“TURANI BAŞA SALIBLAR…” – Arif Rəhimzadədən şok açıqlamalar

Dərc olunub: 04/05/2017 - 10:12

“Mən etnik türkəm”

arifturan

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə Turan İbrahimovun proqramının qapadılması haqda suallara cavab verib. “AzPolitika” millət vəkilinin “Yeni Müsavat”a verdiyi müsahibəni ixtisarla təqdim edir:

- Arif müəllim, bugünlərdə şayiələr yayılıb ki, Turan İbrahimovun təqdim etdiyi “ATV səhər” verilişi sizinlə bağlı tənqidi fikirlərinə görə qapadılıb. Deyilənlər doğrudurmu?

– (Gülür) Verilişi o videosujetə görə bağlasaydılar, elə onun ağzından bir şapalaq vurardılar ki, səsini kəssin. O, 10 gün danışdı orda. Ola bilsin onun da bir təsiri olub. O mənada ki, bu ağzına gələni danışırdı. Bəlkə təsiri olub, bir-bir yığılıb, o həddə çatanda bunu başa salıblar.

- Sizin telekanal rəhbərliyinə, yaxud MTRŞ-yə şikayətiniz olmuşdu?

– Yox, yox. Mənim şikayətim olmamışdı. Siz də əvvəlki müsahibədə mənə təklif etmişdiniz ki, biz görüşək. O kimdir axı, mən onunla görüşəm, onun haqqında danışam?

- 3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı günüdür. Ümumiyyətlə, sizin hansısa bir verilişin bağlanması, yaxud bir jurnalistin susdurulmasına münasibətiniz necədir?

– (Pauzadan sonra) Vallah jurnalist də gərək səviyyəli bir adam olsun da… İndi hər adamı jurnalist eləmək olmaz axı. Çıxır orda danışır. Nə bunun xarici görünüşünə, nə davranışına, nə savadına görə… Hesab edirəm ki, ona layiq adam idi.

- Jurnalist özü sizə müraciət edib polemika aparmaq istədimi?

– Yox, nə müraciət? O hesab edir ki, hər şeyi düz deyir.

- Arif müəllim, bu arada Azərbaycan jurnalistlərini təhqir edən rus diplomatı Mariya Zaxarova barədə də soruşmaq istəyirəm. Siz onun dediklərinə hansısa formada etiraz etdinizmi, yaxud Rusiyadakı dairələrə sözünüzü dedinizmi?

– Sözün doğrusu, mənim Zaxarovanın təhqir etməsindən heç xəbərim də yoxdur. O məsələ ilə Əli müəllim (Hüseynli – E.P.) məşğul olur. Bu dəqiqə Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupuna o rəhbərlik edir. Mən yalnız Parlament Assambleyasında fəaliyyət göstərirəm, orada komissiya sədriyəm. Ümumiyyətlə, sözün doğrusu, mən bu məsələlərə çox müdaxilə etmirəm. Heç bu məsələdən xəbərim də yoxdur. İndi bu barədə sizdən eşidirəm.

- 3 may həm də Türkçülük günüdür. Sizi təbrik etmək olarmı?

– Əlbəttə, təbrik etmək olar. Mən etnik türkəm. Ancaq xalq kimi azərbaycanlıyam… (Gülür).


loading...




Fikrinizi bildirin