"MƏN AD ÇƏKSƏM, VƏTƏNDAŞ MÜHARİBƏSİ OLAR" - Çovdarovdan sensasion açıqlama

"İstintaqı aparan orqanın agentlərlə bağlı məlumatları ittihamda qeyd etməsi, ad çəkməsi dövlətçiliyə ziddir"

akif covdarov mehkemede logosuzSabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

İclas başlayarkən məlum oldu ki, təqsirləndirilən Səlim Məmmədovun vəkili, exinokokkoz diaqnozu ilə əməliyyat olunmuş və prosesdə iştirak edə bilmədiyindən, ard-arda bir neçə məhkəmə iclasının təxirə salınmasına səbəb olmuş Cavid Rzazadə bu gün də zalda deyil.

Təqsirləndirilənə yeni vəkil təyin edilə bilər?

Məhkəmə iclasının davam etdirilib-etdirilməməsi ilə bağlı fikrini bildirmək üçün prosesə sədrlik edən hakim Həbib Həsənov sözü dövlət ittihamçısı Vüqar Quliyevə verdi.

Dövlət ittihamçısı bildirdi ki, qanunvericiliyin tələbinə görə, vəkil 10 gündən artıq müddətdə, hətta üzrlü səbəbə görə belə, prosesdə iştirak edə bilmirsə, təqsirləndirilən şəxs yeni vəkil seçməli, yaxud ona dövlət hesabına vəkil təyin edilməlidir. “Eyni zamanda, bugünkü iclasda ifadə verməsi nəzərdə tutulmuş zərərçəkmişlərin epizodları üzrə təqsirləndirilən şəxsə heç bir ittiham irəli sürülmədiyindən, hesab edirəm ki, məhkəmə öz işini davam etdirə bilər”, - prokuror bildirdi.

 “Yeni vəkilin təyin edilməsi vaxt qazandırmır”

Məsələyə dair fikrini bildirən təqsirləndirilən Akif Çovdarovun vəkili Kamandar Nəsibov qeyd etdi ki, təqsirləndirilən Səlim Məmmədova baxılan cinayət işində aid olmayan heç nə yoxdur.

“Bildiyiniz kimi, ittiham aktında təqsirləndirilən dörd nəfər mütəşəkkil cinayətkar dəstə kimi qələmə verilir. Əgər belədirsə, burada baxılan epizodların həmin dəstənin hər bir üzvünə aidiyyatı var. Yox, əgər dövlət ittihamçısı hesab edirsə ki, belə deyil, o zaman ittiham aktından həmin ifadə yığışdırılsın və yalnız bu halda hər hansı epizodun təqsirləndirilənlərdən hansınasa aidiyyatı olmaya bilər.

O ki qaldı dövlət tərəfindən vəkilin təyin edilməsinə, əgər həmin vəkil öz vəzifəsinə qanunvericiliyə uyğun yanaşacaqsa, ən azı cinayət işinin materialları və indiyə qədər keçirilmiş iclasların protokolları ilə tanış olmalıdır. Buna isə minimum 2-3 həftə vaxt lazımdır ki, həmin vaxta qədər vəkil Cavid Rzazadənin əməliyyatdan sonrakı bərpa dövrü bitəcək və o, məhkəmədə iştirak etmək iqtidarında olacaq”, - vəkil qeyd etdi.

Təqsirləndirilən Akif Çovdarovun digər vəkili Sadiq Rəsulov həmkarının sözlərinə dəstək verərək bildirdi: “Dövlət ittihamçısının nəzərinə çatdırmaq istəyirəm ki, Cinayət-Prosessual Məcəllənin 312-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilənə yeni vəkil seçmək, yaxud dövlət hesabına vəkillə təmin edilmək təklifi verə bilər. Bu maddə imperativ xarakter daşımır və icra üçün məcburi deyil.

Bununla da razıyam ki, yeni vəkil təyin olunarsa, o, cinayət işinin materialları və protokollarla tanış olmalıdır, başqa sözlə, zaman baxımından heç nə qazanmırıq, hətta bəlkə uduzuruq”.

Təqsirləndirilən Akif Əliyevin vəkili Anar Qasımlı həmkarları ilə eyni fikirdə olduğunu qeyd etdi.

Səlim Məmmədov: “Gəlin, bir-birimizə hörmətlə yanaşaq”

Təqsirləndirilən Səlim Məmmədov məhkəmə tərəflərini səbrli olmağa çağırdı: “Vəkilim cərrahiyyə əməliyyatı keçirib və yaxın günlərdə müalicə-bərpa müddəti bitməlidir. Bu hamının başına gələ bilər. Heç olmasa, gəlin bir-birimizə hörmətlə yanaşaq”.

[caption id="attachment_321402" align="aligncenter" width="600"]

Təqsirləndirilən Səlim Məmmədov[/caption]

Hakim Həbib Həsənov təqsirləndirilənə dedi: “Amma məndə məlumat var ki, Cavid Rzazadə başqa cinayət işi ilə bağlı prosesə çıxıb”.

Təqsirləndirilən Səlim Məmmədov onda belə bir məlumatın olmadığını bildirdi.

Akif Çovdarov: “Mən ad çəkməyə başlasam...”

Akif Çovdarov mətbuatda MTN-lə əməkdaşlıq edən agentlərlə bağlı yazılanlara da münasibət bildirib: "Mərhum Elçin Behbudovla bağlı yazılanlar yalandır. Elçin Behbudovun Azərbaycan dövləti üçün etdiklərini prokurorluq və digər orqanlar birlikdə yığışsalar 10 faizini etməyiblər. Məhkəmə proseslərindən kim nə gəldi, yazıb. Mən agentura ilə bağlı adlar çəksəm, nə olacaq? Mən danışsam, ad çəksəm, vətəndaş müharibəsi olar. Hazırda yüksək vəzifə tutan məmurlarla bağlı açqılamalar verilsə, nə olacaq? İstintaqı aparan orqanın agentlərlə bağlı məlumatları ittihamda qeyd etməsi, ad çəkməsi dövlətçiliyə ziddir. Bundan sonra hansı şəxs dövlət orqanları ilə əməkdaşlıq edər?".

Məhkəmədən prokurorun təklifi qəbul edilməyib və vəkil Cavid Rzazadə iştirak edənə qədər məhkəmə təxirə salınıb. Növbəti proses mayın 24-ə təyin edilib.

Xatırladaq ki, iki gün əvvəl İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri olmuş, mərhum Elçin Behbudovun MTN-lə əməkdaşlıq etmiş agentlər sırasında adı yer almışdı. Bu barədə musavat.com-da yazmışdı. Həmçinin başqa agentlərin də adı istintaq materiallarına istinadən yayılmışdı.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar