ƏLİ BAYRAMOV BAKIYA QAYITDI, CİNAYƏT İŞİ AÇILDI - "Aqrolizinq"də həbslər başlayır

Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən cəmiyyətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2011-2013-cü illərdə satınalmalar üzrə müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Satınalmalar üzrə Dövlət Agentliyindən müvafiq razılıq almadan dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə etmələrində, həmçinin büdcə öhdəliklərinin icra edilməməsinə, iş həcmlərinin artırılmasına, borcların uçotdan yayındırılmasına və digər maliyyə pozuntularına yol vermələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Xatırladaq ki, Hesablama Palatasının 2014-cü il may ayının 25-də keçirilən Kollegiya iclasında “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit tədbirlərinin nəticələri üzrə hesabatlar və rəylər geniş müzakirə olunub.

Rəsmi məlumata görə, materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Milli Məclisə təqdim edilməsi qərara alınıb. “Aqrolizinq” ASC-də dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntuları aşkarlanıb.

"Aqrolizinq" ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.

Hesablama Palatası bir qayda olaraq yoxlamalarının nəticələrini açıqlamır. Bəzən ümumi nəticələri elan edir, konkret fakt və rəqəmlər gətirmir.

Anqcaq medianın özəl mənbələr vasitəsilə əldə etdiyi məlumatlara görə, Hesablama Palatasının auditi

zamanı «Aqrolizinq» ASC filiallarında külli miqdarda vəsait mənimsənildiyi, ciddi qanun pozuntuları aşkar olunub. Hətta bununla bağlı ASC-nin Şəki filialının rəhbərliyinə cinayət işinin açılması üçün toplanan materiallar dərhal Respublika Baş Prokurorluğuna göndərilib.

Düzdür bu haqda geniş məlumat verilməyib, rəqəmlər açıqlanmayıb. Yalnız o bildirilib ki, gübrə yeyintisindən 13 min manat büdcəyə bərpa edilə bilib. Yoxlamalar zamanı məlum olub ki, təkcə 2013-cü ildə dövlət vəsaiti hesabına alınan superfosfat gübrəsinin 70 faizi, 2 min ton azot gübrəsinin 1486 tonu mənimsənilib. Həmin gübrələr 115 fermerin adına yazılaraq silinib. Guya həmin fermerlər gübrənin pulunu ödəməkdə çətinlik çəkib və bununla borc adına qeydiyyata salınıb. Əvvəlki illərdə də qalan borcu böyük həcmdə debitor borc yaradıb.

Kənd təsərrüfatı texnikası üzrə filialın kredit borc yaranıb və illər üzrə artığı müəyyən edilib. Bəzi vəzifəli şəxslərə 1 illik lizinq yolu ilə verilən 17 ədəd texnikalar sonradan fililalın balansına qaytarılmayıb, hətta buna görə servis haqqı belə alınmayıb.

ASC-nin Horadiz Aqroservis Filialında da eyni tipli qanun pozuntuları müəyyən edilib. Gübrə satışından və kənd təsərrüfatı texnikalarının icarəsindən toplanan vəsait büdcədən gizlədilib. Filial tərəfindən büdcəyə dəyən zərər 110 min manatdan çox olub.

Qeyd edək ki, “Aqrolizinq” ASC-dəki korrupsiya barədə şikayətlər həmişə olub. Hətta bu barədə təkcə mətbuat yazmırdı və bu strukturdakı korrupsiyadan əziyyət çəkən kəndlilər şikayət etmirdi. Hələ 4 il əvvəl – 2010-cu ildə Prezident Administrasiyası nəzdindəki Dövlət Nəzarəti Şöbəsi (prezidentin verdiyi fərman və sərəncamların dövlət strukturlarında icra vəziyyətini yoxlayan şöbə) “Aqrolizinq” ASC-nin fəaliyyətini araşdıraraq ciddi korrupsiya faktları üzə çıxarmışdı.

Dövlət Nəzarət şöbəsinin həmin hesabatından sitat: “Məhsuldarlığın artırılması üçün texnika və aqrokimyəvi maddələrin alınmasına dövlətin milyon manatlarla pulu xərclənib. Amma nəticə nədir? 2004-cü ilə baxanda 2009-cu ildə taxıl üzrə məhsuldarlıq cəmi 0,1 sentner artıb. Hətta 2008-ci illə müqayisədə 2009-cu ildə bu sahədə məhsuldarlıq 4,7 faiz azalıb.

Alınmış texnikanın yalnız 38,9 faizi lizinqə verilib. 46,5 faizi istifadə üçün aqroservislərə paylanıb. 13,6 faizi (1293) bazalarda istifadəsiz qalıb”.

Şöbənin araşdırması müəyyən edib ki, cəmiyyət alınmış texnikanı lizinqə vermək əvəzinə “Aqroservis” (“Aqrolizinq”in rayonlarda yaratdığı strukturlar -red.) müdirlərinə, onlar da cəmiyyətin yaratdığı mexanikləşdirilmiş dəstələrin rəhbərlərinin istifadəsinə vermiş, həmin şəxslər texnikanı öz təsərrüfatlarında istifadə edib, istifadə haqqının bir hissəsini ödəməyiblər.

Nəzarət şöbəsi yazırdı: “2008-ci il avqustun 26-da “Xəzər Sənaye Quraşdırma” müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən kombaynların təmirinə 52 274 manat pul köçürülüb. Sənədlərdən belə məlum olur ki, həmin müəssisə 33 rayonda 250 kombaynı cəmi üç günə təmir edib. Bu hal və təmirə dair aktların telefon məlumatları əsasında ASC-də tərtib edilməsi onların doğruluğuna şübhələr yaradır”.

Həmin hesabata əsasən “Aqrolizinq” 2005-2009-cu illərdə Azərbaycana 100,1 milyon manat dəyərində 8085 ədəd texnika gətirdiyini bildirir. Qanuna əsasən ölkəyə gətirilən mallar gömrükdən keçməlidir. Lakin Gömrük Komitəsi həmin

dövrdə ölkəyə 84,9 milyon manatlıq 6089 ədəd texnika gətirilməsi haqqında rəsmi məlumat verir.

Yəni ASC rəsmi élan etdiyindən 15,2 milyon manatlıq 1996 ədəd az texnika gətirib. “Aqrolizinq” ümumilikdə son 5 ildə ölkəyə 207,6 milyon manatlıq mal gətirdiyini bildirir. Amma Gömrük Komitəsindən həmin dövrdə keçirdiyi malların dəyəri 174,5 milyon manat olub. Beləliklə, ortada 33,1 milyon manat fərq yaranır.

2005-2009-cu illərdə 254,8 min ton gübrə, 294,3 min litr pestisidin alınması haqqında müqavilələrə 72,7 milyon manat xərclənib. Amma faktiki olaraq ölkəyə 5,3 min ton az gübrə gətirilib.

2008-ci ildə alınmış gübrənin böyük hissəsi satılmadığı halda birinci müqavilədən təxminən iki aydan sonra “gübrəyə təcili tələbat yaranması” əsas gətirilib. Bu əsasla da tonu 550 manata (əvvəlki müqavilədən 123 manat baha) 18162 ton gübrə alınması haqqında eyni şirkətlə birbaşa müqavilə bağlanıb, şirkətin hesabına 10 milyon manat köçürülüb.

Beləliklə, dövlətin kəndliyə güzəştlə gübrə verilməsi üçün ayırdığı puldan kəndli deyil, gübrəsatan xarici şirkət qazanc götürüb.

2008-ci ildə 1000 baş cins inək alınmasına dair Böyük Britaniyanin “Rista Alliance” şirkəti ilə 3 milyon manatlıq müqavilə imzalanıb. Amma ölkəyə 770 baş inək gəlib çıxıb.

ASC 2005-2010-cu illərdə 127.7 milyon manat məbləğində 91 tendersiz müqavilə imzayaıb. Satınalmalar üzrə 140 milyon manat məbləğində 66 müqaviləni isə birbaşa texnika, avadanlıq, damazlıq mal-qara, gübrə, toxum istehsalçıları ilə yox, Marşal, Virciniya adaları, Panama, Beliz, Yeni Zelandiya, Dominikan və başqa ölkələrdə qeydiyyatda olan vasitəçi firmalarla bağlayıb. Təkcə Virciniya adalarında qeydiyyatda olan “Aqroinvest Sl” şirkətindən 61,7 milyon manatlıq gübrə alınması üçün 7 müqavilə imzalanıb”.

O vaxt Dövlət Nəzarət Şöbəsinin “Aqrolizinq”də üzə çıxardığı çoxsaylı ciddi korrupsiya faktlarına dair arayışın Prezident Administrasiyasına təqdim olunduğu bildirilsə də bu hesabat əsasında hansı addımların atıldığı məlum olmamışdı. Bu il isə daha bir nəzarət-təftiş orqanı – Hesablama Palatası “Aqrolizinq”də ciddi korrupsiya faktları aşkar edərək Baş Prokurorluğa göndərdi.

Mraqlıdır ki, bu faktların Baş Prokurorluğa göndərilməsindən cəmi bir neçə gün əvvəl Əli Bayramov səhhətində yaranmış problemləri əsas gətirərək Türkiyədə müalicə olunmaq zərurətinin olduğunu bildirir və öz ərizəsi ilə işdən, həm də ölkədən gedir. Məhz buna görə də mətbuatda bu gediş "qaçış" kimi təqdim olundu.

Ancaq Ə. Bayramov bu gün mətbuata açıqlamasında deyib ki, o, hazırda Bakıdadır və heç bir yerə qaçmayıb: “Yazıblar ki, guya, mən ölkədən qaçmışam və sairə. ANS televiziyasından mənə zəng vurublar və deyirlər ki, sən qaçmısan. Mən də dedim ki, ayıbdır belə danışmaq. Əgər mən qaçmışamsa, o zaman necə olur ki, sən mənə zəng edib danışırsan? Məgər qaçan belə qaçır? Qaçan yerini bildirməz, telefonu söndürər, nömrəsini dəyişər və sairə. Mənim yerim də əvvəlcədən hamıya bəlli idi. İstanbulda müalicə aldığım Anadolu klinikasının adını da demişdim. Kim istəsə, gedib internetdən mənim orada müalicə olunmağım barədə məlumatları öyrənə bilər".

Bayramov rəhbərlik etdiyi qurumdakı yeyintilərə görə məsuliyyəti də üzərindən atıb: "Bilirsiniz, sifarişli mirzələr var və mənim haqqımda da yazırlar. Onlar kiminsə sifarişini yerinə yetirir, ağıllarına gələni yazırlar. Qərəzli yazılar yazırlar ki, ay yeyib-dağıtmışıq və sairə. Dövlətin əmlakını yeyib-dağıtmaq olar? Dövlətin əmlakını yeyənin yeri hamıya məlumdur.

Mənim haqqımda yazılanların hamısı uydurmadır. Necə olur ki, mən 4 ildir yeyib-dağıdıram, ancaq yenə də vəzifədə qalıram? Heç dövlətin bir qəpik pulunu mənimsəmək olar? Axı mən kimə nə pislik etmişəm ki, indi arxamca bu cür uydurma yazılar yazırlar?”.

Əlbəttə, Ə. Bayramovun bu fikirlərində nə qədər səmimi olub-olmadığını, ictimaiyyətin ona inanıb-inanmadığını deyə bilmərik. İndi heç bunun o qədər mənası da yoxdur. Artıq “Aqrolizinq” ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır. Ona görə də Əli müəllim indi günahsızlığına müstəntiqləri inandırmalı olacaq. Bu isə elə də asan deyil. Çünki Azərbayanda hansısa qurumda BİRİNÇİ ŞƏXSİN marağından kənarda belə böyük miqyaslı korrupsiyanın baş verməsi mümkünsüz hesab olunur.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar