TRAMPDAN İNCİMİŞ RUSİYA – Putin köhnə mövqelərini dirçəltmək istəyir

ABŞ-dakı prezident seçkiləri zamanı Rusiyaya necə böyük diqqət ayrılmasını və namizəd Donald Trampın Vladimir Putinin ünvanına söylədiyi xoş sözləri nəzərə alsaq, onda deyə bilərik ki, Kreml Vaşinqtondakı yeni administrasiya dövründə Amerikanın bir nömrəli xarici siyasət tərəfdaşı olacağını gözləyirdi.

Amma bunun əvəzində Prezident Tramp həm Ağ Evdə, həm də özünün Floridadakı Mar-a-Laqo malikanəsində hansısa Tereza Meyləri, Castinləri və Əbdel Fəttahları qəbul edir və hətta onların şərəfinə, məsələn Çinin rəhbəri Si Çzinpinlə olduğu kimi nahar da verir. İnauqurasiyadan sonra Tramp Putinə qarşı münasibətdə yalnız telefon danışığı ilə kifayətlənir.

Xarici siyasət məsələləri üzrə tanınmış analitik və şərhçi Vladimir Frolov Rusiya rəhbərliyi haqqında deyib: “Onlar özlərini incidilmiş kimi hiss edirlər”.

Birincisi, ona görə ki, evdə heç də xoş olmayan təəssürat meydana gəlir. Ümumiyyətlə, Putin Rusiyanın Ukraynaya və xüsusən də Suriyaya müdaxiləsini Moskvanın dünya arenasına qayıtmasının sübutu olaraq nümayiş etdirməyə çalışır. Həm də o, Rusiyanın sovet dövründə olduğu kimi dünya məsələlərində ABŞ-dan geri qalmadığını, bərabər hüquqlu və əvəzedilməz oyunçu olduğunu göstərmək niyyətindədir.

İkincisi, Kreml Vaşinqton ilə əlaqələrində irəliyə doğru necə və hansı yolla hərəkət edəcəyini tam olaraq bilmədiyindən, düşüncələr içərisində çaşıb qalıb. Daha pisi isə odur ki, ikitərəfli münasibətlər məsələsində Vaşinqton yeni-yeni tələblər irəli sürür. Kremli hətta onun ümid etdiyi dostları da məyus edir. Belə ki,bu dostlar içərisində Putinin orden təqdim etdiyi “Exxon Mobil” şirkətinin keçmiş rəhbəri və hal-hazırda ABŞ dövlət katibi vəzifəsini tutan Reks Tillerson da var.

Tillerson dövlət katibi kimi keçən ay Moskvaya ilk səfərini etməsinə baxmayaraq, Kremlin düşüncələrinin əksinə olaraq, Obama administrasiyasının mövqeyini yenidən dirçəltməyə başladı.

Belə ki, Tillerson Rusiyanın Yaxın Şərqdəki başlıca dostu Bəşər Əsədin mütləq getməsi ideyasını irəli sürüb. Tramp administrasiyası həmçinin aydın şəkildə deyir ki, Rusiya Ukraynadan rədd olmalıdır və raketlər barəsindəki mühüm müqaviləni pozmağı dərhal dayandırmalıdır. ABŞ, hətta köhnə Əfqanıstan problemini də sandıqdan çıxarıb.

Bəzi analitiklər bildirirlər ki, Rusiya münasibətlərin yaxşılaşması arzusunda olmasına baxmayaraq, Tramp administrasiyası Rusiyanın xarici siyasətdə geniş miqyaslı dəyişikliklərə getdiyi təqdirdə, onu nə ilə mükafatlandırılacağı barəsində dəqiq şəkildə heç nə demir.

Tramp və Putin arasındakı üçüncü telefon danışığı zamanı hər iki prezident Suriya və Koreya üzrə çox sıx koordinasiyalı fəaliyyət qurulmasında razılaşıblar. Onlar, həmçinin iyul ayında Almaniyanın Hamburq şəhərində keçiriləcək ”G-20” sammitində görüşməyi də nəzərdə tuturlar.

Rusiya dairələrində ABŞ prezidentinin onlara qarşı soyuq davranışını Amerika xarici siyasət nomenklaturasının Trampa özünü olduğu kimi aparmağa imkan verməməsi ilə izah edirlər. Təbii ki, Tramp və Putinin bərabərhüquqlu əməkdaşlıq ideyası tamamilə yoxa çıxmayıb. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçov reportyorlara bildirib: ”Prezidentlərin üçüncü telefon əlaqəsi zamanı hər iki tərəf Rusiya–Amerika dialoqunun yerində saymadığını və yalnız bərabər şərtlər daxilində irəliyə gedilə biləcəyini təsdiq ediblər”.

Rusiya xarici işlər naziri Sergey Lavrov gələn həftə Arktika məsələsi üzrə Alyaskada keçiriləcək konfrans zamanı Tillerson ilə danışıqlar aparacaq. Ruslar bu danışıqların məsələlərə aydınlıq gətirəcəyinə ümid bəsləyirlər. Ruslar amerikanlardan bəzi şeylər istəyirlər. Məsələn, onlar Rumıniya və Polşada yerləşdirilmiş raket əleyhinə sistemlərin çıxarılmasını istəyirlər. Amma bu işdə heç bir konkret nailiyyət əldə olunmayıb.

Prezident seçkiləri zamanı Trampın Rusiya liderinin ünvanına söylədiyi təriflər tədricən yox olub gedib. Çünki digər problemlər ön plana çıxıb.

Digər tərəfdən Frolov qeyd edir ki, Tramp administrasiyası Rusiyanın daxili işlərinə qarşımır. Məsələn, ABŞ müxalifət lidelərinə qarşı sərt davranılmasına və etiraz nümayişlərində iştirak edənlərin həbsi ilə bağlı öz susqunluğunu qoruyur. Deməli, Amerikanın daha diqqətli və həssas mövqeyi, Vaşinqtonun digər əlaqə kanallarını bağlamaq istəmədiyindən irəli gəlir. Kreml xarici siyasət problemlərinin mərhələli həllinə tərəfdar olduğundan, böyük sövdələşmə ideyasından imtina edir.

Moskva Suriya münaqişəsi ilə bağlı razılaşma əldə etmək fikrindədir. Çünki 2017-ci ilin sonunda ciddi şəkildə qızışacaq prezident seçkiləri kampaniyasının gedəcəyi bir vaxtda, Putinə bu ölkə üzündən xoşagəlməz sürprizlərlə qarşılaşmaq lazım deyil.

Hər iki tərəf onlar arasındakı qarşıdurmanın nə dərəcədə təhlükəli olduğunu yaxşı anlayır. Karnegi Mərkəzinin Moskva rəhbəri Dmitri Treninin fikrinə görə, Suriyada toqquşma riski qalmaqdadır, amma bununla bərabər münaqişənin diplomatik həlli yollarını tapmaq da mümkündür.

Putin artıq özünün mətbuat konfranslarında tez-tez ABŞ-ın Suriya probleminin həllində mühüm töhfə verə biləcəyini vurğulayır. Putin deyib ki, Rusiyanın rəsmi surətdə irəli sürdüyü və Kazaxıstanın paytaxtı Astanada keçirilən sülh danışıqları çərçivəsində nəzərdə tutulan təhlükəsizlik zonasının yaradılması ideyasını Tramp da dəstəkləyib. ABŞ prezidenti bu danışıqlara yüksək vəzifəli diplomat yollayıb.

Karnegi Mərkəzinin veb saytında yerləşdirdiyi məqaləsində Dmitri Trenin yazıb: ”Moskva və Vaşinqtondakı optimistlər ümid edirlər ki, Rusiya-Amerika münasibətləri bundan sonra bir daha pisləşməyəcək”.

Trenin və digər ekspertlər deyirlər ki, hələlik iki ölkə arasında açıq və geniş spektrli əməkdaşlığın baş tutması barəsində danışmaq tezdir. Onların proqnozlarına görə, qarşılıqlı fəaliyyətin şərtləri razılaşdırlmayana qədər münasibətlər dəyişməyəcək. Əgər Tramp Putindən kənar durmaq siyasətindən imtina edərsə, onda iki ölkə arasındakı əlaqələrin normallaşması prezidentlərin Hamburq görüşündən də asılıdır.

(“The New-York Times”-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar