“BARON LƏQƏBLİ MƏMUR... -Araşdırma

Əhməd Əhmədzadə - Sovet İttifaqı dövründən müxtəlif vəzifələrdə işləyən məmurlardandır. Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamış Əhmədzadə necə olubsa, indi “Baron” ləqəbi qazanıb. Rəhbərlik etdiyi müəssənin adı bir çox rüşvət, yeyinti qalmaqalında hallanması ilə yanaşı, cənab Əhmədzadə həm də bütün qohum əqrəbasını yaxşı vəzifələrə yerləşdirib, böyük bir klanın ağsaqqalına çevrilib. Tanınmış professor Cuma Əhmədzadənin oğlu olan Əhməd Əhmədzadə oğluna da atasının adını verib. Oğlunu Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə evləndirərək qohumluq əlaqələrini daha da möhkəmləndirib.

Xatırladaq ki, hal-hazırda Əhmədzadənin başçılıq elədiyi Meliorasiya və Su Təsərrüfatı ASC ümumilikdə 120 idarədən ibarət bir qurumdur. ASC Suvarma Sistemləri İdarələri - 48 idarə, Kollektorların İstismar İdarələri - 8 idarə, Su Anbarların, hidroqovşaqların və Magistral Kanalların İstismar İdarələri - 13 idarə, Meliorasiya İdarələri - 4 idarə, Mexaniki Suvarma İdarələri - 10 idarə, Subartezan Quyularının İstismar İdarələri - 9 idarə, Melioservis İdarələr - 23 idarə, Azmelsutəsərrüfat - ASC, Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsi, Su Təsərrüfatı Obyektlərinin Lahiyyələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu, Azərbaycan Hidrotexnika və Melorasiya Elm-İstehsalat Birliyi, Hidrogeoloji Meliorativ Xidmət İdarəsi, Tikintidə olan Meliorasiya və İriqasiya Obyektlərinin Birləşmiş İdarəsini və Bəhrəmtəpə Dəmir Beton Zavodunu özündə birləşdirir. Eyni zamanda bu ACS-də 25 minə yaxın adam işləyir. İl ərzində Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumların ümumi dövriyyəsi 1 milyard manatı keçir.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyindəki idarələrin təchizat köçürmələrini araşdıranda il ərzində yüz milyonlarla manat vəsaitin dövriyyədə olduğunu görürük. 2013-cü ildə təkcə Texnoloji İstehsalat və Komkplektləşdirmə İdarəsi mal materialların alınması, traktor ehtiyyat hissələrinin, su nasos ehtiyyat hissələrinin, su nasoslarının və başqa hissələrin alınması üçün 18 milyon 132 min (18132 23 6) manat köçürmə əməliyyatı həyata keçirib.

ASC büdcədə nəzərdə tutulduğundan əlavə il ərzində Prezidentin ehtiyat fondundan da maliyyə ala bilir. Məsələn, elə bu ilin əvvəlində ölkə Prezidentinin sərəncamı ilə büdcədə nəzərdə tutulandan əlavə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılıb.

Keçən ilin oktyabr ayında mətbuata müsahibə verən Əhmədzadə “Son on ildə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına bu sahəyə əsaslı kapital qoyuluşu isə 48 dəfəyə yaxın artıb” deyə bildirib.

Ölkəmizdə bir ənənəyə çevrilmiş –“böyük pullar dövriyyəsi” olan dövlət müəssələrində böyük maxenasiyalar da olur- qaydası burda da öz qüvvəsində qalır. Prezident seçkilərindən sonra cənab Əhmədzadənin adı işdən azad ediləcək məmurlar arasında səslənsə də, o hələ də postundadır. Kür daşqınları zaman ortaya çıxan problemlər, suvarma sistemlərin çəkilməsi ilə bağlı “oyunlar” (məsələn bir çox regionlarda suvarma sistemləri çəkilsə də, ora su verilməsi həyata keçirilmir) Əhmədzadənin nüfuzuna ciddi zərbə vursa da o, vəzifədən uzaqlaşdırılmadı.

Biznesmen oğul

Elman Rüstəmov haqqında araşdırmamızda da qeyd etmişdik ki, Azərbaycan Respublikasında məmurlara bizneslə məşğul olmaq qanunla qadağan edildiyi üçün, onların bir çoxu öz bizneslərini övladlarının adına keçirir. Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə də atası sayəsində gənc yaşında biznes imperiyasının sahibinə çevrilib. Onun İngiltərə və Çexiyada olan 2 şirkəti haqqında (“ALPS s.r.o.”, “GYUNEL LİMİTED”) əvvəlki araşdırmada məlumat vermişdik. Bu araşdırmamızda izinə düşdüyümüz “GLOBALLY LTD” adlı daha bir şirkət haqqında məlumatları təqdim edirik.

Amma bu gün əsasən Cuma Əhmədzadənin Azərbaycandakı şirkətləri barədə məlumat verəcəyik.

Vergilər Nazirliyinin saytında təsisçilərin adı gizli saxlansa da, biz Cümə Əhmədzadənin təsisçisi olduğu şirkətlərin adlarını müəyyənləşdirə bildik.

"Advisors CO.", "Proyekt", "Muğal" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Uluyurd" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi şirkətlərin sahibi olan Cüma Əhmədzadənin həmdə otelllər zəncirinin sahibi olduğu da bildirilir. Dəqiqləşdirdiyimiz məlumata əsasən, onlardan birinin açılışında şəxsən ölkə Prezidenti İlham Əliyev də iştirak edib. Əhmədzadələr tərəfindən artıq tamamən özəlləşdirildiyi bildirilən Qax rayonunda tikilən “El-Resort” oteli bu alənin Prezidnetin iştirakı ilə açdığı obyektlərdən biridir.Digərləri barədə də aşağıda məlumat veriləcək.

Əhmədzadələrə məxsus olduğu bildirilən (biz dəqiqləşdirə bilmədik) “ İlisu Uludağ Turizm və İstirahət Kompleksi”nin açılışında da şəxsən Prezident özü iştirak edib.

İcra başçısı qardaş

Əhməd Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə hal-hazırda Zaqatala rayon icra hakimiyyətinin başçısıdır. Yəqin ki, Zaqatalada baş verənlər barədə mətbuatda mütəmadi olaraq oxuyursuz. İdarə müdürlərindən tələb olunan rüşvət, Zaqataladakı torpaq sahələrinin baha qiyməti satılması, tikinti biznesi, xaricdəki şirkətləri barədə xəbərlər tez-tez eşidilir. Xüsusən də, onun Kiprdə qurduğu biznes və orda satın aldığı ali təhsil müəssəsi barədə xəbərlər xeyli vaxtdır ki gündəmdədir. Biz Mübariz Əhmədzadə haqqındakı məlumatları araşdırarkən maraqlı bir faktla qarşılaşdıq. Yenə də Azərbaycan Respublikasında məmurların bizneslə məşğul olması ilə bağlı qanunu xatırladaraq,onun təsisçisi olduğu şirkət haqqında məlumatı təqdim edirik.

Faktlarla tanış olarkən məlum oldu ki, həmin bu şirkət 2009-cu ilin sentyabrında qeydiyyatdan keçib. Zaqatalanın İcra başçısının sahibi olduğu bu şirkət cəmi bir neçə aydan sonra Qax Rayon Avtovağzalının tikintisinin sifarişini alıb və yuxarıda qeyd elədiyimiz kimi Prezident Zaqatala rayon icra hakimiyyətinin başçısının şirkətinin Qaxda tikdiyi avtovağzalın açılışına gəlib. Göründüyü kimi, sahibkarlıqla məşğul olmamaq haqqında qanunu pozan məmurun sahib olduğu müəssisələrin açılışındakı qırmızı lentini Prezident şəxsən kəsir.

Özəlləşdirilmiş Qax

Qeyd edək ki, qardaşı Əhməd kimi hələ sovet dövründən müxtəlif vəzifələrdə çalışmış Mübariz Əhmədzadə əvvəlcə Qax rayonunun İH başçısı olub.Hal-hazırda isə bu vəzifəni Əhmədzadələrin xalası oğlu Musa Şəkiliyev tutur. Ümumiyyətlə, bu nəsildə vəzifəni bir-birinə ötürmək ənənəsi var. Məsələn, Əhmədzadələrin digər qardaşı Fərman Əhmədzadə Qax Rayon xəstəxanasının baş həkimi olub. Keçən il kabinetində ürək tutmasından həyatını dəyişən Fərman Əhmədzadənin yerinə oğlu Tərlan Əhmədzadə keçib. Qayıdaq Qaxın hal-hazırkı icra başçısı Musa Şəkiliyevə.Demək olar ki, xalaoğlu Şəkiliyev Əhmədzadələrin əlində boş fiqurdur, Qax yenə də tamamən onların nəzarətindədir.

Amma yerli camaat Musa Şəkiliyevdən çox narazıdır. Əhali ona rayonun başçısı yox, bir nömrəli biznesmeni adını verib.Belə ki, Qaxın meşələri hesabına mebel biznesini genişləndirən Musa Şəkiliyev ailə ənənələrinə uyğun olaraq rayondakı ən böyük müəssisə olan “Qax Tütün”ün sahibi Eldəniz Şəkiliyevlə birləşərək böyük gəlir əldə edir.

Rayonda Əhmədzadələrin də böyük biznesi olduğunu nəzərə alsaq, Musa Şəkiliyevə fəaliyyət üçün çox az sahə qalıb. Buna görə də icra başçısı xüsusi amansızlıqla əhalini istismar edir. Xüsusən də İlisunun kurort zonası tanınması üçün çalışan ailə yerli camaatın burda hər hansı sahibkarlıqla məşğul olmasına imkan vermir. Xırda sahibkarlıqdan dolanan əhali indi bundan da məhrum olub. Yerli əhalinin meşələrdən ağac kəsib mebel sexlərinə satılması da qadağan olunub. Bu iş sadəcə icra başçısının monopoliyasına alınıb. Əhalinin şikayət edəcəyini bildiyinə görə, icra başçısı Musa Şəkiliyev onların Qaxda İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış körpünün açılışında iştirak edən Prezident İlham Əliyevə yaxınlaşmasına imkan verməyib.

İlisu kəndinin icra nümayəndəsi təyin olunan Həşim Həsənov keçmiş icra başçısı Mübariz Əhmədzadənin qızının baldızı əridir. Mübariz Əhmədzadənin kürəkəni Elyar isə Rabitə Nazirliyində məsul vəzifədədir.

Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qax Rayon Şöbəsinin müdiri Vüqar Əhmədzadə də bu nəsildəndir. Əhalinin Qaxda ən çox narazılıq elədiyi məmurlardan olan Vüqar Əhmədzadənin var-dövləti icra başçısından az deyil və söhbət etdiyimiz Qax sakinləri bizi Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyini Qax şöbəsində yoxlama aparmağa çağırdılar.

Biz Əhmədzadə-Şəkiliyev ailəsinə məxsus bir neçə şirkətin də adını sizə təqdim edirik.

Sonuncu şirkətin sahibi Coşqun Əhmədzadə Dövlət Gömrük Komitəsi (DGK) Avtonəqliyyat Gömrük İdarəsində rəis müavinidir. Onun adına da yəqin ki, mətbuatda tez-tez rast gəlirsiniz. Təkrara yol verməmək üçün biz Coşqun Əhmədzadə barədə olan şikayətləri yenidən işıqlandırmadıq.

Son olaraq onu da qeyd edim ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin bu yaxınlarda işdən azad edilən keçmiş rəisi, polis polkovniki Cavad Şıxəliyev Əhməd Əhmədzadənin bacısının həyat yoldaşıdır.

Gördüyünüz kimi müxtəlif vəzifələrə təyin edilmiş Əhmədzadə ailəsinin üzvləri və yaxınları həm də öz bizneslərini genişləndirərərək geniş bir klan qurmağa nail olub. Biz bunun sadəcə bir hissəsini araşdırıb tapa bildik. Araşdırmanı hazırladığım zaman bir məsələnin də şahidi oldum ki, Meliorasiya və Su Təsərrüfatı ASC tenderlərini verərkən onların arasında 2013 -cü ildə qeydiyyatdan keçmiş bir çox şirkətlər var, qanunla 3 ildən az fəaliyyəti olan şirkətlərə tender verilməsi yasaq olduğu üçün adı çəkilən qurumun maliyyə və tender hesabatları ilə bağlı ayrıca bir iqtisadi araşdırma üzərində işləyirəm.

Qeyd edək ki, bu gün Azərbaycanda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı qeyd olunur.

Aynur İmranova

Meydan.TV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar