KİÇİK BİR MİTİNQİN ƏKS-SƏDASI

Arif ƏLİYEV

Heç fərqinə varmamışdım ki, mitinq – kütləvi etirazın, yaxud dəstəyin ifadə forması kimi deyil, fərdi qisas aləti kimi də maraqlı tədbir imiş.

Müxalifət «Talana yox» şüarı altında mitinq keçirdi. Bu gün üç nəfəri – bir iqtidar adamını, bir onun fəal əleyhdarını, bir də yumurtanın qiymətindən başqa heç nə ilə maraqlanmayan Fatma xalanı yan-yana qoyub soruşsan ki, «Talana «yox» deyəkmi?», üçü də cavab verəcək ki, niyə demirik, deyək!

Elə isə, məntiqlə, həmin mitinqdə iqtidar adamları da olmalı idilər, Fatma xala da. (Nə olsun ki, müxalifət təşkilatçı kimi qabağa düşmüşdü?) Evdə qalan Fatma xalanı başa düşürəm: tədbir ərəfəsində toyuqlar ikiqat ucuz yumurtalamağa başladı. Bir az dərininə getsən, məmurları da anlamaq olar. «Talana yox» — şüardır. Onu cümləyə çevirib uzadanda dalı pis gəlir, zəhrimarın.

Amma mitinq haqqında sonradan yazılanları görəndə başqa bir şeyə diqqət yetirdim (zatən, diqqət yetirməmək mümkün deyil, Feysbuk özü adamın gözünə soxur): talanda birbaşa iştirak edənlər etiraza ciddi əhəmiyyət vermədilər, çoxu heç dinmədi. Tədbirin təşkilatçılarını adamların mitinqə az gəlməsindən tutmuş, «hökumətin sifarişini yerinə yetirməyə» qədər müxtəlif günahlar işlətməkdə ittiham edənlər, onları kəskin tənqid atəşinə tutanlar məhz mövqeyini və düşərgəsini dəyişmiş keçmiş müxalifətçilər özləri oldular.

İnsan fərqli səbəblərdən: çətinliklərdən bezdiyinə, incidiyinə, lap elə ağıllandığına görə mövqeyini, hətta düşərgəsini dəyişə bilər. Ağıllanmaq – ümumiyyətlə, az rast gəlinən və qəliz məsələdir. Əksər hallarda belə dəyişikliklər şəxsi maraqların, maddi ehtiyacların təsiri altında baş verir. «Soyulan» düşərgədən qopub «talançı» sahilə yan alan siyasətçinin canı rahatlanır, amma vicdanı ovunmaq istəmir. Nə qədər ki, dözüm gətirənlər var, göz önündən çəkilmirlər, bu vicdan kölgə kimi qarabaqara onları izləyir, əsəbiləşdirir, natamamlıq kompleksini gücləndirir. İslahat cəhdlərini uğurlu-uğursuz davam etdirənlərə ürəyində quruca bir «sağ ol» deməyə də qoymur, söyüş-qarğış yağdırmağa məcbur edir.

Kənardan bu, çox eybəcər görünür. İqtidarda istehza, müxalifətdə qəzəb, heç bir düşərgəyə aid olmayanlarda ikrah doğurur.

Elə bilməyin ki, siyasi hakimiyyətin «konstitusion mənbəyi» – xalq heç nə başa düşmür. Son həftə toy-yas məclislərində oxşar söhbətləri, sualları o qədər eşitdim ki, axırda bu fenomen barədə düşündüyümü yazmaq qərarına gəldim.

***

Məclisdə eyni masada oturduğumuz təcrübəli təhsil işçisi, keçmiş «müsavatçı», bayaqdan danışan mollanın susmasından istifadə edib, müqəddiməsiz-filansız sözə başlayır:

— Düz eləmirlər də! Düz eləmirlər. Yarıya qədər doldura bildikləri o stadionda xeyli tələbə, hətta məktəblilər var idi. Təhsili siyasətə qoşmaq olmaz. Xüsusilə məktəbi. Uşaq belə şeyləri nə qanır?!

Kimsə «Təhsildə məgər talançılıq etmirlər, uşaqlar özləri məktəbdə görmürlər?» deyir və yüngül mübahisə yaranır. Mənsə Nəcəf Nəcəfovla Qulu Məhərrəmlini 1990-cı illərdə necə tanış etdiyimi xatırlayıram…

Bu tanışlıq münasibətilə üçlükdə restorana getdik. Yadımda deyil, qonaqlığı kim verirdi: Nəcəf, ya Qulu. Bəlkə elə özüm. Arada təhsildən söz düşdü. Nəcəf Nəcəfov bir fikir dedi ki, onu Qulu Məhərrəmli indi də tez-tez yada salır.

— Bizim məktəblərdə uşaqları aşağı siniflərdən ictimai fəallığa öyrətmək lazımdır. Kolxoz həyatına yox. Qızımın hesab kitabına baxıram. Məsələ qoyur ki, fermada 10 inək var idi, hərəsi bir bala verdi, fermada neçə inək oldu? Sual başqa cür qoyulmalıdır: sinifdə iki təklif səsverməyə çıxarılmışdı, şagirdlərdən 8-i birinci təklifə, 12-si ikinci təklifə səs verdi; sinifdə neçə şagird var idi? Qoy, uşaqlarımız indidən inək saymağa deyil, demokratiyaya alışsınlar, başa düşsünlər ki, toplumda fərqli fikirlər ola bilər və bu, normaldır, həyatda həmişə seçim etmək lazım gələcək.

(Ayna.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar