"MƏNFUR ELEMENTLƏR" - Prezidentin köməkçisindən Eldar Mahmudova sərt sözlər

Bakıda “Heydər Əliyev - dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib. Apa-nın məlumatına görə, bunu tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib ki, Heydər Əliyev həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətdə keçirib.

“Ona görə də belə bir tədbirin keçirilməsi təsadüfi deyil. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xüsusi xidmət orqanlarının inkişafını xüsusi diqqət mərkəzində saxlayıb, bu orqanların formalaşmasına böyük önəm verib. Heydər Əliyev sovet vaxtı hakimiyyətdə olduğu dövrdə təhlükəsizlik orqanlarda milliləşmə siyasəti apararaq Azərbaycan üçün milli kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Heydər Əliyev torpaqlarımızın Ermənistana verilməsinin qarşısını alaraq rəsmi tədbirlərdə milli dilimizin istifadəsinə geniş şərait yaradıb. Sovet vaxtı Heydər Əliyev milli ideyalara görə çox saylı ziyalıları təqib və həbsdən xilas edib”, - deyə DTX rəisi vurğulayıb.

M. Quliyev qeyd edib ki, Heydər Əliyevin təhlükəsizlik orqanlarında əməliyyat təcrübəsi bu gün də öyrənilir və şəxsi heyətə aşılanır: “Ulu öndər yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanı parçalanmadan, məhv olma təhlükəsindən xilas etdi".

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyev 14 ildir, aramızda olmasa da, onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi, ulu öndərin şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik Azərbaycan inkişaf edir, yeni uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır:  "Ümummilli lider öz gərgin və mənalı siyasi həyatı boyunca bir çox ilklərə imza atıb. Təbii ki, bu ilklərin ən əsası təməlini qoyduğu, qurucusu olduğu müstəqil dövlətimizdir. Azərbaycan dövlət müstəqilliyini rəsmən 1991-c il oktyabrında bərpa etsə də, əslində bu müstəqilliyə gedən yolun təməli ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1970-cu illərdə qoyulmuşdu. Məhz o illərdə Azərbaycan dotasiya ilə yaşayan müttəfiq respublikadan özünü tam təmin edə bilən qabaqcıl respublikaya çevrilmiş, ölkənin iqtisadi suverenliyinə zəmin yaradılmış, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi həyata keçirilib, dənizdə neft hasilatı genişləndirilib, müasir elektron cihazlar, soyuducular, kondisionerlər istehsalı, eyni zamanda iri xalçaçılıq, alüminium kombinatları istifadəyə verilmiş, elektrik enerjisinin yeni istehsal gücləri yaradılıb".

Əli Həsənov çıxışında bildirib ki, Ümummilli liderin sovet dövründə ən böyük təşəbbüslərindən biri dövlət aparatının milliləşdirilməsi, Azərbaycanın yeni idarəçi kadrlarının, eyni zamanda elm, mədəniyyət və ədəbiyyat xadimlərinin bütöv bir nəslinin yetişməsi himayə edilməsi olub: "1970-80-ci illərdə Azərbaycanda ali məktəblərin və onların fakültə və ixtisaslarının sayı artıb, eləcə də Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə gənc Rusiya və Ukraynanın ali məktəblərində təhsil almağa göndərilib. Məhz Heydər Əliyevin respublikanı idarə etdiyi 1970-80-ci illərdə azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə xüsusi diqqət ayrılıb, Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə sovet ordusu sıralarında azərbaycanlı zabitlərin çəkisi artıb ki, həmin zabitlər sonradan milli ordu quruculuğunda mühüm rol oynayıblar".

Əli Həsənov sözlərinə görə, Ümummilli liderin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də odur ki, siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmuş, əvvəllər çar “oxranka”sının, daha sonralar isə 20-30-cu illər sovet FK və NKVD-sinin azərbaycanlıların yaddaşında həkk etdirdiyi antimilli cəza aparatı obrazını tədricən, praktiki addımlarla dağıdaraq təhlükəsizlik orqanlarını xalqı, milləti qoruyan və onun öz nümayəndələrindən təşəkkül tapan bir sistemə çevirmiş, əsl milli təhlükəsizlik sistemi nümunəsi yaradıb: " Heydər Əliyev Azərbaycan təhlükəsizlik idarəsinə rəhbər gələrkən burda çalışanlar arasında azərbaycanlıların sayı bir əlin barmaqları ilə sayıla biləcək qədər az idi. Biz əlbəttə ki, bu sistemdə çalışmış və Azərbaycana xidmət etmiş qeyri-azərbaycanlı kadrların əməyini inkar etmirik, əksinə onların xidmətləri qarşısında öz minnətdarlıq borcumuzu ifadə edirik. Lakin sirr deyil ki, təhlükəsizlik sisteminin ictimai şüurda mənfi, azərbaycanlılara qarşı repressiya aparatı obrazının yaranması tələffüzü belə çətin familiya daşıyıcılarının 30-40-cı illərdəki fəaliyyətinin nəticəsi idi. Heydər Əliyevin gəlişi ilə təhlükəsizlik sistemi milliləşdi, savadlı, peşəkar milli kadrlar irəli çəkildi, təhlükəsizlik xidməti milləti təhlükələrdən qoruyan, xalqın yetişməkdə olan milli-mədəni elitasını himayə edən bir orqan oldu. Heydər Əliyevin təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi 60-cı illərdə və respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə milli azadlıq mübarizəsinin müjdəçisi sayılan elmi və bədii əsərlər yazılmış, çap edilmiş, filmlər çəkilib. Lakin bu əsərlərin müəllifləri digər sovet respublikalarındakı həmkarlarından fərqli olaraq dissident kimi təqib olunmamış və ya sürgün edilməmişlər. Əksinə onların yaradıcılığı təbliğ edilmiş, respublikanın və Sovet İttifaqının ali mükafatlarına təqdim olunmuşlar. Bu gün qəribə görünsə də, “samizdat” yolu ilə çap olunan ədiblərin, gizli səsyazma studiyalarında əsərlərini çoxaldan bəstəkarların, rəsmi sovet diktovkalarını aşan alimlərin sonradan ali mükafatlar alması, yaradıcı qurumlarda, tədqiqat, təhsil müəssisələrində və ya digər sahələrdə irəli çəkilməsi o zaman tez-tez rast gəlinən hal idi. Beləliklə, təhlükəsizlik orqanları müstəqilliyimizin qazanılıb qorunmasında töhfələri olan şəxslərin - milli mədəni-siyasi elitanın formalaşdırılıb qorunmasında, onların fəaliyyətinin məqsədəmüvafiq məcraya yönəlməsində müstəsna rol oynayıb. Bu, ilk növbədə Heydər Əliyevin bir zamanlar cəza aparatı kimi tanınan sistemin milli maraqlara uyğun transformasiyası naminə titanik əməyinin nəticəsidir".

Əli Həsənov daha sonra Azərbaycanın təhlükəsizlik orqanlarında Eldar Mahmudov dövrünü nəzərdə tutaraq bildirib ki, bu orqanların sıralarına yol tapan mənfur elementlər onun imicinə zərbə vurdu. “Təəssüf ki, milli təhlükəsizlik orqanlarına mənfur insanlar yol tapdı və bu orqanların imicini tapdaladı. Bir neçə il bundan qabaq sizin sıralarınızda əyləşmiş bəzi “generallar” ümummilli liderin bu gözəl ənənəsini və nümunəsini yaşatmaq, davam etdirmək əvəzinə, öz naqis əməlləri ilə Azərbaycan milli təhlükəsizlik orqanlarının imicinə xüsusi hazırlanmış anti-Azərbaycan qüvvələrin vura bilməyəcəyi ağır zərbə vurdular. Bilirsinizmi bu, niyə belə oldu? Çünki belələrinin qəlbində ümummilli liderə xas olan nə əsl peşəkarlıq, nə əsl ziyalılıq var idi, nə də ki onların intellekti və mənəvi ailəmi belə bir orqanın generalı olmaq üçün yetərli deyildi. Heydər Əliyev fəhlə ailəsində doğulub SSRİ təhlükəsizlik orqanlarının elitasının zirvəsinə yüksələn bir general idi və tam şəkildə millətinə, xalqına və dövlətinə bağlıydı. Amma Azərbaycanın təhlükəsizlik sistemini gözdən salan bəzi sizin keçmiş sələfləriniz ziyalı ailələrində dünyaya gəlsələrsə də, nə peşəkar çekistə çevrilə, nə də milli ziyalıların sırasına qoşula bilmədilər".

[gallery columns="5" size="full" ids="317837,317838,317839,317840,317841"]

Əli Həsənov daha sonra bildirib ki, Ümummilli liderin yürütdüyü siyasət Azərbaycan prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən sonra yeni tələblər uyğun şəkildə və müvəffəqiyyətlə davam etdirilib: " Cənab Prezidentin göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanaraq qəbul edilib. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, Konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədi ilə hazırlanıb və təhlükəsizlik sisteminin XXI əsrin çağırışlarına cavab verəcək səviyyədə inkişaf etdirilməsini nəzərdə tutur. Bu istiqamətdə lazımi hüquqi baza yaradılmış, texniki təchizat və kadr hazırlığı işi yeni tələblərə uyğun qurulub. Təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatlar aparılması və personalın sağlamlaşdırılması da xüsusi olaraq ölkə rəhbərliyinin diqqətindədir".

[gallery columns="5" size="full" ids="317842,317843,317844,317845,317846"]

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar