QORXU VƏ İRƏLİYƏ DOĞRU SIÇRAYIŞ ARASINDA – Fransa hansını seçəcək?

Donald Tramp “Elisey çölləri”ndə (Parisin mərkəzi prospekti belə adlanır) polis əməkdaşına qarşı törədilən terror hücumunun Fransadakı seçkilərə neqativ təsir göstərəcəyini bildirsə də, bu baş vermədi. ABŞ prezidenti Marin Le Penin qələbə çalmasını gizli şəkildə dəstəkləyirdi. Bu isə nəhayətdə ona özünü öncəgörən rolunda aparmağa və eyni zamanda da, sağ populizmi möhkəmləndirməyə imkan verdi.

Lakin son dövrlər daima tənqid atəşinə tutulan sosioloqlar öz proqnozlarında yanılmamışdılar. Aparılan rəy sorğusunun nəticəsinə görə, liderlik edən iki namizəd 7 may tarixində prezidentlik uğrunda keçiriləcək seçkilərin ikinci turunda mübarizə aparacaqlar.

Beləliklə, yarış Emanuel Makron və Marin Le Pen arasında gedəcək. Fransanın gələcəyini tamamilə bir-birinə zidd şəkildə görmək istəyən iki rəqib qarşı-qarşıya gələcəklər. Seçicilərin tam aydın görünən alternativi olacaq: Başgicəlləndirici karyeraya malik Makron qətiyyətli formada Avropapərəst kursun, modernləşmənin tərəfdarı kimi çıxış edir. O, qloballaşmanın çağırışlarını yaxşı anlayır və Fransua Mitterandan bu yana heç bir prezidentin həyata keçirmədiyi struktur islahatlarının reallaşdırılmasını istəyir. Makron hərəkatının hədəfində irəliyə doğru sıçrayış dayanır. Bu “En Marche”- “İrəli” hərəkatı yalnız keçən il meydana gəlib və ilk öncə fransız gəncləri arasındakı təşəbbüskarlığı alovlandırıb.

Marin Le Pen isə öz növbəsində Avropa Birliyindən ayrılma, proteksionizmə və 19-cu əsr milliyətçiliyinə qayıdışa çağırır.

Əgər Makron cəsurcasına nikbinliyini saxlayaraq, ölkəyə fayda gətirəcək yeniliyə doğru hərəkətə çağırırsa, Le Pen “Xalq naminə” şüarı ilə “Əsl Fransa”nın müdafiəçisini təmsil edir. Marin Le Penin La Manş boğazından tutmuş, fransız rivyerasınadək olan mitinqlərində “Fransa fransızlar üçün”, ”Biz evimizdəyik” kimi şüarlar səslənir. Sağ populistlərin nümayəndəsi öz maraqları naminə fransızların ölkələrində özlərini “qərib” kimi hiss etmə duyğusundan və böyük şəhərlərin ətraf rayonlarındakı cinayətkarlıqdan və terror qarşısındakı qorxularından istifadə etdi. Marin Le Pen çıxışlarında əsas etibarıyla müsəlmanlar və Brüssel bürokratiyasına qarşı fikirlərini dilə gətirirdi.

Seçki öncəsi başlıca söhbətlər Fransa haqqında və seçki kampaniyası bərəsində deyil, inqilab və müqavimət, sistem böhranı, dəyişikliklər və əlbəttə ki, azadlıq, bərabərlik və qardaşlıq ideyalarından gedirdi. 1789-cu il idealları, yolundan sapmış qloballaşmanın, sosial ziddiyyətlərlə bölünmüş və terror zədələrindən əziyyət çəkən kövrək cəmiyyətin əsaslarını təşkil edir.

Hərçənd ki, son dövrlərdə baş verən hadisələr nəticəsində Fransa siyasi və iqtisadi cəhətdən böyük dövlət kimi, əhəmiyyətli dərəcədə ziyan görüb, amma Fransa əvvəlki kimi öz reflekslərini ortaya qoymaq və mədəni debatlar həyata keçirmək üzrə Avropa çempionu reputasiyasını özündə saxlayır. Müzakirələrin içərisindəki pessimizm, hərdən isə mazoxizm və məyusluq düşüncələrinə dalmaq, fransız psixikasının tərkib hissəsi sayılır.

Bu yaz günlərində hər beş ildən bir olduğu kimi, arenalardan, televiziya studiyalarından pafos dolu sözlər guruldamağa başladı. Amma fransızlar bu boşboğazlıqlara qulaq asmırdı. Çünki fövqəladə vəziyyət və terror hücumu səbəbindən yaranan əsəb gərginliyi onları daxildən yeyir. Onlar əsaslı dəyişikliklər olmadan ağır əzablardan qurtulmaq istəyirlər.

Beləlkilə, biz son bir neçə həftə ərzində qorxu və aqoniya arasında tərəddüd edən, depressiya və üsyan arasında tənzimlənən və həm özünə, həm də öz siyasətçilərinə olan inamını itirmiş bir ölkə gördük.

Deyirlər ki, birinci raundda fransızlar ürəkləri, ikinci raundda isə beyinləri ilə seçirlər. İndi demək olar ki, bütün siyasi partiyalar, 2002-ci ilin seçkilərində Jan Mari Le Penlə yarışan Jak Şirakı dəstəklədikləri kimi, Makronu dəstəkləyirlər. Ancaq 39 yaşlı namizəd öz seçicilərini Şirak, Sarkozi və ya Oland kimi məyus etməməlidir. Ona görə ki, əgər belə olarsa, onda həqiqətən də, Marin Le Pen nə vaxtsa Yelisey sarayında peyda olacaq.

(Die Presse- Avstriya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar