Baş həkim: “Peşmançılıq oldu, insan həyatı itirildi”

Oktyabrın 2-də “MediSina” Tibb Mərkəzinin baş həkimi Abbas Bağırov “Media forum” saytının suallarını cavablandırıb.

- Jurnalist Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiqqızının ölümündə “MediSina” Tibb Mərkəzini və əməliyyatda iştirak edən həkimləri günahlandırır...

- Bilmirəm Anar müəllim bu qənaətə haradan gəlib. Amma onun irəli sürdüyü versiyalar doğru ola da bilər. Elnarə Tofiqqızının meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyində ekspertiza olunub. Ölümün səbəbi müəyyənləşdirilir. Rəsmi şəkildə heç nə müəyyənləşmədiyinə görə dəqiq söz deyə bilmərəm. Adətən bədən çəkisi 100 kiloqramdan artıq olan insanlarda əməliyyat və yaxud da narkoz vurulma zamanı qəfil ölüm baş verirsə, emboliya (artıq çəki) şübhəsi yaradır. Biz də emboliyadan şübhələndik. Amma ekspertizanın nəticəsi ortaya çıxandan sonra Elnarə Tofiqqızının ölüm səbəbi aydınlaşacaq.

- Əməliyyat keçirməyiniz üçün istifadə etdiyiniz avadanlıqların yararsız olduğu haqda da fikirlər səslənir.

- Elnarə Tofiqqızının ölümündən sonra prokurorluq əməliyyat otağını möhürlədi. Əməliyyat otağına giriş qadağan olundu. Möhürün qorunub saxlanmasına məsul şəxs kimi müəssisənin baş həkimi tanındı. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin və tibbi avadanlıqların ticarəti, servisi ilə məşğul olan bir şirkətin nümayəndələrinin iştirak etdiyi komissiya yaradıldı. Həmin komissiya prokurorluğun iştirakı ilə əməliyyatda istifadə olunan avadanlıqları yoxladı. Protokol tərtib olundu. Avadanlıqlarda nasazlıq ortaya çıxmadı.

- Elnarə Tofiqqızıya narkoz vurmuş anestezioloq Sirus İbrahimov işə çıxır?

- Sirus İbrahimov hazırda bizim klinikada işə çıxmır. Amma o biri işinə çıxıb-çıxmadığını bilmirəm. Sirus İbrahimov bizim klinikada günün ikinci yarısı fəaliyyət göstərirdi. Anestezioloq Sirus İbrahimov kifayət qədər iri həcmli əməliyyatları idarə edə bilən, xarici ölkələrdə təhsil almış bir həkimdir. Təəssüf ki, əməliyyat uğursuz alındı. Bu uğursuzluğun nədən qaynaqlandığı ekspertizanın nəticəsi bəlli olandan sonra bilinəcək.

- Anar Niftəliyev deyir ki, yoldaşı adicə keyidici dərman vurulmaqla əməliyyat oluna bilərdi.

- Bu əməliyyat risk qrupuna daxil olan əməliyyat deyil. Yəni ölümlə nəticələnmə ehtimalı olduqca azdır. Elnarə Tofiqqızının əməliyyatı dərialtı törəmənin əməliyyatı idi. Süd vəzində yaranan kiçik səpki götürülməli idi. Bu əməliyyat xəstənin gələcəkdə həyatına təhlükə yaranmamağı üçün nəzərdə tutulmuşdu. Yəni onkoloji proseslər genişlənib digər problemlər yaratmasın.

Kök insanlarda, yəni piy təbəqəsi çox olan insanlarda anestezioloqlar həmişə ən yüngül xətti seçməyə çalışırlar. Burada da düşünüblər ki, xəstəni qısa müddətə yatızdırmaqla əməliyyatı 35-40 dəqiqəyə bitirsinlər. Amma sonu peşmançılıq oldu, insan həyatı itirildi.

- Əməliyyat gününədək Elnarə Tofiqqızı sizin klinikada müayinə olunmuşdumu?

- Elnarə Tofiqqızı bizim klinikaya gələnə kimi bir neçə klinikada müayinə olunub. Bu ailəyə yaxın həkim Fərəcullah İdrisov öz çalışdığı Elmi Cərrahiyyə Mərkəzində Elnarə Tofiqqızının prosesə uyğun bütün müayinəsini apartdırıb. Səhiyyə Nazirliyinin tanıdığı və qanuni çərçivədə fəaliyyət göstərən müayinə nəticələri bütün klinikalarda qəbul olunur.

- Niyə əməliyyat üçün sizin klinika seçilib?

- Fərəcullah İdrisov əməliyyatı aparmaqdan imtina edib. Bundan sonra Fərəcullah İdrisov hərbi hospitalın onkologiya şöbəsinin müdiri Mahir Məmmədova üz tutub. Mahir Məmmədov dəfələrlə bizim klinikada olub. Bir neçə dəfə də əməliyyatlara rəhbərlik edib. Savadlı onkoloqdur. Mahir Məmmədov Fərəcullah İdrisova bildirib ki, əməliyyatı çalışdığı hərbi hospitalda edəcək. Ancaq Fərəcullah İdrisov əməliyyatda iştirak etmək istədiyini, hərbi hospitalda isə ona əməliyyatda iştirak etməyə icazə verilməyəcəyini deyib. Çünki hərbi hospitala mülki həkimləri buraxmırlar. Ən sonda əməliyyatı etmək üçün Mahir Məmmədov bizim klinikanı məsləhət görüb. Əməliyyatda cərrah Mahir Məmmədov, assistent Fərəcullah İdrisov və anestezioloq Sirus İbrahimov iştirak ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar