Azərbaycan üçün Kremlin yeni Qarabağ ilgəyi

Rusiya işğalçı ilə işğala məruz qalan ölkəni bu dəfə Avrasiya İttifaqında birləşdirmək istəyir, amma necə, bəlli deyil

Ermənistanın Avrasiya İttifaqına (Aİ) Dağlıq Qarabağla, yoxsa Qarabağsız girməsi ətrafında diskussiyalar davam edir. Rəsmi İrəvan artıq bəyan edib ki, yeni quruma yalnız Ermənistan daxil olsa da, bu üzvlük Qarabağ probleminin həllinə müsbət təsir edəcək. Ancaq necə, nəyin hesabına - suala aydınlıq gətirilmir.

Çünki sual çoxşaxəli və qəlizdir, ən əsası, Rusiya ona hələ münasibət açıqlamayıb. Moskva yəqin ki, Azərbaycanın Aİ-yə qoşulub-qoşulmayacağı ilə bağlı cavabı gözləyir. Bəlli olduğu kimi, artıq Rusiya özünün iqtisadiyyat naziri vasitəsi ilə Bakıya belə bir təklif gəlib.

Yeni təşkilatın Astanada keçirilmiş təsis toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya reverans xarakterli bəyanatı da daxil, mövzu Rusiyanın siyasi və ekspert dairələrinin də diqqət mərkəzindədir. Məsələn, moskvalı qafqazşünas politoloq Aleksandr Krılov hesab edir ki, Ermənistan Qarabağ məsələsini Avrasiya İttifaqı ölkələri ilə yalnız aktiv dialoq vasitəsilə çözə bilər. Sitat: “Mən Ermənistanda qaldırılmış hay-küyü başa düşə bilmirəm. Axı söhbət təşkilata beynəlxalq birlik tərəfindən tanınan Ermənistanın qoşulmasından gedir. Ermənistanın özü də bəyan edir ki, Dağlıq Qarabağ onun tərkib hissəsi deyil və onun müstəqilliyini tanımır. Bundan əlavə, Dağlıq Qarabağın üzvlüyündən söhbət belə getmir. Odur ki, hər şey məntiqlidir”.

Politoloqa görə, Dağlıq Qarabağın hansısa ittifaq qoşulması qəribə olardı: “Digər sual budur ki, situasiya necə inkişaf edəcək. Başa düşüləndir ki, dialoq variantında, Ermənistanın üzv olacağı halda İrəvan məsələni hansısa forma nizamlamalıdır ki, Dağlıq Qarabağın erməni əhalisi ziyan çəkməsin”.

Ermənistanda Krımla Dağlıq Qarabağ arasında Aİ kontekstində aparılan paralelliyi şərh edən rusiyalı analitik deyib: “Krım problemi yoxdur. Vacib deyil ki, Qazaxıstan Rusiyanın siyasətini bölüşməyən dünya liderləri ilə diskussiya aparsın, çünki Ermənistanla bağlı məsələdə bütün üzvlər onun Qarabağla bağlı mövqeyinə hörmət edəcəklər. Ermənistan real siyasət yürütməlidir, nəinki quruma üzvlüklə üç ölkənin Dağlıq Qarabağın müstəqilliyini və ya Ermənistanın tərkib hissəsi kimi tanımasına ümid eləməlidir - hansı tanınmaya ki, heç özü də getməyib”.

***

Göründüyü kimi, rusiyalı ekspert də yaxın perspektivdə separatçı rejimin postsovet məkanının hansısa ölkəsi, o cümlədən Rusiya tərəfindən müstəqil dövlət və ya Ermənistanın tərkib hissəsi kimi tanınacağını real saymır və İrəvana illüziyalarla yaşamamağı tövsiyə edir. Şübhəsiz, gerçəyi Ermənistan yaxşı bildiyindən, özü də tanınma addımına risk etmir, Moskvanın ağzına baxır, çünki Azərbaycan torpaqlarının faktiki işğalçısı Rusiyadır, satellit Ermənistan yox.

Xatırladaq ki, Ermənistan “yeni SSRİ”nin təsisçisi olmadığından, quruma tamhüquqlu üzvlüyü 2015-ci il yanvarın 1-dən yox, az sonra rəsmiləşəcək, əgər buna kimi müvafiq sənədi imzalayacaqsa. Həmin sənədin isə iyunun 15-də imzalanacağı gözlənilir.

Bu arada isə işğalçı ölkədə məsələ ilə bağlı müzakirələr, diskussiyalar getdikcə qızışmaqdadır. “İrs” timsalında ən qatı müxalifət hesab edir ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşulmaqdan imtina eləməli, Sərkisyan iqtidarı isə istefaya getməlidir. Ancaq alternativ yolun ölkəyə, separatçı rejimə baha başa gələcəyini bildirib, ayrı yolun qalmadığını söyləyənlər də kifayət qədərdir.

Öz növbəsində mötədil müxalifət - Erməni Milli Konqresinin nümayəndəsi Vladimir Karapetyan hesab edir ki, Sərkisyan öz bəyanatı ilə ondan əvvəl ayrı mövqe bildirən hakim partiya təmsilçilərini gülünc vəziyyətə salıb: “Sərkisyanın son bəyanatı onun partiyasını biabır edir və belə görünür, məsələyə dövlət yanaşması yoxdur. Onun Astanada susması Ermənistan dövlətinə ziyan vurdu. Astanada susub iki gündən sonra İrəvanda cavab vermək haqq qazandırılmayacaq davranışdır. Sərkisyana yerindəcə deyilənlərə cavab verməyə nə mane olurdu?”

Erməni mətbuatında gedən şərhlər də diqqət çəkir və faktiki olaraq, Sərkisyan hökumətinin çıxılmaz duruma düşməsi kontekstində məsələyə qiymət verilir. Misal üçün, “Qraparak” qəzeti yazır ki, Putinin daha Ermənistana ehtiyacı yoxdur, “Moskva Ermənistandan artıq istifadə edib və onu unudub”.

* * *

Azərbaycan isə sözügedən ittifaqa qoşulmağa hazırlaşmır. Hər halda, rəsmilərin açıqlamalarından belə qənaət hasil olur. Bunu son olaraq iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bəyan edib. Nazir deyib ki, Azərbaycan heç bir ittifaqa, o cümlədən Avropa Birliyi və ya Avrasiya İqtisadi Birliyinə daxil olmağı nəzərdən keçirmir. O, əlavə edib ki, Azərbaycanın Rusiya ilə ticarət rejimində heç bir problem yoxdur: “Bu, Azərbaycan üçün rahat, normal rejimdir”.

Ancaq sağdan-soldan, bəzi azərbaycanlı ekspertlər, siyasilər tərəfindən ölkəmizin quruma daxil olması mümkün sayanlar da yox deyil, bir şərtlə ki, Dağlıq Qarabağ probleminin ədalətli həllində Moskva nəhayət, ciddi töhfə versin. Buna Kremlin imkan və rıçaqları artıqlaması ilə yetir. Çünki konfliktin körükləyicisi odur. Azərbaycanın haqqı çatır ki, quruma üzvlüyü bilavasitə məhz Qarabağla, 22 ildir davam edən işğalla bağlasın. Əks halda, işğalçı ilə işğala məruz qalan iki ölkələrin birlik yaratması absurd görünəcək və reallaşmayacaq.

Məntiqlə də, əgər Azərbaycanın Rusiyadan ötrü dəyəri vazkeçilməzdirsə - bu, doğrudan da belədir, - o zaman Azərbaycana qarşı on illərdir sürən işğala son qoyulması yönündə nəhayət, əməlli addımlar atmalıdır. Moskva üçün bunu eləmək indi qat-qat asandır, çünki Ermənistan heç vaxt olmadığı qədər Kremlin güclü siyasi-iqtisadi və hərbi asılılığındadır.

Kreml buna getməyəcəksə, yenə sırf təzyiq yolu ilə bu dəfə Azərbaycanı təşkilata salmağa çalışacaqsa, yaxud Qarabağ ixtilafını SSRİ dönəmindəki kimi sıfır variantına gətirib dondurmaqla vaxt udmağa, Azərbaycanı növbəti dəfə ilgəyə salmağa çalışacaqsa, heç nə alınmayacaq. Ən azı ona görə ki, bu yolu artıq keçmişik. Həmin yol Dağlıq Qarabağı Azərbaycana deyil, Rusiyaya qaytaracaq. Bizim üçün nə fərqi, Qarabağ Ermənistanın nəzarətindədir, yoxsa Rusiyanın?(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar