“BAKCELL”İ “MANCHESTER UNİTED”Ə BAGLAYAN NƏDİR? – Milyonlar İngiltərəyə niyə axıdılır?

“Atletiko”dan fərqli olaraq, ingilis klubunda Azərbaycanı xatırladan hər hansı işarəyə belə rast gələ bilməzsiniz

“Bakcell”in müştəri xidmətlərinin birində qəribə mənzərə ilə rastlaşdıq. Yox, söhbət bu müştəri xidmətlərinin onsuz da çox futbol azarkeşlərinin tanıdığı qaradərili və digər rəngli futbolçuların şəkilləri ilə bəzədilməsindən getmir. Bizim marağımıza səbəb olan yaşlı bir qadının “Bakcell”ə şikayəti idi. Futbol və təbii ki, “Manchester United” barədə heç bir anlayışı olmayan qadın ona qəribə, anlaşılmaz mesajlar gəlməsini, bu da bir tərəfə, həmin mesajlara görə də konturlarının “yeyildiyini” deyirdi...

Bəli, əslində söhbət bir çox “Bakcell” abunəçilərinin rastlaşdığı “Manchester United”lə bağlı PULLU xəbərlərin müştərilərə sırınması kimi anormallıqdan gedir. Yeri gəlmişkən, bu hoqqalar müxtəlif formalarda Azərbaycandakı bütün mobil operatorlarda var.

Nə isə, pensiya ilə dolanan yaşlı qadının hansısa yanlışlıqla basdığı düymə, onun üçün dəyərli olan qəpik və hətta manatlarının operator tərəfindən yeyilməsilə nəticələnib. Belələri isə minlərlə, yüzminlərlə və bəlkə də milyonlarladır. Şükürlər olsun ki, Azərbaycandakı mobil nömrələrin sayı ölkə əhalisindən çoxdur! Bunlar da hansısa düyməni səhv basmaqla hansısa kampaniyaya qoşulur və getdi pullar...

Bəs görəsən o pullar hara gedir? Bax, cavab veriləsi sual budur.

İngilis klubuna axıdılan pullar nəyə xidmət edir?

Yəqin hamı “Bakcell”in “Manchester UNİTED”in oyunçuları ilə reklamlarını görüb. Bu reklamlara yalnız Azərbaycanda tez-tez rast gələ bilərsiniz, hər halda biz, bunu ölkəmizdən kənarda görməmişik. Digər tərəfdən, bu reklamların və “Bakcell”in tərəfdaşlıq adlandırdıgı sövdələşmənin sözügedən şirkət tərəfindən neçəyə rəsmiləşdirildiyi heç kimə bəlli deyil. Belə ki, kommersiya sirridir! Yaxşı, bəs görəsən min bir yolla Azərbaycan istehlakçısının cibindən dartıb çıxardıqları pulların dünyada heç bir reklama ehtiyacı olmayan kluba axıdılmasının arxasında nə durur? Yaxud, onsuz da ölkədə ən populyar operatorlardan olan “Bakcell”in külli miqdarda vəsait ayırıb, bu mənasız reklam kampaniyası aparmasının şirkətin özünə, Azərbaycan vətəndaşına və büdcəsinə hansısa xeyrindən danışmaq olarmı? Hansısa yaşlı qadının bilməyərəkdən itirdiyi pulları ingilis klubuna axıtmağın adı nədir? Ümumiyyətlə, bu pul axının şəffaflığına kim təminat verə bilər..?

“Bakcell” tərəfdaşlıq üçün kasıb bir Azərbaycan klubunu seçə bilməzdimi?

Məlumat üçün deyək ki, əsl sahibləri olaraq Azərbaycandakı bəzi məmur- oliqarxların adı hallandırılsa da, rəsmən şirkətin başında adətən əcnəbilərin adı keçib. Hal-hazırda şirkətin başında Riçard Şirer durur. Ad və soyada baxsanız bioqrafiya ilə bağlı bütün suallara cavab tapa bilərsiniz və ingilis klubu ilə də məhz o gələndən sonra tərəfdaşlıq müqaviləsi bağlanmasına dair tam təsəvvür yaranar. Doğrudur, hər bir şirkət tərəfdaş seçməkdə azaddır, xüsusilə də Azərbaycanda..! Ancaq heç olmasa bu “tərəfdaşlıq” Azərbaycanın pullarının kimlərinsə cibinə axıdılması ilə bərabər, heç olmasa az-şox ölkəmizin tanınmasına xidmət edə bilər, məsələn “Atletiko” Madrid klubu timsalında. Bir çox Azətbaycan siyasətçiləri, dövlət xadimləri və mənasız diaspor təşkilatlarının uzun illərdə edə bilmədiklərini Azərbaycan adını bu klubun formasına yerləşdirənlər edə bildi. Bəs “Bakcell” nə etdi? “Manchester United”in formasında buraxın Azərbaycanı, heç olmasa “Bakcell”in özünü xatırladan bircə işarəyə rast gələ bilərsinizmi? Xeyr! İldə 2-3 uşağa “Old Trafford” stadionunu göstərib qaytarmaqla futbol inkişaf edir, yoxsa Azərbaycan tanınır?

Ümumiyyətlə, büdcəsi fantastik rəqəmlərlə ölçülən bir əcnəbi kluba “maya buraxmaqdansa”, maddi çətinlik çəkən Azərbaycan klublarının dirçəlməsinə kömək etmək lazımdır. Ən azından ona görə ki, “Bakcell” nömrələrini alıb ona kontur yükləyən, deməli həm də şirkətə xeyir verən hansısa Eşli Koul yox, yenə də pis-yaxşı top qovub, ölkənin adını yüksəltmək üçün tər tökən yerli futbolçularımızdır!

Nə isə, yenə də başlıqda qoyduğumuz sual təəssüf ki, açıq qalır – “Bakcell”i “Manchester Yunayted”ə bağlayan nədir, yaxud kim və kimlərdir?

TAHİR M.

“Azpolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar