POLAD BÜLBÜLOĞLU ZAXAROVAYA CAVAB VERƏCƏKMİ? - Səfirimizi sevdiyini deyən xanımın mətbuatımıza nifrətinin pərdəarxası

İki gündür Rusiya XİN-in dünyanın ciddi mətbu orqanları tərəfindən qeyri-ciddi biri kimi qəbul etdiyi sözçüsü Mariya Zaxarovanın Azərbaycan mətbuatı barədə dediyi təhqirləri həzm etməklə məşğuluq. Rus qadınlarına məxsus təbii gözəllikdən az pay alan Mariya Zaxarovanın azərbaycanlı müxbirin sualını yarımçıq qoyaraq, cavabdan qaçmaq üçün nəinki diplomatiyadan, adi ədəb qaydalarından kənar yekəxana və ədəbsiz açıqlamasından sonra, ona deyiləsindən çox, öz başbilənlərimizə deyiləsi sözümüz var!

Əgər diqqət yetirdinizsə, sual verən müxbirin gənc olması və bundan irəli gələrək kifayət qədər yüksək təcrübəsinin olmaması həmin vəziyyətdə növbəti sual verməsinə, ya da heç olmasa etiraz etməsinə imkan yaratmadı. Bu da belə vacib məqamlarda bizim mətbu orqanların daha məsuliyyətli davranaraq, təcrübəli və heç olmasa xarici dilləri yaxşı bilən və diskussiya aparmaq qabiliyyətinə malik mütəxəssislərə üstünlük verməsi şərtini ortaya qoyur. Belə mövzuda sual verən müxbir, mümkün mübahisədə öz mövqeyini müdafiə etməyi də bacarmalıdır ki, bunun da xarici mətbu orqanların təmsilçiləri simasında dəfələrlə şahidi olmuşuq.

Lakin necə deyərlər bu, məsələnin texniki tərəfidir. Bizi daha çox məyus edən ümumilikdə Azərbaycan mətbuatına olan münasibətin bu gün Rusiya XİN-in təmsilçisinin təhqirləri şəklində özünü biruzə verməsidir. Əslində, aşağılanan, ələbaxım edilən, məddahlığa sürüklənən, bir sözlə, hər şeyin alınıb-satıldığı xırda dükan vəziyyətinə salınan bir mətbuatın hansısa rus xanımçası tərəfindən təhqir olunmasında qeyri-adi bir şey yoxdur. Axı özümüzünkülərin mətbuatımıza münasibəti necədir ki, xaricilərdən də nə gözləyəsən?

Heç bir ölkənin nazirinin, yaxud yüksək ranqlı digər məmurlarının Azərbaycandakı məmurlar qədər mətbuata qarşı yekəxana və ədəbsiz münasibətini görməzsiniz. Jurnalistə əl qaldıran kim, təhqir edən kim, məhkəmələrə sifariş edib həbs etdirən, cərimə kəsdirən kim və sair. Biz hələ onu demirik ki, bir çox yüksək rütbəli məmurlar ümumiyyətlə Azərbaycan mətbuatına açıqlama, müsahibə vermirlər. Yapona, fransıza, çinliyə, monqola müsahibə verirlər, bizə yox. Bunlardan rəsmi cavab ala bilməyib, birtərəfli məlumat verməyə məcbur olanda da, məhkəməyə verirlər. Hakimlərimiz də, öz “kruqlarında” olanları qoyub bizləri müdafiə etməyəcəklər ki... Azərbaycanda da bütün dünyada olduğu kimi, mətbuat adına layiq olmayan tör-töküntülər var, ancaq bunu bəhanə edib cəmiyyətimizin sütunlarından biri olan institutu dəyərsizləşdirmək olarmı?

M.Zaxarovanın təhqirləri təkcə mətbuatın yox, diplomatik korpusumuzun və ümumilikdə dövlət olaraq, Azərbaycanın heysiyyətinə toxunan bir məqamdır. Azərbaycan XİN-in və Mətbuat Şurasının yumşaq etiraz formasında bəyanatları da bunu təsdiqləyir. Digər tərəfdən, Zaxarovanın “çıldırması” onu göstərir ki, mətbuatımız bu mövzuda hədəfi dəqiq vurub və XİN sözçüsünün təhqirdən başqa çıxış yolu qalmayıb. Deməli, bu mövzuda gedən yazılar uzun müddətdir sözügedən xanımı və onun rəhbərlərini qıcıqlandırır. Müxbirin sualı isə içərilərində yığılan mənfi enerjini, üfunəti çölə atmaq üçün bəhanə rolu oynayıb.

Ancaq burada istər-istəməz bir müddət öncə “Lider” telkanalının Rusiya xarici işlər naziri Sergey Lavrova sual verən əməkdaşının aqibəti yada düşür. Məntiqlə o sualı hansısa türkiyəli, yaxud iranlı jurnalist də verə bilərdi. Və Lavrov da Azərbaycanın suverenliyini açıq-aşkar sual altına qoyan cavabı təkrarlayacaqdı. Həmin müxbir sonradan bildirdi ki, verdiyi suala görə ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun tələbilə işdən qovulub. Hansı ki, onun verdiyi sual peşəkar jurnalistika baxımından tənqidə layiq olsa da, aşkar ədalətsizliyə etiraz xarakteri daşıyırdı. Buna görə həmin müxbir işdən qovuldu və bunu bizimlə yanaşı Mariya Zaxarova kimilər də gördü və bildi. Gördülər ki, Azərbaycan hökumətini təmsil edənlərin öz mətbuatına qarşı münasibəti hansı səviyyədədir. Belədə, sizin hörmət qoymadığınıza onlar hörmət qoyarlarmı? İndi zəhmət çəksin hörmətli Polad müəllim, bir müddət öncə ”Polad Bülbüloğlunu sevirik” deyən Zaxarovadan mətbuatımıza və dolayısı ilə də dövlətimizə qarşı təhqirlərinə görə hesab sorsun. Qoy, o cuvanəzən göstərsin öz sevgisini. Bəlkə tək Bülbüloğlunu sevməklə məsələ bitir, dördüncü hakimiyyət olan mətbuatımızı və bununla həm də dövlətimizi söymək və təhqir etmək olar? Hələ cəmiyyətin savadlı kəsimini təmsil edən mətbuatımızı haqlı iradlarına görə “xam” adlandıran birinin ümumilikdə millətimizə qarşı münasibətini təsəvvür edirsiniz, yəqin. Polad müəllimin dəfələrlə ölkəmizin və millətimizin mövqeyini yüksək səviyyədə müdafiə etdiyinin şahidi olmuşuq. Ancaq çox istərdik ki, mətbuatımızın da mövqeyini lazımi səviyyədə müdafiə etsin. Heç bir hakimiyyət özünü mətbuatdan yuxarı tuta bilməz, çünki mətbuat da pisi və yaxşısı ilə elə o hakimiyyətin özünün əsəridir!

Ümumiyyətlə, Rusiyada xanım məmurlara münasibət birmənalı deyil. Krım prokuroru Natalia Poklonskayanın əhvalatlarını xatırlamaq kifayətdir... Bunların çoxları məlum yollarla, müxtəlif üsullarla bugünkü kreslolarına sahib olanlardır və belələrinin mətbuatımızı təhqir etməsi daha ağrıdıcıdır. Təəsüf doğuran məqamlardan biri də Azərbaycandakı rusdilli mətbuatın Zaxarovanın təhqirlərini cavabsız qoymasıdır. Sanki deyilənlərin onlara heç bir aidiyyatı yoxdur. M.Zaxarova deyir ki, Dilqəm Əsgərov mövzusunda yazılara görə ondan üzr istəyən azərbaycanlı həmkarlarımız var. Bəlkə onlar elə həmin rusdilli mətbuatın kapitanlarıdır..?

CƏLAL

AzPOLİTİKA.İNFO

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar