YUXARIDAN ÇEVRİLİŞ – Tramp, ən təhlükəli nəzarətçidən necə can qurtardı?

Donald Trampın prezidentliyi zamanı xeyli maraqlı anlar yaşanıb ki, burada, sanki reallıq hansısa ssenaristin düşüncə məhsulu kimi görünüb. Ceyms Kominin qovulması da bunlardan biridir.

Federal Təhlükəsizlik Bürosunun (FTB) rəhbəri özünün işdən çıxarılmasını televiziyadan öyrənib. Sonra isə, prezident işdən çıxarılma barəsindəki məlumatı FTB-nin mənzil qərargahına özünün cangüdəni vasitəsilə göndərib. Amma Trampın qərarının gələcəkdə hansı nəticələr verəcəyini siyasi vəziyyət göstərəcək. Çünki Donald Tramp hər hansı bir məmuru deyil, FTB direktorunu işdən çıxarıb. Bir neçə ay idi ki, Ceyms Komi seçki kampaniyası zamanı prezidentin ətrafının Hilari Klintona qarşı Kremllə birləşməsi məsələsini araşdırırdı. Yəni, Tramp, nəinki özü barəsində çox şey bilən, eyni zamanda da onun prezidentliyi üçün hamıdan təhlükəli ola biləcək nəzarətçidən yaxa qurtarıb.

Əlavə olaraq Tramp tapşırıq verib ki, Kominin işdən çıxarılması ilə bağlı məktubu ədliyyə naziri Ceff Seşens yazsın. Ehtimal ki, Ceff Seşensin də Rusiya ilə gizli əlaqələri var. Çətin ki, hakimiyyətdən istifadə hardasa bu cür utanmazcasına olsun!

Bu, sadəcə isteriyadırmı? Məgər işdən çıxarılmanın səbəbi aparılan təhqiqat işləri deyilmi?

Doğrudanmı Trampın və ətrafının iddia etdiyi kimi, Komi Hillari Klintonun elektron poçtundakı yazışmalara görə hesab ödəməlidir? Bu ağılabatan deyil, çünki hələ oktyabr ayında o və ədliyyə naziri bu davranışınlarına görə tərifə layiq görülmüşdülər. Ceyms Komi Hilari Klintonun rəsmi elektron ümvanından milli təhlükəsizliyə zərbə vurulacaq formada istifadə işini araşdırıb. Hələ seçkidən əvvəl Tramp demişdi ki, təhqiqatın davam etdirilməsi qərarına gəlinməsi Komi tərəfindən atılmış cəsur addımdır.

Bəlkə də Komi üçün həyati vacib məsələ, bu yaxınlarda Senat qarşısında çıxışında rəqəmlərdə çaşıb qalması olub. Bunun da qovulma üçün ciddi səbəb kimi qəbul edilməsi az ehtimal olunandır. Birincisi, əvvəllər də yüksək vəzifəli məmurlar daha böyük səhvlər ediblər. İkincisi isə, Tramp işdən çıxarılma barəsindəki məktubun hazırlanmasını ədliyyə nazirinə, hələ Kominin çıxışından əvvəl tapşırmışdı.

Ortada qalan yeganə nəzəriyyə prezidentin özünü və ətrafını qorumaq istəməsidir. Ona görə də, Rusiya ilə əlaqələrin araşdırılmasını bir kənara qoyacaq adamın FTB rəhbəri təyin edilməsi Tramp üçün çox vacibdir. Əslində bu da sadəlövh yanaşmadır, çünki FTB-də Trampın Moskva ilə mümkün əlaqələrini aşkarlamaq üçün hər şey etməyə hazır olan xeyli adam var.

Trampın həyata keçirdiyi çevriliş, onun vəziyyətinin nə qədər mürəkkəb olduğunun əlaməti kimi görünür. Rusiya ilə əlaqələr barəsindəki məsələ nəinki ortadan qalxıb, hətta xoşagəlməz problemə çevrilib.

Keçmiş ədliyyə naziri Salli Yeytis yenidən öz diqqətini Donald Tramp tərəfindən milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flinin nəyə görə uzun müddət vəzifədə saxlanmasına yönəldib. Məlumdur ki, M.Flinn Rusiya səfiri ilə apardığı danışıqlar barəsində prezidentə düzgün məlumat təqdim etməmişdi.

Bundan başqa məlum olub ki, FTB Maykl Flinnin ətrafı barəsində təhqiqat aparır. İndi Trampın qərarına nəyin təsir göstərdiyi haqqında müəyyən bir nəticə çıxarmaq olar.

- ABŞ, hələ də hüquqi dövlətdirmi?

Tarixi müqayisələrdə son dərəcə ehtiyatlı olmaq gərəkdir. Amma indiki anda Riçard Nikson barədə düşünməmək çətindir. O zaman - 1973-cü ilin oktyabrında Riçard Nikson güclü təzyiq altında, prezidentin özünün də dərindən içinə quylandığı “Uotergeyt” məsələlərini araşdıran mühüm işlər üzrə müstəntiq Arçibald Koksu işdən azad etmişdi. Bu işdən çıxarma məsələsi Niksonun sonunun başlanğıcını gətirmişdi. Lakin Tramp ümid edir ki, verdiyi qərara baxmayaraq, o, öz yerində qalacaq. Bu isə ABŞ üçün çox böyük sınaq deməkdir.

Artıq Tramp və onun bəlağəti çoxdandır ki, müstəqil müəssisələr üçün ağır yükə çevrilib. Əgər respublikaçıların əksəriyyəti Kominin prezident tərəfindən namizədliyi irəli sürülmüş xələfini təsdiq edərlərsə, onda nəinki müstəqillik, həm də ABŞ-da qanunun aliliyinə olan əminlik şübhə altına düşə bilər. Əgər FTB-yə bütün şübhələrdən uzaq olan və eyni zamanda da, namizədliyi həm Demokratlar və həm də Respublikaçılar tərəfindən qəbul olunan şəxs rəhbərlik edərsə, onda Trampın təhlükə altında qoyduğu sistem yenidən öz işini bərpa edəcək.

Ancaq bundan ötrü heç bir partiyadan asılı olmayan və Rusiya ilə əlaqələri ən kiçik detallarına qədər aydınlaşdıracaq şəxsi mühüm işlər üzrə təhqiqatçı təyin etmək gərəkdir. Belə birisi tapılmalıdır.

Bəs, Tramp nə edir? O, dünyadakı hadisələri müzakirə etmək üçün Rusiya Federasiyasının xarici işlər naziri ilə görüşür. Bu isə bizi yenidən reallığa və ssenaristlərə tərəf geri döndərir.

(“Der Spiegel”-Almaniya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar