Britaniyalı jurnalist Anar Məmmədovun ayı kəsdirməyindən yazdı

"Azərbaycan hakimiyyəti fətullahçıların güclü şəbəkəsini tamamilə dağıtmaq niyyətində deyil"

Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğan və onun keçmiş hocası Fətullah Gülən arasında münasibətlər müharibə həddinə gəlib çatandan sonra bu ölkədə dövlət strukturlarında özlərinə möhkəm yer eləmiş fətullahçılara qarşı mübarizə Azərbaycana da sıçradı. Hakimiyyətdə təmsil olunan bir neçə fətullahçı, o cümlədən Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov baş nazir Ərdoğanın Azərbaycan prezidentinə təqdim etdiyi siyahı əsasında cəzalandırıldılar.

Lakin belə görünür ki, Azərbaycan hakimiyyəti Türkiyə hökuməti ilə münasibətlərə nə qədər önəm versə də fətullahçıların güclü şəbəkəsini tamamilə dağıtmaq və lideri Pensilvaniya ştatında (ABŞ) mənzillənmiş bu təriqətlə münasibətləri kəsmək niyyətində deyil. Ən azı ona görə ki, fətullahçılar Amerikada Azərbaycan üçün lobbiçilik etməkdə və erməni lobbisinin ölkəmizə qarşı düşmən fəaliyyətini neytrallaşdırmaqda işə yarayırlar. Təbii ki, havayı yox, Bakı neftinin pulları hesabına...

Britaniyalı jurnalist Rosiye Qrey məşhur “BuzzFeed” saytında dərc edilmiş məqaləsini bu sualla başlayır: “ABŞ-da Azərbaycan üçün lobbiçiliyi Fətullah Gülənin adamları edir. Bakı fəthullahçı hərəkatla birləşərək ABŞ-da Azərbaycan üçün əhəmiyyəti olmayan millət vəkillərini niyə ələ almağa çalışır?” (məqalənin xülasəsini “Azadlıq” radiosu yayıb).

Jurnalist yazır ki, Azərbaycan öz neft sərvətini siyasi dəstəyə çevirmək məqsədilə ABŞ millət vəkillərinin qəlbini və beynini ələ almaq üçün sürgündəki Türkiyə vaizi Gülən və Texas qubernatoru Rik Perrinin bacısı ilə birlikdə geniş kampaniyaya başlayıb.

Məqalədə deyilir ki, 2013-cü ildən bəri ABŞ-ın 17 ştatındakı yerli millət vəkilləri Azərbaycana aid müxtəlif qətnamə və memorandumlar qəbul ediblər. Onların əksəriyyəti Xocalı soyqırımı ilə bağlı ümumən dəstək və ya tanıma bildirən qətnamələrdir.

Müəllif qeyd edir ki, bu qətnamələrin ümumi cəhəti bundan ibarətdir ki, onların layihələrini yerli qanunvericilik orqanlarına təqdim edən millət vəkilləri bir qayda olaraq “Turquoise Council for Americans and Eurasians” adlı qeyri-hökumət təşkilatının 2013-cü ilin mayında Bakıda keçirdiyi konfransda iştirak ediblər.

Hyustonda qeydiyyatdan keçmiş bu təşkilat ABŞ-da könüllü sürgündə olan və hazırda Türkiyə hökuməti ilə qarşıdurmaya çıxmış Fətullah Gülənin “Hizmət hərəkatı” ilə bağlıdır.

Rosiye Qrey yazır ki, Azərbaycan hakimiyyəti Yuta, Nyu Meksiko, Tennesi, Kanzas, Cənubi Dakota, Missuri, Arkanzas, İndiana, Oklahoma, Texas, Arizona, Pensilvaniya, Missisipi, İllinoys, Qərbi Virciniya, Vayominq və Havay ştatlarında qaldırılmış təşəbbüslərdən təbliğat kimi istifadə edir.

2013-cü ildən bəri ABŞ-ın 17 ştatındakı yerli millət vəkilləri Azərbaycana aid müxtəlif qətnamə və memorandumlar qəbul ediblər. Onların əksəriyyəti Xocalı ilə bağlı ümumi dəstək və ya tanıma bildirən qətnamələrdir. Hərçənd bu qətnamələrin səsverməni aşa bilməyənləri də olur.

Məqalədə yazılır ki, Vaşinqtonda lobbiçiliklə məşğul olanlardan biri Azərbaycan nəqliyyat nazirinin oğlu Anar Məmmədovdur. “Sunlight Foundation təşkilatının məlumatına görə, məhz bu imicini yaxşılaşdırmaq üçün Azərbaycan təkcə ötən il lobbiçiliyə 2,3 milyon dollar sərf edərək ABŞ-da ən çox pul xərcləyən 10 ölkədən birinə çevrilib” - deyə müəllif yazır.

Məqalədə deyilir ki, Azərbaycan ABŞ-da lobbiçilik fəaliyyətini əsasən bir neçə qurum vasitəsilə həyata keçirir. Onlardan biri də yeni yaradılmış Azərbaycan Amerika Alyansıdır (Azerbaijan America Alliance): “Azərbaycan Amerika Alyansına nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov başçılıq edir. Bu, həmin Anar Məmmədovdur ki, deyilənlərə görə, Qəbələdəki restoranların birində saxlanan ayının kəsilib qızardılması üçün 1 milyon dollar xərcləyib”.

Ekspertlər bildirir ki, belə təşkilatlara adətən Azərbaycan elitasının övladları rəhbərlik edir. Cənubi Qafqaz üzrə tanınmış analitik Tomas de Vaalın fikrincə, “oliqarx balalarının xaricdə lobbiçilik etməsi Azərbaycan fenomeninə çevrilib”.

Adının çəkilməsini istəməyən bir Azərbaycan eksperti isə bildirib ki, bu alyans Məmmədovların hakimiyyət üçün əhəmiyyətini vurğulamaq məqsədilə yaradılıb.

Müəllif qeyd edir ki, ABŞ millət vəkilləri ilə əlaqəni Vaşinqtonda mənzillənmiş “Robert + White” şirkəti vasitəsilə yaradır. Məqalədə deyilir ki, “Turquoise Council for Americans and Eurasians” təşkilatına fəthullahçı hərəkatın davamçılarından Kamal Öksüz rəhbərlik edir. O da qeyd olunur ki, K.Öksüz Texasda yerləşən “TDM Contracting” şirkətinin sahibidir. Bu şirkət ABŞ-dakı Gülən məktəblərinin tikintisini maliyyələşdirib. K.Öksüz isə fəaliyyətində heç bir qanunsuzluq olmadığını iddia edib. O deyir ki, təşkilatın fəaliyyəti Qazaxıstan, Azərbaycan və Türkiyəyə səfərlər təşkil etməkdən ibarətdir.

Nyu Meksiko ştatının senatoru Jerry Ortiz y Pino “BuzzFeed” saytına müsahibəsində deyib ki, özü və həmkarları Azərbaycana 2012-ci ildə səfər ediblər. Senator bildirib ki, “Azərbaycan özünün ABŞ-dakı imicini bərpa etmək və ABŞ hökumətinə və Amerika xalqına dəstəkçi olduğunu nümayiş etdirmək istəyir”.

Vayominq ştatının nümayəndəsi Deyv Zvonaytzer deyir ki, onunla və daha 4 Vayominq millət vəkili ilə “Mosaic Foundation” adlı fəthullahçı qrup əlaqə yaradıb və Bakıya pulsuz səfər təklif edib. Təşkilatın nümayəndəsi deyib ki, Bakıya bütün ABŞ-dan 4 avtobus siyasətçi gedir. D.Zvonaytzer bildirir ki, onun və həmkarlarının yerli qanunvericilik orqanına təqdim etməli olduqları qətnamənin standart mətnini də elə həmin “Mosaic Foundation” verib: “Doğrudur, biz bir cümləni dəyişdik, lakin qətnamə onsuz da keçmədi. İndi onlar buna bənzər başqa bir təşəbbüsü 2015-ci ilin sessiyası üçün hazırlayır”.

Ekspertlər bildirir ki, azərbaycanlılar bu sayaq fəaliyyətlə ABŞ-dakı erməni lobbiçilərlə yarışmaq üçün məşğul olurlar.

“Onlar bir növ Amerika-erməni qruplarının Kaliforniyada etdiklərindən nümunə götürürlər” - deyir ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç. O deyir ki, ermənilər də Ermənistan və Dağlıq Qarabağın adından dəfələrlə müxtəlif qətnamələr hazırlayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar