Ombudsman Aparatının nümayəndələri Mehman Hüseynova baş çəkiblər

Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsinə baş çəkiblər.

Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında konstitusiya qanununun tələbləri əsasında təşkil olunan başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftar məsələlərinin, habelə daxil olan müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin yataqxana korpuslarına, cərimə təcridxanasına, tibbi-sanitar hissəsinə, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxışlar keçirilmiş, habelə tibbi yardımın təşkili, yemək-qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Müəssisədə saxlanılma şəraitinin yaxşılaşdırılması məqsədilə görülən bəzi işlərin davam etdirildiyi müşahidə edilib. Eyni zamanda həyata keçirilən işlər çərçivəsində saxlanma şəraitinin təkmilləşdirilməsinə olan ehtiyacın aradan qaldırılması ilə bağlı MPQ üzvləri tərəfindən müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

MPQ üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkumlar, o cümlədən Mehman Hüseynov konfidensial qaydada qəbul edilərək dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb, habelə bir sıra müraciətlər yerində təmin edilib.

Qəbul zamanı müəssisə əməkdaşlarının məhkumlarla rəftarından şikayət alınmayıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, hüquqi maarifləndirici söhbətlər aparılib.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, ölkə Prezidentinin 10 fevral 2017-ci il tarixdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamın əhəmiyyəti vurğulanmış, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar