ŞİMALİ KOREYA BÖHRANI: ABŞ-ın ƏLİNDƏKİ KARTLAR – Qabaqlayıcı zərbə nə ilə nəticələnə bilər?

Əgər nəzərə alsaq ki, Pxenyanın əlində artıq on ildir ki, nüvə silahı və ballistik raketlər var, onda belə bir sual yaranır: Bəs nəyə görə bu cür çaxnaşma məhz indi baş verir? Çünki Şimali Koreya nüvə sıçrayışını hədəfləyib!

Pxenyan rejimi açıq şəkildə bəyan edib ki, o, ABŞ-a qədər gedib çatacaq və Kim Çen Inın düyməyə basdığı zaman istənilən Amerika şəhərini dağıda biləcək qitələrarası ballistik raketin yaradılmasına doğru yaxınlaşır.

Şimali Koreya blef etmir. Onlar bərk yanacaqla işləyən raketlərin yaradılmasında əhəmiyyətli tərəqqiyə nail olublar. Bu tip raketləri sürətlə döyüş hazırlığı vəziyyətinə gətirmək və asan gizlətmək mümkündür ki, belə olan halda həmin raketlərin rəqib tərəfindən aşkarlanması və qabaqlayıcı zərbə vurulması mürəkkəbləşir.

Bununla bərabər Pxenyan durmadan öz nüvə arsenalını böyüdür. Bu gün Şimali Koreyanın əlində təxminən 10-16 nüvə başlığı var. 2020-ci ilədək bu say 100-ə yüksələ bilər. Müqayisə üçün deyək ki, Böyük Britaniyanın təxminən 200 ədəd nüvə başlığı var. Belə halda isə, böhran başlayır. Əlbəttə ki, ABŞ Kim Çen Ina Amerika şəhərlərini məhv etmək imkanı verməməlidir.

Bəziləri Pxenyan rejiminin apardığı siyasətin önlənməsinin vacib olmasında israr edəcəkdir. Əgər bu illər ərzində Amerikanın apardığı belə bir siyasət rusları və çinliləri önləməyə imkan veribsə, onda nəyə görə bu Şimali Koreyaya da tətbiq olunmasın?

Əgər söhbət sağlam düşüncəli rəqibdən gedirsə (Sovet İttifaqı kimi), hətta bu da hər şeyin normal gedəcəyinə təminat vermir. Belə ki, 1962-ci ilin oktyabrında biz nüvə müharibəsinin astanasında dayanmışdıq.

Şimali Koreya rejimi kəskin ekssentrikdir. Bu ölkə xarici dünya üçün qapalıdır və orada qeyri-adekvat, inanılmaz qəddar və nə edəcəyi bəlli olmayan ilahiləşdirilmiş bir çar əyləşib. Təbii ki, belə bir qəddar Kaliqulaya etibar etmək olmaz. Şimali Koreyada bir nəfərə sitayiş bəslənilən barbar rejim mövcuddur, ölkə əhalisi isə insan-robotlardır. Əgər Səddam Hüseynin İraqı həbsxana idisə, onda Şimali Koreya qarışqalar müstəmləkəsidir. Belə bir rejimin önünün durdurulması mümkün deyilsə, onda bunun qarşısı alınmalıdır. Necə? Ən böyük ümid Çinədir. Çin öz təsir imkanlarından istifadə edərək Şimali Koreyanı nüvə proqramından əl çəkməyə məcbur edə bilər.

Uzun illər ərzində çinlilər Pxenyanı qorxutmağa cəhd göstərsələr də, onlar az da olsa heç bir qətiyyətli addımlar atmayıblar. Çinin bunu etməməsinin səbəbi heç də onun Pxenyan rejiminin çökməsindən sonra yarana biləcək kütləvi qaçqınlar axınından qorxması ilə bağlı deyil. Əsas problem həm də ondadır ki, Pxenyan rejimi çökdüyü təqdirdə, Cənubi Koreya Çinlə demək olar ki, sərhəd olacaq.

Bəs, nəyə görə çinlilər indi ABŞ-a kömək etməlidirlər? Bir neçə səbəbə görə. Onlar münasibətlərin gərginləşməsinə qarşı olmasalar da, ancaq müharibəni istəmirlər. Müharibənin baş vermə riski isə artır.

Şimali Koreyanın nüvə silahına qarşı regionda raket əleyhinə müdafiə sistemlərinin yaranması Çinin maraqlarına ciddi ziyan vurur. Cənubi Koreya çox sürətlə öz ərazisində “THAAD” Raket Əleyhinə Müdafiə sistemləri quraşdırmaq istəyir. Bunu Yaponiya da edə bilər.

“THAAD” sisteminin quraşdırılmasının başlıca strateji məqsədi Şimali Koreya ərazisindən istiqamətlənmiş raketləri izləmək və onları vurmaqdır. İstənilən raket qalxanı kimi o, Çinin nüvə arsenalının vuruş qabiliyyətini aşağı salmaqla yanaşı Çinin raketlərinin aşa bilməyəcəyi müdafiə sistemi qurğusudur.

Əgər böhran dərinləşərsə, onda Cənubi Koreyanın və ən əsası isə, Yaponiyanın öz nüvə silahının istehsalına başlayacağı ehtimalı gerçəkləşə bilər. Bu isə Çin üçün tamamilə qorxulu bir kabus deməkdir. Bütün bunlar Amerikanın oynaya biləcəyi əsas katrlardır. ABŞ öz qarşısına aydın məqsəd qoymalıdır. Minimum hədəf Pxenyanın nüvə silahının sınağının dondurulmasıdır. Maksimum isə, rejimin dəyişməsidir.

Şimali Koreyanın müstəqil dövlət kimi qalması Amerikaya sərf edər, amma bu müstəqilliyin “Finlandiyalaşmaya” bənzər prinsip əsasında təşkil olunması daha yaxşı olar. Yəni ehtiyatlı neytrallılıq siyasəti və güclü qonşusuna münasibətdə güzəştlərə getmək siyasətinin yürüdülməsi.

Soyuq müharibə zamanı Finlandiya müstəqil idi, (Razılaşmaya müvafiq olaraq) amma xarici siyasət məsələlərində həmişə rusiyapərəst olub. İndiki vəziyyətdə ABŞ Şimali Koreyanın müstəqil olmasına təminat verərdi. Lakin bir şərtlə ki, o, daima Çinə meyilli olsun. Pxenyanda qurulan rejim hər hansı bir düşmən alyansa daxil olmaqdan imtina etməlidir.

Bəli, burada razılığa gəlinməlidir. Bu razılaşma isə ABŞ-ın öz qətiyyətini nümayiş etdirməsi ilə möhkəmləndirilməlidir. Şimali Koreyanın nüvə obyektlərinə və raket komplekslərinə preventiv zərbələrin vurulması hədsiz təhlükəli olardı. Çünki bu, yəqin ki, milyonlarla ziyan çəkmiş insanın Cənubi Koreyaya axını ilə nəticələnə bilər. Həqiqətən də ABŞ öz müdafiə qabiliyyətini və Şimali Koreyanın gücünün effektivsizliyini nümayiş etdirərək, onların raketlərini, uçuş trayektoriyasının ortasında vurub salmağa cəhd göstərə də bilər.

Koreya böhranı doğrudan da mövcuddur və o, getdikcə artır. Lakin Amerika bu məsələdə əlacsız və köməksiz vəziyyətdə deyil. Onun seçimi, gücü və vasitələri var. Onların işə salınmasının vaxtıdır.

(The Washington Post)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar