Azərbaycan 1 milyardlıq 10 təyyarə alır - Müqavilə imzalandı

Azərbaycanın "Silk Vey Eyrlayns" aviaşirkəti və ABŞ-ın “Boinq" aerokosmik korporasiyası 10 ədəd "Boeing-737 MAX" markalı sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb."Silk Vey Eyrlayns" dan Report-a verilən məlumata görə, müqavilə bu gün Bakıda şirkətin daxil olduğu "Silk Vey Holdinq"in prezidenti Zaur Axundov və "Boinq"in baş vitse-prezidenti Marti Bentrott tərəfindən imzalanıb. İmzalama mərasmində Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta iştirak edib.

Müqavilənin ümumi dəyəri təxminən 1 mlrd. ABŞ dolları təşkil edir.

ABŞ-ın İxrac-idxal bankı ("Ex-Imbank") ilə ilkin müzakirələr əsasında Azərbaycanın mülki aviasiyası tarixində ilk dəfə olaraq hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.

Azərbaycana müasir Boinq-737 MAX" hava gəmilərinin gətirilməsinə dair razılaşma ötən ilin yayında Böyük Britaniyada "Farnborough Airshow - 2016" Beynəlxalq aerokosmik salonu çərçivəsində əldə edilib. İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilin sonuna kimi, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.

"Silk Vey Holding"in prezidenti Zaur Axundov jurnalistlərə bildirib ki, bu müqavilənin imzalanması ilə Azərbaycanın mülki aviasiyası öz inkişafının yeni mərhələsinə qədəm qoyur. "Silk Vey Eyrlayns" "Boinq" istehsalı olan 10 yeni və müasir təyyarə alacaq. Biz bu təyyarələri əməliyyat və maliyyə lizinqi əsasında digər aviaşirkətlərə verməyi planlaşdırırıq. Bu layihə çox yaxşı perspektivə malikdir", - Zaur Axundov qeyd edib.

Səfir R.Sekutanın sözlərinə görə, imzalanmış sənəd ABŞ və Azərbaycan arasında çox sıx münasibətlərin göstəricisidir. "Boeing korporasiyası tərəfindən istehsal olunan təyyarələr öz etibarlılığı ilə fərqlənir. Bu təyyarələr ilə həm sərnişin daşımaları, həm də yük daşımaları təhlükəsiz şəkildə həyata keçirilir. Biz Azərbaycan şirkəti ilə bu sənədin imzalanmasında çox maraqlıyıq və əldə olunan razılaşmadan çox məmnunuq", deyə səfir bildirib. O, həmçinin ölkəsinin Azərbaycanda yaradılan aşağı büdcəli "Buta Eyrveys" şirkəti ilə əməkdaşlığa hazır olduğunu deyib.

"Boinq" şirkətinin baş vitse-prezidenti Marti Bentrottun sözlərinə görə, Azərbaycanın aldığı müasir təyyarələr 189 sərnişin üçün nəzərdə tutulub. Bu təyyarələr çox səmərəli və etibarlıdır. "İmzalanan müqaviləni ABŞ və Azərbaycan arasında çox mühüm ticarət müqaviləsi hesab edirik",- o, bildirib.

"737 MAX" təyyarələrinin modernləşdirilmiş seriyası CFM International istehsalı yeni LEAP-1B mühərrikləri ilə təchiz olunub ki, bu da ən yanacaq-səmərəli müasir təyyarələr ilə müqayisədə yanacaq sərfini 13% azaltmağa imkan verir. Konstruksiyanın son təkmilləşdirməsi, o cümlədən yeni "Advanced Technology" vinqletin quraşdırılması müqaviməti azaldır ki, bu da 737 MAX təyyarəsinin xüsusilə uzaq məsafələrə uçuşları zamanı İstismar xarakteristikalarının daha da yaxşılaşmasına kömək edir. Hazırda, təyyarələr Sietldə (Vaşinqton ştatı, ABŞ) test sınaqlarından keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar