“DEPUTAT HƏDƏ-QORXU İLƏ HƏR ŞEYİMİ ƏLİMDƏN ALDI!” – MM üzvü Nəriman Əliyevə qarşı ŞOK ittihamlar!

Dərc olunub: 17/05/2017 - 15:19

big_1491222588_nariman1

Masallı şəhərinin deputatı Nəriman Əliyev parlamentin “susqun” millət vəkillərindən biri kimi tanınsa da, yaşadığı və yaratdığı qalmaqallarla vaxtaşırı gündəmə gəlməyi bacarır. Bu qalmaqallar da onun parlamentdəki fəaliyyəti və ya deputat kimi gördüyü işlərlə bağlı olmayıb, əsasən iş adamı olaraq atdığı addımların nəticəsi kimi meydana çıxır. Qanun icazə verməsə də, Nəriman Əliyev parlamentimizin biznesmen deputatlarından biri hesab olunur.

Vaxtilə sıradan bir alverçi hesab edilən, İrandan olan şəriki ilə birlikdə bu ölkədən Azərbaycana xurma, kişmiş və düyü məhsulu gətirib satan Nəriman Əliyevin sonradan sayılıb-seçilən, hətta oliqarx adlandırılan iş adamlarından birinə çevrilə bilməsinin sirri ilə bağlı müxtəlif mülahizələr var. Bunlardan ən çox diqqəti cəlb edəni illər əvvəl onun şəriki ilə birlikdə ləğv olunmuş MTN-nin təcridxanasına gətirilməsi, bundan bir müddət sonra isə sabiq nazir Eldar Mahmudovun biznes ortağına çevrilməsi barədə iddialardır. Bu iddiaların üzərində geniş dayanmaq istəməsək də, qeyd edək ki, Nəriman Əliyevin əyalətdəki biznesini Bakıya qədər genişləndirməsi və paytaxtda şaxələndirməsi məhz ləğv olunmuş MTN-nin təcridxanasına müəmmalı “səyahətdən” sonrakı vaxtlara düşür. Nə kəramətdirsə, o vaxtadək xurma və kişmiş alverilə məşğul olduğu deyilən Nəriman Əliyevin adı, həmin hadisədən bir müddət sonra broyler, bazar, avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin satışı ilə məşğul olan biznes şəbəkəsinin sahibi kimi də çəkilməyə başlayır.

neriman eldar

«Karkas» mağazalar şəbəkəsi niyə «Ştutqart»a çevrildi?

Elə deputatla bağlı yeni qalmaqalın baş vermə səbəbi də, de-fakto Nəriman Əliyevə məxsus olan, ancaq yaxınları tərəfindən işlədilən avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin satışı ilə məşğul olan «Ştutqart» mağazalar şəbəkəsində baş verənlərdir.

Bu haqda mağazalar şəbəkəsində 2007-ci ildən avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin satışı ilə məşğul olan Rəfiyev Fərhad Rasim oğlunun başda Prezident İlham Əliyev və I Vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, bir sıra dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanladığı məktubda geniş məlumat verilib. Bir nüsxəsi “AzPolitika.info”ya da təqdim edilən həmin məktubdan belə məlum olur ki, deputatın nəzarətindəki mağazalar şəbəkəsində işçilərin mülklərini əlindən almaq, dövriyyəni vergidən gizlətmək və sair kimi qanunsuzluqlar baş verir.

Belə ki, Fərhad Rəfiyevin sözlərinə görə, «Ştutqart» mağazalar şəbəkəsi əvvəllər «Karkas» adı ilə fəaliyyət göstərib və Nəriman Əliyevə məxsus olub: “Mağazalar şəbəkəsinin direktoru isə Nəriman Əliyevin bacısı oğlu Abdullayev Əfqan Arif oğludur”.

Fərhad Rəfiyevin yazdığına görə, həmin mağazalar şəbəkəsində 2007-ci ildən avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin satışı ilə məşğul olub. Qardaşı Rəfiyev Ələsgər Rasim oğlu 2008-ci ildən həmin firmada satıcı, bibisi oğlu Tarverdiyev Elşən Mübariz oğlu isə 2014-cü ildən fəhlə kimi işə götürülüb: “Əvvəlcə Babək prospektində yerləşən «Karkas» mağazasında satıcı işləmişəm. Çünki əvvəllər «Ştutqard» mağazalar şəbəkəsi «Karkas» mağazası adı ilə tanınırdı. Lakin 2015-ci ilin noyabr ayında keçmiş MTN naziri Eldar Mahmudov vəzifəsindən azad olunduqdan sonra bir gecənin içərisində «Karkas» mağazasından bütün kollektivlə çıxdıq və Babək prospektində başqa bir ünvana (37 A) köçdük. Orada isə «Ştutqart» mağazası adı altında fəaliyyət göstərdik. Millət vəkili Nəriman Əliyevin bacısı oğlu Abdullayev Əfqan Arif oğlu da «Ştutqart» mağazalar şəbəkəsinin direktoru keçdi. Hansı ki, o, əvvəllər «Karkas» mağazasının direktoru idi”.

neriman-efqan- shtuqarrt

“Aylıq 3000 manat məvacib alırdım, 150 manat qeyd olunurmuş”

Sonra Fərhad Rəfiyev bildirir ki, işlədiyi müddətdə kifayət qədər təcrübə qazandığından, getdikcə aylıq məvacibini artıriblar: “Aylıq 3000 manat məvacib alırdım. Lakin sonradan mənə məlum oldu ki, rəsmiyyətdə 150 manat qeyd olunurmuş”.

Fərhad Rəfiyevin sözlərinə görə, «Ştutqart» mağazalar şəbəkəsinin anbarlarında həyata keçirilən maxinasiyalar nəticəsində 2016-cı ilin sonlarına doğru anbardakı malın real dəyəri ilə komyüterdə göstərilən dəyəri arasında kəskin fərq yaranıb. Əfqan Abdullayev də bunu ört-basdır etmək üçün “kəsiri” işçilərin üzərinə “yükləməyə” başlayır: “2016-cı ilin dekabr ayının axırlarında «Ştutqart» mağazalar şəbəkəsinin direktoru Əfqan Abdullayev məni yanına çağıraraq əmlakımı soruşdu. Mən də ona Bakı şəhəri, 1-ci mikrorayon Asif Məhərrəmov küçəsi 33B-də mənzilimin, 2008-ci il buraxılışlı Lexus GX 470 markalı avtomobilimin olduğunu bildirdim. Bundan əlavə qardaşım rayon qeydiyyatında olduğundan ona məxsus “Nissan Tida” markalı avtomobilin də mənim adıma olduğunu söylədim. O isə mənə bildirdi ki, guya yalan danışıram, Nəriman müəllimə informasiya çatıb ki, guya mənim Teymur Əliyev küçəsində villam, Babək prospektində mebel evim, Buzovna qəsəbəsində bağ evim, Bakı şəhərində 4-5 yerdə mənzillərim vardır. Mən isə bunların yalan olduğunu bildirdim”.

ferhad .stuqart

Fərhad Rəfiyevin sözlərinə görə, əsl həqiqətlərin ortaya çıxması üçün Əfqan Abdullayevə anbar və kassanı yoxlamağı təklif edib: “2016-cı ilin dekabr ayında anbar-kassa yoxlanıldı. Onların yoxlaması bir neçə gün çəkdi. Əfqan Abdullayev bununla bağlı mənə hansısa bir sənədə imza etdirmədi. Mənə Əfqan Abdullayev tərəfindən məlumat verildi ki, fəaliyyətimdə yoxlama zamanı hər hansı bir çatışmamazlıq aşkar olunmamışdır”.

“Dedi 200 000 ödəməlisən, yoxsa məni Nəriman Əliyevin göstərişi ilə tutduracaq”

Ancaq buna baxmayaraq, bu ilin yanvar ayının 2-də Əfqan Abdullayev Fərhad Rəfiyevi iş otağına çağıraraq, bildirib ki, guya son 5 ildə ona aylıq olaraq 5000 manat ziyan vurub: “O, son 5 ilin, yəni 60 ayın hər ayı 5000 manat olmaqla 300 000 manat etdiyini və həmin puldan da guya güzəştlə 200 000 manatı məndən tələb etdi. Mən şirkətdən yeyinti etmədiyimi və belə bir miqdarda pulumun olmadığını ona dedim. O isə bildirdi ki, deputat Nəriman Əliyevin göstərişidir və həmin pulu mütləq ödəməliyəm. Əks təqdirdə məni Nəriman Əliyevin göstərişi ilə tutduracağını bildirdi. Ondan xahiş etdim ki, mənim Nəriman Əliyevlə görüşməyimə şərait yaratsın. O isə səhəri günü, yəni yanvar ayının 3-də Nəriman Əliyevin qızının toyunun olacağını və ümumiyyətlə məni başqa günlərdə də qəbul etməyəcəyini bildirdi. Həmçinin, mənə təklif etdi ki, Bakı şəhəri, 1-ci mikrorayon Asif Məhərrəmov küçəsi 33 B, mənzil 15-dəki mənzilimi ona təhvil verim. Təbii ki, ondan başqa mənzilim olmadığına görə və halal zəhmətimlə aldığım üçün bundan imtina etdim”.

Fərhad Rəfiyevin sözlərinə görə, Əfqan Abdullayevin tələbi ilə razılaşmadığından yanvar ayının 4-də onu, qardaşını və və bibisi oğlunu işdən qovub: “O, dayısı deputat Nəriman Əliyevin göstərişi ilə mənə 24 saat vaxt verərək bildirdi ki, bir sutka ərzində sözügedən mənzilimi ona təhvil verməliyəm. Əks təqdirdə məni, qardaşımı və bibim oğlunu tutduracağını bildirdi. Hətta dedi ki, qardaşımı və bibim oğlunu bu məsələyə ona görə qoşur ki, barəmizdə olan cinayət işi qrup halında olarsa bizə daha ciddi cəza veriləcəkdir. Əlbəttə ki, mən onun məndən ev tələbinə etiraz edərək oradan çıxdım”.

“Təhqiqatçı evimi və maşınlarımı Əfqan Abdullayevin adına keçirmək üçün mənə 3 saat vaxt verdi”

Fərhad Rəfiyevin sözlərinə görə, heç bir günahı olmadığından Əfqan Abdullayevin sözlərini ciddi qəbul etməyib. Hətta deputat Nəriman Əliyevlə görüşüb həqiqəti danışdıqdan sonra işinə qayıdacağına inanıb. Ancaq gözlədiklərinin əksinə olaraq, onu Polis İdarəsinə apararaq, həbslə hədələyiblər : “6 yanvar 2017-ci il tarixdə səhər saat 11-12 radələrində mənzilimdə olarkən 2 nəfər mülki geyimli polis işçiləri gəldilər. Onlar rəis tərəfindən çağırıldığımı bildirdilər və məni özləri ilə Bakı şəhər Nizami RPİ-yə apardılar. Orada məni idarənin təhqiqatçısı Mehrac Niftəliyev qəbul edərək bildirdi ki, 300 000 manatlıq mənimsəmə etməyimlə bağlı məndən şikayət ərizəsi daxil olmuşdur. Sonra məni sorğu-saul etməyə başladılar. Belə bir yeyinti olmadığını və bütün bunların şər-böhtan olduğunu bildirdim. Bundan sonra təhqiqatçı Mehrac Niftəliyev işlədiyim firmanın direktoru Əfqan Abdullayevi mobil telefonla zəng vuraraq polis idarəsinə çağırdı. Əfqan Abdullayevlə polis idarəsində Mehrac Niftəliyevin yanında üzləşdim. Əfqan orada bildirdi ki, guya «Ştutqard» mağazalar şəbəkəsində işlədiyim müddətdə 300 000 manatlıq yeyinti etmişəm, buna görə mənə güzəştlə 200 000 manat verməyim üçün onun mənə verdiyi 24 saat vaxt keçdiyindən 300 000 manatı ödəməliyəm. Təhqiqatçı Mehrac Niftəliyev isə bildirdi ki, onsuz da həmin 300 000 manatı ödəməliyəm. Əks təqdirdə iş böyüsə həm pulu ödəyəcəyəm, həm də mənə 8 ildən 12 ilə qədər iş veriləcəkdir. Mənə onlar hədə-qorxu gələrək bildirdilər ki, evimi və adıma olan maşınları xoşluqla Əfqan Abdullayevə təhvil verməsəm, mənimlə bərabər, yaxınlarımı da həbs edəcəklər. Mən bundan çox qorxdum. İki azyaşlı övladlarımı, ailəmi, valideynlərimi fikirləşərək və qardaşımla, bibim oğlunun mənimlə birgə tutulacaqlarından ehtiyat edərək razılaşdım.

efqan deputat

Mehrac Niftəliyev mənə evimi və maşınlarımı Əfqan Abdullayevin adına keçirmək üçün 3 saat vaxt verdi. Təcili olaraq polis idarəsindən çıxaraq evimə getdim, həyat yoldaşımı və uşaqlarımı özümlə götürüb 2 saylı ASAN xidmət mərkəzinə gəldim. Orada həyat yoldaşım əmlakımın satılması üçün razılıq ərizəsi yazdı. Lakin evin alqı-satqısı səhəri günə qaldı. Həmin gün 2008-ci il buraxılışlı Lexus GX 470 markalı avtomobilimi deputat Nəriman Əliyevin qardaşı oğlu, işlədiyim firmada təchizat müdiri işləyən Əliyev Qubad İmran oğlunun adına baş etibarnamə ilə verdim”.

“Nəriman Əliyev mənə bildirdi ki, Əfqan nə deyirsə onu edim, əks təqdirdə məni tutduracaq”

Fərhad Rəfiyevin sözlərinə görə, qeydiyyata görə onun adına alınmış, ancaq qardaşının istifadəsində olan “Nissan Tida” avtomobili kreditdə olduğundan, “Nissan Sentra” markalı avtomobil isə lizinqdə olduğundan həmin gün onları etibarnamə ilə vermək mümkün olmayıb. Ancaq Əfqan Abdullayev polisin həbs hədəsi ilə həmin avtomobillərin texniki pasportunu da onlardan alıb. Bundan sonra həmin gün Polis İdarəsinə gəliblər və Əfqan ərizəsini dəyişərək, 300 000 manat əvəzinə ona 3000 manat zərər vururulduğunu yazıb. Eyni zamanda həmin ziyanın ödəndiyini bildirib. Bununla da polisdə olan iş bağlanıb: “Hətta həmin fakt üzrə 16 yanvar 2017-ci il tarixdə Mehrac Niftəliyev tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar da qəbul olundu”.

 Fərhad Rəfiyev bildirir ki, valideynləri övladlarının başına gətirilənləri bildikdən sonra deputat Nəriman Əliyevin evinə gediblər. Nəriman Əliyev də bütün bu işlərdən xəbərsiz olduğunu deyib. Bu Fərhad Rəfiyevi və ailəsini sevindirsə də, çox çəkməyib.

Fərhad Rəfiyevi əmlakını almağa cağıran Əfqan Abdullayev deputatın qəsdən belə dediyini, bütün işlərdən detalları ilə xəbərdar olduğunu bildirib: “Telefon nömrəsini verərək, bildirdi ki, inanmıramsa onunla əlaqə saxlayım. Mən də öz mobil telefonumdan Nəriman Əliyevə zəng etdim. Nəriman Əliyev mənə bildirdi ki, hər şeydən xəbərdardır, Əfqan onun sözünü və tapşırığını çatdırır, Əfqan nə deyirsə onu edim, əks təqdirdə məni tutduracaqdır, ailə-uşağım başsz qalacaqdır. Mən donub qaldım. Daha çıxış yolum qalmadı”.

Bundan sonra Fərhad Rəfiyev 2 saylı Asan Xidmətə gedərək, mənzilini 150 000 manata formal alqı-satqı ilə Əfqan Abdullayevin adına keçirib: “Amma nə pulu gördüm, nə də pula əlim dəydi”.

Sonra qardaşının istifadəsində olan “Nissan Tida” və lizinqdə olan “Nissan Sentra” markalı avtomobillərini də baş etibarnamə ilə Nəriman Əliyevin qardaşı oğlu Qubad Əliyevin adlarına keçirir. Həmin avtomobilləri ələ keçirmək üçün, banka və lizinq şirkətinə qalan az miqdarda borcları (1594 manat və 7200 manat) Qubad Əliyev ödəyir: “Bundan sonra Əfqan Abdullayev «Mən, Abdullayev Əfqan Arif oğlu işçim Rəfiyev Ferhad Rasim oğluna qarşı heç bir tələbim yoxdur. Firmaya dəyən 300 000 AZN zərəri ödədi» məzmununda sənəd yazaraq atam və qayınatama verdi”.

1485099997392-1280x640

“Nəriman Əliyevin ofisində onunla görüşdüm, maxinasiyalar haqda məlumat verdim”

Bütün əmlakı hədə-qorxu ilə əlindən alınan Fərhad Rəfiyev həqiqətin ortaya çıxması üçün dəfələrlə deputatla görüşməyə çəhd etdiyini bildirir: “2017-ci ilin yanvar ayının 21-də Ulduz metrostasiyasının yaxınlığında Nəriman Əliyevin ofisində onun özü ilə görüşdüm. Bildirdim ki, mənə qarşı bacısı oğlu Əfqan Abdullayev tərəfindən məhz onun, yəni Nəriman Əliyevin göstərişi ilə haqsızlıq olmuşdur. Əfqan məhz onun göstərişi ilə məndən hədə-qorxu ilə bütün əmlakımı, evimi və avtomobillərimi əlimdən almışdır. Nəriman Əliyev isə bildirdi ki, guya mənim tərəfindən şirkətə xəyanət olunub və şirkətə ziyan vurmuşam. Mən isə deputat Nəriman Əliyevə bildirdim ki, şirkətə mən yox, məhz onun öz bacısının oğlu Əfqan Abdullayev ziyan vurmuşdur. O, bacısı oğlunun hansı formada şirkətə ziyan vurduğunu məndən soruşduqda bildirdim ki, onun ofisinin yerləşdiyi yerdə olan «Ştutqart» mağazalar şəbəkəsinin anbarlarında maxinasiyalar gedir. Hətta bunları əyani sübutlarla onun nəzərinə çatdırdım. Misal üçün bir faktı qeyd edirəm ki, Nəriman Əliyevin yanında kompüteri açaraq 1 ədəd krılonun 11 000 manat olmasını ona göstərdim. Hansı ki, həmin krılonun real qiyməti təxminən 600 manat idi. Beləliklə, onun nəzərinə çatdırdım ki, həmin anbarlarda faktiki olaraq 420 000 manatlıq mal olduğu halda, guya 2 250 000 manatlıq mal var. Yəni orada olan malların dəyəri 1 830 000 manat şişirdilmişdir”.

“Mənə bildirdi ki, iki ay müddətində evimi qaytaracaq, amma…”

Fərhad Rəfiyevin sözlərinə görə, qanunsuzluqların baş verməsini onun Nəriman Əliyevlə görüşdüyü bir zamanda «Ştutqart» MMC-də işləyənlərin 67 nəfərinin əmək müqavilələrinin olmadığına görə şirkətin cərimə edilməsi də bir növ təsdiqlədi: “Nəriman Əliyev guya bunlardan xəbərsiz olduğunu bildirdi və yalnız evimi geri qaytartdıracağına söz verdi. Həmin ərəfədə atam öz adından mənə qarşı olan haqsızlıqlar və qanunsuzluqlarla bağlı müxtəlif instansiyalara şikayət etmişdi. Nəriman Əliyevlə görüşəndən bir gün sonra o, yenidən məni Ulduz metrosunun yaxınlığında olan ofisinə çağırtdırdı. O, artıq 2-ci dəfə ofisində mənimlə görüşəndə atamın yazmış olduğu şikayət məktublarından xəbər tutmuşdu. Mənə bildirdi ki, söz verdiyi kimi iki ay müddətində evimi qaytaracaqdır və atam şikayətlərini geri götürsün. Əks halda güclü olduğunu və şikayətimizi davam etdirəcəyimiz təqdirdə məni, qardaşımı və bibim oğlunu tutduracağı ilə hədələdi. Mənə dönə-dönə tapşırdı ki, avtomobil ehtiyat hissələrinin satışı üzrə nə mən, nə qardaşım, nə də bibim oğlu heç bir yerdə işləməməliyik. Əks halda hər üçümüzü də tutduracağı ilə hədələdi”.

Fərhad Rəfiyev yazır ki, görə, atası sonradan heç bir şikayət verməsə də, onun əvvəlcədən yazmış olduğu ərizələr Bakı şəhər Nizami rayon Prokurorluğuna gedib çıxmışdı. Nəriman Əliyev də bundan istifadə edərək, nəinki söz verdiyi kimi onun məzilini qaytarmış, əksinə, barələrində cinayət işinin qaldırılmasına nail olmçuşdur: “Nəriman Əliyev öz deputat səlahiyyətlərindən istifadə edərək, bacısı oğlunun adından yenidən Bakı şəhər Nizami rayon prokurorluğuna şikayət verdi. Bu səbəbdən də Bakı şəhəri Nizami RPİ-nin təhqiqatçısı Mehrac Niftəliyevin 16 yanvar 2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı Bakı şəhəri Nizami rayon prokurorluğu tərəfindən 03.02.2017-ci il tarixdə ləğv olundu. İş əlavə araşdırma aparılması üçün Nizami RPİ-nin təhqiqat şöbəsinə göndərildi. Sonradan isə həmin fakt üzrə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə cinayət işinin başlanması barədə qərar qəbul olunmaqla, Bakı şəhər Nizami rayon prokurorluğu tərəfindən istintaq davam etdirilir. Cinayət işinin istintaqı Bakı şəhər Nizami rayon prokurorluğunda prokurorun böyük köməkçisi Mobil Şəfiyevin və prokurorluğun müstəntiqi Könül Heydərovanın daxil olduqları istintaq qrupu tərəfindən aparılır”.

“Bizsiz audit keçirib, yalançı rəqəmlərlə təxminən 317 000 manat ziyan dəyməsi hesablandı”

Fərhad Rəfiyev iddia edir ki, cinayət işinin istintaqı tam qərəzli və ədalətsiz aparılır: “Belə ki, mənim, qardaşım Rəfiyev Ələsgərin və anbarda fəhlə işləmiş bibim oğlu Elşən Tarverdiyevin «Ştutqart» Mağazalar şəbəkəsində işlədiyimiz müddətdə guya öhdəmizdə yaranmış çatışmamazlıq faktı üzrə «Smart Audit» MMC-nin auditoru və etibarnamə üzrə nümayəndəsi Əliyev Mirzə Qılman oğlu tərəfindən 14.02.2016-cı il tarixdən 01 mart 2017-ci il tarixədək audit yoxlaması aparılmışdır”.
Ancaq F. Rəfiyevin sözlərinə görə, onların bu auditdə iştirakı təmin olunmayıb. Bu barədə göndərilən məktub isə yaşadıqları ünvana 22 fevral 2017-ci il tarixdə daxil olub: “Hansı ki, artıq həmin vaxtda audit bizim iştirakımız olmadan yekunlaşmaq üzrə idi”.

Fərhad Rəfiyevin sözlərinə görə, audit yoxlaması tərəfindən qiymətlərin 267 964, 02 manat şişirdilməsi və öhdəliklər üzrə 50 429,67 manat çatışmamazlıq qeyd olunmuşdur: “Nizami RPİ-nin təhqiqatçısı Mehrac Niftəliyev 2017-ci ilin fevral ayının 16-da qardaşım Rəfiyev Ələsgəri polisə dəvət edərkən və 20.02.2017-ci il tarixdə bibim oğlu Tarverdiyev Elşəni polisə dəvət edərkən onlara demişdi ki, guya bizim audit yoxlamasına əsasən anbarlardan 31 000 manat əskiyimiz vardır. Hətta bu barədə onlardan izahat da almışdı. Amma şirkət tərəfindən saxtakarlıq olunaraq köhnə tarixə, yəni 04 yanvar 2017-ci il tarixə akt tərtib olunmaqla, guya anbarda 50 429, 67 manat çatışmamazlıq aşkar olunması qeyd olunmuşdur. Onda sual yaranır, əgər 2017-ci ilin yanvar ayının 4-də işlədiyimiz anbarda 50 429, 67 manat çatışmamazlıq aşkar olunmuşdusa hansı səbəbdən Əfqan Abdullayev məni 06 yanvar 2017-ci il tarixdə polisə verərkən əvvəlcə 300 000 manat şirkətə zərər vurduğumu, sonra isə 3000 manat zərər vurduğumu qeyd etmişdi?
Əfqan Abdullayevin sonrakı ərizəsində mənim, qardaşımın və bibim oğlunun şirkətə 300 000 manat ziyan vurmağımız qeyd olunmuşdu. Bu səbəbdən də audit tərəfindən saxta hesablama aparılaraq yalançı rəqəmlərlə təxminən 317 000 manat ziyan dəyməsi hesablandı”.

“Ştutqart” şirkətinin 1 illik dövriyyəsi 14, 5 milyondur, bəs nə qədər vergi ödəyir?

Fərhad Rəfiyev bildirir ki, audit tərəfindən qanunsuz olaraq, saxta sənədlər əsasında onu, qardaşını və bibisi oğlunu şirkət üzrə tam maddi məsul şəxs kimi göstəriblər: “Halbuki, mən və qardaşım həmin şirkətdə əmək müqaviləsinə əsasən satıcı, bibim oğlu Tarverdiyev Elşən isə ümumiyyətlə əmək müqaviləsi olmadan fəhlə işləmişdir. Mənimlə qardaşımın əmək müqaviləsi 02.12.2015-ci il tarixdə bir illik, yəni 02.12.2016-cı il tarixədək bağlanmışdır. Necə ola bilər ki, əmək müqaviləmiz 02.12.2016-cı il tarixdə başa çatdığı halda bizim əmək müqaviləmizə 05.01.2017-ci il tarixdə xitam verilsin? Bütün bu nöqsanlar auditin yoxlamalarında qeyd olunur. Amma şirkətə qarşı bununla bağlı hər hansı bir irad tutulmur.

vergilerHəmçinin, onu da qeyd edirəm ki, audit tərəfindən yoxlama aparılarkən bəzi şirkətlərdən aldığımız malları həmin şirkətlər az sayda qeyd etmişdilər. Burada yuxarıda qeyd etdiyim kimi mənimlə bağlı hər hansı bir problem olmamışdır. Çünki maddi məsul şəxs olmamışam. Amma həmin şirkətlər vergidən yayınmaq üçün verdikləri malların miqdarını və dəyərini azalda bilərdilər. Əlbəttə ki, bunu vergi ilə bağlı aidiyyatı qurumlar yoxlamalıdır”.

Fərhad Rəfiyevin sözlərinə görə, ə Auditin apardığı yoxlamanın nəticələrinə görə «Ştutqart» şirkətinin 1 illik – 03.12.2015-ci il tarixdən 04.01.2017-ci il tarixə kimi dövriyyəsinin 14 547 866,81 (on dörd milyon beş yüz qırx yeddi min səkkiz yüz altmış altı manat, 81 qəpik) manat olduğu göstərilib. Ancaq onda olan məlumata görə, dövriyyənin həcmi vergi orqanlarına bundan 10 dəfələrlə az göstərilib: “Bizdə olan məlumata görə, ilik dövriyyənin həcmi təxminən, 200-300 min manat həddində göstərilir. Bu faktlar Vergilər Nazirliyi tərəfindən yoxlanılarsa, vergidən yayınma hallarının olub-olmaması ortaya çıxar”.

“Təhvil-təslim aktları sonradan saxtakarlıq yolu ilə hazırlanmışdı”

Şikayətçi həmçinin onu da qeyd edir ki, onlara cinayət işi qaldırmaq üçün saxta dəlillər hazırlayıblar: “Babək prospektində yerləşən mağazada 02.12.2015-ci il tarixə anbarda sayılmış malların mənə, qardaşıma və bibim oğluna təhvil verilməsi ilə bağlı saxta akt tərtib olunmuşdur. Həmin aktda təhvil verənin Əfqan Abdullayev olması qeyd olunmaqla imzası və möhürü vardır. Təhvil alanların adında isə mənim, qardaşımın və bibim oğlunun adları qeyd olunmuşdur. Lakin həmin sənədlərdə imzalarımız yoxdur. Ştampla bizim adlarımız vurulub. Hansı ki, həmin ştamplar firmada saxlanılır və satış qəbzlərinin arxasına vurulur. Hüquqi gücü olmayan ştampdır. Əlbəttə ki, real olmuş olsaydı imzalarımız olardı.

Bundan əlavə 2017-ci ilin yanvar ayının 4-də təhvil–təslim haqqında akt tərtib olunmuşdur. Həmin aktda da imzalarımız yoxdur və imzalarımızın əvəzinə özləri tərəfindən ştamp vurulmuşdur. Çünki hər iki təhvil-təslim aktları sonradan saxtakarlıq yolu ilə hazırlanmışdır və Bakı şəhər Nizami rayon prokurorluğuna təqdim olunmuşdur.
Bildrirəm ki, ümumiyyətlə Audit yoxlaması «Smart Audit» MMC-nin nümayəndələri tərəfindən aparılmamışdır. Sadəcə həmin Audit təşkilatı etibarnamə üzrə işlərin aparılmasını Mirzə Əliyevə etibar etmişdir. Mirzə Əliyev də daimi olaraq Nizami rayon prokurorluğunda texniki işçi, yaxud da qeyri-rəsmi işçi kimi çalışır. Onların verdikləri tapışırıqları yerinə yetirir”.

“Səsimə cavab verən olmasa intihar edəcəyəm”

Fərhad Rəfiyev deyir ki, istintaq onların haqlı olduğunu bilsə də, hər cür cəhdlə Əfqan Abdullayevə haqq qazandırmağa çalışır: “Sanki işi aparan Könül Heydərova müstəntiq deyil, Əfqan Abdullayevin vəkilidir. Mobil Şəfiyev də Əfqanı müdafiə edir. Hətta Audit kimi yoxlama keçirmiş Əliyev Mirzə Qılman oğlu da ciddi-cəhdlə bizdən ifadələr alır, saxta yolla apardığı Audit əsasında bizləri günahkar etmək istəyir. Amma mənə qarşı olan cinayət göz qarşısındadır. Mənzilimi, avtomobillərimi hədə-qorxu ilə əlimdən alıblar, lakin həmin şəxslərə qarşı hər hansı bir tədbir görülmür. Deputatın şirkəti vergidən yayınır, dövlətə külli miqdarda ziyan vurur, onlara qarşı hər hansı tədbir görülmür. Mənim hər şeyimi əlimdən alıblar. Qorxudan heç bir yerdə də işləmirəm. Deputatın və bacısı oğlu Əfqan Abdullayev tərəfindən mənə və ailəmə qarşı amansızlıqlar olundu. Heç nəyim qalmamışdır. Özümü öldürmək həddinə gəlib çatmışam. Belə getsə, mənim haqq səsimə cavab verən olmasa, intihar edəcəyəm!”

Fərhad Rəfiyev ölkə Prezidenti İlham Əliyevdən, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərlərindən bu işi nəzarətə götürməyi xahiş edir. Eyni zamanda cinayət işinin Bakı şəhər Nizami rayon prokurorluğundan alınaraq, başqa yerə verilməsini istəyir: “Cinayət işinin istintaqı başqa bir yerdə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən və ya Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsi tərəfindən aparılarsa, əminəm ki, məsələyə düzgün hüquqi qiymət veriləcəkdir. Bundan sonra da mənim və yaxınlarımızın günahsız olmağı sübuta yetirilməklə əmlakım özümə qaytarılacaqdır. Hədə-qorxu yolu ilə əlimdən alınmış əmlaklarımın qaytarılmasına dair göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

Vəkildən sərt açıqlama: “Bu qanunsuzluqdur, “reketçilkdir””

Məsələ ilə bağlı “AzPolitika.info”ya açıqlama verən Fərhad Rəfiyevin vəkili Adəm Məmmədov bildirdi ki, deputat Nəriman Əliyevin bacısı və qardaşı oğlu tərəfindən edilən hərəkətlər tam qanunsuzdur: “Əfqan Abdullayev və Qubad Əliyev tərəfindən hədə-qorxu gəlinməklə müvəkkilimin bütün əmlakı ələ keçirilmişdir. Bu qanunsuzluqdur, “reketçilkdir”. Çox təəssüf ki, bu işdə bəzi polis əməkdaşları da iştirak etmişdir. Ortada heç bir cinayət işi olmadığı halda, müvəkkilimi 12 il həbslə hədələyərək, qorxutmaqla həm özünün, həm də qardaşının əmlakını əlindən alblar. Bu nəinki biabırçılıq, Azərbaycan dövlətinin, hüquq-mühafizə orqanlarının imicinə xələl gətirən bir haldır. İnanıram ki, həm hörmətli nazirimiz Ramil Usubov, həm də Baş prokuror Zakir Qaralov belə hallara yol vermiş şəxsləri sərt şəkildə cəzalandıracaqlar. Hansısa deputatın sifarişi qanunlardan üstün ola, vətəndaşın əmlakının ələ keçirməyə şərait yaradılmasına səbəb ola bilməz.”

adem

Adəm Məmmədovun sözlərinə görə, «Ştutqart» mağazalar şəbəkəsinin deputat Nəriman Əliyevin himayəsində və ya onun yaxınlarına məxsus olması burda baş verən qanunsuzluqlara göz yumulmasına və ibtidai istintaq zamanı müvəkkilinin hüquqlarının pozulmasına səbəb olub: “Nizami rayon Prokurorluğu tərəfindən iş qərəzli aparılır. Heç bir hüquqi qüvvəsi olmayan, sonradan quraşdırılmış saxta aktlar, sənədlərdən istifadə etməklə, müvəkilimi həbs etmək istəyirlər. Bundan əlavə şirkətin dövriyyəsi ilə bağlı auditin ortaya qoyduğu rəqəmlərlə, vergiyə təqdim olunan rəqəmlər arasında kəskin fərqlər var. Söhbət 100-200 dəfə fərqdən gedir. Belə çıxır ki, ya «Ştutqart» mağazalar şəbəkəsi dövriyyəsini gizlədərək, dövlətə ödəməli olduğu milyonlarla manat vergini mənimsəyib, ya da hüquqlarını müfafiə etdiyim şəxsin adına külli miqdarda borc yazmaq üçün dövriyyəni qəsdən şişirdib. Bu məsələ aydınlaşdırılmalıdır. Ancaq hər iki halda ortada böyük qanunsuzluq var. Buna görə şirkətin rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır. Ancaq nədənsə Nizami rayon prokurorluğu bu faktların üzərindən sükutla keçməyə çalışır”.

Adəm Məmmədov buna görə də, cinayət işinin Nizami rayon Prokurorluğundan alnaraq, Baş Prokurorluğun Ağır Cinayətlərə dair istintaq İdarəsi və ya Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinə verilməsinin zəruri olduğunu bildirir: “İşin obyektiv araşdırılması, deputatın müdaxilə edə bilməməsi üçün istintaqın daha yuxarı prokurorluq orqanları tərəfindən aparılmasını vacib hesab edirəm. Burada söhbət həm də bir ailənin taleyindən gedir. Kimsəyə imkan verilməməlidir ki, səlahiyyəti və maddi imkanları hesabına bir ailəni məhv etsin. İnanıram ki, ən qısa zamanda müraciətlərimizə müsbət reaksiya veriləcək”.

«Ştutqart» mağazalar şəbəkəsi cavab vermədi

Məsələ ilə bağlı «Ştutqart» mağazalar şəbəkəsinin direktoru Əfqan Abdullayevlə əlaqə saxlamağa çalışdıq. Şəbəkənin mərkəzi ofisindən bizə bunun üçün Orxan Yusifzadənin əlaqə nömrəsini verdilər. Ancaq Orxan Yusifzadə zəngimizin səbəbini öyrəndikdən sonra, “Əfqan müəllim burda yoxdur” deyə, telefonu qapatdı.

Bununla belə şikayətdə qeyd olunanlarla bağlı həm deputat Nəriman Əliyevin, həm Əfqan Abdullayevin, həm də adları çəkilən digər şəxslərin mövqeyin işıqlandırmağa hazırıq.

İ. İsmayılbəyli
AzPolitika.info


loading...


Fikrinizi bildirin