“Hakimiyyət Cəmil Həsənliyə heç nə edə bilməz” - İsa Qəmbər

"İndi hakimiyyətin, vəziyyətin dəyişməsini istəyənlərin sayı 2003-cü ildəkindən də qat-qat çoxdur"

Müsavat Partiyasının başqanı İsa Qəmbərin "Yeni Müsavat"qəzetinə müsahibəsini təqdim edirik:

- İsa bəy, seçkiyə bir həftə qaldığı dönəmdə ötən günlərin seçki kampaniyasını necə dəyərləndirirsiniz? Milli Şura, onun namizədi professor Cəmil Həsənli seçki kampaniyasını istədiyi şəkildə apara bilirmi?

- Çox maraqlı, gərgin və kifayət qədər də ziddiyyətli bir seçki dönəmini yaşayırıq. Əvvəlki seçkilərlə üst-üstə düşən və fərqlənən cəhətlər də az deyil. Bir tərəfdən qeyd etmək lazımdır ki, demokratik düşərgə bir araya gəlib, Milli Şura formatında vahid namizəd müəyyənləşdirib və Milli Şuranın müəyyənləşdirdiyi vahid namizəd professor Cəmil Həsənli hətta onu ən yaxından tanıyan, rəğbət bəsləyən insanların da gözləntisinin üstündə fəaliyyət göstərdi. İstər müsahibələri, çıxışları, açıqlamaları, istər seçicilərlə görüşlərə tam hazır vəziyyətdə olması, xüsusən də İctimai Televiziya debatlarında göstərdiyi cəsarət, prinsipiallıq, ardıcıllıq bütövlükdə çox yüksək qiymətləndirilməlidir. Eyni zamanda bizim apardığımız seçki kampaniyasının üstünlükləri də göz qabağındadır. Ölkədə ən çox seçicinin iştirak etdiyi, ən böyük coşqunun olduğu mitinqləri bizim namizəd keçirir, bölgə görüşləri də, Bakı şəhərində keçirilən görüşlər də o qisimdən. Cəmil müəllimin seçki platforması yüksək səviyyədə hazırlanıb və cəmiyyətə təqdim edilib. Çox güclü seçki qərargahımız var və tələb olunan imzalar çox yüksək səviyyədə, sürətlə, rahat bir şəkildə toplandı, təqdim edildi, bütün sənədlər hazırlandı, verildi. Yeri gəlmişkən, seçki qanunvericiliyinin şərtlərinə uyğun şəkildə sənədlərini təqdim edən məhz Cəmil Həsənli oldu, Cəmil Həsənlinin seçki qərargahı oldu. Digər namizədlər heç də qanunun tələb etdiyi bütün sənədləri təqdim etmirlər və maraqlısı odur ki, MSK da buna heç bir reaksiya vermir. Eyni zamanda hakimiyyət cəmiyyətdə seçki fəallığının olmaması üçün əlindən gələni edir. O cümlədən hakimiyyətin namizədi İlham Əliyevin faktiki olaraq namizəd kimi seçki kampaniyası aparmaması, debatlara qatılmaması, bilavasitə namizəd kimi görüşlər keçirməməsi, sadəcə olaraq dövlət başçısı funksiyasından istifadə edərək özünü təbliğ etməsi də bu seçkinin gerçəklərindən biridir. Seçkinin gedişi haqqında yəqin ki, seçkiyə bir-iki gün qalmış və seçkidən sonra daha dəqiq qiymətləndirmələr etmək mümkün olacaq. Bu gün, seçkiyə bir həftə qalmış görünən odur ki, seçkiyə gələn seçicilərin əksəriyyəti professor Cəmil Həsənliyə səs verəcək. O da aydındır ki, hakimiyyət hər zaman olduğu kimi yenə də total saxtakarlığa hazırlaşır. Eyni zamanda biz Cəmil Həsənlinin seçki qərargahının fəaliyyəti ilə, Milli Şurada birləşmiş qüvvələrin fəallığı ilə ciddi müşahidə sistemi qurmuşuq və müşahidədə ciddi nəticələr əldə etməyə çalışacağıq. Proses davam edir və biz nə mümkündür edirik.

- Tez-tez müxtəlif media qurumlarının, ictimai təşkilatların keçirtdiyi rəy sorğularının nəticələri elan olunur və bir qayda olaraq ölkə başçısının adının qarşına yüksək faizlər yazılır. Bu kimi hallar qabaqcadan seçkilərin taleyinin müəyyənləşdirildiyini deməyə əsas yaradırmı?

- Bu, saxta rəy sorğularıdır. Hakimiyyətin nəzarətində olan bir sıra strukturlar var ki, bu cür saxta rəy sorğularını keçirib o rəqəmləri cəmiyyətə sırımağa çalışırlar. Eyni zamanda artıq təəssüf ki, beynəlxalq miqyasda da elə quruluşlar var ki, onlar da müxtəlif ölkələrin avtoritar rejimlərinin sifarişləri ilə bu rejimlərə lazım olan rəqəmləri əks etdirən saxta rəy sorğuları keçirirlər. Həqiqi rəy sorğusunu avqust ayında ADAM Sosioloji Araşdırmalar Mərkəzi təqdim etdi. Həmin rəy sorğusunda demokratik düşərgə, müxalifət nümayəndələri böyük üstünlüklə reytinqdə irəlidəydilər. Cəmiyyətin hakimiyyətdən narazılığı da, dəyişiklik zərurəti də yüksək elmi səviyyədə keçirilən həmin sorğuda kifayət qədər əks olunmuşdu. Ona görə də hakimiyyətin rəy sorğularına heç bir şəkildə etimad göstərilə bilməz. Bəli, bu sorğular seçki saxtakarlığını əsaslandırmaq üçün həyata keçirilən ön addımlardır.

- “Exit-poll” keçiriləcək qurumların siyahısından belə görünür ki, onlar hakimiyyətyönümlü təşkilatlardır. Bu mənada müxalifət obyektiv “exit-poll” keçirəcək qurumların prosesdə iştirakına niyə maraqlı olmadı?

- Biz müşahidə qurmuşuq və bunun sayəsində həqiqi nəticələri cəmiyyətə təqdim edəcəyik.

- Milli Şuraya daxil olan qüvvələrin seçki komissiyalarında nümayəndələrinin olmaması da səslərin sayılması prosesində qurumun namizədinin əleyhinə işləyə bilər. Səslərin sayılması zamanı saxtakarlıqların qarşısının alınması üçün hansı mexanizmlərdən istifadə olunacaq?

- Biz həm bütün məntəqələrdə məşvərətçi səs hüququ ilə komissiya üzvlərinin, həm də ki, müşahidəçilərin olmasını təmin edəcəyik. Məşvərətçi hüquqlu komissiya üzvləri və müşahidəçilər qanun nəyə imkan verirsə, həmin o missiyanı həyata keçirəcəklər və seçkinin nəticələrini ortaya qoymağa çalışacaqlar. Seçki saxtakarlığının qarşınının alınması üçün ilk növbədə seçicilərin seçkiyə gəlməsi önəmlidir. Biz məntəqə komissiya üzvlərini öz məsuliyyətlərini dərk etməyə çağırırıq və çağırmaqda davam edəcəyik.

- Bir sıra hallarda Cəmil Həsənliyə, demokratik düşərgəyə yönəlik hədələr səslənir, seçkidən sonra deyilənlərə görə cavab veriləcəyi deyilir. Bu hədələrin qarşılığında müxalifət seçkisonrası situasiyaya necə hazırlaşır və repressiyaların olacağı ehtimalını real sayırmı? Ümumiyyətlə, müxalifətin seçkisonrakı proseslər, repressiyaların qarşısını almaq, yaxud saxtakarlıqlar əleyhinə mübarizə aparmaq üçün planları varmı?

- Biz hazırda seçkidə qələbə, uğur əldə etmək istiqamətində fəaliyyət göstəririk. Eyni zamanda hesab edirəm ki, Cəmil Həsənlinin çıxışlarında, dediklərində heç bir qanun pozuntusu yoxdur, əksinə, o, İlham Əliyevin, bütövlükdə hakimiyyətin, rejimin qanun pozuntuları haqqında həqiqətləri söyləyir. Əgər hakimiyyət cəsarət edib debatdakı mövzuları məhkəmələrdə də davam etdirmək istərsə, bu, demokratik düşərgənin mənafeyinə uyğun olacaq. Mən əminəm ki, hakimiyyət həqiqəti söylədiyinə görə Cəmil Həsənliyə heç nə edə bilməz və etməyəcək.

- Son günlər keçirilən Milli Şuranın mitinqləri ilə 2003-cü ilin mitinqləri arasında müqayisəli təhlillər aparılır. Bəzi ekspertlər hesab edir ki, 10 il əvvəl on minlərin, hətta yüzminlərin qatıldığı mitinqlər, cəmiyyətin fəallığı ciddi siyasi dəyişikliyə səbəb olmadısa, bugünkü aksiyalar və ümidsiz cəmiyyətlə də böyük nəticəyə nail olmaq mümkünsüzdür. Sizin bu kimi yanaşmalara cavabınız nədir?

- Hər mərhələnin öz fərqli cəhətləri var. Həqiqətən də 2003-cü ildə cəmiyyətdə fəallıq indikindən qat-qat daha çox idi. Amma indi hakimiyyətin, vəziyyətin dəyişməsini istəyənlərin sayı 2003-cü ildəkindən də qat-qat çoxdur. Ona görə də bu fərqin fəallığın azalmasını kompensasiya edəcəyini düşünmək olar. İstənilən halda biz sona qədər qanun çərçivəsində qələbə uğrunda mübarizə aparırıq və aparacağıq. Təbii ki, biz seçkidən sonrakı fəaliyyətimiz haqqında da düşünürük. O məsələlərin də danışılmasının öz vaxtı var.

- Bir müddət öncəyə qədər çox fəal olan ziyalıların bu gün mübarizə meydanından kənara çəkilməsi, seyrçi mövqedə durması siz tərəfdən necə qarşılanır?

- Ziyalılar Milli Şurada kifayət qədər fəaldırlar və seçki kampaniyasında da bir sıra ziyalılar xüsusi fəallıqla iştirak edirlər. Bütövlükdə isə kimin hansı fəallığı göstərməsi və ümumiyyətlə, 2013-cü il seçki prosesinin gedişi, bu prosesdə demokratik düşərgənin qəbul etdiyi qərarlar, atdığı addımlar və s. təbii ki, seçkidən sonra müzakirə mövzusu olacaq. İstənilən halda, qalib gəldiyimiz halda da, qalib gəlmədiyimiz halda da bu məsələlərin hamısı dəyərləndiriləcək.

- Hesab olunur ki, artıq xalqla açıq danışmağın zamanıdır. Seçki ərəfəsində sizin xalqa, seçiciyə ünvanlı nə kimi fikirləriniz var?

- Bu gün bizim seçiciyə mesajımız onun seçkiyə gəlməsidir. Seçkiyə gəlsinlər və səs versinlər. Mən əminəm ki, onlar doğrunun yanında olacaqlar və doğruya səs verəcəklər.

- Sadə seçicinin sual qarışıq bir arqumenti var: tutaq ki, gəlib səs verdik, bəs sonra nə olacaq? Yəni Cəmil Həsənliyə verilən səslərin qorunması mexanizmi varmı?

- İstənilən halda seçicidən bir vətəndaş olaraq, ölkədə ağır vəziyyətin dəyişməsini istəyən bir şəxs olaraq seçkiyə gəlmək tələb olunur. 5 ildə bir dəfə yarım saatlıq vaxtını seçkiyə sərf eləməyi sual mövzusuna çevirmək olmaz. Bunu hər bir vətəndaş etməlidir və inanıram ki, seçicilərin önəmli bir hissəsi bunu edəcək.

- Ayrı-ayrı məşhur simaların indiki dövlət başçısını dəstəklədiyi haqda mövqeyinə bir sıra hallarda müxalifətdən sərt reaksiya verilir. Siz bu cür dəstək bəyanatlarını necə qarşılayırısnız?

- İstənilən vətəndaşın istənilən mövqeyi tutmağa hüququ var. Sadəcə olaraq bu hakimiyyətə dəstək mesajlarının süni, təşkil olunmuş olduğu, tutduğu vəzifəyə, hakimiyyətdən aldığı rütbəyə, ada, təqaüdlərə, müavinətlərə, ordenlərə görə olması təbii ki, bir çox hallarda həmin o dəstəyin qeyri-səmimiliyini ifşa edir. Eyni zamanda biz çox qəribə mövqelər görürük. Məsələn, cəmiyyətlərdən birinin bir hissəsi Cəmil Həsənlini dəstəklədiyini bildirir, həmin cəmiyyətin digər hissəsi isə deyir ki, bizim cəmiyyət siyasiləşməməlidir, biz hamımız İlham Əliyevi müdafiə edirik. Yəni bu cür absurd açıqlamalar verirlər. Təbii ki, bu tipli dəstəklərin səmimi olduğuna inanmaq mümkün deyil.

- Parlament iclasında prezidentin şərəf və ləyaqətinin qorunması üçün ayrıca bir qanunun qəbulu barədə təkliflər səsləndi. Siz bu qanuna ehtiyac görürsünüzmü?

- Bu, köhnəlik əlamətidir. Çünki hər bir insanın şərəf və ləyaqəti qorunmalıdır, dövlət başçısının da, sıravi vətəndaşın da. İnsanlardan hər hansı birini fərqləndirmək monarxiya əlamətinə bənzəyir. Hesab edirəm ki, bu, geriyə doğru addım olardı.

- İsa bəy, bir çox hallarda vətəndaşların adı seçici siyahılarından kənarda qalır. Şəxsən sizə seçki ilə bağlı bildiriş vərəqəsi gəlibmi?

- Mənə bildiriş gəlməyib. Amma bizim evin qonşuluğunda seçki məntəqəsi var. Mən həmişə orda səs verirəm və inanıram ki, bu dəfə də problemsiz səs verəcəyəm.

- Müsahibəmizin dərc olunacağı gün - 2 oktyabrda seçkiyə bir həftə qalacaq. Siz seçkinin keçiriləcəyi növbəti həftənin çərşənbə gününü, həmin axşamı necə təsəvvür edirsiniz?

- Elə yeri gəlmişkən, mən sabah (bu gün-E.P.) Brüsselə səfərə yola düşürəm, Avropa Parlamentində görüşlərimiz olacaq. Döndükdən sonra bu mövzunu davam etdirməyə imkanlarımız olacaq. Biz Azərbaycanda azad və ədalətli seçkinin keçirilməsini və bütün vətəndaşlarımızı da bunun gerçəkləşməsi yolunda ortaya mövqe qoymasını istəyirik. Çünki konstitusiyamıza görə hakimiyyətin mənbəyi xalqdır və xalq, hər bir vətəndaş da konstitusiya hüququndan istifadə etməlidir.

- Avropa Parlamentində keçirəcəyiniz görüşlərin proqramı bəllidirmi?

- Qısamüddətli səfərdir. Oktyabrın 3-də Avropa Parlamentində əsas görüşlərimiz olacaq. Eyni zamanda demokratik düşərgənin mühacir hissəsi ilə də görüşlərimiz olacaq. Bizim çoxsaylı müsavatçı, cəbhəçi, başqa gerçək müxalifət partiyalarından olan mühacirlərlə görüş imkanlarımız olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar