“Çovdarov tələb etdi ki, 300 min dollar və “Range Rover”imi onlara verim”

akif covdarov mehkemede logosuzSabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Tofiq Rəcəbov digər zərərçəkmiş Elçin Hacıyevin epizodu üzrə ifadə verib. O bildirib ki, MTN əməkdaşları onları Nizami küçəsində saxlayıblar: "Mən Elçinlə Həsən adlı şəxsə brilyant göstərməyə getmişdik. Bizi orada saxlayıb nazirliyə apardılar. Sonradan Elçin dedi ki, MTN əməkdaşlarına pul verib. Lakin mən onun pul verməsini görməmişdim. Bildirdiyinə görə, ondan 80 min manat alıblar. Mən onun pul verməsinə inanmadım və buna görə münasibətimiz pozuldu".

A. Çovdarovun vəkilləri onun istintaq zamanı verdiyi ifadə ilə məhkəmə ifadəsi arasında ziddiyyətlər olduğunu deyiblər. Buna aydınlıq gətirən T. Rəcəbov deyib ki, istintaq zamanı ifadəsini oxumadan imzalayıb. T. Rəcəbov nazirlikdə hər hansı təzyiqə məruz qalmadığını, brilyantı Azərbaycana Arda adlı şəxsin gətirdiyini, özünün vasitəçi olduğunu deyib.

T. Rəcəbov iclasda heç bir tələbinin olmaması barədə ərizə yazıb.

Proses günün ikinci yarısında davam edəcək.

Prosesdə zərərçəkmiş şəxslərdən Qədim Ədilov ifadə verib. O, bildirib ki, MTN əməkdaşlarından Səlim Məmmədova 300 min manat pul verib. Onun istintaq və məhkəmə zamanı ifadələri arasında ziddiyyət olduğu məlum olub. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. O, bildirib ki, Səlim Məmmədovla 2014-cü il sentyabrın 7-də saat 18-19 radələrində görüşüb. S. Məmmədovun vəkili Cavid Rzazadə isə Dövlət Təhlükəsizlik Xidmətindən aldığı sorğunu təqdim edib. Həmin sorğuda S. Məmmədovun qeyd edilən saatda işdə olduğu göstərilib.

Qədim Əbilov istintaqa verdiyi ifadəsində MTN-də Çovdarovun onu döyüb təhqir etdiyini deyib: “3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan otağa daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif sağında, Səlim (MTN-çi) solunda oturmuşdu. Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağladı. Dəyənəyi götürüb baş və boynuma zərbələr endirməyə başladı. Huşumu itirdim. Özümə gələndə gördüm ki, Çovdarov yerində oturub. Məndən tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim “Range Rover” avtomobilini bir həftə ərzində onlara verim. Masanın üstündəki iki “Makarov” tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar”.

Proses aprelin 19-da davam edəcək.

Elçin Həsənov istintaq zamanı ifadəsində bildirib ki, MTN əməkdaşları sərbəst buraxılmaları üçün ondan 14 karatlıq brilyant və 80 min manat pul alıblar.

Xatırladaq ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar