“ÇIX KƏMALƏDDİNİ İTTİHAM ET, ZAVODUNU QAYTARAQ...” - Bir özəlləşdirmə fırıldağının izi ilə -ARAŞDIRMA

Kəmaləddin Heydərovun “sən kişi adamsan” dediyi zavod direktorunu onun adı ilə neçə müflis etdilər?

Balıqçılıq təsərrüfatlarının rəhbərlərinin “anti- Heydərov koalisiyasının” arxasında kimlər dayanırdı?

Azərbaycanda özəlləşdirmə prosesində ciddi qanunsuzluqların baş verdiyi, sadə vətəndaşların və iş adamlarının hüquqlarının müxtəlif səlahiyyətli şəxslər tərəfindən pozulduğu haqda çox yazılıb. Təəsüf ki, bir çox hallarda ayrı-ayrı şəxslərin maraqlarına xidmət edən bu qanunsuzluqların baş verməsində özəlləşdirmə prosesini həyata keçirən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) vəzifəli şəxsləri də iştirak edir. Məhz buna görə də, özəlləşdirmədəki qanunsuzluqlarla bağlı məhkəmələrə, ölkə rəhbərliyinə, hətta beynəlxalq təşkilatlara müraciət edən insanların sayı kifayət qədər çoxdur. Ancaq ortaya çıxan məlumatlar, faktlar göstərir ki, Komitə rəhbərliyini özəlləşdirmədə vətəndaşlara, iş adamlarına yaradılan probləmlər, bu səbəbdən dövlətin imicinin zədələnməsi deyil, öz şəxsi maraqlarını necə təmin etmək düşündürür. Və bu zaman onlar nəinki qanunları pozmaqdan çıkinmirlər, hətta öz maraqlaını təmin etmək naminə ayrı-ayrı yüksək vəzifəli şəxslərini adı ilə insanları qorxutmağı belə sınaqdan keçirirlər. Hətta bu yolla bir çox hallarda da istəklərinə nail olurlar. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifəli şəxsi hansısa iş adamına, kollektivə deyəndə ki, “boşuna çabalama, sizin obyektinizi filan nazir özəlləşdirir”, istər-istəməz onların əlləri boşalır, müqavimət göstərə bilmirlər. Bu da imkan verir ki, ƏMDK həmin obyekti istədyi adama, istədiyi qiymətə satsın...

Elə bu yazını hazırlamağımızın bir növ səbəbkarı olan Güləhməd Güləhmədovun başına gətirilənlər də ƏMDK rəhbərliyinin bu məsələlərdə nə qədər “mahir siyasət” yürütdüyünü ortaya çıxarır.

Qısası, bu yazıda ƏMDK-nın sədri Kərəm Həsənov və onun müavini Rüstəm Şahbazovun ölkənin strateji bölgəsində yerləşən zavodu və onun 100-lərlə hektar ərazisini ermənilərlə bağlılığına dair ciddi iddialar olan bir xarici iş adamına satmaq üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından neçə istifadə etdiklərindən bəhs edəcəyik...

“Xudat Balıq” ASC-nin özəlləşdirilməsi uzun müddət dondurulur

Ancaq bu haqda danışmazdan öncə qeyd edək ki, milliyətcə azərbaycanlı olan Güləhməd Güləhmədov Dərbənddə anadan olub, SSRİ dağılana qədər də Moskvada müxtəlif vəzifələrdə işləyib. Ağır günlərdə vətəndə olmağı üstün tutan G.Güləhmədov 1990-cı ildə Rusiyadaki bütün əmlakını sataraq Azərbaycana dönür. Burada müxtəlif işlərdə çalışır, biznes fəaliyyətilə məşğul olmağa başlayır. 1999-cu ildə isə “Xudat Balıq” Kombinatına direktor təyin edilən Güləhməd Güləhmədovun sözlərinə görə, o vaxt böyük layihələri olub: “Gələcəyə ümidlə baxdığımdan, ümumlli lider Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafa mən də öz tövhəmi vermək istəyirdim...”

Ancaq çox keçmir ki, G.Güləhmədova nəinki böyük, hətta kiçik layihələr belə həyata keçirməyə imkan verilməyəcəyi məlum olur. Belə ki, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin II Dövlət Proqramı” çərçəvəsində “Xudat Balıq” Kombinatı səhmdar cəmiyyətə çevrilərək özəlləşdirməyə açıq elan olunur. Qanunvericiliyə, o cümlədən mərhum Prezident Heydər Əliyevin o zaman verdiyi fərmanlara əsasən, dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərin səhmləri ilk növbədə əmək kollektivinə təklif olunur. Yalnız onlar almadığı və ya digərlərinə nisbətən çox aşağı təkliflə çıxış etdikləri halda, səhmlərin müəyyən hissəsinin kənar şəxslərə satılmasına icazə verilirdi.

Məhz buna görə də, G.Güləhmədovun təşəbbüsü ilə, Kombinatın kollektivi öz hüquqlarından yararlanaraq, 2001-ci ildə “Xudat Balıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmlərinin 100 faizinə sahib çıxmağa qərar verir. Bu məqsədlə də o zaman İqtisadi İnkişaf Nazirliyinin nəzdnində olan Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin rəhbəri Kərəm Həsənova və onun I müavini Rüstəm Şahbazova müraciət olunur. Və prosesə start verilir...

2001-ci ildə ASC-lərin özəlləşdirilməsinin birinci mərhələsinə uyğun olaraq, kollektivə satılmalı olan 15 faizlik güzəştli hissə özəlləşməyə çıxarılır. Yaradılan maneələrə baxmayaraq, kollektivin əksər üzvləri prosesə qatılaraq 15 faizlik güzəştli hissənin 13,2 faizini əldə edir.

Məlum olduğu kimi, II mərhələdə qanunvericiliyə uyğun olaraq, Səhmdar Cəmiyyətin 55 faiz səhmləri çek hərracına çıxarılmalıdır. Ancaq heç bir səbəb köstərilmədən “Xudat Balıq” ASC-nin özəlləşməsi yenidən dondurulur. ASC-nin sədri G.Güləhmədovun dəfələrlə müraciət etməsinə baxmayaraq, bir ildən artıq müddətdə prosesin uzadılmasının səbəbi açıqlanmır. Çek hərracı keçirilməməsi bir tərəfdən kollektivin öz vəsaitini səhm alışına yönəltməyə imkan vermirsə, digər tərəfdən də qeyri-müəyyənlik olduğundan müəssisənin inkişafının qarşısında maneəyə çevrilir. Ancaq buna baxmayaraq kollektiv müəssisəni qoruyub saxlaya bilir.

Kərəm Həsənov və Rüstəm Şahbazov çek hərracını gizli keçirməyə cəhd edirlər

Belə olduqda, G.Güləhmədovun sözlərinə görə, Kərəm Həsənov müavini Rüstəm Şahbazova “Xudat Balıq” ASC-nin kollektivindən xəbərsiz çek hərracı keçirməyi tapşırır. Ancaq G.Güləhmədov “əmlakdakı” dostlarının vasitəsilə budan xəbər tutur. Və Rüstəm Şahbazova narazılığını bildirir. O da məsələnin üstünün açıldığını görərək, “Xudat Balıq” ASC-nin kollektivinin də ümümu qaydada cek hərracında iştirak edə biləcəyini söyləyir. Ancaq prosesin gizli aparılması cəhdi və cənab Şahbazovun fikirləri göstərir ki, Əmlak Komitəsinin rəhbərliyi “Xudat Balıq” ASC-nin kollektivini, o cümlədən G.Güləhmədovu özəlləşdirmədən kənarda saxlamaq istəyir. Bunu əvvəlcədən görən G.Güləhmədov kollektivin iştirakı ilə “Xudat Balıq” ASC-nin 55 faiz səhmlərini özəlləşdirmək üçün lazım olan miqdarda - 11054 ədəd cek toplayır.

Nəhayət 29 avqust 2002-ci ildə cek hərracı təşkil olunur. Ancaq gözlənildiyi kimi, G.Güləhmədov və ora gedən kollektiv üzvləri hərracın keçirildiyi Auksion Mərkəzinə buraxılmır. Kollektivin ciddi təpkisi, jurnalistlərin çağrılmasından sonra G.Güləhmədov içəri daxil ola bilir. Və numunə əsasında sifarişini yazaraq təqdim edir. Hətta düzgünlüyünü də yoxladır.

Auksion Mərkəzinə 11054 ədəd cek təqdim edərək hərracı udur, ancaq...

Aukson Mərkəzinin əməkdaşları G.Güləhmədovun “Xudat Balıq” ASC-nin 55 faiz səhmlərini özəlləşdirmək üçün lazım olan miqdarda - 11054 ədəd çek təqdim etmək və hər çekə 4 pay istədiyini gördükdə, dərhal Rüstəm Şahbzova xəbər verirlər. Bundan sonra G.Güləhmədovu müxtəlif bəhanələrlə Auksion Mərkəzindən çıxarmağa çalışırlar. Ancaq nail ola bilmirlər.

Saatlarla gözlədikdən sonra G.Güləhmədov zavodun 55 faiz səhmini almaq üçün auksiona 11054 çek təqdim edir. Və təbii ki, qəbz alır (qəbzin surəti yazıya əlavə olunur-red). Axşama qədər auksiona başqa heç bir sifariş verilmədiyindən, Auksion Mərkəzində G.Güləhmədovu qalib gəlməsi münasibətilə təbrik də edirlər...

Bir həftə sonra cap olunan “Mülkiyyət” qəzetinin növbəti sayında xəbər verilir ki, “Xudat Balıq” ASC-nin səhmlərinin satışı üzrə auksionda 74 nəfər iştirak edib və hərraca çıxarılan səhmlər 11 054 çekə satılıb. G.Güləhmədov da elə zənn edir ki, cek hərracına çıxarılan səhmlər ona və kollektivin digər üzvlərinə satılıb.

Ancaq 2 gün sonra Rüstəm Şahbazov zəng edərək G.Güləhmədova bildirir ki, gəlin Auksion Mərkəzinə təqdim etdiyiniz çeklərinizi götürün, Sizin iştirakınız nəzərə alınmamışdır. G.Güləhmədov bunun səbəbini soruşduqda isə cənab Şahbazov bildirir ki, guya sifarişi səhv yazıb. Halbuki yuxarıda qeyd etdiyimiz kimi, G.Güləhmədov sifarişi verilən nümunə əsasında yazaraq, düzlüyünü də Auksion Mərkəzinin əməkdaşlarına yoxlatdırıb.

Rüstəm Şahbzov zavodun direktorunu hədələyir, Fərhad Əliyev susur...

G.Güləhmədov da bunu Rüstəm Şahbazovun diqqətinə çatdıraraq çekləri geri götürməyəcəyini, 55 faizin kollektivin qanuni haqqı olduğunu bəyan edir. Belə olduqda Rüstəm Şahbzov başlayır G.Güləhmədova hədə-qorxu gəlməyə ki, əgər çeklərini götürməsən, onları da itirəcəksən, üstəlik başın da ağrıyacaq və sair.

Ancaq bu hədə-qorxulara rəğmən, G.Güləhmədov geri çəkilmir və kollektivin haqqını tələb etməkdə davam edir. Şahbazovun hədələrindən sonra sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə, keçmiş Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin rəhbəri Kərəm Həsənova müraciət edərək, “Xudat Balıq” ASC-nin özəlləşdirilməsi prosesində baş verən qanunsuzluqlar barədə onları məlumatlandırır. Onlardan bu özbaşnalığa son qoymağı tələb edir. Ancaq nə o vaxt sözdə sahibkarların müdafiəçisi kimi çxış edən Fərhad Əliyev, nə də onun kadrı olan Kərəm Həsənov bu müraciətə cavab vermir. Əvəzində Auksion Mərkəzindən G.Güləhmədova məktub göndərilir ki, “sizin sifarişiniz qəbul olunmadığından, gəlib çeklərinizi götürə bilərsiniz”.

Ancaq G.Güləhmədov qanunla 55 faizin ona və kollektivin digər üzvlərinə verilməli olduğunu bildiyindən çekləri götürmür. Elə başda keçmiş Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin rəhbərliyi olmaqla, “Xudat Balıq” ASC-ni ələ keçirmək istəyənlər də, 55 faizin qanunla G.Güləhmədov və kollektivin haqqı olduğunu bildiyindən, prosesi yekunlaşdıra bilmirlər. Nə 55 faizin “sahibini” açıqlaya bilirlər, nə də III mərhələyə start verərək, qalan 30 faizi pullu hərraca çıxara bilirlər.

Rüstəm Şahbzov məsələnin arxasında Kəmaləddin Heydərovun dayandığını deyir

Təxminən 2 il - 2004-cü ilin əvvəlinə qədər belə davam edir. G.Güləhmədovun qanuni haqlarından geri çəkilmədiyini görən “Xudat Balıq” ASC-ni ələ keçirmək istəyən dairələr Rüstəm Şahbazova onunla danışaraq məsələni yoluna qoymağı tapşırırlar. Cünki G.Güləhmədovun ölkə rəhbərliynə, müxtəlif dövlət qurumlarına ünvanladığı məktublar onları narahat etməyə başlayır.

Məh buna görə də, Rüstəm Şahbazov G.Güləhmədovu danışığa dəvət edərək, bildirir ki, o, bu məslədə heç bir səlahiyyət sahibi deyil. Və ondan xahiş edir ki, bu məsələ ilə bağlı ölkə rəhbərliynə, müxtəlif dövlət qurumlarına müraciət etməyi dayandırsın. Əlavə edir ki, onsuz da bu müraciətlər problemi həll etməyəcək. G.Güləhmədovun sözlərinə görə, bunun səbəbini soruşduqda Rüstəm Şahbazov deyir ki, məsələnin arxasında o vaxt Gömrük Komitəsinin sədri işləyən Kəmaləddin Heydərov dayanır. Açıq çəkildə bildirir ki, “Xudat Balıq” ASC-lə bağlı bütün proses Kəmaləddin Heydərovun istəyi əsasında həyata keçirilib və onun tapşırığı olmadan heç nə edə bilməzlər. G.Güləhmədov bunu əvvəlcədən niyə demədiyini soruşduqda isə, Şahbazov “yuxarıların” belə istədiyini, indi məcbur olub açıqladığını iddia edir.

Qeyd edək ki, G.Güləhmədov Şahbazovun “Xudat Balıq” ASC-nin ona məxsus qanuni səhm paketini əlindən almaq üçün Kəmaləddin Heydərovun adından istifadə edildiyindən gec də olsa xəbər tutur. Ancaq bu sonralar olur. İlkin dövrlərdə isə məsələnin arxasında Heydərovun dayanmasının iddia olunması onun bir qədər geri çəkilməsinə səbəb olur. Daha dəqiqi, ona və kollektivə çatmalı olan 55 faizi almaq üçün apardığı mücadiləyə ara verməli olur. Ancaq həmin paydan imtina etmir və çeklərini geri götürmür.

Balıqçılıq təsərrüffatlarının rəhbərləri Heydərovun əleyhinə birləşdirilir

2004-cü ilin ortalarından isə proseslər birdən-birə dəyişir. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Kəmaləddin Heydərovla münasibətlərinin gərginləşməsi özünü burda da göstərir. Onun birbaşa tapşırığı ilə keçmiş Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin rəhbərliyi (indi onlar ƏMDK-nın başındadırlar-red.) balıqçılıq təsərrüffatlarının Kəmaləddin Heydərova qarşı, sözün həqiqi mənasında, üsyanını təşkil edirlər. Bu üsyanın başında bəzi iddialara görə Kərəm Həsənov və Rüstəm Şahbazov şəxsən dayanırlar. Məhz onların təşkilatçılığı ilə müxtəlf rayonlarda olan balıqçılıq təsərrüfatlarının rəhbərlərinin Bakıda birləşərək Kəmaləddin Heydərovun əleyhinə bəyanatlar verdiyi, mətbuat konfransları keçirdiyi iddia olunur. Onların dili ilə Kəmaləddin Heydərovun Azərbaycanda balıqçılıq sektorunu tam ələ keçirmək üçün kriminal ünsürlərlə əlaqəyə girdiyi, iş adamlarının əmlakını zorla əllərindən aldığı fikri ictimai rəyə yeridilir və sair...

Balıqçılıq təsərrüfatlarının rəhbərlərinin “anti-Heydərov koalisiyasının” arxasında özəlləşdirməni həyata keçirən şəxslərin dayanmasını bir fakt da sübut edir. Belə ki, həmin dövrdə balıqçıların “anti-Heydərov koalisiyasının” başında rəsmi olaraq Lənkəranda balıq zavodunda müəyyən paya malik olan Aydın adında şəxs durur. Hamı onu Kərəm Həsənovun yaxın adamlarından biri kimi tanıyır.

Aydın isə Əmlak Komitəsinin adından G.Güləhmədova bildirir ki, əgər balıqçıların “anti-Heydərov koalisiyasına” qoşularsa, zavodu tam şəkildə öz adına özəlləşdirə bilər...

Hamı Heydərovu, “Xudat Balıq” ASC-nin direktoru isə “əmlakın” rəhbərliyini ittiham edir

Ancaq G.Güləhmədov bununla razılaşmır. O, “Xudat Balıq” ASC-lə bağlı Kəmaləddin Heydərovun nə özünün, nə də yaxınlarının ona heç bir tələb irəli sürmədiyini, problemi Əmlak Komitəsinin yaratdığını bildirir. Bu da təbii ki, bu işi təşkil edənlərin xoşuna gəlmir. Onlar balıqçıların “anti- Heydərov koalisiyasına” qoşulan müxtəlif zavod direktorları vasitəsilə G.Güləhmədovdan da K.Heydərovun əleyhinə bəyanatlar almaq istəyirlər. Aydınla yanaşı, o vaxt Mingəçevir balıq zavodunun Ramiz adlı rəhbəri də bu işdə xüsusi fəallıq göstərir.

2004-cü ilin oktyabr və ya noyabr ayında balıqçılıq təsərrüfatlarının rəhbərlərinin “anti-Heydərov koalisiyasının” növbəti mətbuat konfransı təşkil edilir. Və israrla G.Güləhmədovu da orda iştiraka dəvət edirlər. Açıq şəkildə deyirlər ki, çıxıb K.Heydərovu ittiham etsəniz, qanuni haqqınız olan zavod sizə qaytarılacaq...

G.Güləhmədov da həmin tədbirə qatılır. Telekanalların da çəkiliş apardığı tədbirdə iştirakçıların əksəriyyəti “yuxarıdan” verilən təlimata əsasən, Kəmaləddin Heydərovu balıq sənayesini iflic vəziyyətə salmaqda, sahəni inhisara götürmək cəhdində, balıqçılıq təsərrüfatlarını zorla ələ keçirməkdə ittiham edirlər.

Söz G.Güləhmədova verildikdə isə o, Kəmaləddin Heydərovu tanımadığını və heç bir təzyiqi ilə üzləşmədiyini, “Xudat Balıq” ASC-lə bağlı problemlərin arxasına İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin rəhbər şəxslərinin dayandığını bəyan edir. G.Güləhmədovun təlimata uyğun danışmadığını görənlər onun çıxışını yarımçıq kəsirlər.

Tədbirdən sonra Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentində olan G.Güləhmədova Rüstəm Şahbazov bu dəfə daha açıq şəkildə bildirir ki, məsələnin arxasında Kəmaləddin Heydərov dayanır, get problemini onunla həll et.

Kəmaləddin Heydərov zavod direktoruna “get müəssisənə sahib çıx” deyir

G.Güləhmədov da səhəri gün Dövlət Gömrük Komitəsinə gedib Kəmaləddin Heydərovun qəbuluna yazılır, öz əlaqə nömrələrini qoyur. Üstündən iki gün keçdikdən sonra Heydərovun köməkçisi G.Güləhmədova zəng edərək onu Kəmaləddin müəllimin qəbuluna çağırır.

Beləliklə, G.Güləhmədov Kəmaləddin Heydərovla görüşür. Görüş zamanı məlum olur ki, AzTV balıqçıların “anti-Heydərov koalisiyasının” keçirdiyi tədbirdə apardığı çəkilişin video-lentini K.Heydərova təqdim edib. O da həmin çəkilişə baxarkən yalnız G.Güləhmədovun onun əleyhinə danışmadığını, həqiqəti bəyan etdiyini görür.

Buna görə də Kəmaləddin Heydərov görüş zamanı G.Güləhmədova təşəkkür edir, “sən kişi adamsan, sifarişlə deyil, həqiqəti danışdın” deyir. Sonra qəbula yazılmasının səbəbi ilə maraqlanır. G.Güləhmədov da baş verən bütün prosesi ona danışır.

Güləhmədovun sözlərinə görə, K.Heydərov onu dinlədikdən sonra bildirir ki, deyilənlər yalandır, o heç vaxt “Xudat Balıq” ASC-lə maraqlanmayıb: “Dedi ki, balıçılıq sahəsində biz öz müəssisələrimizi yaratmışıq, qanuni yolla bizə lazım olan bəzi müəssisələrin səhmlərini əldə etmişik. Ancaq nə “Xudat Balıq” ASC-lə maraqlanmışıq, nə də bizə təklif olunub. Ona görə də bu məsələdə mənim adımın hallandırılması doğru deyil. Get müəssisənə sahib çıx.”

Əhəd Pur adlı iş adamının “Xudat Balıq” ASC-lə maraqlandığı məlum olur

G.Güləhmədovun sözlərinə görə, K. Heydərov həmçinin onu da qeyd edir ki, bəzi balıqçılıq müəssisələri, o cümlədən “Xudat Balıq” ASC-lə Əhəd Pur adlı İran əsilli iş adamının maraqlanığından xəbərdardır: “Ona görə də, mənə Əhəd Puru tapıb onunla görüşməyi məsləhət bildi. Həmçinin bir telefon nömrəsi verib dedi ki, mənim adımdan istifadə olunmasıyla qarşılaşdıqda və ya hər hansı sözün olarsa köməkçim Qüdrətlə əlaqə saxla.”

K. Heydərovla görüşdən ümidlə çıxan G.Güləhmədovda zavodun özəlləşdirilməsindəki qanunsuzluqlara, nəhayət, son qoyulacağına inam yaranır. Ancaq sən demə əsl fırıldaqlar bundan sonra olacaqmış.

(ardı var)

İ. İsmayilbəyli

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar