"Mənimlə bağlı söylədikləri yalandır" - Zərərçəkmiş etiraz edir 

Artıq bir neçə gündür ki, Prezidentin bu ilin mart ayının 16-da imzaladığı əfv sərəncamına sonradan müdaxilə olunmasına dair açıqlamalar ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Bu açıqlamanı “AzPolitika.info”ya adı Prezidentin 16 mart 2017-ci il əfv sərəncamı ilə əfv olunmuşların siyahısında mətbuatda yayımlanan Mahmudov Elvin Bəxtiyar oğlunun anası Bənövşə Mustafayeva tərəfindən verilib. O, konkret faktlarla oğlunun əfvə düşdüyünü, ancaq əvəzində adı və soyadı oğluyla eyni olan, ancaq atasının adı, təvəllüdü fərqli olan başqa birinin azadlığa buraxıldığını bildirib. Qeyd edib ki, çoxsaylı müraciətlərindən sonra Prezident İlham Əliyev tərəfindən Mahmudov Elvin Bəxtiyar oğlu əfv edilsə də, əvəzində hansısa “qara qüvvələrin” müdaxiləsi ilə Mahmudov Elvin Habil oğlu azadlığa buraxılıb.

Penitensiar Xidmət tərəfindən isə bu məlumat təkzib olunub. Mahmudov Elvin Bəxtiyar oğlunun əvf üçün müraciət etdiyi, ancaq sərəncama adının düşmədiyi iddia edilib. Ancaq qəribə də olsa dünənə qədər Penitensiar Xidmətin öz rəsmi saytında belə əfvə düşənlərin siyahısında Mahmudov Elvin Bəxtiyar oğlunun adı göstərilmişdi.

Bütün bu idialarla bağlı açıqlama verən, sözügedən hadisədə zərərçəkmiş olan Anar Məmmədov isə deyilənlərin həqiqətə uyğun olmadğını, ona qarşı böhtan atıldığını söylədi.  “Bənövşə Mustafayeva oğlunun mənə kiçik bir xəsarət yetirdiyini iddia etsə də, əslində 4 bıçaq zərbəsi vurub. Bu fakt məhkəmə - tibb ekspertizasının rəyində də öz təsdiqini tapıb. Orada göstərilib ki, həmin bıçaq zərbələri bədənimdə kütləvi qan itirilməsinə səbəb olan, həyat üçün təhlükə yardan, sağlamlığa ağır zərər verən yaraların açılmasına səbəb olub. Bu səbədən də mən 14 gün abulator şəraitdə müalicə almışam. Bunu təsdiq edən sənədləri də var. Ona görə də, Bənövşə Mustafayevanın bu dedikləri həqiqəti əks etdirmir, oğlunu müdafə etmək üçün belə yanlış fikirlər səsləndirir. Mənimlə bağlı söylədikləri yalandır.  Onun oğlu ilə bağlı əvvələr də cinayət işi qaldırılıb. Mənə isə ağır xəsarət yetirdiyi üçün həbs olunub.  Mənim keçmiş MTN əməkdaşı olduğum haqda deyilənlər də həqiqəti əks etdirmir”.

O ki qaldı cəzaçəkmə müəssisəsində yerinin dəyişdirlməsinə, A. Məmmədov bununla da heç bir əlaqələri olmadığını söylədi: "Bizim elə bir səlahiyyətimiz də yoxdur ki, kiminsə yerini dəyişə bilək. Bu cəzaçəkmə müəssisəsinin rəhbərliyini və ya Ədliyyə Nairliyinin səlahiyyətində olan məsələdir. Ola bilsin ki, qaydaları hansısa şəkildə pozub, ona görə də yeri dəyişdirilib.”

Əvf məsələsinə gəldikdə isə, Anar Məmmədov bildirdi ki, bu haqda heç bir məlumatları yoxdur və maraqlanmırlar: “Mətbuatda adım getdiyi üçün, bu məsələdən xəbər tutmuşam. Ancaq detalları bilmirəm, bilmək də istəmirəm.”

Anar Məmmədov sonda bildirdi ki, onunla bağlı səsləndirilən yalan fikirlərə görə hüquq-mühafizə orqanlarına müraciət edəcək.

R. Əliyev

AzPolitika.info

[gallery columns="5" ids="316479,316478,316477,316476,316475"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar