SENAT TRAMPIN BİZNESİNİ ARAŞDIRIR - Anar Məmmədovla da maraqlanacaqlar?!

ABŞ Senatının xüsusi təhiqat komissiyası prezident Donald Trampla Rusiya arasında mümkün gizli əlaqələrinin araşdırılması çərçivəsində onun çoxsaylı biznes sövdələşmələri ilə maraqlanmağa başlayıb. Virtualaz.org xəbər verir ki, bu barədə “The New Yorker”də Adam Devidson yazır. Adam Devidson Trampın Bakıda keçmiş nəqliyyat naziri Ziya Məmmmədovun oğlu Anar Məmmədovla françayzinq müqaviləsi əsasında “Trump Hotel” layihəsi ilə bağlı bu yaxınlarda dərc edilmiş səs-küylü araşdırmanın müəllifidir.

Xatırladaq ki, Tramp prezident seçiləndən sonra Məmmədovlar ailəsi ilə françayzinq müqaviləsini ləğv edib. Nəticədə Bakıda hələ istifadəyə verilməmiş oteldən Trampın adı götürülüb. Bununla belə Tramp həmin françayzinq müqaviləsindən 2 milyon dollara yaxın qazanc əldə etmişdi.

 

Müəllif yazır ki, Trampın biznesi əvvəllər dəfələrlə araşdırma predmeti olub. Lakin onun biznesi heç vaxt Rusiya ilə mümkün gizli əlaqələri kontekstində araşdırılmayıb. İndi isə deyəsən vəziyyət dəyişir. Senator Lindsi Qrem ötən həftə Trampın Rusiya ilə əlaqələrinə dair dinləmələrdə prezidentin Rusiyadan indiyədək hansı mənfəətinin olduğuna aydınlıq gətirməyə çağırıb. Bu məqsədlə Ağ Evə sorğu göndərib.

Ağ Evdən isə Trampın vəkilləri cavab məktubunda göstəriblər ki, onlar prezidentin son on ildə ödədiyi vergiləri nəzərdən keçiriblər və Rusiyadan cəmi iki dəfə mənfəət əldə etdiyini müəyyən ediblər. Bunlardan biri 2013-cü ildə Moskvada keçirilən “Dünya gözəli” müsabiqəsindən əldə edilən gəlir, digəri isə Trampın ABŞ-dakı mülklərindən  birinin rusiyalı milyarder Dmitri Rıbolevlevə satışından əldə edilən vəsaitdir.

Adam Devidsona görə bu hələ başlanğıcdır və Trampın Rusiya ilə əlaqələrini aşkara çıxara bilmək üçün onun çoxsaylı biznes sövdələşmələri araşdırma predmeti olacaq.

 

Məsələn, Bakıdakı otel layihəsi. “Tramp biznes sövdələşmələrinə girərəkən heç də bütün amilləri diqqətlə ölçüb-biçməyib. Onun qızı İvanka Tramp Bakıdakı otel layihəsinə rəhbərlik edib. Layihə ölkənin aparıcı oliqarxlarından biri ilə partnyorluq şəraitində həyata keçirilib, lakin heç bir əminlik yoxdur ki, bu otelin tikintisi əslində çirkli pulların yuyulması əməliyyatı olub. Otelin tikintisi zamanı milyonlarla dollar nəğd ödənilib, Tramp ailəsinin azərbaycanlı tərəfdaşları İran İnqilab Keşikçiləri Korpusunun generalı ilə ortaq olub. Habelə onun Gürcüstan, Kanada, Panama və digər ölkələrdəki çoxsaylı partnyorları kimi azərbaycanlı partnyorlarının da Rusiya ilə sıx bağları var”, - Adam Devidson yazır.

Məqalədə deyilir ki, hazırda Riçard Barrın rəhbərlik etdiyi Senat komitəsi Trampın komandasına təzyiqləri artıraraq Rusiyanın prezident seçkilərinə müdaxiləsi ilə bağlı araşdırmanı dərinləşdirir. Bu təhqiqat çərçivəsində komitə Xəzinədarlıq Departamentinə sorğu göndərərək Tramp və komandasının barəsində daha təfərrüatlı məlumatlar tələb edib. Bu onu göstərir ki, komitə Trampın Rusiya iıə mümkün birbaşa və ya dolayısı əlaqələrə dəlalət edən biznes sövdələşmələrini də araşdırmağa başlayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar