Tarkan Azərbaycan Qran Prisi üçün Bakıya gəlir

tarkan 1Bu il 23-25 iyun tarixlərində Bakıda keçiriləcək növbəti "Formula 1" yarışının ilk günü Türkiyənin dünyaca məşhur müğənnilərindən biri olan Tarkan Bakıda avtomobil idmanı azarkeşlərinin qarşısında səhnəyə çıxacaq. Türkiyəli müğənni iyunun 23-də - cümə günü axşam saatlarında Dənizkənarı Bulvar ərazisində yerləşən böyük səhnədə "Formula 1" həvəskarları üçün ən məşhur ifalarını səsləndirəcək.

Musavat.com xəbər verir ki, Almaniyada doğulub, Türkiyədə böyüyüb-başa çatan müğənninin albom və mahnıları indiyədək 29 milyondan çox satış edib. 20 ildən çox müğənnilik karyerasına sahib olan Tarkan ingilis dilində ifa etdiyi mahnılarından sonra dünyada daha da məşhurlaşıb.

Tarkanın mahnıları və onun diqqəti cəlb edən şəxsiyyəti "Formula 1" azarkeşlərinə unudulmaz gecə yaşadacaq.

BŞH-nin icraçı direktoru Arif Rəhimov 2017 "Formula 1" Azərbaycan Qran Prisi ərəfəsində Tarkanın avtomobil idmanı azarkeşlərinin qarşısında səhnəyə çıxmaq üçün Bakıya gəlişinə belə münasibət bildirib: “Pop musiqisi və əyləncə dünyasında çox sayda uğurlu ifaçılar və sənətçilər var. Lakin onlardan çox azı dilindən, mədəniyyətindən və yaşadığı yerdən asılı olmayaraq bütün insanların qəlbinə toxuna və onların duyğularına təsir edə bilir. Belə xüsusiyyətlərə sahib türkiyəli müğənni deyəndə ağıla ilk məhz dünyaca tanınmış ifaçı Tarkan gəlir və biz böyük məmnuniyyətlə onu 2017 Formula 1 Azərbaycan Qran Prisinin ilk günü - cümə günü axşam saatlarında açıq havada canlı konsert proqramında iştirak etmək üçün Bakıya dəvət etmişik. Gözəl şəhərimizə Formula 1 yarışının ikinci dəfə gəlişini böyük əyləncə və coşğu ilə qeyd etmək üçün səbrsizlənirik və belə möhtəşəm yarış həftəsonunun açılışını Tarkandan başqasının etməsi təsəvvür oluna bilməz. Tələsin indidən biletlərinizi alın və Bakıda bizimlə birgə olun!”

Konsert proqramlarında yalnız yarışa bileti alanlar iştirak edə biləcəklər. Dördgünlük bileti olan hər kəs cümə axşamı günü - iyunun 22-də Pit Yolunda gəzintiyə çıxmaqla yanaşı, "Formula 1" şəhərciyində keçiriləcək pilotların avtoqraf sessiyalarına qatılmaq və Bakının möhtəşəm mənzərəyə sahib Dənizkənarı Bulvar ərazisində salınan əyləncə mərkəzindəki bütün proqramlarda iştirak etmək imkanına sahib olacaq.

Qeyd edək ki, "2017 Formula 1" Azərbaycan Qran Prisində iştirak etmək istəyənlərə müxtəlif bilet seçimləri, o cümlədən 2-16 yaş qrupuna aid olanlar üçün bütün tribunalara endirimli “azyaşlı” biletləri təklif olunur.

Bakıda ikinci dəfə baş tutacaq "Formula 1" yarışı bu il 23-25 iyun tarixlərinə təsadüf edir. Paytaxtın gözoxşayan mərkəzi küçələrində yarış avtomobillərinin yenidən yüksək sürətlə hərəkətinə 2 ayın qaldığı bir ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün "Formula 1" azarkeşlərinə müraciəti çox sadədir: "Biletlər varkən almağa tələsin və bu yay yarış həyəcanını Bakıda bizimlə birlikdə yaşayın!"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar