SALYANIN İCRA BAŞÇISI MİN HEKTARLARLA TORPAĞI NECƏ ƏLƏ KEÇİRİB? - Azərbaycan reallığı - Şikayət

Tahir Kərimov 2 ilə Salyanda milyonluq mülklərə sahib olub

Azərbaycanda əksər sahələrdə mövcud olan məmur özbaşınalığı rayonlarda daha qabarıq şəkildə özünü büruzə verir. Rayonların icra başçıları, polis rəisləri, ayrı-ayrı qurumların rəhbərləri dövlət vəsaitini talamaqla kifayətlənməyib, yerli vətəndaşları, xüsusən iş adamlarını soymaqla məşğuldurlar. Rayonda hər hansı bir tikinti, abadlıq işləri üçün ayrılan vəsaiti «yuxarılarla» birlikdə mənimsəyən icra başçıları həmin işləri yerli sahibkarlardan zorla, bəzi hallarda şantajla topladıqları vəsaitlər hesabına həyata keçirirlər. Bu da yerlərdə ciddi narazılıqların yaranmasına, bəzən sosial partlayışlara səbəb olur. Yaxın keçmişdə Qubada, İsmayıllıda baş verənlər bunun bariz nümunəsi sayıla bilər.

Ancaq görünən budur ki, icra başçıları bu hadisələrdən, həmçinin prezident İlham Əliyevin xəbərdarlıqlarından dərs çıxarmaq istəmirlər. Oxşar əməlləri davam etdirən «kiçik padşahlar» son zamanlar həm də yerli insanların «çörək təhnələrinə» də əl uzatmağa başlayıblar. İcra başçıları tərəfindən rayonlarda yerli vətəndaşlara məxsus biznes obyektlərinə, torpaqlara əl uzadılması, zorla ələ keçirmələrə dair çoxsaylı faktlar mövcuddur.

Belə icra başçılarından biri kimi 2011-ci ildən Salyan Rayon İcra Hakimiyyətinə başçılıq edən Tahir Kərimovun adı çəkilir. Uzun illər balıqçılıq sektorunda çalışan Kərimovun adı mətbuatda müxtəlif maxinasiyalarda, kriminal fəaliyyətdə hallanıb. Belə iddialardan birinə görə, hazırda böyük bir rayona rəhbərlik edən bu şəxs, ötən əsrin 90-cı illərində kriminal aləmdə kifayət qədər tanınmış adamlardan biri olub. Ləqəbi də «Zəli Tahir» imiş...

Onun kriminal aləmdə ad qazanmasında isə yaxın qohumu - dayısı “Fırtına” ləqəbli Həsənin xüsusi rolu olduğu qeyd olunur.

Bu məlumatların nə qədərinin həqiqət olduğunu söyləyə bilməsək də, görünən odur ki, Tahir Kərimovun icra başçısı olduqdan sonra yerli iş adamları, idarə müdirləri ilə qurduğu münasibət kriminal aləmin qayda-qanunlarına çox yaxındır. Məsələn, onun icra başçısı keçər-keçməz Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan şəhərində salınmış və 2010 -cu ilin dekabrında yerli əhaliyə paylanmış yeni yaşayış massivindəki evlərin (167 ev) sənədləşməsinə 1500 manat vəsait tələb etməsi böyük hay-küy yaratmışdı. Kərimovun sonrakı fəaliyyəti də göstərdi ki, o, Salyana öz «vəziyyətini» daha da yaxşılaşdırmağa gəlib. Və deyilənlərə inansaq, buna da artıqlamasilə nail olub.

Salyanda Tahir Kərimovun zülmünə məruz qalmış sahibkarlardan birinin «AzPolitika.info»-ya təqdim etdiyi məlumatlar, ən əsası isə siyahı və sənədlər icra başçısının qısa müddət ərzində rayonda dəyəri milyonlarla ölçülən əmlaka sahibləndiyini göstərir.

Hələlik onlardan biri haqda söhbət açaq.

T.Kərimov Salyana icra başçısı təyin olunduqdan az sonra Muğan düzündə min hektarlıq bir ərazini əhatə edən təsərrüfat saldırıb. Bu torpaq ayrı-ayrı Salyan sakinlərinə məxsus olsa da, başçı onlara aid sərəncamları ləğv etdirərək ərazini ələ keçirib. İçindəki fermanın tikintisi il yarım davam edib. Mənbə deyir ki, 15 kilometr uzaqlıqdan - Akuşa çayından yatağa çəkilən su kanalının smetası 2 milyon manatdan çox olub. Qəribədir ki, icra başçısının şəxsi obyektinə çəkilən su kanalının tikintisində dövlətin texnikasından istifadə olunub. Belə ki, Əhməd Əhmədzadənin rəhbəri olduğu Meliorasiya və Su Təsərrüfatı ASC-nin 5-6 texnikası burda il yarım işlədilib. Mənbə deyir ki, hazırda fermada 2 min başdan artıq qoyun, 40-50 baş iri buynuzlu mal-qara saxlanılır. Başçının Salyandakı təkcə bu fermasının dəyəri, içindəki mal-qara ilə birlikdə, bir neçə milyon manatla ölçülür.

Lakin T.Kərimov bununla kifayətlənmir və Salyanda yeni torpaqları «fəth etməyə» can atır. Mənbə deyir ki, maldarlıq bir yana, T.Kərimov bu il əkinçilikdən də yaxşı qazanc götürüb. Belə ki, dövlət fonduna məxsus, ancaq əhalinin istifadəsində olan torpaqları ələ keçirərək 350 hektar ərazidə arpa və buğda, 60 hektarda yonca əkdirib. T.Kərimov bu torpağın əkilməsi üçün toxumluğu bələdiyyə və icra nümayəndələrindən tələb edib. Torpağın əvvəlki istifadəçilərinin 2012-ci ilin sonlarında Prezident Administrasiyasına yüzlərlə şikayətləri isə heç bir nəticə verməyib. Görünür PA-dakı hansısa qüvvə onların araşdırılmasına imkan verməyib. Mənbə deyir ki, T.Kərimov bu il daha çox ərazini ələ keçirmək və əkmək niyyətindədir.

Təqdim etdiyi bu və digər məlumatları isə məhkəmədə sübut etməyə hazırdır. «Mənə maraqlıdır, Tahir Kərimov belə əməllərlə bu seçkidə Salyandan İlham Əliyevə neçə faiz səs yığa biləcək?»

Adi bir məmurun - Tahir Kərimovun Salyanda və ölkənin digər ərazilərində yerləşən milyonluq əmlakları, onların ələ keçirilmə yolları, həmçinin digər qanunsuz, insanlara zülm üzərində qurulmuş fəaliyyətləri, büdcə talanları barədə «AzPolitika.info»-ya təqdim olunmuş digər faktlar və məlumatlarla növbəti yazımızda tanış ola biləcəksiniz.

(Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq)

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar