“DÖYÜŞ BÖLGƏSİNƏ GETMƏK ÜÇÜN YOLLAR ARAYIB…” – Xain hərbçilərlə bağlı ŞOK

Dərc olunub: 08/05/2017 - 11:15

1488124581_uzeyir“Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan bəzi şəxslər ilə bağlı tərəfimdən Hərbi Əks Kəşfiyyat İdarəsinin vəzifəli şəxslərinə bəzi məlumatlar bir neçə ay bundan əvvəl çatdırılmışdı”. BakiPost.az xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov bir qrup hərbi qulluqçuların vətənə xəyanət etmələri barədə yayılan rəsmi məlumata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, yayılan məlumat çoxlarında dərin narahatlıq və üzgünlük yaradıb: “Çox təəssüflənirəm ki, belə bir xoşagəlməz bir vəziyyət Silahlı Qüvvələrimizin şəxsi heyətinin ön xətdə olan hərbi qulluqçuları ilə baş verib. Hesab edirəm ki, aşağıda yazdığım qeydlər də, dövlət qurumları tərəfindən araşdırma zamanı nəzərə alınacaqdır. Onu da başa düşürəm ki, ola bilsin ki, qeyd etdiklərim müvafiq qurumlar və vəzifəli şəxslər aşağıdakı qeydlərimi heç də birmənalı qarşılamasınlar.

Düşünmək olardı ki, tərəfimdən qaldırılan konkret fakt və epizodlar müvafiq qurumlar tərəfindən hərtərəfli və ətraflı araşdırılacaq. Məsələnin nə yerdə olması ilə bağlı bir neçə dəfə maraqlansam da, mənə bildirilmişdi ki, göstərdiyim xüsusiyyətlər üzrə hələ araşdırmalar aparılır. Yəqin ki, tez bir zamanda lazım olan addımlar atılacaq. Görəndə ki, məsələ ilə bağlı nədənsə çox passiv və demək olar ki, gözəgörünməz qüvvələr aktiv mane olmaq yolunu tutublar, düşündüm ki, yəqin bəlkə nədəsə haqlı deyiləm.
Onu da qeyd edim ki, Müdafiə Nazirliyinin Bakı yaxınlığındakı hərbi hissələrindən birində xidmət edən konkret adı və soyadı bilinən şəxs cəbhə bölgəsinə, konkret döyüş mövqelərinə getmək üçün müxtəlif yollar arayıb. Çox qəribədir ki, ona bu işdə yardımçı olan şəxslər tərəfindən o, birbaşa döyüş bölgəsinə təyinat alır. Bundan sonra onun hərəkətləri və əməlləri böyük narahatlıqlar və narazılıqlar yaradır. Məhz ona görə də, onun hərəkətlərindən şübhələnən bəzi komandirlər bu adamla bağlı müvafiq addımların atılmasının vacibliyini qeyd etdikdən sonra, tərəfimdən Hərbi Əks Kəşfiyyat İdarəsinin rəhbər şəxslərinə o şəxslə bağlı müvafiq ölçünün götürülməsi xahiş olunmuşdu.
İndi isə məlum olur ki, iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”.
Hərbi ekspert qeyd edib ki, baş verənlər bizi bir daha hər bir məsələyə, xüsusən də cəbhə bölgəsi ilə bağlı ən xırda detallara belə ciddi yanaşmağı tələb edir: “Ötən ilin məlum aprel hadisələri zamanı baş verənlərlə bağlı təkidlə mətbuatda və rəsmi, qeyri-rəsmi görüşlərim zamanı cəbhədə baş verənlərlə bağlı ciddi araşdırma və təhlil aparılmasının zəruriliyi bir neçə dəfə qeyd etmişdim. Amma bunlar baş vermədi. Artıq baş verənlər olub.
Onu da qeyd edim ki, şəxsən mənə bir azərbaycanlı zabit kimi çox iyrənc və təəssüfedici bir hadisə kimi təsir edib. Axı sən necə vicdansız və əqidəsiz olasan ki, qatı düşmənlə əməkdaşlıq edəsən?! Baş verənlər bizi bir daha hər bir məsələyə, xüsusən də cəbhə bölgəsi ilə bağlı ən xırda detallara belə ciddi yanaşmağı tələb edir. Biz erməni kimi yaramazlara imkan və fürsət verməməliyik ki, onlar Silahlı Qüvvələrimizi zəiflətmək, gözdən salmaq üçün bəzi nadürüst və vicdansız ünsürlərdən istifadə etsinlər”.


loading...


Fikrinizi bildirin