"Problem yaratmasalar, bu layihə ilə bütün Azərbaycanı əhatə edəcəyəm" - Adil Əliyev

Təhsil Nazirliyi Kikboksinq Federasiyası ilə layihə həyata keçirir

Azərbaycan Təhsil Nazirliyi Kikboksinq Federasiyası ilə layihə həyata keçirir. Bu barədə Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev jurnalistlərlə görüşündə deyib.

O bildirib ki, bu layihə yeniyetmələri idmana cəlb etmək məqsədi daşıyır: "Orta məktəblərdə idman zalları açacağıq. Biz çalışırıq ki, onlar üçün şərait yaradılsın. Bir müddət əvvəl yeniyetmələr arasında keçirdiyimiz yarışa 150, maksimum 180 yeniyetmə qatıldı. Bu il isə 1000 nəfər uşaq respublika çempionatına qatılıb. Bu o deməkdir ki, çağırışda hərbi xidmətə 1000 nəfər çevik, hazırlıqlı əsgər gedir. Hesab edirəm ki, bu il respublika çempionatına 1000 nəfər uşaq qatılıbsa, gələn il 3000-5000 arası olacaq. Mən məktəblərdəki bu cür tədbirlərlə buna nail olacağam. Məktəblərdə uşaqlara seminar keçəndə müşahidə edirəm ki, onların hamısı görmək, eşitmək istəyir. Mən məktəblərdən əvvəl institutlarda tələbələrlə görüşdüm. Universitet tələbələrinin vaxtı olmur. Onlar həm oxuyur, həm də valideynlərinə kömək etmək üçün işləmək istəyirlərlər. Ona görə də bu, universitet tələbələri arasında bir o qədər effekt vermir. Bu layihə məktəblilər arasında daha çox effektlidir. Uşağa əzəldən idman aşılasan, o idmançı əhval-ruhiyyəsində böyüyəcək. Onun üçün də bu, çox böyük əhəmiyyətli işdir".

A.Əliyev bu layihəyə əngəllərin olacağını istisna etməyib: "Problem yaratmasar, bu layihə ilə bütün Azərbaycanı əhatə edəcəyəm. Artıq elan da vermişik. Bu gün yaxşı idmançını şamla axtarırlar. Çünki bunun qonorarı, mükafatlandırılması var. Bu uşaqla bərabər onun müəllimi üçün də önəmlidir. Artıq 4 məktəbdə seminar keçirmişik. Bunu daha da genişləndirəcəyik".

Deputat məktəblərdə kikboksinq dərsləri keçən müəllimlərin əmək haqlarını Kikboksinq Federasiyasının ödəyəcəyini bildirib: "Müəllimlərin əmək haqlarını hələlik federasiya ödəyəyək. Qeydiyyat başlayıb, sentyabrdan fəaliyyət göstərməyə başlayacaq. Müəyyən qisim uşaqlar üçün pulsuz olacaq, müəyyən uşaqlar isə cüzi ödəniş edəcək. Məsələn, kənarda aya 50, 100 manata idman salonlarına gedirlərsə, burada simvolik olaraq 30 manat ödəyəcəklər. Bu da müəllimlər, zal və digər xərclərə sərf olunmağa bəs edəcək.

Artıq məktəblərdə bizim görüşlər çox böyük həvəslə qarşılanır. Biz düşünürük ki, birdən məktəbdə görüşümüz narahatlıq yaradar. Amma görürük ki, həm Təhsil Nazirliyi, həm də məktəblər bu görüşləri keçirməyimizi istəyirlər. Mən öz seçildiyim ərazidəki məktəblərə tanınmış idmançıları, olimpiya və paralimpiya çempionlarını, qazilərimizi aparıram. Bu, çox yaxşı effekt verir. Bu, başqa məktəblərdə də olsa, daha yaxşı olar. Məqsədim odur ki, bütün federasiyalar kütləviliyi təmin etməlidir. Prezident İlham Əliyev də həmişə deyir ki, bu cür işlərdə kütləvilik olsun. Əvvəla uşaqlar cinayətkarlıqdan, narkomaniyadan, internet klublardan, qəlyanxanalardan yığışırlar, ikincisi, orduya sağlam əsgər yetişir, üçüncüsü, beynəlxalq arenada daha çox idmançı təmsil edilir. Hər federasiya öz işi ilə səmərəli məşğul olmalıdır. Mən saxta federasiyaların qarşısını almaqdan yorulmuşam".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar