Xəyanətə görə məsuliyyətə cəlbetmə... Onda apar qaytar!

eldar sEldar Sabiroğlu,

ehtiyatda olan polkovnik

Silahlı Qüvvələrimizin hərbi hissəsində yaranmış vəziyyətlə bağlı düşüncələrimi təkrar və bir az daha geniş şəkildə bölüşmək qərarına gəldim. Hələlik məlum xəyanətə təkan verən səbəblərin haradan qaynaqlandığı və hansı mərkəzlərdə hazırlanaraq hərəkətə gətirildiyi barədə qəti bir söz demək çətindir.

Amma burası tam yəqindir ki, bir qrup hərbi qulluqçumuzun və mülki şəxslərin ələ alınması təkbaşına Ermənistan əks-kəşfiyyatının hiyləsinə oxşamır. Müəmmalar və bilmədiklərimiz, deyəsən yetərincədir. Görünür, olayın miqyası və məqsədi çox ciddi xarakter daşıdığndan, Azərbaycanın dörd mühüm dövlət orqanının bu cür bəyanatla çıxış etməsinə təkan verib. Özümün ağıllı və fərasətlı olduğumu gözə soxmaqdan çox-çox uzağam. Fikirlərimdə tam səmimiyəm. Əvvəlki düşüncələrimdə qalaraq, qeyd etməyi vacib sayıram ki, bu sənəd cəmiyyətə belə tərzdə çatdırılmamalı idi...

Artıq olan olub, keçən keçib. İndiki günlərdə bir vətəndaş olaraq məni bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə müəyyən internet saytların və qəzəbi coşub-daşan bir sira sosial şəbəkə istifadəçilərinin mövqeyi narahat edir. Yayımlanması arzu olunmayan elə məlumatlarla qarşılaşırıq ki, adamı dəhşət bürüyür. Dostlar, hadisənin mahiyyəti bizlərdən ehtiyatlı münasibət göstərməyi tələb edir. Unutmayaq ki, hər əsəbi fikir və acıqlı sözümüzlə ictimai əhval-ruhiyyəni daha da mürəkkəbləşdiririk. Eyni zamanda bununla Azərbaycanı istəməyən çevrələrin, xüsusən faşist xislətli ermənilərin qol-qanad açmasına, sevinməsinə əlverişli imkanlar yaradırıq.

Ordu dövlətin gözü, döyünən ürəyidir. Onun gözdən salınmasına heç bir halda yol verilə bilməz. Yalnış informasiyaların önü kəsilməli, qələm və düşüncə sahibləri, mətbu vasitələr milli təhlükəsizliyimizin, dövlətçiliyimizin sarsılmaması, xalqda orduya olan inamın sönməməsi üçün cəmiyyəti həyəcan doğuracaq məlumatlarla yükləməkdən birmənalı imtina edilməlidir. Dolaşıq və qarmaqarışıq məlumatların kütləviləşməməsi üçün dövlətin öz resurslarını hərəkətə gətirməsinə ciddi ehtiyac duyulur. Dezinformasiyalar o zaman ayaq tutub yeriyir ki, ortada onu tərkisilah edə biləcək əsaslandırılmış aydınlatmalar üstünlük təşkil etmir. Bununla o fikirdə deyiləm ki, dövlət vəziyyətin normal məcraya yönləndirilməsi istiqamətində represiv metodları işə salmalıdır. Əsla belə düşünmürəm, çünki bu yol deyil. Könül istər ki, iqtidardakı ideoloqlar zərər gətirəcək məlumatların yayılmaması məqsədi ilə ölkə vətəndaşlarının qarşısına çıxaraq inandırıcı dəlillərlə fayda verə biləcək təbliğat və təşviqat işi ilə məşğul olmalıdırlar. Onlar insanlarla üzbəüz söhbət edərək, hansı əhval-ruhiyyənin hökm sürdüyünü dəqiqliklə öyrənib dövlət başçısına çatdırmalıdırlar. Bəlkə bu adamlar hər şeyin rəvan və rahat olduğu qənaətindədirlər. Əgər belədirsə, təəssüflər olsun. Açıq qeyd edirəm ki, imzasını bəyanatın altına atan dövlət orqanlarından bu gün daha çox kəskin tənqidin hədəfində dayanan hakimiyyətin özüsdür. Sözlərim xoş gəlməyə bilər. Ancaq Allahıma həmd olsun ki, heç bir qərəz məni dartıb belə tikanlı fikirlər söyləməyə vadar etmir. Hər şeyə rəğmən, bir vətəndaş kimi yenə də ümidliyəm ki, yaranmış problemin səbəbləri və alçaqcasına bu işə boyun əyən bir qrup hərbi qulluqçumuzun və mülki şəxslərin Silahlı Qüvvələrimizin hörmət və nüfuzuna bərk toxunan bu ləkəsi istintaq işini aparan peşəkar hüquqçularımız tərəfindən gecikdirlimədən aradan qaldırılacaq , cinayəti sübuta yetirilmiş xainlər ən ağır cəzaya məhkum olacaqlar. Bu məsələdə əsgərdə günah görmürəm... Yəqin nəyə işarət etdiyimi lütfkar oxucum gözəl başa düşür. Əgər məsuliyyətə cəlbetmə yalnız aşağı səviyyə ilə kifayətləniləcəksə, apar qaytar...

Nəhayət, informasiya vasitələrimiz əldə etdikləri məlumatların işıqlandırılmasında son dərəcə ehtiyatlılıq nümayiş etdirməli, əlavə problemlərə yol açan yoxlanılmamış xəbərlərin dövriyyəyə buraxılmasına səy göstərməməlidirlər. Düşünmək gərəkdir ki, bu cür təşəbbüslər hər şeydən öncə əsgəri xidmətə hazırlaşan gənclərimizdə ruh düşkünlüyü yarada bilər. Bax, bunu nəzərdən qaçırmamalıyıq. Allah xatirinə, gəlin indiki həssas məqamda ordumuza ürəkdən bağlı olduğumuzu hamılıqla nümayiş etdirək. Mən sosial şəbəkə istifadəçilərindən, bəzi informasiya saytlarının idarəçilərindən acizanə xahiş edirəm ki, başımızın üstündə millətimizin və vətənimizin bayrağını ucaldaraq, Silahlı Qüvvələrimizə cani-dildən dəstək verək. Gəlin torpaq uğrunda həlak olan qəhrəmanlarımızın müqqəddəs ruhlarını sızlatmayaq. Gəlin düşünək, birlikdə daşın altına əlimizi qoyub bu töhmətin altından alnıaçıq, üzüağ çıxaq.

İndi eşitdiklərimizin, bildiklərimizin, düz və ya yalan olduğundan asılı olmayaraq, onların mətbuat səhifələrinə çıxarılmasına qəti ehtiyac yoxdur. Hər şeyin zamanı var. Yəqin ki, keçirilən açıq məhkəmə vasitəsilə xəyanətin haradan üstümüzə yeridiyini öyrənə biləcəyik. Mən diqqətinizə bəzi informasiya vasitələrində özünə yer alan bir dəhşətli məlumatı (?) təkrar çatdırdığıma görə üzülürəm. Amma məcburam. Yazırlar ki, erməni əsgərlər bizim hərbi uniformanı geyərək, təmas xəttinə yaxın ərazilərimizdə azad, sərbəst dolaşırmışlar. Axrasını gətirmirəm. Çünki ürəyim ağrıyır. Heç belə bir şeyi diləmi gətirmək olar?!

Dostlar, birdən elə başa düşərsiniz ki, bu yazımla hakimiyyətə yarınıram. Lütfən, bu cür anlamamanızı xahiş edirəm. Ən azından ona görə ki, mənim bu hakimiyyətlə yollarım artıq ayrılıb. Uzun illər xidmətində dayandığım bu hakimiyyət və köhnə əqidə yoldaşlarım mənə elə pislik ediblər ki, onu unutmağım ömrümün sonunadək mümkün deyil. Bu düşüncələrimi qələmə alarkən, yalnız və yalnız Silahlı Qüvvələrimizi, möhtəşəm Azərbaycan Ordusunu sarsıda biləcək informasiyalardan çəkindirməyi qarşıma məqsəd qoydum. Nə qədər nail oldumsa, bu artıq oxucularımın ixtiyarındadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar