırma Zavodu” TASC 2010-cu ildə “Səttərxan adına maşınqayırma zavodu” TASC və “Bakı neft mədən maşınqayırma zavodu” TASC-nin birləşməsi nəticəsində yaranıb. Zavod quyuların qazılması və əsaslı təmiri üçün neft-mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşıb. İstehsal etdiyi məhsullar fontan armaturları, qazma rotorları və siyirtmələrdən ibarətdir. Müəssisənin istehsal etdiyi fontan armaturları və kəmər başlıqları Ukrayna və Rusiya Federasiyasına ixrac edilir.

Zavodda 5 böyük sex və 1 laboratoriya fəaliyyət göstərir. Bu sexlərin dəzgah bazası daim yenilənir və məhsullar ən son texnologiyalar əsasında hazırlanır. Poladəritmə, Kəsmə, Mexaniki-Termiki emal, Dəmirçi və Məhsul yığma sexlərində işlərə nəzarət edilir. Hazırlanan avadanlıqların hissələri ayrı-ayrı halda tökmə üsulu ilə hazırlanır. Bu da hazırlanan məhsulun yüksək keyfiyyətindən və dözümlülüyündən xəbər verir. Burada istehsal olunan avadanlıqlar 1500-1700 atmosfer təzyiqinə davam gətirə bilir.

“Bakı Neftqazmədən Avadanlıqları Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti də özəlləşdirilir. Bakı şəhəri, Xəzər rayonu, Bülbülə qəsəbəsindəki zavodda  21 nəfər çalışır.

Müəssisənin ümumi torpaq sahəsi 1,5 ha, tikilialtı sahəsi isə 7 616,7 kv.metrdir.

Qeyd edək ki, Bakı neftqazmədən avadanlıqları zavodu 1967-ci ildən fəaliyyət göstərir. Zavod neft avadanlıqlarının istehsalı, təmiri və servisi üzrə ixtisaslaşıb. İstehsal etdiyi məhsullar isə neft məhsullarının daşınması üçün avtoçənlər, borudaşıyan xüsusi qoşqular və nasos avadanlıqlarından ibarətdir.

Müəssisənin əsas istehsal sahəsi mexaniki sex, yığma sexi, tikinti sexi, metal anbarı, birləşmiş nasos məntəqəsi, iki su anbarından ibarətdir.

“Zabrat Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti də özəlləşməyə açılıb. Bakı şəhəri, Zabrat-1 qəsəbəsi, Oktyabr küçəsi, 37-də yerləşən zavodda  92  nəfər işçi var.

Zabrat maşınqayırma zavodu 1921-ci ildən fəaliyyət göstərir. Zavod qazma buruqları, buruqları qaldırmaq üçün mexanikləşdirilmiş ‎qaldırıcılar, yanacaq və yağ tutumu qurğularının istehsalı üzrə ixtisaslaşmışdır. Hal-hazırda özüllər, metal konstruksiyaların istehsalı ilə fəaliyyət göstərir. Zavod qüllə özüllərini Rusiya Federasiyasına ixrac edir.

Müəssisənin əsas istehsal sahəsi  218 adda daşınmaz əmlakdan ibarətdir.  Zavod APİ və İSO beynəlxalq sertifikatlara malikdir.

Özəlləşdiriləcək zavodlardan biri də “Azəralüminium” Açıq Səhmdar Cəmiyyətidir.

Sumqayıt şəhəri, Metallurqlar küçəsi 1-də yerləşən zavodda 1 187 nəfər çalışır. Müəssisənin ümumi torpaq sahəsi  530.63 ha, tikilialtı sahəsi  461 227,2 kv. metrdir.

Zavodun əsas fəaliyyət növlərinə gil-torpaq və alüminium istehsalı üçün zəruri olan filiz və xammalın hasilatı, emalı, ilkin alüminium və alüminium istehsalı, satışı və daşınması və digər məhsulların istehsalı aiddir. Sumqayıt alüminium zavodu keçmiş Azərbaycan SSR əlvan metallurgiya sənayesinin ilk və ən böyük müəssisəsi olmuşdur. Tikintisinə 1949-cu ildə başlanmış, 1955-ci il martın 8-də ilk əlvan metal külçə - ilkin alüminium alınıb.

Müəssisənin əsas istehsal sahəsi: Müəssisənin Sumqayıt şəhərində əsas “Alüminium” istehsalat sahəsi, Daşkəsən şəhərində Zəylik Alunit Mədən istehsalat sahəsi və Gəncə şəhərində Gil-Torpaq istehsalat sahələri vardır. Gəncə Gil-Torpaq İS 420 000 ton istehsal gücünə, Sumqayıt “Alüminium” İS isə 60 000 ton külçə istehsal gücünə malikdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar