"İnterpol axtarışı təhdidi siyasi sifarişdir..."- Elşad Abdullayevin yeni MÜRACİƏTİ

"Kriminallaşmış Azərbaycan hakimiyyəti cinayəti açmaq əvəzinə məni İnterpol vasitəsilə susdurmaq istəyir”

Azərbaycan Beynəlxalq Universitetinin(ABU) sabiq rektoru Elşad Abdullayevin İnterpolun qırmızı xətti ilə bağlı axtarılması barədə məlumatlara münaibət bildirib. Xatırladaq ki, DİN rəsmisinin verdiyi açıqlamada sabiq rektorun axtarışda olduğu, adının saytın ictimaiyyət üçün qapalı hissəsində yerləşdirildiyi bildirilirdi. E.Abdullayev də ölə mediasına, o cümlədən "AzPolitika.info"-ya göndərdiyi müraciətdə bu məsələyə münasibət bildirib.

E.Abdullayevin sözlərinə görə, ona qarşı axtarış tam olaraq qanun pozuntusudur. Bu səbəbdən də İnterpolun axtarışına hüquqi qiymət verilməlidir: “Hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının əsas qanununun 70-ci maddəsində də siyasi sığınacaq hüququnun konstitusiya qaydası müəyyən edilmişdir. Eyni qaydalar daha öncə Fransa Konstitusiyasında ilk dəfə olaraq müəyyən edilmişdir. Sığınacaq - hüququ vətəndaşı olduğu və ya yaşadığı ölkədə siyasi fəaliyyətinə və ya baxışlarına görə təqib edilən şəxslərin onun ərazisinə gəlmək və yaşamaq üçün dövlətin buna razılıq vermək hüququdur.

Qüvvədə olan Fransa və digər Avropa Birliyi dövlətlərinin qanunvericiliyinə görə, dövlət tərəfindən xarici vətəndaşlara sığınacağın verilməsi həmin şəxslərin bu ölkəyə gəlməsini, orada qalmasını və onların başqa dövlətlərə verilməməsini nəzərdə tutur. Sığınacaq hüququnun verilməsi Böyük Fransa İnqilabı dövrünə təsadüf edir. İlk dəfə olaraq Fransanın 1793-cü il tarixli Konstitusiyasında xarici vətəndaşlara siyasi sığınacaq verilməsi nəzərdə tutulurdu. Həmin dövrdən bu günə qədər artıq müasir dünya dövlətlərinin konstitusiyalarında sığınacaq hüququ öz əksini tapmışdır”.

Sabiq rektor onu da xatırladıb ki, “siyasi sığınacaq” hüququ beynəlxalq hüququn hamılıqla tanınmış ümumbəşəri prinsiplərindən biri olub. Ümumdünya insan hüquqları Bəyannaməsinin 14-cü maddəsinə görə “hər bir insan təqibdən yaxa qurtarmaq üçün başqa ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir”: “Beynəlxalq hüquq normalarına görə, sığınacaq hüququ olan şəxslər bütün hallarda başqa dövlətlərə verilmir. Sığınacaq hüququ insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. Əgər şəxs qaçıb gizlənmirsə və yeri-yurdu bəllidirsə o, beynəlxalq axtarışa verilə bilməz. Şəxs o vaxt beynəlxalq axtarışa verilə bilər ki, onun yeri-yurdu bəlli olmasın”.

E.Abdullayevin sözlərinə görə, adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın gizli videogörüntülərini prokurorluğa və MTN-ə verdikdən sonra qara maskalıların silahlı basqınına məruz qalıb və məhz bu mərhələdən sonra özünü müdafiə etmək məqsədilə Azərbaycanı tərk edib: “Mən hazırda Paris şəhərində yaşayıram, gündəlik öz işlərimlə məşğulam. Ünvanımı da vəkilim Adil İsmayılov vasitəsilə hüquq- mühafizə orqanlarına bildirmişəm. İnterpol axtarışı təhdidi siyasi sifarişdir, heç bir hüquqi əsası yoxdur. Mənə qarşı başlanan İnterpol təhdidi hüquqi baxımdan tamamilə qondarmadır. Bu, hakimiyyətdə uzun illərdir adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın MTN zabiti Mahir Abdullayevin oğurlanması kimi ağır dövləti cinayətini ört-basdır etməyə xidmət edir, eyni zamanda sırf siyasi sifarişdir”.

E.Abdullayev hesab edir ki, ona qarşı başlanan cinayət işi həqiqətə uyğun olmayan, tamamilə saxta işdir. Onun sözlərinə görə, bu cinayət işinin cəmi bir məqsədi var: “Məqsəd odur ki, mənim Avropa Məhkəməsindəki şikayətimi necə olursa-olsun əngəlləsinlər”

“Məni Fransada həbs edə bilməzlər” deyən sabiq ABU rektorunun sözlərinə görə, bu, qüvvədə olan Fransa qanunvericiliyinə görə mümkün deyil: “Fransa demokratik bir dövlətdir. Nəinki Fransa, heç bir demokratik dövlət artıq bu adam oğurluğu və siyasi fırıldaqçılıqla məşğul olan, insan hüquqlarını kobud surətdə pozan hakimiyyətlə hesablaşmır”.

E.Abdullayev müraciətinin sonunda Azərbaycana qayıdacağını da bəyan edib:“Mən Azərbaycana dönəcəyəm deyib...Fərqi yoxdur hansı mərhələdə, mütləq dönəcəyəm. Bir balaca imkan yaranan kimi mənim vətənə qayıdışımın qarşısını heç kəs ala bilməz. Mən fəxr edirəm ki, azərbaycanlıyam. O vətən eyni zamanda Avropada siyasi sığınacaq hüququ almış 70 mindən çox azərbaycanlınındır. Biz bu özbaşınalığa dözə blmərik. Vətəni, xalqı xilas etmək borcumuzdur, mən Azərbaycan xalqının əsgəriyəm”.

Sabiq rektor deyib ki, cinayəti açmaq əvəzinə zərərçəkmişi təzyiq altında saxlayırlar. Onun fikrincə, bu, zərərçəkmişə qarşı mənəvi terrorudur: “11-ci ildir ki, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevi oğurlayan mütəşəkkil cinayətkar təşkilatın əməllərinə prokurorluq və məhkəmə orqanları hüquqi qiymət verməyib. Hətta prezident İlham Əliyevin sərəncamı ilə xüsusi yaradılan Baş Prokurorluq yanında Müstəqil İstintaq Komissiyası 04 oktyabr 2013-cü il tarixindən fəaliyyət göstərməsinə baxmayaraq, bu günə qədər bir nəfər də olsun adam oğurluğuna görə cinayət məsuliyyətinə cəlb olunmayıb. Zərərçəkmişin yüzlərlə yazmış olduğu şikayətlərində bilavasitə konkret olaraq qeyd olunan cinayətin havadarları, təşkilatçısı, rəhbəri, başçısı, sifarişçisi, icraçıları hələ də istintaqa və məhkəmə məsuliyyətinə cəlb olunmayıb. Kriminallaşmış Azərbaycan hakimiyyəti cinayəti açmaq əvəzinə məni İnterpol vasitəsilə susdurmaq istəyir”.

635x100

Şərhlər

Avropalı Azərbaycanlılar 2022-04-10 03:19:17

Elşad Abdullayev barəsindəki İNTERPOL axtarışı qanun pozuntusudur

Son yazılar