"ƏLİYEV DEYİB Kİ, İCAZƏ VERSƏK, İRANDA DA SOSİALİZM QURAR..." - "Sadəliyi ilə ucalan insan"

(İbrahim Qurbanov haqqında xatirələr)

(“Tanıdıqlarım, gördüklərim, bildiklərim” kitabından səhifələr)

İlk tanışlıq

1985-ci ilin yanvar ayında təzəcə respublika prokuroru təyin edilmiş İlyas İsmayılov mənə zəng etdi və göstəriş verdi ki, sabah Cəlilabad rayon PK-nın I katibi İbrahim Qurbanovun qəbulunda olum. İ.Qurbanovu dəfələrlə görmüşdüm. Respublikanın sayılıb-seçilən katiblərindən idi. Deputat, Mərkəzi Komitə üzvü və Sosialist əməyi qəhrəmanı idi. Səhərisi gün Cəlilabad rayon PK-nın I katibi İ.Qurbanovla görüşdüm. Təxminən 1 həftə sonra Cəlilabad rayon XDS İK-nın sədr müavini Tofiq Bağırov mənə zəng etdi və bildirdi ki, sabah Svetliyazarya kəndində seçicilərlə görüşə getməliyik. Düzü, mən təəccübləndim. Lənkəran rayon Prokurorunun müavini vəzifəsində işləyirdim. Cəlilabadda rayon sovetinə deputat seçilirdim. Halbuki, həmin vaxtlar bəzi rayon prokurorları rayon sovetinə Deputat seçilə bilməmişdilər. Beləliklə, təyinat almamışdan əvvəl Cəlilabad rayon sovetinin Deputatı seçildim. Mart ayında Cəlilabad rayon Prokuroru vəzifəsinə təyin olundum.

Bir neçə gün idi ki, işə başlamışdım. İ.Qurbanov mənə zəng etdi:

- Başqa işin yoxdursa, sən də gəl, Üçtəpə kəndinə gedirik.

İbrahim Qurbanov Üçtəpə kəndində toyuqçuluq fermasında olarkən su istəyir. Suyu içən kimi haradan gətirildiyini soruşur. Deyirlər “suyu bu beton quyudan götürürük”. Araşdırma nəticəsində məlum olur ki, əsrin əvvəllərində Üçtəpə dağlarından təxminən 30 km-lik saxsı borularla Pokrofka, Andreyyevka və rusların çox məskunlaşdığı digər kəndlərə su çəkilib. Sovet dönəmində boruların çox hissəsi sıradan çıxır və suyun axarı kəsilir. Cəlilabad şəhərindən 6 km-lik məsafədə olan həmin quyudan çənlərə çıxarılmaqla rayon mərkəzinə su gətirilməsi işinə başlanılmışdı. İ.Qurbanov məni də bu işə qoşdu. İkinövbəlilik, gərgin iş rejimi nəticəsində qısa müddətdə rayon mərkəzinə bulaq suyu gətirildi. Öz təcrübəmdən bilirəm ki, o, adamları həvəsləndirməyi bacarırdı. Ümumiyyətlə, İ.Qurbanov tikinti-abadlıq işlərinə xüsusi fikir verirdi. Tikinti sahəsində təhsili olmasa da, fitri istedada malik insan idi. Onun tapşırıqlarını, əsasən, tikinti trestinin rəisi Gülbala Piriyev həyata keçirirdi. Adi ağ vərəqdə cizgilər çəkir, Gülbala Piriyevə ideyalar verirdi. Qısa müddət sonra gözəl tikili alınırdı. Təsadüfi deyil ki, İ.Qurbanovun gəlişindən sonra Cəlilabadın siması başdan-başa dəyişmişdi. Ümumiyyətlə, İ.Qurbanovun Cəlilabada rəhbər təyin olunması nəticəsində bu rayonda bütün sahələrdə sıçrayışlı inkişaf baş verdi. Təkcə bunu demək kifayətdir ki, Respublikanın kənd təsərrüfatı üzrə ümumdaxili məhsul istehsalının 7-8%-i Cəlilabadın payına düşürdü.

Öz təyinatı ilə əlaqədar maraqlı hadisə danışırdı. Neftçala rayon PK-nın I katibi işləyərkən məzuniyyətə getməzdən əvvəl Heydər Əliyevlə görüşür. Söhbət zamanı H.Əliyev onun işindən razılığını bildirir. Xudahafizləşib gedir. Şəhərdən çıxarkən maşını saxlayırlar. Xahiş edirlər ki, təcili MK-yə qayıtmalısan. H.Əliyev onu gülər üzlə qarşılayır. “İbrahim, səni Cəlilabada göndərmək istəyirəm. Fikrin nədir?”, deyə soruşur. İ.Qurbanov etimada görə təşəkkürünü bildirir və 2 gündən sonra, 1980-ci ilin yanvar ayında Cəlilabad rayon PK-nin I katibi seçilir.

Cəlilabad rayonunda 1979-cu ildə 96 min ton, 1980-ci ildə 2 dəfədən artıq, yəni 206 min ton üzüm istehsal olunmuşdu.

Maraqlı hadisələrin biri də 1981-ci ildə olur. İ.Qurbanov sərhəd kəndlərini gəzərkən Ləkin “zastavası”nda sərhəd darvazasını açdırır və çayın o tayında işləyən İran vətəndaşları ilə səmimi söhbət edir. Onlara bir neçə yeşik üzüm pay verir. Hələ rayona çatmamaış “ratsiya” ilə xəbər verirlər ki, onu mərkəzi komitə katibi İsa Məmmədov axtarır. Tez kabinetə gəlib İ.Məmmədova zəng edir. İsa Məmmədov deyir:

- İbrahim, sənin sərhəddə nə işin var? Y.Andropov H.Əliyevə zəng edib səninlə maraqlanıb, o da cavabında deyib ki, “Yuri Vladimiroviç, o elə katibdir ki, icazə versək gedib İranda da sosializm qurar”. Heydər Əliyev tapşırdı ki, bir də elə şeylər etməyəsən.

Ümumiyyətlə, İ.Qurbanovun H.Əliyevə böyük hörməti və məhəbbəti var idi. 1987-ci ilin oktyabrında H.Əliyev Siyasi Büro üzvlüyündən və bütün siyasi postlardan kənarlaşdırıldıqdan sonra da, onun şəkli bir həftə Siyasi Büro üzvləri arasından götürülməmişdi. Bu həmin dövrdə az qala “cinayət" sayılırdı (Deyirdilər ki, İ.Qurbanovun işdən çıxarılmasının səbəblərindən biri də budur).

Şəkil məsələsi ilə əlaqədar bir hadisəni də danışmaq istəyirəm. H.Əliyev Cəlilabada hər il gələr, zəhmətkeşlərlə görüşər, göstəriş və tövsiyyələrini verərdi. İ.Qurbanov gedəndən sonra onun yerinə gələn I katib DTK-nın yerli şöbəsinin rəisi ilə 1988-ci ilin yay aylarında dağ kəndlərini gəzərkən Akifəli Rzayevin direktor olduğu “Kommunist” sovxozuna gəlir və kabinetə girərkən diksinir. Akifəlinin kabinetində H.Əliyevin 1981-ci ildə zəhmətkeşlərlə görüşünü əks etdirən böyüdülmüş şəklini görür. Həmin şəkildə o dövrdə MK-də təlimatçı işləyən katib də H.Əliyevi alqışlayanlar arasında olmuşdu. Böyük mərəkə qopdu. Akifəlinin işdən çıxarılıb-çıxarılmaması yadımda deyil, lakin sovxozun maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına imkan vermədim. Bu da həyatın bir qəribəliyidir...

İ.Qurbanov tez-tez nazirləri və komitə sədrlərini qonaq çağırır, rayonu gəzdirir, sonra da rayonun ehtiyacı üçün bu və ya digər məsələləri onların “boynuna qoyurdu”. O, rayon üçün mümkün olan və olmayan bütün imkanlardan bacarıqla istifadə edirdi.

1985-ci ilin avqust ayında saat 20 radələrində episentri Cəlilabad şəhərindən 15 km aralıda olan zəlzələ baş verdi. Səhərisi günü Moskvanın “Vremya” (Zaman) proqramında Azərbaycanın Cəlilabad rayonunda 7 bal gücündə zəlzələ olması barədə məlumat verildi. Gecə sat 03:00 radələrində telefon zəng çaldı. Həyəcanla dəstəyi götürdüm.

- Ələmdar, sənsən?

– Bəli əmi, mənəm (zəng edən akademik Sübhi Salayev idi. Gənc yaşlarından atamla dostluq edirdi. Ona görə də əmi-qardaşoğlu münasibətimiz var idi. S.Salayev Moskvada ezamiyyətdə idi. “Vremya”-da Cəlilabadda 7 bal gücündə zəlzələ olduğunu eşidib, mənimlə danışmaq üçün sifariş vermişdi).

- Sən indi hardasan?

– Evdəyəm.

- Ay oğul, mən geoloqam. Sənin yaşadığın köhnə kərpic ev 7 bal gücündə zəlzələyə dözməz axı?!

Dedim:

- Əmi, yüngülvari “pripiska” etmişik.

O, bərkdən güldü. Zəlzələdən sonra 1 günün içində Cəlilabadda bütün divarı çatlamış, qəzalı vəziyyətdə olan tikililəri əks etdirən 2 fotoalbom düzəldilmiş və Moskvaya göndərilmişdi. İttifaq büdcəsindən Cəlilabad üçün 20 milyon manat pul ayrılmışdı. Bu pullar da abadlıq-quruculuq işlərinə sərf olunurdu.

Həmin dövrdə Cəlilabadın güclü kadr potensialı var idi. RİK-nin sədri Aslan Mehdiyev, onun müavini Tofiq Bağırov (Sonralar hər ikisi Füzuli və Cəlilabad rayonlarında I şəxs oldular), II katib – ixtisasca jurnalist olan, uzun müddət qəzet redaktoru işləmiş Əlövsət Bəşirov, məhkəmə sədri, 34 il hakimlik təcrübəsi olan Naxçıvan Ali Məhkəməsinin sədri işləmiş Qəni Kazımov, milis rəisi, 20 ildən artıq rəis işləyən Sədr Mirzəyev, DTK-nın yerli şöbəsinin sədri, 35 ildən artıq təhlükəsizlik orqanlarında işləmiş Yavər Ələkbərov, ASB-nın rəisi Vəkil Zeynalov və onu əvəz edən Qılınc Nəsirovu göstərmək olar. Təcrübəli təsərrüfat rəhbərlərindən və idarə rəislərindən Möhsüm Kərimov, Cavad Cavadov, Qüdrət İsmayılov, Bəyriş Kərimov, Baxış Mustafayev, Tiflis Əzizov, Mirhüseyn Kazımov, Xasay müəllim və İlyas müəllim, 10 il SSRİ Ali Sovetinin Deputatı olmuş Əhməd Ağayev və SSRİ Ali Sovetinin Deputatı Minayə xanım, fədakar təsərrüfat rəhbərləri Surə Ağayeva, Gülsənəm xanım və digərləri böyük bilik və təcrübəyə malik insanlar idi. Onların hər biri daha yüksək vəzifəyə layiq idilər. Cəlilabadın güclü ziyalı potensialı var idi. Canlı ensiklopediya olan Rəşid müəllim, alovlu şait Abbasağa və digərləri.

Bu həmin şair Abbasağadır ki, 1993-cü ildə Əlikram Hümbətov özünü “Talış-Muğan Respublikası”nın prezidenti elan etdikdən sonra bir dəstə yaraqlı ilə Cəlilabada gəlir və iclas keçirir. İclasda Abbasağa tribunaya qalxır:

– Sən nə etmək istəyirsən? Bizim əlimizdən Həzi Aslanovu, talışların əlindən Sabiri, Səməd Vurğunu almaq istəyirsən? Sən kiminlə ayaq-ayağa qoymusan? Bilmirsən ki, H.Əliyev səni milçək kimi əzər?!

Əlikram həmin iclasdan sonra Cəlilabada gəlmir.

Böyük sınaq

 

1993-cü ildə Zaqatala rayon Prokuroru vəzifəsində işləyirdim. “Naib Bulaq” deyilən yerdə məclis qurulmuşdu. Stolun başında hamının hörmətlə yanaşdığı Əjdər Əsədov oturmuşdu (O, əvvəllər Balakən və Şəmkir rayonlarında I katib işləmişdi). Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Rafael Məcidov rayonun böyük ağsaqqalları Cücü Yəliyev, Şahid Muxtarov, Oruc Orucov və digər rayon rəhbərləri də məclisdə iştirak edirdilər. Söhbət əsnasında Əjdər müəllim mənimlə maraqlandı. Əvvəllər Cəlilabadda Prokuror vəzifəsində işlədiyimi biləndə dedi:

- Yəqin İ.Qurbanovdan sonra Cəlilabadda işləmisiniz?

- Xeyr, 3 il İ.Qurbanovla Cəlilabadda çiyin-çiyinə işləmişik.

O, diqqətlə mənə baxıb soruşdu:

– SSRİ DİN-in əməliyyat qrupu Cəlilabada gələndə sən harada idin?

Dedim ki, əməliyyat qrupu Cəlilabada gələndə mən prokuror vəzifəsində işləyirdim. Əjdər müəllim yerindən qalxdı, mənə yaxınlaşdı və qucaqladı:

- Sən əsl Azərbaycan oğlusan!

Sonra məclisə müraciətlə dedi:

- Bu oğlanın qoçaqlığı sayəsində ruslar Cəlilabadı Şəmkirə, Azərbaycanı Özbəkistana çevirə bilmədilər. Mən o əməliyyat qrupunu yaxşı tanıyıram. Şəmkirdə daşı-daş üstə qoymadılar (Əjdər Əsədov qəzetlərdə gedən bir yazısında bu məsələdən yazmışdı.).

Sonra məndən təkidlə o hadisə barədə danışmağı xahiş etdi. Mən onun xahişini yerə salmadım və hadisəni danışdım...

8 iyul 1986-cı ildə saat 01:00 radələrində Puşkin (indiki Biləsuvar) rayon milis şöbəsinin rəisi Telman müəllim mənə zəng etdi (Mən eyni vaxtda Puşkin rayon prokurorunun səlahiyyətlərini də icra edirdim).

- Ələmdar müəllim, 4 nəfər SSRİ DİN-in əməkdaşı axşam radələrində şöbəyə gəldilər. Bizdən maşın istədilər. Maşının dövlət nömrə nişanlarını çıxarıb Cəlilabad istiqamətində getdilər və 3 saat sonra gətirib maşını təhvil verdilər. Maşının spidometrinə baxmışdıq, 86 km yol getmişdilər. Çox güman ki, sizin rayona əməliyyat görüşünə gediblər.

Təşəkkürümü bildirdim. Bir qədər fikirləşdim. Son zamanlar Cəlilabada hücumlar çox olurdu, yerindən duran yoxlamaya gəlirdi. Raykoopittifaqın sədri Səlim müəllimi çağırdım, vəziyyəti ona da bildirdim. O dedi ki, Ələmdar müəllim, ticarət şəbəkələrində qorxu yoxdur. Apardığınız yoxlamalardan və iclasdan sonra hamı ilə söhbət etmişik. Kimin çatışmazlığı olsa, öz günahıdır. Məsələ burasındadır ki, 1 iyul 1986-cı il tarixdə, mənim qərarımla 4 mağazada eyni vaxtda yoxlama aparılmışdı. Yoxlama materialları üzrə cinayət işi başlanılmış və istintaq aparılırdı. 6 iyul 1986-cı ildə mənim təşəbbüsümlə Raykoopittifaqda iclas keçirilmiş və çıxışımda mal gizlədənlərə, çəkidə, ölçüdə, qiymətdə aldadanlara, ictimai əmlakı mənimsəyələnlərə qarşı güzəşt olmayacağını, yoxlamaların davam edəcəyini bildirmişdim.

Səlim müəllimlə iş otağıma gəldik. Milis şöbəsinin rəisi Sədr Mirzəyevi dəvət etdim. Xeyli məsləhətləşdik, lakin “qonaqların” hara getdiklərini müəyyən edə bilmədik.

ASB-nin rəisi Vəkil Zeynalovu çağırdıq. O, məsələni bilən kimi “qonaqların” “M” ilə görüşmək üçün hansı kəndə getmələrini dəqiqliklə söylədi. Doğrudan da Biləsuvardan həmin kəndə 43 km-lik məsafə var idi. (Məxfiçilik naminə həmin şəxsin və kəndin adını demirəm).

Birinci katib İ.Qurbanovu məsələdən agah etmək üçün saat 03:00 radələrində raykomun qonaq evində toplaşdıq. Xeyli söhbət etdikdən sonra qərara gəldik ki, bu məsələni gizli saxlayaq və hadisələrin gedişini gözləyək.

Səhər saat 11:00 radələrində milis rəisi məlumat verdi ki, 4 nəfər SSRİ DİN-in əməkdaşı, 20 nəfər respublikanın müxtəlif rayonlarından SƏDM əməkdaşı və 20 mütəxəssislə 8 mağazada eyni vaxtda yoxlamaya başlayıblar. 3 günlük yoxlama nəticəsində cəmi 1 mağazada çəkidə, ölçüdə, qiymətdə aldatma faktı aşkar etmişdilər. Adətən rayona yoxlama gələrkən raykoma və Prokurora məlumat verirdilər. Bu dəfə isə “qonaqlar” yoxlamaya başladıqdan sonra milis şöbəsinə gəlib qeydiyyatdan keçmişdilər.

11 iyulda İ.Qurbanov mənə zəng etdi. “Qonaqların” onun yanında olduğunu, mənim də söhbətdə iştirakımın zəruriliyini bildirdi. Mən katibin kabinetinə girib “qonaqlar”la baş işarəsi ilə salamlaşdım. Yoxlamanın rəhbəri Reşetnyak Nikolay Stepanoviç əynində cins şalvar və qısa qollu köynək, ağzında siqaret, ayağı ayağının üstündə, çox ədalı formada oturmuşdu. Katib məni təqdim edəndə heç mən tərəfə baxmadı. Reşetnyakdan soruşdum:

- Prokurorluğa niyə gəlməmisiniz? Sabah axtarış lazım olsa, kimdən icazə alacaqsınız?

Onun cavabı sərt oldu:

- Mən sizə hesabat verməliyəm?! Sanksiya lazım olsa, sənədləri göndərəcəyəm, razılıq verəcəksiniz. Bəlkə də sizdən sanksiya almağa ehtiyac olmayacaq!

Mən də eyni sərtliklə dedim:

- Mən 1 həftə bundan əvvəl 4 mağaza yoxlayıb, 4 cinayət işi başlamışam. Siz bir dəstə adamla 8 mağazada yoxlama aparıb cəmi 1 cinayət faktı aşkar etmisiniz. Məndə məlumat var ki, sizin yoxladığınız mağazalarda çatışmazlıq faktları olub, lakin ört-basdır edilib. Həmin mağazalarda təzədən yoxlama aparacağam və yəqin ki, bir neçə cinayət faktı aşkar edə biləcəyəm!

N.Reşetnyak çox pərt olmuşdu. Mən İ.Qurbanovdan icazə alıb “qonaq”la xudahafizləşmədən kabinetimə gəldim. 10 dəqiqə keçməmiş N.Reşetnyak milis rəisi S.Mirzəyevlə otağıma gəldi və məndən üzr istədi. Sonra biz “qonaqlar”ı götürüb yeməyə getdik. Həmin gündən sonra “qonaqlar” bizsiz çörək yemirdilər. Nə gizlədim, axşam süfrələrində onların sabahkı planlarını, milis rəisi və ASB-nin rəisi Vəkil Zeynalov bilir və müvafiq “qabaqlayıcı tədbirlər” görürdülər...

6 sovxozda heyvandarlıq və quşçuluq fermalarında aparılan yoxlamalar heç biri nəticə vermədi. 2 şərab zavodunda da yoxlama aparmaq istəyirdilər. Prokurorluqda CM-nin 88.1 maddəsi ilə istintaq olunan cinayət işinə əsasən arayış verdim ki, həmin şərab zavodları üzrə sənədlər cinayət işinə əlavə olunmuşdur və istintaq davam edir.

Axırıncı yoxlama şikayətçi “M”-nin sakini olduğu kəndin fermasında aparılmalı idi. Səhər saat 10:00 radələrində N.Reşetnyak mənə telefonla zəng etdi və həyəcanlı səslə dedi:

- Yoldaş Məmmədov, 100-ə qədər adam yığışıb şikayətçiyə və onun adamlarına hücum edirlər. Mən nə etməliyəm?

Ona təklif etdim ki, yanıma gəlsin (Gizlətmirəm, adamların toplaşacağından və yoxlamanın gedişinə mane olacağından bizim xəbərimiz var idi.). 20 dəqiqə keçməmiş, o, otağıma daxil oldu:

- Burda ağır hadisə ola bilər?

Dedim ki, ağır hadisə də ola bilər, adam da ölə bilər. Sizin qərarınız insan həyatından qiymətlidirsə, icra edin. O, mənim otağımdan SSRİ DİN-in müavini general-leytenant rütbəsində olan şəxsə (soyadı yadımda deyil) zəng etdi. Vəziyyəti bildirdi. Sonra dəstəyi mənə verdi. Generalın ilk sözü bu oldu ki, yoldaş Prokuror, siz də yoxlama aparanda belə gərginlik yaranır? Dedim ki, yoldaş general, biz belə yoxlama aparmırıq. 1 şikayətçinin sözü ilə 24 gündür 40-50 adam yoxlama aparır, cəmi 1 cinayət faktı aşkar ediblər. Rayon təsərrüfatı iflic vəziyyətindədir. Sonra general N.Reşetnyaka göstəriş verdi ki, mövcud vəziyyəti aktlaşdırsın və yoxlamanı qurtarsın. Beləliklə də bu rüsvayçı yoxlama başa çatmış oldu. Sonralar məlum oldu ki, şikayətçi “M” SSRİ DİN-in yüksək mövqeli “gizli əməkdaşı” imiş. Bu da Moskvanın həqiqətən Cəlilabad üçün ağır günlər hazırladığının göstəricisi isi.

İ.Qurbanov yoxlamalardan sonra gileylənirdi ki, MK rəhbərliyindən, hətta şöbə müdiri və inspektor səviyyəsində zəng edib vəziyyətlə maraqlanan olmadı.

Doğrudan da, rəhbərlikdən yalnız Respublika prokuroru İlyas İsmayılov yoxlamanın gedişi ilə maraqlanırdı. Mən qonşu Masallı və Puşkin rayonlarından ona bir neçə dəfə zəng edib, ümumi vəziyyəti məruzə etmişdim. Yoxlamadan sonra növbəti kollegiyada mənə dedilər ki, İlyas müəllim çağırır. Kabinetə girən kimi xoş təbəssümlə ayağa qalxdı. Qapı ağzında mənimlə olduqca səmimi görüşdü: "Rəhbərlikdə hər gün Cəlilabaddakı vəziyyəti müzakirə edirdik. Sənin fəaliyyətindən çox razıyıq. Siz hamılıqla qəhrəmanlıq göstərdiniz”.

İlyas müəllimin prinsipi bu idi ki, ruslara fakt verib, xalqın taleyinə biganə qalmaq olmaz. Cinayət və cinayətkarlıqla özümüz öz daxili imkanlarımız hesabına mübarizə aparmalıyıq.

Yeri gəlmişkən, onu da qeyd edim ki, N.Reşetnyakla münasibətlərimiz yoxlamanın axırına doğru istiləşmişdi. O, açıq deyirdi ki, sizin rayona qədər harda olmuşuqsa, faktların çoxunu özümüzünkülər veriblər. Biz 1 yoxlama aparırdıqsa, onlar 2 yoxlama aparırdılar. Mən Azərbaycanda ilk dəfədir ki, belə birlik görürəm. N.Reşetnyak 1992-ci ilə qədər mənə Şəmkirdən, Moskvadan zənglər edirdi.

Yoxlamaya qədər İ.Qurbanovla münasibətlərimizdə müəyyən gərginliklər olurdu. Görünür, mən köhnə qaydalara əməl etmirdim. Rəhbərlik isə yeni düşüncə tərzini həzm edə bilmirdi. Öz şəxsi mənafeyi naminə araya girənlər, söz gəzdirənlər də var idi. Lakin yoxlamadan sonra bizim münasibətlərimiz ən yüksək səviyyəyə qalxdı. İ.Qurbanov ilk iclasda tapşırıq verdi ki, rayonun hər hansı bir təşkilatına yoxlayıcı gələndə prokurorun yanına aparın və onun razılığı olmadan heç kimə sənəd verməyin. Bu qeyri-hüquqi qərar olsa da, camaat üçün xeyirli idi. Belə ki, 1983-cü ildən başlayaraq Cəlilabadda müxtəlif təşkilatlar yoxlamalar aparırdılar. Bu qərardan sonra “yoxlayıcıların” sayı kəskin şəkildə azaldı. Məlum oldu ki, bir çoxlarının yoxlama aparmaq barədə sərəncamı belə yoxdur. DİN-in əvvəllər də tanıdığım bir müstəntiqi bir neçə nəfəri dindirmək üçün birbaşa “Moskva” sovxozuna gəlir. Ona deyirlər ki, prokurorun razılığı olmadan sizə otaq ayıra, sənəd verə bilmərik. Sovxoz direktoru ilə müstəntiq yanıma gəldilər. Müstəntiqin çox narazı görkəmi var idi. Respublika prokrurorunun I müavini Ə.Sultanovun razılığı ilə gəlmişdi.

Müstəntiqə otaq ayrılması, şərait yaradılması, yemək-içməklə təmin edilməsi barədə sovxoz direktoruna göstəriş verdim.

Bir neçə gün sonra sovxoz direktoru yanıma gəldi. Müstəntiqin hərəkətlərindən şikayət etdi. Bütün gün bizi, sovxozun maliyyə-təsərrüfat fəaliyyətini yoxlayacağı ilə hədələyir. Aldığı ifadələri baş mühasibin otağındakı seyfə qoyur. Çıxanda da qapını möhürləyir. Bugün müstəntiq gec gəldiyindən baş mühasib qapını açıb iş otağına girib. Müstəntiq işə gələndən sonra "Sənin nə ixtiyarın var mənim möhürlədiyim qapını açmısan? Səni cinayət məsuliyətinə cəlb edəcəm" deyə, hədələyib və baş mühasibin izahatını alıb. Mən tapşırdım ki, müstəntiqə heç bir sənəd verməsinlər, idarəyə buraxmasınlar və mənim yanıma gətirsinlər.

Səhəri gün müstəntiq hay-küylə mənim otağıma gəldi, Ələddin Sultanova şikayət edəcəyi ilə hədələdi. Ələddin müəllimin telefonunu yığıb ona verdim. "Ələddin müəllim, mənə mane olurlar, işləməyə qoymurlar, prokuror da onlara dəstək verir", deyə, şikayətləndi. Telefonun dəstəyini mənə verdi. Ələddin müəllimə dedim, yeddi gündə doqquz adam dindirib, işçiləri sovxozun maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaqla hədələyir, baş mühasibin otağını möhürləyib. Bu gün baş mühasib otağı açdığına görə onu təhqir edib, izahatını alıb ki, səni cinayət məsuliyyətinə cəlb edəcəyəm. Bundan sonra Ələddin müəllimin göstərişi ilə müstəntiq həmin gün rayonu tərk etdi.

Oxucuya belə görünə bilər ki, biz yoxlamaların və yoxlayıcıların əleyhinə olmuşuq. Xeyr! İş olan yerdə nöqsan da olar. Hansı zərurət var idi ki, Moskvanın göstərişi ilə əməkdaşlar, mütəxəssislər, 50 nəfərə yaxın adam Cəlilabada hücum edirdilər, milçəkdən fil düzəldirdilər. Məgər bu xalq, zəhmətsevər insanlar yazıq deyildi? Yüzlərlə insan məhkum, minlərlə insan əziyyət çəkəcəkdi. Məgər rayonda hüquq-mühafizə orqanları yox idimi?

Rayon rəhbərlərinin münasibətlərinin yaxşı və ya pis olmasını, xeyrini və zərərini ən çox sadə insanlar hiss edirlər.

Cəlilabadda tez-tez hüquq günləri keçirirdim. Təşkilatlarda camaatla görüşür, hüquqi sullarını cavablandırırdım. Baxış Mustafayevin direktor olduğu sovxozda cavan bir oğlanın sualları diqqətimi cəlb etdi. Sonda onu dəvət etdim. Məlum oldu ki, ictimai əsaslarla sovxoz komsomol təşkilat katibi işləməklə hüquq fakültəsinin qiyabi şöbəsində təhsil alır. Sovxozda hüquqşünas ştatı olub-olmaması ilə maraqlandım. Həmin sovxozda hüquqşünas ştatı yox idi. Ümumiyyətlə Cəlilabaddakı 28 sovxozun yalnız 7-də hüquqşünas ştatı var idi. Mən İ.Qurbanova müraciət etdim. Qısa müddətdə bütün sovxozlarda hüquqşünas ştatı yaradıldı. Rayonda 30-a qədər hüquqşünas və yaxud hüquq fakültəsində oxuyanlar var idi. Onlar hamısı işlə təmin edildi. Sonradan bir çoxları ədliyyə və hüquq-mühafizə orqanlarında çalışdılar.

İ.Qurbanov çox qonaqpərvər adam idi. Hər gün onun yanına müxtəlif rayonlardan, qonşu respublikalardan adamlar gəlirdi. Heç kimi naümid qaytarmazdı. Elə həftə olmurdu ki, rayonda sənət adamları olmasın. Hüseyn Arifi xüsusilə çox istəyirdi.

Onu demək kifayətdir ki, 28 sovxozun hamısında zəhmətkeşlərin dincəlməsi üçün çöldə, sahədə, briqada düşərgələri düzəldilmişdi. Hər sovxozun bir “xüsusi” qonaq evi var idi. İnsanları qəbul etməyə həmişə hazır vəziyyətdə olurdular. Xanagah kəndində Möhsün Kərimovun bulaq üstə tikilmiş sahə düşərgəsi, Moskva sovxozunda SSRİ Ali Sovetinin Deputatı Minayə xanımın, Əhməd Ağayevin direktor olduğu 1 may sovxozundakı briqada düşərgələri belələrindən idi. Bütün təsərrüfat və idarə rəhbərlərindən qonaqlarla nəzakətli rəftar etmək tələb olunurdu. Ona görə də Cəlilabaddan heç bir qonaq narazı getməzdi.

İ.Qurbanov sözün əsl məanasında mərd kişi idi. Dostluqda tayı-bərabəri yox idi.

Cəlilabad rayonunun “notariusu” Sadıq Səlimov idi. Sadıq müəllim hüquq elmləri namizədi idi. Moskvada Ali Partiya məktəbini qurtarmışdı. Bir müddət MK aparatında işlədikdən sonra 1970-ci ildə Quba rayon PK-nin I katibi seçilmişdi. 14 il işlədikdən sonra 1983-cü ilin dekabrında I katib vəzifəsindən çıxarılır. Ona deyirlər ki, Bakı şəhəri istisna olmaqla, hansı rayona istəyirsən hakim, 1 ildən sonra prokuror olmaq şərti ilə prokuror müavini vəzifəsinə təyin edək. Sadıq müəllim Cəlilabad rayonunda notarius vəzifəsində işləməyə üstünlük verir. Səbəbini belə izah edirdi:

- Notarius işi az məsuliyyətli işdir. Cəlilabadı isə İbrahim Qurbanova görə seçdim. Doğrudur, əvvəllər dostluq münasibətimiz olmasa da, onun mərd adam olduğunu bilirdim.

Doğrudan da Sadıq müəllim rayona gələn kimi ona 5 otaqlı mənzil verildi. Raykomun bütün tədbirlərində iştirak edirdi. O, Sadıq müəllimə çox həssas münasibət göstərirdi. Hərdən zarafatla deyirdi ki, biz bir rayonun iki katibiyik.

İ.Qurbanovun haqqında çox danışmaq olar. Onun gördüyü işlər və idarəçilik üslubu ilə əlaqədar daha 2 faktı dilə gətirmək istərdim.

Yazının əvvəlində qeyd olunan SSRİ DİN-ə daxil olmuş məlumatın 1 yerində yazılmışdı ki, İ.Qurbanov planda nəzərdə tutulmayan tikinti işləri aparmış, layihədən kənara çıxılmış və israfçılığa yol verilmişdir. Yoxlama aktında bu məsələyə belə qiymət verilmişdi: "Doğrudan da planda nəzərdə tutulmayan tikinti işləri aparılıb, layihədən kənaraçıxma halları olsa da arxitektur gözəllik əldə edilmiş və smeta dəyərinə qənaət edilmişdir".

İ.Qurbanov sadə dildə danışardı, məruzə oxumaqla arası yox idi. 1985-ci ilin may ayında MK xətti ilə “Mənəvi tərbiyənin təcrübəsi...” mövzusunda müşavirə keçirilirdi. 15 rayonun I katibi və digər rəhbər işçiləri dəvət olunmuşdular. Təzə istifadəyə verilmiş 800 yerlik üzümçülər sarayı dolmuşdu. Müşavirəni MK katibi açdı. Sonra MK-nin şöbə müdiri 40 dəqiqəlik məruzə ilə çıxış etdi. Bundan sonra I katiblər bir-bir çıxış edirdilər. Çıxışlar üçün 10 dəqiqəlik vaxt ayrılmışdı. Mövzu təzə olduğundan belə təsəvvür yaranırdı ki, çıxışçılar özləri də dediklərini tam dərk etmirlər. Ona görə də iclas cansıxıcı keçirdi. Nəhayət, söz İ.Qurbanova verildi. Eynəyini taxıb əlindəki yazını oxumağa başladı. Heç birinci vərəqi qurtarmamışdı ki, yazını bir kənara qoyub özünəməxsus ifadələrlə çıxışını davam etdirdi. 20 yaşında kənd sovetində katib işləməsindən keçdi, 1918-ci ilin erməni-müsəlman davasına, sonra II dünya müharibəsi illərindəki həyatından sovxoz direktoru işləməsinədək, İspolkom sədri işləməsindən gəldi təsərrüfat işlərinin gedişinə, bir sözlə, mövzudan kənar hər şeydən danışdı. MK-dən gələnlərin üzündə narazılıq ifadəsi olsa da 45 dəqiqəlik çıxışı dəfələrlə gülüşmə, alqış və gurultulu alqışlarla kəsildi. İ.Qurbanov çıxışını belə yekunlaşdırdı: "Mən ev sahibi kimi vaxtınızı çox aldım, yəqin ki, yoldaşlar çox yorulublar, yeməklər soyuyur, xahiş edirəm iclası qurtaraq". Gurultulu alqış sədaları ucaldı və iclas qurtardı.

İ.Qurbanov sadə danışığı ilə hamının ürəyini ələ ala bilmişdi. Ümumiyyətlə o, sadəliyi və səmimiyyəti ilə ucalan insan idi.

1987-ci ilin iyul ayında İ.Qurbanov iş otağında xəstələndi. Mən axşam evə aparılanadək onun yanında qaldım. İlin axırında ona bildirdilər ki, vəzifədən getməlidir. İşdən çıxarılacağını heç kimdən gizlətmirdi. Biz hər gün onun yanında olur, axşam yatanda ayrılırdıq. Nəhayət, 9 yanvar 1988-ci il tarixdə Raykomun plenumunda İ.Qurbanov I katib vəzifəsindən çıxarıldı. Bir məsələni xatırlatmaq yerinə düşərdi. MK katibi T.Orucov – İ.Qurbanovun işdən azad olunması təklifini səsə qoyduqda heç kim əl qaldırmadı. T.Orucov sualını təkrar etdikdən sonra İ.Qurbanov özü əlini qaldırdı. Bundan sonra digər plenum üzvləri əl qaldırdılar. İ.Qurbanov həmin dövrdə, həmin zamanda işdən çıxarılması böyük səhv idi.

Ələmdar Məmmədov,

keçmiş prokuror

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar