“Neftdən əldə edilən gəlirləri nəhəng layihələrə yönəldirik” - Prezident

“Azərbaycana qoyulan investisiyaların böyük hissəsi xarici şirkətlər tərəfindən qoyulub. Bu qurğuya investisiyalar isə Azərbaycan dövləti tərəfindən qoyulub. Neftdən əldə edilən gəlirləri belə böyük, nəhəng layihələrə yönəldirik”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində deyib.

Prezident bildirib ki, bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm Dövlət Neft Şirkətindən qoyulan vəsait təqribən 1 milyard dollara yaxındır: “Yəni, bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də onu göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Xarici şirkətlər tərəfindən Azərbaycana sərmayə qoyulanda bizim əsas şərtlərimizdən biri o idi ki, Azərbaycanda bu sərmayələr, eyni zamanda, neft sənayesinin inkişafına xidmət göstərsin. Azərbaycanda iş yerləri yaradılsın, bizim işçilər yaxşı maaş alsınlar, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin və bu gün biz bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər və həm özlərinə, həm də ölkəyə böyük fayda verirlər”.

Dövlət başçısı qeyd edib ki, bu qazma qurğusunun yaradılması tarixi hadisədir: “Təsadüfi deyil ki, bu qazma qurğusuna ulu öndər Heydər Əliyevin adı verilmişdir. Heydər Əliyev Azərbaycanın müasir neft sənayesinin banisidir. Heydər Əliyevin neft strategiyası bu gün uğurla icra edilir. 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması ilə Azərbaycanın neft sənayesində yeni dövr başlamışdır. Bununla bərabər, hələ 1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın neft sənayesi üçün çox önəmli addımlar atılmışdır. O cümlədən dərin özüllər zavodunun tikintisi Ulu Öndərin təşəbbüsü ilə 1970-ci illərdə başlamışdı. Əgər o vaxt bu zavod Azərbaycanda tikilməsəydi, - yəqin, siz də eşitmişiniz ki, başqa variantlar da var idi, - Xəzərin digər sahillərində belə zavodun tikintisi nəzərdə tutulurdu. Heydər Əliyevin müdaxiləsi və səyləri nəticəsində dərin özüllər zavodunun tikintisi üçün yer Bakı seçildi. O zavodun bu gün neft sənayemizin, ümumiyyətlə, ölkəmizin inkişafı üçün əvəzolunmaz rolu var. Yəni, hələ 1970-ci illərdə neftayırma zavodlarının modernləşdirilməsi, digər layihələrin icrası Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərirdi. O ki qaldı, müstəqillik dövrünə, əgər 1994-cü ildə biz xarici tərəfdaşları Azərbaycana investisiya qoymağa cəlb etməsəydik, bu gün Azərbaycanın, ümumiyyətlə, iqtisadi vəziyyəti tam fərqli ola bilərdi. 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması tarixi hadisə idi və mən o günləri yaxşı xatırlayıram. Bu mərasimdə iştirak edən hörmətli Xoşbəxt müəllimlə birlikdə biz danışıqlarda iştirak etmişik. Biz 1994-cü ilin may ayında İstanbulda və iyul-avqust aylarında isə Amerikanın Hyuston şəhərində danışıqlar aparırdıq ki, Azərbaycan üçün ən məqbul şərtləri təmin edək. Eyni zamanda, elə edək ki, xarici investorlar da qaçmasın və onlar üçün də yaxşı şərait yaradılsın. Hesab edirəm ki, biz hər iki tərəf üçün məqbul variantı əldə etdik. Gərgin danışıqlar nəticəsində 1994-cü ilin sentyabrında “Əsrin kontraktı” imzalandı və bu gün uğurla icra edilir. “Əsrin kontraktı” imzalanmasaydı, indi Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi. Bunu hamı bilməlidir.

Bizim uğurlu inkişafımızın əsas mənbəyi “Əsrin kontraktı”dır və o layihədən əldə olunan gəlirlərdir. Biz gəlirləri uğurla digər sahələrə yönəltdik. Əlbəttə ki, neft-qaz əməliyyatlarının davam etdirilməsi prosesi getmişdir, “Şahdəniz” layihəsi 1996-cı ildən başlayaraq uğurla icra olunur. Hazırda biz digər layihələr üzərində işləyirik. Heydər Əliyev yarımdalma qazma qurğusu çox perspektivli “Abşeron” qaz-kondensat yatağında işləyəcək. Əminəm ki, biz tezliklə - bir neçə ilə “Abşeron” yatağından da yaxşı nəticələr görəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar