Yuxusunda yumurta görən Aslan

Mürvət HƏSƏNLİ

Ömrünü bitə həsr etmiş bir akademik olur. Yazıq akademikin bütün elmi əsərləri bitdən bəhs edir. Adam bu balaca həşəratın ayağından tutmuş başına qədər, hər yerinə cild-cild kitablar yazır. Biti bitdən yaxşı tanıyır. Di gəl ki, intellektual gücünü bitə həsr etdiyindən elmin başqa sahələrindən çox da xəbəri olmur.

Kasıbı dəvənin üstündə ilan vuran kimi, bu yazıq akademikin də bəxti gətirmir. Dövr dəyişilir, hökumət alimlərin savadını yoxlamaq üçün attestasiya imtahanı elan edir. Bitşünas alim də bir tikə çörəyini itirməmək üçün məcburən imtahana girməli olur.

İmtahan yazılı keçirildiyindən əlini uzadıb bir bilet çəkir. Biletdə üç sual düşür - biri itdən, biri pişikdən, biri isə balıqdan.

Akademik başlayır ilk sualdan:

- İt ev heyvanıdır. Üstündə tükləri olur, tüklərin üstündə də bitləri olur.

Beləcə itdən bitə keçən akademik, ən yaxşı bildiyi sahə olduğundan bitdən ayrılmaq istəmir. Müəllimlər görür ki, bu gedişlə akademiki bir il də keçsə, bu sevimli həşəratından ayırmaq mümkün olmayacaq, onun çıxışına müdaxilə edirlər:

- Aydındır, cənab akademik. Birinci sualı bildin. Keçin ikinciyə.

Sözünün yarımçıq kəsilməsinə mimikalarıyla etiraz edən bitşünas pişikdən danışmağa başlayır:

- "Pişik ev heyvanıdır. Üstündə tüklər olur, tükündə üstündə bit olur" - deyəndə, müəllimlər işin nə yerdə olduğunu anladığından akademiki çox yormamaq qərarına gəlirlər:

- Oldu, cənab akademik. Deyək ki, bunu da bildin. İndisə keç üstündə biti olmayan balığa.

- Düzdür, balığın biti olmur. Çünki üstündə tük yox, pulcuq olur. Əgər pulcuğu olmasaydı, deməli tükü olardı. Tükün də üstündə biti olardı...

Beləcə, yenə başlayır bitdən danışmağa.

İndi mən də hüquqşünas Aslan İsmayılovun statuslarını gözdən keçirəndə bitşünas alimin əhvalatını xatırlayıram. Görünür, erməni ortağı Ömür Oral ona gözəl vədlər verib ki, yazıq Aslan İsmayılovun ağlı başından tamamən çıxıb. Olub yumurtaşünas. Hər nədən bəhs edirsə etsin, sözü hərləyib-fırlayıb yumurtanın üstünə gətirir. Adam guya öz aləmində sərhədlərdə baş verən hadisələrdən danışır. Bir-iki kəlimədən sonra yenidən yumurta-toyuqdan sayaqlamağa başlayır.

Toyuq demişkən, yadıma toyuqla bağlı bir atalar sözü düşdü: “Ac toyuq yuxusunda darı görər”.

Zənnimcə, Aslan İsmayılovun bu sayıqlamaları çox davam etsə, Azərbaycan xalqı öz atalar sözünü dəyişdirib, təxminən belə şəklə salacaq: “Ac Aslan yuxusunda toyuq görər”.

Amma bizdə həm də bir zərb-məsəl dəbdədir: “Yuxunda görərsən”. Yəni bir iş baş tutmayanda adama “yuxunda görərsən” deyirik.

Əminəm ki, öz müvəkkilinin etimadını doğrultmayan Aslan İsmayılov da onunla sövdələşdiyi 200 min dolları ancaq yuxusunda görəcək. Çünki məhkəmələrdə öz iddiasını əsaslandırması üçün əlində göyərçin yumurtası qədər də faktı yoxdur. Əslində Aslan müəllimin facebook səhifələrində sayıqlamalarının əsas səbəbi də elə budur. Görünür, adam indidən yuxu görməyə başlayıb. Axı adətən sayıqlamalar yuxulardan baş verir.

Aslan İsmayılovun öz sayıqlamalarında məni “mafiya babasına” bənzətməsinə isə lap bişmiş toyuqların da gülməyi gələr. Adama deyərlər ki, ay yuxusunda yumurta-toyuq görən adam, Mürvət Həsənli “mafiya babası” olsaydı, sən onun barəsində bircə kəlmə belə, artıq-əskik yaza bilərdinmi? Mürvət Həsənli mafiya babası yox, yuxusunda darı görən toyuqları saxlayan iş adamıdır. Amma onun toyuqları başqalarından fərqli olaraq sayıqlamırlar və yeyib yumurtaladıqdan sonra kəsilir, satış məntəqələrinə göndərilirlər.

Toyuq məntiqiylə yanaşanda Mürvət Həsənlini həqiqətən də başkəsən mafiya babası adlandırmaq olar. Amma sən niyə ürkürsən? Sən ki toyuq yox, Aslansan!...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar