"İnterpol"un axtardığı azərbaycanlı iş adamı tutuldu

Gürcüstanın mərkəzi kriminal polisi Departamentinin mütəşəkkil cinayətkarlıqla mübarizə Baş idarəsinin əməkdaşları "İnterpol"un Tiflis bürosu ilə birlikdə keçirdikləri əməliyyat zamanı beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı yaxalanıb.Virtualaz.org gürcü mənbələrinə istinadən xəbər verir ki, bu haqda Gürcüstan DİN məlumat yayıb. Məlumatda 1961-ci ildə anadan olmuş Azərbaycan vətəndaşı Q.İ.-nin Tiflisdə saxlanıldığı, onun 2015-ci ilin noyabrında İnterpolun Azərbaycan bürosu tərəfindən qırımızı bülletenlə axtarışa verildiyi bildirilir.

Gürcüstan DİN-in məlumatına görə Q.İ. Azərbaycanın Cinayət Məcəlləsinin 213.2.2 maddəsi ilə ittiham olunur. Bu maddə iri məbləğdə vergidən yayınmağa görə cinayət məsuliyyətini nəzərdə tutur. Hazırda saxlanılan şəxsin barəsində ekstradisiyaya qədər proseduralar həyata keçirilir.

Virtualaz.org araşdırıb ki, həmin şəxs “Azkomp” MMC şirkətinin rəhbəri Qalib İbrahimovdur. O, 2015-ci ilin noyabrında iri məbləğdə vergidən yayınmaq ittihamı ilə İnterpol-un xətti ilə beynəlxalq axtarışa verilib. Qalib İbrahimovun beynəlxalq axtarışa verildiyi barədə xəbərlər həmin dövrdə KİV-lərdə yayılıb.

“Azkomp” MMC-nin və Qalib İbrahimovun fəaliyyəti barədə geniş məlumat yoxdur. Bununla belə tender.gov.az saytında göstərilir ki, həmin şirkət 2012-ci ildə iki nazirliyin kompüter və şəbəkə avadanlıqlarının alınmasına dair keçirdikləri üç tenderin qalibi olub. Bunlar məbləğinə görə elə də böyük olmayan tenderlərdir, ümumi məbləği bir neçə on min manatdan çox deyil. Həmin tarixdən sonra “Azkomp” MMC-nin dövlət strukturlarının və müəssisələrinin keçirdikləri tenderlərdə iştirakına dair məlumata rast gəlinmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar