Gülər Əhmədovanın bacısının şərikinin məhkəməsində qalmaqal

Hakim: “Bu işə görə deputatlar mənə zəng edir”

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Kamran B.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri Ələkbər Babayev, müxtəlif dövrlərdə MMC-nin direktoru vəzifəsində işləmiş German Hüseynov və Rüfət Nağıyev, tikinti nəzarətçisi Süleyman Əliyev və “İnşaat-E” MMC-nin direktoru Kənan Quliyevin məhkəməsi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, prosesə sədrlik edən hakim Faiq Qasımov deyib ki, cinayət işi üzrə apelyasiya şikayətinə mahiyyəti üzrə baxılmır. Hakimin sözlərinə görə, iş üzrə təqsirləndirilən Kənan Quliyev apelyasiya şikayətinin müddətinin bərpa edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə vəsatət verib: “Amma birinci məhkəmə instansiyası məhkəməsi Kənan Quliyevin vəsatətinin təmin olunmaması ilə bağlı qərar qəbul edib. Kənan Quliyev həmin qərardan şikayət verib. Hazırda onun şikayətinə baxırıq. Onun şikayəti üzrə qərar qəbul ediləndən sonra apelyasiya şikayətlərinə mahiyyəti üzrə baxılacaq”.

Zərərçəkmişlərin vəkili Tağı Hüseynov deyib ki, Kənan Quliyevin işinin zərərçəkmişlərə adiyyatı yoxdur. Vəkil əlavə edib ki, Kənan Quliyevin şikayətinin təmin olunmasının zərərçəkmişlərə adiyyatı yoxdur. Digər təqsirləndirilən şəxslərin vəkilləri deyiblər ki, Kənan Quliyevin məqsədi işi uzatmaqdır. Onlar vəsatətin təmin olunmasını istəyiblər. “Əgər Kənan Quliyevin vəsatəti təmin olunmasa Ali Məhkəməyə şikayət edəcək. Belə olan halda da iş uzanacaq”, -deyə vəkillər deyib.

Zərərçəkmişlər işin süründürməçiliyə yol verilməsini iddia ediblər. Buna görə də zərərçəkmişlərlə hakim arasında mübahisə yaranıb. Zərərçəkmişlər hakimsən iş üzrə dərhal qərar qəbul etməsini tələb ediblər.

Hakim deyib ki, Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddəsinin tələblərinə uyğun işə baxılır: “Bu işlə bağlı deputatlar mənə zəng edir. Onlara işin mahiyyətini izah edirəm, mənimlə razılaşırlar. Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddəsinin tələblərinə görə, şikayət verən şəxsin işinə baxılmalıdır. Bu iş 8 aydır icraatımdadır. Mən də istəmirəm ki, iş bu qədər uzansın. Amma tərəflərdən biri şikayət verir, onun da şikayətinə qanunla nəzərdə tutulmuş qaydada baxılır”.

Zərərçəkmişlər deyiblər ki, işin süründürməçiliyə yol verilməsi ilə bağlı millət vəkili Rəbiyyət Aslanovaya və digərlərinə şikayət ediblər.

Məhkəmə iclası iyunun 10-da davam edəcək.

İttihama görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Kamran B.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri Ələkbər Babayev müxtəlif dövrlərdə MMC-nin direktoru vəzifəsində işləmiş German Hüseynov və Rüfət Nağıyev, tikinti nəzarətçisi Süleyman Əliyev və “İnşaat-E” MMC-nin direktoru Kənan Quliyev ilə qabaqcadan əlbir olaraq cəmiyyətin Yasamal rayonu ərazisində tikdiyi çoxmərtəbəli yaşayış binasında ümumilikdə 92 mənzili saxta müqavilələr tərtib etməklə 291 şəxsə təkrar sataraq əldə edilən 8 milyon 566 min manatın 2 milyon 545 min manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 6 milyon 20 min manat məbləği isə dələduzluq yolu ilə talayıb.

Bundan başqa “Kamran B.Ə.” MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Ə. Babayev 2008-ci ilin yanvar ayından 2011-ci ilin avqust ayına kimi olan dövrdə mənzil satışından əldə etdiyi 7 milyon 428 min manat məbləği zəruri sənədləri tərtib etməyərək vergi bəyannamələrində əks etdirməyib, eyni zamanda mənzil tikintisi ilə məşğul olan şəxslər kateqoriyasına aid hüquqi şəxs olmaqla vergi orqanlarına sadələşdirilmiş vergi hesabatlarını təqdim etməyərək 1 milyon 623 min manat məbləğdə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.

Qeyd edək ki, sabiq millət vəkili Gülər Əhmədovanın bacısı Gülnar Quliyevanın təqsirləndirilən Ə.Babayevin biznes əlaqəsinin ortağı olması üzə çıxıb. Məlum olub ki, “Kamran” MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev birgə iş münasibətində olduğu Quliyeva Gülnar Mikayıl qızının etimadından istifadə edərək ona külli miqdarda (144 min manat) ziyan vurmaqda da ittiham olunub.

“Kamran” MMC-nin vətəndaşlara vurduğu ziyan isə 8 milyon 500 min manatdan çox hesablanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar