“TAM BİR SAXTAKAR VƏ DOLANDIRICIDIR!” – Aslan İsmayılovdan şok etiraf (Yeniləndi) + AUDİO

Dərc olunub: 14/05/2017 - 17:32

“Oğlunu da bu işlərə alət eləyir. Məndən 40 min dollar para aldı, işini görəcəm deyə. Nə işi gördü, nə də pulu geri qaytarır!”

Aslan-ISM1

Vəkil Aslan İsmayılovla iş adamı, “Xəmsə” holdinqin sahibi Mürvət Həsənlinin arasında 2 aya yaxındır davam edən, bəzən hətta təhqir həddinə çatan qarşılıqlı ittihamlar indi də səngiməyib. Əksinə, M.Həsənlinin DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırılmasından və ifadəsinin alınıb sərbəst buraxılmasından sonra Aslan İsmayılov daha da aqressivləşib. Vəkil, bütün sərhədləri tapdalayaraq, qarşı tərəflə bağlı təhqirlər yağdırır, bununla da kifayətlənməyərək, “Mənim səbrimin həddi var”, deyə hüquq-mühafizə orqanlarını, konkret vəzifəli şəxsləri təhdid edir…

A.İsmayılovun bəzən heyrət doğuran belə hədsiz aqressivliyini başa düşmək isə həqiqətən də çətindir. Axı nə baş verir ki, o, bu qədər özündən çıxır, əsəbləri gərilir, özünü ələ ala bilmir, söyür, hədələyir, təhqir edir?… Bir azərbaycanlı iş adamı ilə bir türk iş adamı bir neçə ilə ticarət ediblər, ayrılanda aralarında mübahisə düşüb. İndi iş gedib məhkəməyə çıxıb. Türk iş adamı vəkil kimi Aslan İsmayılovun hüquqi xidmətlərindən yararlanmaq qərarı verib. Bu qədər sadə!
Lakin nə işdirsə, A.İsmayılova belə gəlib ki, türk iş adamına təkcə hüquqi xidmət göstərməklə kifayətlənmək olmaz. Məqsədə çatmaq üçün istənilən vasitə məqbuldur. Məqsəd də ki, qaranlıq…

Diqqətli oxucular fərqində olar ki, A.İsmayılov ilk gündən “dələduz”, “mafiya babası”, “cinayətkar” deyib, yapışıb Mürvət Həsənlinin yaxasından. Arada M.Həsənliyə tribuna verən KİV-ləri, o cümlədən “AzPolitika”nı da qamçıladı. İndi də hər fürsətdə bizi söyür, yamanlayır və ən yaramaz böhtanları danışır.

BƏS, ƏSLİNDƏ ƏSL DƏLƏDUZ KİMDİR?

A.İsmayılov son 2 ayda, bəlkə 50 dəfə M.Həsənlinin ünvanına dələduz kəliməsini işlədib. Və hər dəfə də M.Həsənlini ittiham etdikdən sonra özünü xalqın taleyini düşünən, dürüst, vicdanlı, vətənpərvər, haqqsevər və xalqsevər biri kimi cəmiyyətə sırımağa cəhd edib. Deyib ki, guya türk iş adamının müdafiəsinə məhz bu ali dəyərlərə dərin hörmətindən, xalqın maraqlarını güdməsindən dolayı qoşulub. İnsafla danışsaq, bir xeyli adamı buna inandıra da bilib.

Lakin məsələ ondadır ki, ətrafa dələduz ittihamlarını yağdıran Aslan İsmayılovun özünün başqa bir türk adamına 40 min dollar atdığını ehtimal etməyə əsas verən dəlillər ortaya çıxıb! “AzPolitika” bu barədə ilkin məlumatın izinə düşüb və məlumat, birinci mənbənin dilindən öz təsdiqini tapıb. Beləliklə, Türkiyə vətəndaşı, iş adamı Hızır Ekşi “AzPolitika”ya açıqlamasında Aslan İsmayılov tərəfindən dolandırıldığını, 40 min dollarının mənimsənildiyini bildirib. Türk iş adamı əməkdaşımızla söhbətə belə başlayıb:
“Tam bir saxtakar və şərəfsizdir! Oğlunu da bu işlərə alət eləyir. Məndən 40 min dollar para aldı, işini görəcəm deyə. Nə işi gördü, nə də pulu geri qaytarır!”

Hızır Ekşi ilə sonrakı söhbətdən belə məlum oldu ki, təxminən 2 il əvvəl onun qardaşının Gürcüstanda problemi olub, işi məhkəməyə düşüb. A.İsmayılov bu problemi həll edə biləcəyini vəd edərək, türk iş adamı ilə anlaşıb. Hızır Ekşi 40 min dolları öz adamı vasitəsilə Gürcüstanda Aslan İsmayılovun oğluna verib. Lakin A.İsmayılov nə işi həll edib, nə də pulu geri qaytarıb. Türk iş adamının dediklərindən:
“Təxminən 2 il öncə qardaşımın Gürcüstanda bir məhkəməsi var idi. Bu məhkəmə işlərini həll etmək üçün pulu aldı. Amma həll edə bilmədi. Bundan sonra vaxt istədi, sonra yenə vaxt istədi. Sonda pulu geri verəcəyəm, işi düzəldə bilmirəm dedi. Amma pulu geri vermədi. Tam bir saxtakar! Vəkil olmadığı halda vəkiləm deyir. Məyər ki, heç vəkil də deyilmiş, sonradan öyrəndik.

Bir il əvvəl onunla Bodrumda qarşılaşdım. Dedim ki, ya işi həll et, ya da pulumu geri qaytar. Yoxsa bir daha səni Türkiyədə görəndə, o pulu səndən almağı biləcəm. İndi də axtarıb, tapa bilmirik. Oğlu da bu işlərin içərisində. Onu Gürcüstana göndərdi. Pulu ona verdik. Yəni tam bir dolandırıcı saxtakar.

Türk millətçisiyəm deyir, o da yalan. Ermənilərlə iş tutur, həm burda, həm orda. Yalandan bir kitab yazmış, onunla milləti bağlayır. Biz də o yazdığı kitaba inanaraq, düzgün adam bildik. Bütün türk iş adamlarını o kitabla tovlayır. Öncə onlardan bir 1000 avro alır, mən 1000 avroya çalışıram deyə, işin içərisinə salır, arxadan qalan pulu istəyir. Bizə də eyni şeyi elədi. Özünə də dedim, əlimizdə də sənəd-sübut olmadığı üçün onunla çox da məşğul ola bilmirik…”

Hızır Ekşi deyir ki, A.İsmayılovu son dəfə Bodrumda görüb. Bundan 2-3 ay sonra telefonla zəng edib. Lakin sonradan telefon zənglərinə də cavab verməyib, ancaq “Vatsap”la yazışa biliblər. Türk iş adamı A.İsmayılovla sonuncu “Vatsap” yazışmasını da bizə göndərdi. Yazışmanı olduğu kimi təqdim edirik:

Hızır Ekşi: “Aslan sahtekarı. Cuma gününe kadar benim 40 000 usd paramı ben sana nasıl gönderdiysem. Öyle gönder. Yoksa bu parayı çok farklı şekillerde ödersin. Gerek Amerika’da gerek Münih’te alacağım. Hukuk.

Aslan İsmayılov: “Oglanlarimla meni tehdid edirsense yalnish yoldasan. Ikiqat bedelini odersen. Menı tehdıd etme. Senden farklı olaraq men kışıyem. Dedıyım sözün de sahıbıyem. Paraları verdıyın Paatadan almaq üçün para vermış kışının ıfadesı lazım. Bu qeder. Bır daha menı tehdıd etmeye qalxma”.

Hızır Ekşi: “Şerefsiz ben parayı senin oğlun vakıfa senin sözüne istinaden verdim. Kime verdiysem ondanda almasını bilirim bu sana son sözümdür. Ben pata diye kişiyi tanımam pata senin arkadaşın. Şunu da iyi bil seni Azerbaycan’da sahtekarlıktan dolayı içeri attıracağım. Hapiste de ziyaretine geleceğim”.

Aslan İsmayılov türk iş adamından 40 min dolları alıbmı, niyə alıb, Gürcüstan məhkəməsindəki işi 40 min dollarla necə həll edəcəkdi, Paata deyilən adam kimdir, oğlunu bu işlərə alət edibmi, pul kimə çatıb, geri qayıdacaqmı, bütün bunlar dələduzluq sayıla bilərmi… Bu suallara, əlbəttə ki, gərək Aslan İsmayılov özü cavab versin.

Ən əsas sual: Necə olur ki, bir türk iş adamına borclu qalan dələduz, başqa bir türk iş adamına 40 min dollar atan isə vətənpərvər və dürüst adam olur? Bu nə hikmətdir? 

Beləliklə, əvvəldəki sualı bir daha təkrarlayır və açıq saxlayırıq: ƏSL DƏLƏDUZ KİMDİR?!

***

aslan-350Vəkil Aslan İsmayılov türk iş adamı Hızır Ekşinin dələduzluq ittihamına cavab verib. O, “Facebook”da paylaşdığı açıqlamasında bir tərəfdən ittihamları rədd etsə də, digər tərəfdən Hızır Ekşinin “təsadüfən Gürcüstanda istirahətdə olan” oğlunun iştirakı ilə hansısa Paataya 40 min dollar verməsini təşkil etdiyini etiraf edib. A.İsmayılov yazır:

“Bəli, Hızır adlı birisini tanımışam. Onun haqqında mənə Bakıda yaşayan, daim “Mozart” kafesində nahar edən vaxt gördüyüm və tanıdığım Sedat adlı bir türk xahiş edib. Bu böhtançının Halil adlı qardaşı Gürcüstanda cinayət törətdiyinə görə İnterpol tərəfindən axtarışda olub. Gürcüstandakı əməllərini Bakıda da davam etdirmək üçün Bakıya gələndə Hava limanında İnterpolun axtarışı əsasında saxlanılıb. Hansı yollasa bunu bir günlük işini qaydasına qoymaq üçün azad ediblər.

Sedatla birlikdə yanıma gələn Halil türk olduğuna görə ona qarşı haqsızlıq edildiyini, qanunsuz olaraq axtarışa verildiyini bildirdiyindən bu işlə ciddi məşğul olub, onun Gürcüstana deyil, Türkiyəyə göndərilməsinə nail oldum. Az müddət sonra Hızır Bakıya gəlib mənimlə görüşdü və mənə minnətdarlığını bildirdi. Dərhal da Sarbon universitetini bitirdiyini, orada çoxlu dostlarının olduğunu, «Sumqayıt: SSRİ-nin süqutunun başlanğıcı» kitabımı oxuduğunu, onun bütün türk dünyası üçün çox gərəkli olduğundan kitabı fransız dilinə tərcümə etdirib elə Fransada çap etdirib yayacağını dedi. Bu dələduzun kitabla bağlı dedikləri məni çox maraqlandırdığından gördüyüm iş üçün mənə təklif etdiyi qonorardan da imtina etdim. Onu yanındakı insanlarla birlikdə restorana dəvət etdim. Demək olar ki, gün ərzində bir yerdə olduq…

Bunun kitabı çap etdirib Fransada yayacağına əmin olduğumdan, özüm onun qardaşının Gürcüstandakı işinə də kömək edəcəyimi bildirdim. Buna səbəb isə Gürcüstanda ən yüksək vəzifıədə təmsil olunan bir çox şəxslərlə, o cümlədən həmin dövr Parlamentin sədri olan David Usubaşvili ilə 1996-cı ildə Budapeştdə uzun müddət bir yerdə kurslarda oxumağım idi. Təxminən bir, ya iki gün sonra Budapeştdə mənimlə oxumuş, vaxtilə Tbilisi Dövlət Universitetinin professoru olmuş Paata Tsonobeladze Gürcüstan Konstitusiya Komisiyyasının üzvü kimi Bakıya rəsmi səfərə gəldi. Bir neçə gün mənim qonağım oldu, «Austin» hoteldə qaldı. Paata problemin həlli üçün Ekşigildən kimlərinsə Tbilisiyə, onun yanına gəlməsini istədi. Hızırla danışdıqda onların Tbilisidə nümayəndələrinin olduğunu və baş verənləri Paataya anladacağını dedi. Elə də oldu. Paata mənə zəng edib problemin nə olduğunu bildiyini, cinayət işinin şişirdilmiş olduğu və həll edəcəyini bildirdi. Bildirdi ki, bunun üçün axtarış ləğv olunmalı və Halil Tbilisiyə gəlib ifadə verməlidir. Əlavə olaraq dedi ki, qanuna görə Gürcüstanda məhkəmə hesabına 40 min dollar (bu qədər edəcək gürcü valyutası – lari) yatırılması vacibdir. Hızır bir nəfəri həmin məbləğlə Tbilisiyə göndərdi və həmin türk pulu əlbəəl Paataya verdi.

Bu şərəfsizdən fərqli olaraq mən etiraf edirəm ki, Hızıra Paataya özüm kimi inandığımı və ona şübhə etməməsini bildirmişəm. Pulu qəbul edən kimi, Paata mənə zəng edib təxminən bir həftəyə axtarışın götürələcəyini dedi. Az sonra zəng edəndə Paata avtoqəzaya düşdüyünü bildirdi. Bir müddət sonra isə ümumiyyətlə telefonlarıma cavab vermədi. Bu müddət ərzində Hızırla demək olar ki, hər gün danışırdıq. Söhbət də əsasən kitabın fransız dilinə tərcüməsindən və çapa hazırlıq işlərindən gedirdi. Paatanın məni aldadacağını heç vaxt ağlıma belə gətirmirdim. Bakıda olarkən son gün mənim evimdə Paata ilə birlikdə Gürcüstanda tanınmış alman şirkətinin nümayəndəsi İrina adlı xanım da olduğundan onu axtarıb Paatanı tapmasını istədim. Elə bu vaxtlar Paatanın Rusiyanın NTV kanalında Saakaşviliyə qarşı geniş bir çıxışını şəxsən dinlədikdən sonra özüm Tbilisiyə getdim. İki gün ərzində onun hansısa problemlərə bulaşdığını və gizləndiyini öyrəndim. Dəfələrlə Paatanın evində, o mənim evimdə qonaq olduğundan bu şərəfsiz Hızıra hadisəni söyləyib pulu tapıb istədiyi vaxt istədiyi yerə göndərə biləcəyimi dedim. Əvəzində o, «Aslan abi, bu paralar mənim üçün heç nədi, Siz çalışın qardaşıma kömək edin» dedi. Bundan sonra Tbilisiyə gedib əvvəllər polis rəisi olmuş dostum Yasin müəllimin vasitəsi ilə ofisi Rustaveli prospektində yerləşən Ramaz Kvirikiya adlı çox tanınmış bir vəkil tutub, qonorarını öz cibimdən ödədim. Halilin işi ilə bağlı bir neçə tikinti, texniki, mühasibətlik ekspertizaları keçirildi və bir çox epizodlar ittihamdan xaric edildi. Halilin işi ilə bağlı dostum mənim tutduğum vəkillə bərabər Türkiyə Gürcüstan sərhəddinə gedib onunla da görüşüblər. Ondan da pulu Paataya verən türkün gəlib ifadə verməsini istəyiblər. Bu müddət ərzində bir nəfər millət vəkili gəlib Hızırın Türkiyə dövlət xadimləri adından onun 500 min ABŞ dollarını alıb aldatdığını dedi. Elə həmin şəxsin yanında Hızıra zəng edib məsələni araşdırdıqda Hızırın həqiqətən bir dələduz olduğunu bildim və ona irad tutdum. Bundan sonra münasibətlərimiz pozuldu. Buna baxmayaraq, yenə Halilin işi ilə məşğul idim. Bu şərəfsizdən fərqli olaraq, mən kişiyəm və Paata ilə tanış etdiyimin məsuliyyətini daşıyırdım. Mürvət işi ortaya çıxandan sonra bu bir dəfə mənə zəng edib yüksək tonla danışdıqda, məni Paata ilə əlbir olmaqda ittiham etdiyinə görə cavabını aldı. Bu söhbətdən bir gün sonra, haqqımda pis fikir belə olmasın deyə Tbilisiyə gedib vəkil R.Kvirikiyadan hadisənin necə olması, Paatanın fırıldağı barədə prokurorluğa müraciət etməsini xahiş etdim. İşin uzanmasının yeganə səbəbi həmin şərəfsizin pulu Paataya kimin vasitəsilə verməsini bilməməyimdir.

Oğlumun adını bu işə qatmaq tam nakişilikdir. Oğlum Tbilisidə istirahətdə olarkən ondan bu şərəfsizin adamını Paata ilə tanış etməsini xahiş etmişəm. Yazışmaya gəlincə isə, Azpolitika.info aramızda olan yazışmanın bir hissəsini qoyub. Elə o hissə də nəyin necə olduğunu göstərir. Yazışmanın hamısını versəydilər daha maraqlı və aydın olardı.
Bu haqda olan bütün sənədləri yaxın zamanlarda Sizə təqdim edəcəm”.

***

deleduzGöründüyü kimi, başdan ayağa nağıl! Əslində isə tərtəmiz fırıldaq və dələduzluq!

Türk iş adamı nə Paata tanıyıb, nə də bir başqasını. Pulu da, Aslan İsmayılovun özünün də etiraf etdiyi kimi, onun oğluna verib. Oğlu da Paata deyilən birinə verib, ya verməyib, burası artıq önəmli deyil. Bu pul, Aslan İsmayılov nə qədər “məhkəmə rüsumu”-filan deyə, maskalamaq istəsə də, türk iş adamından onun qardaşının problemini həll etmək üçün rüşvət kimi alınıb! Bəli, məhz rüşvət kimi! Əks halda, Aslan İsmayılov pulu Hızır Ekşidən oğlunun vasitəsilə əlbəəl almaz, ona Gürcüstan məhkəməsinin müvafiq hesabını təqdim edər və pulun həmin hesaba yatırılmasını tövsiyyə edə bilərdi. Lakin belə etməyib, oğlu Vaqifi pulun dalıca Gürcüstana göndərib. Ola bilsin ki, pulun müəyyən hissəsini həqiqətən də Paata deyilən şəxsə verib. Lakin bu nəyi dəyişir? Aslan İsmayılovun qara işlərlə məşğul olduğunu istisna edirmi? Etmir!

Ən əsas məsələ. Tutaq ki, Paata deyilən şəxs, həqiqətən də Aslan İsmayılovun etibarından istifadə edərək, pulu atıb. Belə olduğu halda türk iş adamının pulunu kim qaytarmalıdır? Aslan İsmayılov qaytarmalı deyilmi? Bəs niyə qaytarmır və üstəlik, həyasızcasına çıxıb ona hər cümləsində “şərəfsiz” deyə təhqir edir. Deyək ki, o vaxt Hızır Ekşi Aslan İsmayılovun “pulu qaytarım” təklifinə mənfi cavab verib. Lakin azı 1 ildir ki, pulunu tələb edir axı! Hələ 1 il əvvəl (Bəlkə də belə dələduzluq yolu ilə əldə olunmuş pullarla-red.) Bodrumda kef edəndə, adamla üz-üzə gəlib. Hızır Ekşi pulunu tələb edib. Verəcəm, deyə aradan çıxıb. Bu 1 ildə Aslan İsmayılova nə mane olub ki, müxtəlif vədlərlə aldatdığı adamın pulu geri qaytarsın və işi həll edə bilmədiyinə görə üzrxahlıq etsin?

Bütün bunlar onu göstərir ki, dəqiqə başı “şərəf-şərəf” deyə bağırmaqla, İNSAN ŞƏRƏFLİ OLMUR!

Bir türk iş adamının “qardaşının problemini həll edəcəm” deyə, oğlunu da alət edərək, 40 min dollarını ələ keçirib 2 ildir qaytarmamaq, üstəlik də çıxıb şərəfdən, düzgünlükdən dəm vurmaq, etiraf edirik ki, belə “ŞƏRƏFLİ İŞİ” Azərbaycanda yalnız Aslan İsmayılov edə bilərdi!

Rasim ƏLİYEV

AzPolitika.info

P.S.Bu da maraqlıdır ki, türk iş adamı Azərbaycana gəlib, Aslan İsmayılovdan hüquq-mühafizə orqanlarına şikayət edəndə, ünlü vəkil belə nağıllara müstəntiqləri də inandıra biləcəkmi?

 


loading...

Fikrinizi bildirin