FÜZULİ FƏRƏCOV DYP-də KİMİ VƏ NEÇƏYƏ SATIN ALIB?! – Bu cinayətə kimlər ortaqdır?

Nə işlə məşğul olduğu bilinməyən məşhur (!) iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlunun yüksək sürətlə hərəkət edən zaman 24 yaşlı Xəyalə Məmmədovanı vurub öldürməsi, Azərbaycanda cəzasızlıq mühitindən doğan harınlığın, qudurğanlığın necə bir təhlükəli həddə çatdığını bir daha nümayiş etdirmiş oldu.

Hadisədən dərhal sonra 14 yaşlı Ağaəli Fərəcovun sosial şəbəkələrdəki profilindən götürülən foto və videolar, sözün əsl mənasında dəhşət saçırdı. Məlum oldu ki, bu harın uşaq, 14 yaşı olmasına baxmayaraq, nəinki xeyli vaxtdır bahalı avtomobilin sükanı arxasında otururmuş, üstəlik hətta avtoxuliqanlıq da edirmiş. Onun “Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə paytaxt küçələrində çıxardığı oyunlar, elə özünün paylaşdığı foto və videolardan da açıq görünür.

İndi hamını bir sual düşündürür: Necə olub ki, hələ indi 14 yaşı olan bir uşaq (Bəzi məlumatlara görə onun 16 yaşı var, sadəcə, cinayət məsuliyyətindən yayındırmaq üçün atası 14 yaşı olduğunu bildirib-R.Ə.), xeyli vaxtdır belə bahalı, təkcə dövlət nömrə nişanı bir sərvət təşkil edən avtomobillə Bakının küçələrində sərbəst, DYP maneəsinə rast gəlmədən bu oyunlardan çıxa bilib?! Bu ölkənin dövlət yol polisi, onun “qu quşundan ayıq” rəhbərliyi və əməkdaşları hara baxıb, bu harın cocuğu niyə görməyib və beləliklə də 24 yaşlı gənc bir qadının ölümünə yol açıblar.

Bu sualların çox sadə cavabı var: Dəfələrlə qeyd etmişik, bir daha təkrarlayırıq, ölkənin dövlət yol polisində çox ciddi təmizləmələrə ehtiyac var! Uzun illərdir ki, Azərbaycan dövlətinin nüfuzuna zərbə vuran, onu xalqın gözündən salan, insanlarda ikrah və qəzəb yaradan, öz fəaliyyəti və fəaliyyətsizliyi ilə öldürülən Xəyalə Məmmədova kimi vətəndaşların həyatını təhlükə altına atan bu korrupsiyalaşmış orqanda MTN-dəkinə oxşar əməliyyatın keçirilməsi artıq zərurətə çevrilib. 

Biz dəfələrlə yazmışıq, yerinə düşdüyü üçün bir daha təkrarlayırıq ki, xüsusən paytaxt DYP-sinin hazırki rəhbərliyinin işi yarıtmazdır! Bunu yazdığımıza görə BDYPİ rəisi bizi məhkəməyə də verdi, bəlli vasitələrlə - məhkəmə sistemindəki qudaların, bacanaqların, kirvələrin sayəsində cəzalandırılmağımıza da nail oldu. Lakin heç bir məhkəmə qərarı Günəşin şərqdən doğub, qərbdə batdığını gizlətmək iqtidarında deyil. Yəni fakt, faktlığında qalır!

14 yaşlı uşağın bahalı avtomobillə Bakı küçələrində terror havası əsdirə bilməsi də, bir daha sübut edir ki, polkovnik Nuşirəvan Səfərovun BDYPİ rəisi kimi mühüm posta yararsız bir kadr olduğunu iddia edərkən, yanılmamışdıq! Qəti şübhə etmirik ki, bu 14 yaşlı harın uşaq, məhz atasının pulu, mövqeyi hesabına yollarda sərbəst hərəkət edə, hətta canı istədiyi vaxt avtoxuliqanlıq da edə bilib. N.Səfərov və onun çoxsaylı şəxsi heyəti isə Ağaəli Fərəcovun atasının pulu, imkanları, himayədarları qarşısında acizlik, mütilik göstərməklə, dünənki ağır cinayətə yaşıl işıq yandırmış olublar! Bəli, 24 yaşlı Xəyalə Məmmədovanın ölümündə, ən azı onun ailəsi qədər BDYP rəhbərliyi də məsuliyyət daşıyır! Əgər Azərbaycanda hüquq sistemi N.Səfərovun himayədarlarının qarşısında gücsüz olmasa idi, təkcə barəsində danışdığımız hadisəyə görə N.Səfərovu dərhal vəzifəsindən qovmaq və hətta məsələni dərindən araşdırıb, ən yaxşı halda vəzifə səhlənkarlığına görə məsuliyyətə cəlb etmək olardı! Lakin BDYPİ-ni özünün biznes obyekti kimi görənlər, əlbəttə ki, hansısa Xəyalə Məmmədovanın öldürülməsinə görə, bu kəndin kənxudasının xətrinə dəyən deyillər. İndi, deyilənə görə artıq sərbəst buraxılan 14 yaşlı Ağaəli Fərəcovu, adam öldürdüyünə görə cəmi 180 manat cərimə gözləyir. Onun bu qətli həyata keçirməsi üçün hər cür şəraiti yaratmış BDYPİ rəhbərliyini isə heç cərimə də gözləmir!

Biz deyəndə ki, biriləri tutduqları vəzifələrə yaramazdır, işbilməzdir, mənəvi dünyalarında rüşvətə geniş meydan verilib, qanunlara hörmətsiz, pula münasibətdə yüksək hörmət nümayiş etdirəndir, yetimin qabağında aslan, Nəcməddin Sadıkovların, Füzuli Fərəcovların qarşısında isə qorxaq və gözüqıpıqdır, belələrinin sayəsində harın məmur, imkanlı uşaqları Bakı küçələrində əsl təhlükə mənbəyidir - məhz bu kimi saysız-hesabsız faktları, məlumatları əldə bayraq etmişdik.

Reallıq belədir ki, bugünkü Azərbaycanda heç kim sorğu-sual etməyəcək ki, bu 14 yaşlı harın uşağın Bakı küçələrində qiyməti yüzminlərlə ölçülən bahalı avtomobildə aylarla, illərlə sağdan sola, yuxarıdan aşağı sərbəst şütüməsinə şərait yaradan kimdir, nəçidir və yekə-yekə rəislər, inspektorlar nəyin xatirinə buna göz yumublar. Bu rəislər də hələ ki, narahat deyillər - Xəyalə Məmmədova kimilərin qanları üzərində qurulmuş səltənətlərində bir ömür boyu şad-xürrəm dövran sürəcəklərinə əmindirlər. İnanırlar ki, fərəcovlardan topladıqları milyonlar hesabına, məsələn, filankəsə tikdirdikləri milyonluq villa onların sığortasıdır. Lakin gün gələcək, bütün bunların hesabı sorulacaq və elə həmin villalar kəndir olub, bu yaramazların boğazına keçəcəklər. Necə ki, Akif Çovdarovlardan, Elçin Quliyevlərdən belə hesablar sorulur.

Beləliklə, günün sualı budur: Füzuli Fərəcov 14 yaşlı oğlunun sənədsiz-sübutsuz, bahalı avtomobildə Bakı küçələrində aylarla, illərlə avtoxuliqanlıq etməsinə “icazəni” kimdən və neçəyə satın ala bilib?

O YARAMAZI BİRLİKDƏ TAPAQ!  

Rasim ƏLİYEV

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar