Reportyor Mehman Hüseynov saxlanıldı - (YENİLƏNDİ)

Fotoreportyor Mehman Hüseynov bu gün səhər saatlarında polislər tərəfindən saxlanılıb. Musavat.com xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat veriblər.

Meşman Hüeynovun niyə saxlanıldığı məlum deyil. Polis əməkdaşları onu iş yerindən aparıblar.

***

RATİ-dən AzadlıqRadiosuna verilən məlumata görə, səhər saatlarında bir neçə mülki geyimli şəxs ofisə gəlib. Onlar Mehman Hüseynovla görüşmək istədiklərini bildiriblər. Mehman ofisin qarşısındakı həyətə çıxanda özlərini təqdim etmədən onu “Prado” markalı maşına mindirib aparıblar. Gələnlər RATİ əməkdaşlarına kim olduqlarını deməyiblər. Bir onu deyiblər ki, Mehman Hüseynovu Baş Polis İdarəsinə aparırlar.

RATİ əməkdaşlarının dediyinə görə, onlar Bakı Şəhər Baş Polis idarəsində olublar. Ancaq onlara Mehman Hüseynovun idarəyə gətirilmədiyini bildiriblər.

Bakı şəhər Baş Polis İdarəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna bildiriblər ki, onlar hər hansı məlumat verə bilməzlər: "DİN-in mətbuat xidmətinə zəng etmək lazımdır".

DİN-in mətbuat xidməti isə telefon zənglərinə cavab verməyib.

“Mehman Hüseynovu Baş Prokurorluğa aparıblar. Onu saxlayanda heç bir açıqlama verməyiblər. Noutbukunu istəyiblər. Hələ ki, başqa bir məlumat verilmir”.

Bu haqda AzadlıqRadiosuna Mehman Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib. Elçin Sadıqov deyib ki, «indi mən də Baş Prokurorluğa gedirəm».

Baş Prokurorluğun mətbuat xidmətindən bildirdilər ki, məlumat araşdırılandan sonra informasiya veriləcək.

Mehman Hüseynov ötən il iyunun 6-da da həbs olunmuşdu. Həmin vaxt haqqında Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdı. O, mayın 21-də İctimai Palatanın Bakı meriyasının binası qarşısında razılaşdırılmamış aksiya keçirərkən polis əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunmuşdu. Həmin vaxt iyunun 12-də tutulan jurnalist bir gün sonra iyunun 13-də buraxılmışdı.

***

"12.40 dan baş prokurorluğun qarşısındayam. Məni Mehmanın yanına buraxmırlar. Dindirməni aparan prokuror deyir ki, hələ cinayət işi başlamamışıq. Cinayət işi başlanmamış vəkilin və nümayəndənin iştirakı olmur bəyəm? Bunların Cinayət Prosesual Məcəlləsinin 19.3-cü maddəsindən xəbərləri yoxdur. Qəsdən belə edirlər ki, Mehmana hədə-qorxu gəlib istədikləri ifadəni alsınlar." Bunları bu dəqiqələrdə vəkil Elçin Sadıqov Facebook-da yazıb.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar