“AİLƏMİZİN BÜTÜN ƏMLAKINI ƏLƏ KEÇİRMƏK İSTƏYİRLƏR” – İş adamının anası Prezidentdən kömək istəyir

Dərc olunub: 19/04/2017 - 10:00

ilham qasimov

“Oğlumu günahsız yerə həbs etdirdikləri azmış kimi, bütün ailəmizin əmlakını ələ keçirmək, bizi dilənçi vəziyyətinə salmaq, hətta bu ölkədə yaşamaq hüququmuzu əlimizdən almaq istəyirlər. Biri vəzifəsinin, rütbəsinin verdiyi imkanlardan, o biri də qaranlıq yollarla qazandığı milyonlardan istifadə edərək, daim dövlətinə və Prezidentinə sadiq olan bir iş adamının ailəsinin illər ərzində əldə etdiyi nə varsa əlindən almaq, müflis etmək istəyir. Belə davam edərsə, bizim ailəlikcə Azərbaycan vətəndaşlığından imtina etməkdən başqa çarəmiz qalmayacaq. Bizi bu addımı atmaq məcburiyyətində qoymağa çalışırlar”.

Bu fikirlər hazırda həbsdə olan xeyriyyəçi iş adamı İlham Qasımovun anası Hacı Gözəl Cəfərovanın Prezident İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı növbəti müraciətdən götürülüb.

Müraciətin tam mətnini dərc etməzdən öncə xatırladaq ki, ötən il noyabrın 30-da 15 il müddətinə azadlıqdan məhrum edilən, bu ilin martında isə Apellyasiya Məhkəməsi tərəfindən həbs müddəti 12 ilə endirilən İlham Qasımovun yaxınları və vəkillləri iş adamının sifarişlə həbsə alındığını bildirirlər. Sifarişçilərin isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat-Analitik İdarəsinin rəisi, general Müqəddəs Sultanov və onun biznes şəriki, qalmaqallı iş adamı, 4 adı və soyadı olan Gülağa Qəmbərov (Tənha) olduğu iddia edilir. Həm birinci məhkəmə prosesinə sədrlik edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi – general Müqəddəs Sultanovun yaxın qohumu Zeynal Ağayevin, həm də Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin işə ədalətsiz baxdığını, sifarişlə sahibkarı günahsız yerə həbsə aldığını söyləyirlər.

Bu haqda mətbutda, o cümlədən saytımızda geniş yazılar dərc olunduğundan, təkrarlamaq niyyətində deyilik. Ancaq qeyd edək ki, yaxınları, adı “MTN işi” çərçivəsində zərərçəkən kimi keçən İlham Qasımovun heç bir günahı olmadığı halda həbsə alınmasının əsas səbəbi kimi sifarişçilərin iş adamının bütün əmlakını ələ keçirmək niyyətiylə bağlayırlar.

“Oğlumun var-dövlətini ələ keçirmək üçün onu qeyri-qanuni olaraq həbs etdiriblər”

Elə iş adamının anası Hacı Gözəl Cəfərovanın ölkə Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı növbəti müraciətdə də onlardan bunun qarşısını almağı, ailəsini mənəvi terrordan qorumağı xahiş edir. Müraciətdə daha sonra bildirilir:

“Möhtərəm Prezident, hörmətli Mehriban xanım!
Sizlərin dəfələrlə qeyd etdiyiniz kimi, Azərbaycan bu gün dünyada sabitlik və firavanlıq adası kimi tanınır. Siz, hər bir Azərbaycan vətəndaşının ölkədə azad, firavan yaşamının təmin edilməsinin, mülkiyyətinin qanunla qorunmasının qarantı olduğunuzu bildirmisiniz. Məmurların, vəzifəli şəxslərin səlahiyyətlərindən istifadə edərək insanların mülkiyyət hüququna müdaxilə etməsinin yolverilməz olduğnu qeyd etmisiniz. Ancaq çox təəssüf ki, bəzi səlahiyyət sahibləri və onların sifarişlərini icra edən hakimlər nə qanunlara, nə də Sizin tapşırıqlarınıza əməl edirlər.

1487677217_16924207_1912095792352982_1143557368_n

Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin rəisi, general Müqəddəs Sultanov və onun biznes şəriki, Ulu Öndər, Ümummilli liderimiz Heydər Əliyevin siyasətinə və müstəqil dövlət quruculuğuna vaxtı ilə mane olan “OMON” adlı bir qurumu maliyyələşdirən, dörd soyad, ad və ata adı daşıyan Gülağa Qəmbərov da məhz öz imkanlarından “qara əməlləri” üçün istifadə edənlərdəndilər.

General M.Sultanov və G.Qəmbərov oğlum, sahibkar İ.Qasımovun bir güclü biznesmen kimi nailiyyətlər əldə etdiyi, müəyyən imkanlara sahib olduğunu bilərək, hazırladıqları plan əsasında ona ortaq olublar. Məqsədləri isə oğlumun uzun illər ərzində biznes vasitəsilə əldə etdiyi var-dövləti, MTK-dakı payını onun əlindən almaq olub. Məhz bu məqsədlə ailə biznesi qurublar. Daha dəqiqi, M.Sultanovun arvadı Təranə Əliyeva və G.Qəmbərovun arvadı Şəhla Rüstəmovanın timsalında oğluma məxsus MTK-dan pay alaraq, ona şərik olublar. Sonra da ortaqlar arasında bağlanmış faəliyyətin tənzimlənməsi müqaviləsinə əsasən G.Qəmbərova məxsus olan “Odlar Yurdu” MTK-da İ.Qasımova çatan 5014.44 kv.m. yaşayış, 750.0 kv.m, qeyri-yaşayış və 180.0 kv.m qaraj sahəsini, eləcə də Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə verilmiş, oğluma məxsus 0.70 ha. tikintiyə yararlı qiymətli torpaq sahəsini əl keçirmək üçün, onu bilərəkdən, qeyri-qanuni olaraq həbs etdiriblər.

Bəzi hakimlərin də onların bu əməllərinin iştirakçısına çevrilməsi böyük bir ailənin faciəsinə səbəb olmaqdadır. Bu üzdən də övladlarımız, ailə üzvlərimiz azad Azərbaycanımızda qorxu altında yaşayırlar.

“Oğluma heç bir aidiyyatı olmayan əmlakların üzərinə belə həbs qoydurmağa nail olublar”

ilham muqedAdlarını çəkdiyim bu iki şəxsin sifarişi ilə oğlum İlham Qasımov şərlənərək heç bir cinayət tərkibi olmadığı halda, bütün varidatını əlindən almaq məqsədi ilə əvvəl 15 il, apellyasiya şikayətindən sonra isə 12 il azadlıqdan məhrumetmə cəzasına məruz qalıb. Oğlumu günahsız yerə dəmir barmaqlar arasına salanlar, ailəsinə və yaxınlara da bayırda işgəncə veririlər. Oğlumu həbs etdirənlər onun özünün və yaxınlarının həllə illər öncə – 2006-2008-ci illərdə aldıqları, hətta İlham Qasımova heç bir aidiyyatı olmayan əmlakların üzərinə belə həbs qoydurmağa nail olublar. Halbuki, həmin vaxtlar nə Gülağa Qəmbərovu tanımışıq, nə də M.Sultanovu. Bu cütlük 2014-cü il tarixdə peyda oldular. Bu işdə isə onların sifarişini Binəqədi Rayon Məhkəməsinin hakimi Fərrux Qasımov yerinə yetirib.

Onun 12.07.2016 və 10.08. 2016-cı il tarixli qərarları ilə oğluma məxsus Bakı şəhəri, Yasamal rayonu, H. Məcidov küçəsi, ev 3, mənzil 32-yə, Beyləqan rayonu Aşıqallılar kəndində yerləşən 1,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, 0,15 ha həyatyanı torpaq sahəsinə (hansı ki, həmin torpaq sahəsində Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi münasibəti ilə öz şəxsi vasaiti hesabına ”Heydər Baba” məscidi tikdirərək xalqın istifadəsinə veribdir), “Toyota Land-Cruizer” və “Mersedes BENZ 600” markalı avtomobillərinə həbs qoyulub.

Vicdanlarını və insaflarını itirən bu insanlar mənim, 73 yaşlı bir ananın evini əlindən almaq, bu qoca yaşında küçələrə salmaq istəyirlər. Uzun illər boyu işləyərək zəhmətim hesabına aldığım, Bakı şəhəri, Nərimanov rayonu, Əbdülvahab Salamzadə küçəsi 62 ünvanında 2007 ci il tarixdə fermer təsərrufatı hesabına alınan fərdi yaşayış evimə həbs qoyulub.

Bundan əlavə, heç bir araşdırma aparmadan, rəsmi “Nikah haqqında şəhadətnamə” olmadığı halda hakim qərarında “arvadı” kimi göstərərək, K.Qasımovanın (Abbasova) hələ illər öncə aldığı və valideynlərindən miras qalan əmlaklarına həbs qoyulub. Belə ki, həbs qoyulan Xəzər rayonu, Mərdəkan Qəsəbəsi Ə.Rəhimov küçəsi, döngə 1, 9 saylı yaşayış evi 2008-cı ildə alınıb. O vaxt isə Gülağa Qəmbərov adlı birinin mövcudluğundan belə xəbərimiz yox idi.

Həbs qoyulan Xəzər rayonu, Şüvəlan qəsəbəsi 1405 saylı bağ evi isə 90 UB 110 dövlət nömrə nişanlı “VAZ–2124” markalı avtomobil isə uzun illər öncə satılıb.
Həbs qoyulan Səbail rayonu Salyan şosesi, 32 saylı torpaq sahəsi və Nəsimi rayonu, 20 Yanvar küçəsi, 12 ünvanında yerləşən qeyri–yaşayış binası isə “Paşa bank”dan götürülən kredit hesabına alınıb və hal-hazırda “Paşa bank”ın 100% mülkiyyətindədir.

Ali qanunlarımıza və Konstitusiya maddələrinə bilərəkdən müdaxilə edən ortaqlar, general M.Sultanov və G.Qəmbərov məmur özbaşınalığını hələ də hansısa çətir altında gizlədirlər. 10-MB-499 dövlət nömrə nişanlı “M-21 Volqa” markalı avtomobil, 90 FS – 894 dövlət nömrə nişanlı “Catby Cabrio” markalı avtomobil, 90 KS 896 dövlət nömrə nişanlı “Panter Kalista” markalı avtomobillərə də heç bir araşdırma aparmadan, nə vaxt və kim tərəfindən alındığına diqqət yetirilmədən həbs qoyulub. Bu da bizim ailənin tamamilə müflis vəziyyətə düşməsinə, yaşamaq haqqının əlindən alınmasına səbəb olur.

Daha ağır haqsızlıqla isə nəvəm A.Abdiyeva üzləşib. Belə ki, onun həyat yoldaşı tərəfindən ipoteka ilə alınan Xəzər rayonu, Şüvəlan qəsəbəsi 774 v saylı bağ evinə və kreditə götürdüyü “İnfiniti QX 56” markalı avtomobilə də heç bir əsas olmadan həbs qoyulub. Eyni zamanda qayınatasının nəvəmin ailəsinə hədiyyə etdiyi “Hyundai Sonata” avtomobilinə, o ailənin istifadəsində olan “Opel speedster” markalı avtomobilə də həbs qoyulub. Bu da ailədə narazılıqların yaranmasına səbəb olub. Hakimin sifarişli və düşünülməmiş qərarı 3 övladı olan gənc bir ailəni dağılmaq təhlükəsi ilə üz-üzə qoyub.

“Həbsdəki oğluma sifariş göndərərək, istədiklərini almayınca əl çəkməyəcəklərini bildirirlər”

Möhtərəm Prezidentimiz, əziz I vitse-prezidentimiz!
Oğlumun və yaxınlarının əmlaklarına qoyulan həbslər tamamilə qanunsuzdu. Çünki əvvala, oğlum heç kimə zərər vurmayıb, kimsənin pulunu mənimsəməyib. Məhkəmədə də heç bir zərərçəkmiş ortaya çıxmadığından, oğlumu saxta ittihamlarla həbsə alıblar.

İkincisi, vurulmuş ziyanın ödənilməsi barədə heç bir məhkəmə instansiyası nə tələb, nə də təklif irəli sürüb. Çünki kiməsə ziyan vurulmayıb. Ortaqlar əvvəlcə M.Sultanovun tapşırığı ilə Ş.Rüstəmovanın adınan “Real MTK”nı mülki qaydada məhkəməyə verdilər. Mülki qaydada gedən prosesdə heç bir qanunsuzluq tapılmadığını, iddiaların əsassız çıxdığını gördukdə, mülki iş quvəyə minmədən bu dəfə G.Qəmbərov M.Sultanovun diqtəsi ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etdi. Və tez bir zamanda mülki işi cinayət işinə çevirərək, oğlum İ.Qasımovu qanunsuz həbs etdilər. 31 yanvar 2016-cı il tarixdə isə mülki iş Apellyasiya Məhkəməsində İ.Qasımovun xeyrinə öz təsdiqini tapdı.

Qəribə orasıdır ki, həm G.Qəmbərovun arvadı Ş.Rüstəmova, həm də uydurma cinayət işi ilə G.Qəmbərovun özü eyni məbləğdə pulu oğlumdan tələb edirlər . Hər ikisinə ödənilə biləcək pula isə ancaq Mərkəzi Bankda rast gəlmək olar.
Üçüncüsü də, həbs qoyulan bu əmlakların əksəriyyətinin İlham Qasımova heç bir aidiyyatı yoxdur. Olanlar da uzun illər əvvəl alınıb.

Bütün bunlar oğlumu həbs etdirənlərin onun ailə üzvlərinin, yaxınlarının əmlaklarına həbs qoymaqla bizə mənəvi işgəncə vermək, oğlumu onların qanunsuz tələblərini yerinə yetirməyə vadar etmək məqsədi daşıdığını göstərir. Zatən Müqəddəs Sultanov və Gülağa Qəmbərovun israrla oğluma ortaq olmaqda da məqsədləri onun varidatını ələ keçirməkdi. Oğlum vaxtında bunu başa düşüb onlardan ayrılsa da, əllərindən qurtara bilmədi. Onu həbs etdilər və indi ailəmizin, yaxınlarımızın, dostlarımızın nəyi var, satdırıb pulunu əldə etmək istəyirlər.

2016-08-01-17-17-43sair

Buna görə də bütün qohum-əqrəbanın, dost-tanışın əmlakına həbs qoyulub. Bunu açıq şəkildə dilə gətirməkdən də çəkinmirlər. G.Qəmbərov həm bizlərə, həm də həbsdəki oğluma sifariş göndərərək, istədiklərini almayınca əl çəkməyəcəklərini bildirir. Bu adamların bu cür özbaşınalıqları, qanunlarımızı ayaq altına ataraq məhkəmələrə istədikləri qərarları çıxartdırmaları məni bir ana, nənə kimi övladlarımın, nəvələrimin gələcəyi ilə bağlı qorxuya salır. Bu adamlar bizim Azərbaycanda yaşamağımıza imkan vermək istəmirlər.
Bu üzdən də möhtərəm Prezidentimiz İlham Əliyevə, hörmətli vitse-prezidentimiz Mehribann xanım Əliyevaya, eləcədə dövlət qurumların rəhbərlərinə və media nümayəndələrinə yenidən müraciət edərək, kömək istəyirəm.
Bir ağbircək ana kimi Sizlərdən general M.Sultanovun və qaranlıq keçmişə malik Gülağa Qəmbərovun böyük bir azərbaycanlı ailəsinin başına gətirdikləri faciədən bizləri xilas etməyinizi xahiş edirəm.

Onların, heç bir cinayəti olmadığı halda, sifarişlə 12 il həbs cəzasına məruz qoyduqları oğlum İlham Qasımovun azadlığa çıxmasına, onun və ailə üzvlərinin əmlaklarının üzərinə qoyulan həbslərin götürülməsinə yardım etməyinizi xahiş edirəm.

Dərin inam və hörmətlə: Hacı Gözəl Cəfərova”

Redaksiyadan: Yazıda qeyd olunan ittihamlarla bağlı adları çəkilən şəxslərin, o cümlədən M. Sultanovun və G.Qəmbərovun da mövqeyini işıqlandırmağa hazırıq


loading...

Fikrinizi bildirin