TRAMP SƏUDİYYƏDƏ – “Ərəb NATO-su” elan olunacaqmı?

Prezident Tramp bu həftə Ər-Riyada gələcək (Səfər bu gün həyata keçir-red) və özünün regional təhlükəsizlik strukturu ilə bağlı konsepsiyasını irəli sürəcək. Ağ Ev məmurları bu konsepsiyanı “Ərəb NATO-su” adlandırırlar. Yaranacaq bu təşkilat terrorizmlə mübarizəyə və İrana qarşı durmağa istiqamətlənəcək.

Bu planın əsas vacib tərəfi tarixdəki ən böyük silah satışı haqqında Trampın verəcəyi bəyanat olacaq.

Örtülü qapılar arxasında Tramp administrasiyası və Səudiyyə Ərəbistanı geniş miqyaslı danışıqlar aparırlar. Aparılan bu danışıqlara Ağ Evin böyük müşaviri Cared Kuşner və Səudiyyə Ərəbistanı şahzadəsi Mühəmməd ibn Salman rəhbərlik edir. Obama administrasiyasının dərindən məyus etdiyi Səudiyyə rəhbərliyi böyük təşəbbüskarlıqla işə girişib.

Keçirilən görüşlər zamanı səudiyyəlilər ABŞ-la münasibətləri daha yüksək səviyyəyə çıxarmağı təklif ediblər. Ağ Evin rəsmi şəxslərinin bildirdiyinə görə, onlar həmçinin təhlükəsizlik, iqtisadi və investisiya sferaları üzrə əməkdaşlığı artırmaq istəyirlər. Tramp komandası səudiyyəlilərə ABŞ prezidentinin prioriteləri siyahısını təqdim edərək, onları radikal islam ekstremistlərinə qarşı daha fəal mübarizə aparmağa və həmçinin də regional təhlükəsizliyin təmin olunması istiqamətindəki yükün bölüşülməsinə çağırıblar.

Son həftə müxtəlif dövlət qurumları Tramp administrasiyasının tapşırığına əsasən, prezidentin çıxışı üçün bir sıra bəyanatlar hazırlayırlar. Bu məsələdə ABŞ dövlət katibi Reks Tillerson da aktiv iştirak edir. Buradakı məqsədlərdən biri vahid sünnü koalisiyasının baza prinsipləri mexanizmini yaratmaqdan ibarətdir. Yaradılacaq bu struktur perspektivdə NATO-ya bənzər daha rəsmi bir təşkilatın əsasını qoyacaq.

Ağ Evin yüksək vəzifəli rəsmilərindən biri bu barədə deyib: ”Bizim hamımızın bir düşməni var və hamımız eyni şeyi istəyirik. Ümid edək ki, bu səfər atmosferi dəyişəcək”.

Ər-Riyadın qətiyyətli dəstəyinə görə “Ərəb NATO-su” ideyası artıq uzun illərdir ki, səslənir. Lakin bu yaxınlaradək Amerika hökuməti bu ideyanı açıq şəkildə müdafiə etmirdi.

Rəsmi şəxslər bəyan edirlər ki, hazırkı ideya Trampın “Öncə Amerika” konsepsiyasının xarici siyasət çərçivəsinin üç əsas postulatına tamamilə uyğun gəlir.

Bu postulatlar - Amerikanın regionda liderliyinin təsdiqi, təhlükəsizliyin təmin edilməsi məsələsindəki maliyyə yükünün müttəfiqlərin üzərinə qoyulması və ABŞ-da yeni iş yerlərinin yaradılmasından (İri miqyaslı silah satışı hesabına) ibarətdir.

Ağ Evin məmurları deyirlər ki, ABŞ prezidenti bu region ölkələrinin təhlükəsizliyinin təmin edilməsinin cavabdehlik yükünü elə həmin ölkələrin öz üzərinə qoya bilmək yollarını axtarır.

Regiondan verilən məlumata görə, bu layihənin müzakirəsində deyilir ki, ilkin mərhələdə koalisiyanın heyətinə Səudiyyə Ərəbistanı ilə yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya daxil olacaq. ABŞ isə alyansa təşkilati dəstək verəcək.

Ağ Ev yeni alyansın fəaliyyətinə aid çoxsaylı detallar üzərində hazırlıq işlərinin görülməsinin hələ qabaqda olduğunu etiraf edir. Region dövlətlərinin çoxsaylı və ciddi tarixi küskünlükləri var və onlar arasında əsas məsələlər üzrə ümumi razılıq yoxdur. Suriya münaqişəsinin necə həll ediləcəyi məlum deyil. Misirin 2015-ci ildə pan-ərəb ordu birilkləri yaratmaq cəhdi, ölkələr arasındakı fikir ayrılığına görə uğursuzluğa düçar olmuşdu.

“Amerikan Tərəqqi Mərkəzi”-nin (Center of American Progress) aparıcı əməkdaşı Brayan Katulis deyib: ”Amerikanın təhlükəsizilik sferası üzrə tərəfdaşları uzun illərdir ki, ondan bu cür jestlər gözləyirdilər. Belə bir paktın dəyəri, işin nəticəsindən asılıdır. Görəsən yaranacaq yeni alyans regionda terrorçu qruplara qarşı mübarizədə uğur qazanacaqmı və ya Yəmən və Suriyadakı münaqişəni həll edə biləcəkmi?”

Bu düşüncənin ən konkret tərkib hissəsi Səudiyyə Ərəbistanına Amerika silahlarının tədarük planıdır. Yekun detallar hələki işlənib hazırlanmayıb, lakin rəsmi şəxslər bildirirlər ki, bu məbləğ ümumən 98 milyard dollardan 128 milyard dollara qədər olacaq. On illik satışın ümumi həcmi isə, 350 milyard dollara çata bilər.

Hazırkı tədarük Səudiyyə Ərəbistanının Hərbi Dəniz Güclərinin və Quru Qoşunlarının əhəmiyyətli dərəcədə modernləşdirilməsinə yardım edəcək. Bu siyahıya sahilyanı zonalardakı döyüş gəmiləri, raket əleyhinə “THAAD” kompleksi, zirehli transportyorlar, raketlər, bombalar və digər döyüş mərmiləri daxildir.

Səudiyyə Ərəbistanında silah istehsalı üzrə qurulacaq müəssisələr, kral Salmanın ölkədə hərbi sənaye yaratmaq planını möhkəmləndirəcək. Amma bu siyahıya daxil olan silah və texnikanın böyük bir hissəsi Amerika müdafiə sənayesi tərəfindən hazırlanacaq.

“Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi”-nin (Center for Strategic and İnternational Studies) əməkdaşı Entoni Kordsman deyib: “ABŞ artıq çoxdandır ki, səudiyyəliləri öz Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsinə daha çox diqqət yetirməyə və onları effektiv hala gətirməyə çağırır. ABŞ–ın nöqteyi-nəzərinə görə, səudiyyəlilər nə qədər güclü olarlarsa, İranla hərbi qarşıdurma riski də, daha az olar”.

Yeni təhlükəsizlik strukturu və iri miqyaslı silah tədarükü barəsində veriləcək bəyənatlar, gözləntilərin əksinə olaraq, onu göstərir ki, səudiyəlilərin Trampa qarşı olan nəvazişləri uğurlu alınıb.

Amma bütün bunlar regionda əsl sabitliyə, terrorizmə qarşı mübarizədə real tərəqqiyə gətirəcəkmi? Bu Trampın xarici səfərinin nəticələrindən asılıdır.

(The Washington Post)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar